18 yanvar 2024 00:46
283

Kərki də əzəli sahiblərinə qovuşacaq

1990-cı ilin 20 Yanvar faciəsi ərəfəsində təcavüzkar Ermənistan Naxçıvan Muxtar Respublikasında işğal planlarını həyata keçirməyə cəhdlər göstərib. Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər Kərkini, Sədərəyi, Günnütü və Havuş kəndlərini güclü atəşə tutublar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal alıb. Yanvarın 18-də güclü müqavimətə baxmayaraq Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Amma erməni faşistləri Sədərəyin müdafiə xəttini keçə bilməyiblər. Düşmən bu ərazidə darmadağın olunaraq qaçmağa məcbur edilib. Sədərək rayonunun bir parçası olan Kərki kəndi erməni işğalına məruz qalan ilk yurd yerlərimizdəndir

Kərki kəndinin ermənilər tərəfindən işğal edilməsinin əsas səbəbi isə həmin yurd yerimizin qondarma erməni dövlətinin ərazisi ilə əhatə olunması idi. Məlumat üçün bildirək ki, ötən əsrin 30-cu illərində SSRİ rəhbərliyinin bədnam qərarı ilə Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi gizli olaraq Ermənistana verilib.

2018-ci il may ayının 20-dən 27-nə qədər Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində  Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib. Həmin əməliyyat sayəsində ümumilikdə 11 min hektardan çox ərazi və Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad olunub. Dərələyəz mahalının Arpa kəndi  Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Qüdrətli ordumuzun cəsur əsgər və zabitlərinin muxtar respublikanın yüksəkliklərində tutduğu mövqelərdən bu gün işğal altındakı Kərki kəndi aydın görünür.

Xatırladaq ki, hazırda Qazax rayonunun 7 (Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli), Naxçıvan Muxtar Respublikasının 1 kəndi (Kərki) Ermənistanın işğalı altındadır. Şübhəsiz, bu fakt təcavüzkar ölkənin Azərbaycana qarşı ərazi iddiasından hələ də əl çəkmədiyinin göstəricisidir.

Rəsmi Bakı həmin anklav (Kərki və Qazağın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı) və qeyri-anklav (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) kəndlərin azad edilməsi istiqamətində əməli addımlar atmaqdadır. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdir ki, o kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: “O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır”.  Bu isə o deməkdir ki, Kərki adlı yurd yerimiz də erməni vandallarından azad ediləcək. Hadisələrin gedişatı göstərir ki, bu kəndin sakinləri də  tezliklə öz dogma yurd-yuvasına qovuşacaqlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”