18 yanvar 2024 01:15
302

Vasitəçilərə ehtiyac varmı?

Artıq ermənilər də anlayırlar ki, özlərini yuyulmamış çömçə kimi ortaya atanlara gərək yoxdur

2020-ci ildəki 44 günlük Vətən müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri illərlə mövcud olmuş münaqişəyə son qoydu, bölgəmizdə sülh və əmin-amanlıq üçün tarixi imkanlar yaratdı. Azərbaycan bu istiqamətdə atılan addımları daha da intensivləşdirdi. Nəticədə ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında heç bir vasitəçi olmadan aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olundu. Dekabrın 13-də əsirlərin mübadiləsi baş tutdu, iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı Dövlət Komissiyasının reqlamenti təsdiq olundu. Eyni zaman­da, Ermənistan BMT-nin İqlim Dəyiş­ikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinə öz namizədli­yini geri götürdü və Azərbaycanın na­mizədliyini dəstəklədi. Azərbaycan da Ermənistanın Şərqi Avropa Qrupundan COP-un büro üzvlüyünə namizədliyini dəstəklədiyini bildirdi. Bundan əlavə, bəyanatda Azərbaycan və Ermənista­nın regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin ya­randığı fikrini bölüşdüyü vurğulandı. Bu da sonrakı addımların heç bir vasitəçiyə ehtiyac olmadan atılması məsələsini aktuallaşdırdı.

Bəli, Azərbaycan keçən 30 il ərzində olduğu kimi, bu gün də beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək Ermənistanı ədalətli sülhə dəvət edir. Ölkəmiz regionda nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsinin, dövlət sərhədlərinin delimitasiyasının, sülh müqaviləsinin imzalanmasının həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verəcək tərzdə həll olunmasına çalışır. Lakin bu kimi addımlar bəzi radikal erməni qrupları tərəfindən Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təhdid kimi qiymətləndirilir ki, bu da növbəti bəhanədən başqa bir şey deyil. Elə onların ölkəmizə qarşı səsləndirdikləri qərəzli fikirlər də buna hesablanıb.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu vacib məsələyə toxunaraq bildirmişdir:  “Yəqin, siz də bunu bilirsiniz, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə, istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”.

Şübhəsiz, bu, yalnız Azərbaycanın  yox, Ermənistanın, bütövlükdə  bölgənin də mənafeyinə uyğundur. Təəssüf ki, Ermənistan bu imkanlardan yararlanmaq əvəzinə iki dövlət arasında problemlərin qeyri-müəyyənliyinin saxlanılmasına çalışır. Yəni, İrəvanın himayədarı olan bəzi qüvvələr vasitəçi olmadan Azərbaycanla sülh müqaviləsinin bağlanmasına qarşı çıxırlar. Odur ki, təcavüzkar ölkə hələ də sülh məsələsində vasitəçilər, zəmanətçilər axtarışındadır. Elə bu səbəbdən sülh sazişinin imzalanması ləngidilir. Qərb, xüsusilə Ermənistanın əli ilə bölgədə möhkəmlənmək istəyən, Azərbaycana qarşı qərəzli mövqe tutan Fransa Hayastanı buna təhrik etməkdədir. Bu da Ermənistanın hələ də müstəqil dövlət olmadığının, müstəqilliyinin formal xarakter daşıdığının göstəricisidir.

Məgər otuz il işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən Azərbaycan  torpaqlarını beynəlxalq vasitəçilər olmadan özü azad etmədimi? Vətən müharibəsindən sonra beynəlxalq vasitəçilik yolu ilə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına edilən bütün cəhdlər nəticəsiz qalmadımı? Bu mənada Azərbaycana neytral olmayan Fransa kimi vasitəçilər lazım deyil. Başqa sözlə, belə vasitəçilik Azərbaycan tərəfindən qəbul edilmir. Şübhəsiz, bu da ölkəmizin müstəqil siyasət yürütməsindən, konseptual diplomatiya kursunu seçməsindən irəli gəlir.

Amma bu, bir faktdır ki, Qərbin belə mövqe sərgiləməsi gah nala, gah da mıxa vuran baş nazir Nikol Paşinyanın ürəyincədir. Əgər belə olmasaydı, o, bu günlərdə “Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifləri ilə tanış olarkən belə təəssürat yaranır ki, bu ölkə sonrakı müharibələri legitimləşdirəcək sənəd yaratmağa çalı­şır” fikrini səsləndirməzdi. Şübhəsiz, bu da Paşinyanın növbəti manipulyasiyasıdır.

Qərbin, o cümlədən Fransanın Ermənistana gün ağlamaq fikrində olmadığını, sülh müqaviləsinin imzalanmasının Azərbaycandan daha çox Ermənistana lazım olduğunu bəzi erməni politoloqları da yaxşı bilirlər. Təsadüfi deyildir ki, onlar da açıqlamalarında, müsahibələrində vasitəçiyə heç bir ehtiyac olmadığını vurğulamaqdadırlar. Bu günlərdə politoloq Qarik Keryan Ermənistan mətbuatına müsahibəsində deyib ki, mən uzun illər vasitəçilik missiyalarının daha çox fırıldaq olduğunu düşünürdüm: “Məsələn, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası 26 il ərzində bizə nə verdi? İndi də heç nə verməyəcək”. O, həmçinin qeyd edib: “Prezident İlham Əliyev də müsahibəsində dedi ki, razılığa gəlsək, bizə heç bir vasitəçi lazım deyil. Burada vasitəçilər olanda hər kəs öz maraqlarını rəhbər tutur. Minsk qrupu olanda da belə idi. Ona görə də Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar vasitəçilərin dəvət edilməsindən qat-qat səmərəli olacaq”. Düz sözə nə deyəsən?

Bəli, Azərbaycan öz ədalətli mövqeyi ilə Ermənistan, eləcə də  bütün bölgə üçün çox vacib fürsətlərin əldən verilməməsinə şərait yaradıb. Ona görə də Hayastan da zaman itirmədən, heç bir vasitəçi olmadan sülh müqaviləsinin imzalanması üçün vacib addımlar atmalıdır. Şübhəsiz, atacaq da… Bunu ona dövlətimizin siyasi iradəsi vadar edəcək.  Axı haqq gec-tez öz yerini tapır…

Qvami Məhəbbətoğlu, “İki sahil”