18 yanvar 2024 23:58
309

Həm qərəzli, həm də riyakar...

Avropa İttifaqı təmsilçilərinin beynəlxalq hüquqa, demokratik prinsiplərə zidd açıqlamaları Azərbaycan reallıqlarını inkar etmək gücündə deyil

Dövlət başçısı İlham Əliyevin  bu günlərdə yerli televiziya kanallarına müsahibəsində söylədiyi «Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik» fikirləri istər 30 ilik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə ölkəmizə qarşı qərəzli mövqedə dayanan, ikili standartlara əsaslanan siyasətləri ilə vəziyyətin gərginləşməsinə səbəb olan əksər dünya güclərinə, beynəlxalq təşkilatlara tutarlı cavabdır. Ədalət və beynəlxalq hüquq prinsiplərini maraqlarının arxasında gizlədən bəzi dünya gücləri münasibətlərdə əsas amil olan etimad mühitinin mövcudluğundan necə bəhs etmək imkanındadır, bu, artıq sual doğurur.

Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Bu mesaj da ünvanlandı ki, sülh təklifi  uzun müddət masa üzərində qala bilməz. Sülh təklifi Ermənistan üçün son şans olsa da havadarlarının dəstəyi ilə üç ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması istiqamətində konkret addım atmaq istəmir. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda görüşlər keçirildi. Azərbaycan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyini yüksək dəyərləndirərək bunun hər iki dövlətin maraqlarına uyğun olduğunu əsaslı şəkildə qeyd etdi. Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edərək bu istiqamətdə mühüm addımlar atsa da ölkəmizin göstərdiyi səylərə öz maraqları baxımından yanaşan bəzi dünya dövlətləri, beynəlxalq təşkilatların rəsmiləri Ermənistanı müdafiə xarakterli açıqlamaları ilə diqqətdə oldular. Bu sırada Avropa İttifaqı  rəsmilərinin  ədalətə və beynəlxalq hüquqa zidd  fikirləri ilə gündəmdə olmaları diqqətdən kənarda qala bilməz.

Bunun üçün təkcə son zamanlar Aİ təmsilçilərinin vəziyyətin gərginləşməsinə yönələn açıqlamalarına nəzər salmaq kifayətdir. Belə ki,  qurumun Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano bildirmişdir ki, Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir”. Eyni zamanda, bu fikirlərin davamı olaraq Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko qeyd edir ki,  Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı məhkəmə zalında qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlər məni dəhşətə gətirdi.

Azərbaycan Xarici İşlər Nazirliyi mütəmadi olaraq  Avropa İttifaqı təmsiçilərinin beynəlxalq hüquqa zidd bu kimi açıqlamalarına sərt münasibətini bildirir.  Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir.

Aİ nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinə qarşı təhdiddir. İstər 44 günlük Vətən müharibəsi, istərsə də  ötən  ilin sentyabr ayında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib.

Dünya gücləri nə qədər ki ikili standartlara əsaslanan siyasətindən yaxa qurtara bilməyib…

Qeyd etdiyimiz kimi, Peter Stano kimilər belə qərəzli fikirlərlə nəyə xidmət etdiklərinin fərqindədirlər. Reallıqları inkar yolu tutmaqla nəyəsə nail olmaq mümkünsüzdür. Yazının əvvəlində dövlət başçısı İlham Əliyevin  qeyd etdiyimiz fikirləri məhz bu kimi məqamlara işıq salır. Cənab İlham Əliyev həmin müsahibədə bu reallığı da diqqətə çatdırmışdır ki, ədalətə inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır: «Yəni, cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük.»

Bu kontekstdən yanaşaraq böyük əminliklə qeyd edirik ki, bəzi dünya güclərinin, beynəlxalq təşkilatların rəsmilərinin həqiqətdən uzaq fikirləri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən  təbliğatı qarşısında heçə enir. Əvvəldə də qeyd etdiyimiz kimi,  otuz il ərzində Azərbaycan ərazilərinin 20 faizinin işğalı, şəhər və kəndlərin dağıdılması, yüz minlərlə insanın qovulması və soyqırıma məruz qalması, bütün ərazilərimizin yerlə-yeksan edilməsi , Azərbaycanın izinin itirilməsi üçün bütün tarixi və dini abidələrimizin dağıdılması, məscidlərimizdə  donuzların saxlanılması  və sair kimi sadalanacaq faktlar  nə üçün Avropa İttifaqını narahat etmirdi? 30 il Azərbaycan xalqı dünyadan ədalət gözlədi. Münaqişənin həlli üçün möhkəm hüquqi bazanın olmasına baxmayaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qalıb saraldı. Azərbaycan ən yüksək tribunalardan bəyan edirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyik. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu halda 30 il dünya gücləri işğalçını adı ilə çağırmaqlan imtina etdi. Amma bu gün ədalətdən, beynəlxalq hüquqdan dəm vuran Avropa İttifaqının təmsilçiləri hansısa mifik “ərazi bütövlüyünün pozulmasından” danışırlar. Belə yanaşmalar dünya güclərinin hüquq problemindən hələ də xilas ola bilmədiklərini təsdiqləyir. Reallıq budur ki, Ermənistan konstitusiyasında Qarabağa qarşı iddia hələ də qalır. Avropa İttifaqı bunu  niyə görməzdən gəlir? Təbii ki, bu kimi sualların sayı hesabsızdır. Cavab isə eynidir: Dünya gücləri nə qədər ki ikili standartlara əsaslanan siyasətindən yaxa qurtara bilməyib hüquq problemi daim öz həllini gözləməkdə davam edəcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun sərsəm  fikirlərinə gəldikdə isə bir daha xatırlatma etmək istərdik ki, Azərbaycan demokratik, hüquqi, sivil dövlətdir. Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir.  «Öz gözlərində tiri görməyib başqasında çöp axtarmağa» adətkar olan Avropa İttifaqı öz problemləri ilə, xüsusən də Avropa ölkələrində (Almaniya, Fransa və s.) polis zorakılığının aradan qaldırılması ilə məşğul olsa daha yaxşı olar. Demokratik dəyərlərin mahiyyətini dərk etməyən, özlərini demokratiya çarçısı kimi təqdim edən belə qurumlara xatırladılası çox məqamlar var. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan, demokratik dəyərlərə böyük hörmətlə yanaşan Azərbaycana qarşı belə cəhdlər ikrah doğurur. Tarixi Zəfərimiz, ondan üç il sonra suverenliyimizin təmin olunması ilə nəticələnən bir günlük lokal antiterror tədbirləri, ölkəmizin dünyaya nümunə olan demokratiya təcrübəsi  qərəzi, yersiz ittihamları özləri üçün fəaliyyət istiqaməti seçən dairələrə tutarlı cavabdır.

Yeganə Əliyeva, «İki sahil»