17 yanvar 2024 21:03
232

Qanlı Yanvar qirğini Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi

Xalqların tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. . Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də bu faciəni törədənlərə başçılıq edənlərin kimliyi bəlli oldu.
1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbçiləri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyaları ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdıldı. 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.

Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi...

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyindi. Respublikada 3 gün matəm elan olundu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.
20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salındı, radio, televiziya susduruldu, onun enerji bloku silahlı hərbçilər tərəfindən partladıldı, mətbuatın nəşrinə qadağa qoyuldu. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Xalq bilmirdi ki, 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən, yanvarın 19-dan 20-nə keçən gecədən etibarən Bakı şəhərində fövqəladə vəziyyət elan edilmişdi.
Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin etdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcək və belə tədbir nəzərdə tutulmayıb. Ancaq bu vaxt DTK-nın diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmaqda idi.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirdi, 20 nəfəri ölümcül yaraladılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi.
Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonla-rında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər (polislər) də vardı.
O ağır günlərdə ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etdi...
 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.Ulu Öndər sonradan o günləri xatırlayarkən deyirdi: "Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Xalqımız bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin 30 illiyinin qeyd olunması haqqında imzaladığı Sərəncam bunun əyani sübutudur.
Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olan yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Ramilə Vəliyeva,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü