18 yanvar 2024 01:59
338

Mövqeyimiz ədalətli və məntiqlidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Həyata keçirilən islahatlar nəticəsində respublikamız güclü iqtisadi dayaqlara malik ölkə imicinə sahib olub. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Yanvarın 10-da yerli televiziya kanallarına növbəti dəfə müsahibə verən Prezident İlham Əliyev davamlı olaraq inkişaf edən, Azərbaycanımızdan inamla və qürurla danışdı. Qeyd etdi ki, suverenliyimiz tam bərpa olunub.  2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. Ali Baş Komandan oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən çıxışında demişdir: “Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərmana əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Azərbaycanın gücü cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Bu Qələbə şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Yetərincə qədər silahın ola bilər, yetərincə qədər ordun peşəkar təlimlərdə ola bilər, lakin əgər ruh yoxdursa, heç bir təpəni də götürə bilmərsən.

Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti regionda elə bir siyasi reallıq yaradıb ki, xarici dövlətlər bununla barışmaq zorundadırlar. Bu reallıqları Bakının iradəsindən kənar dəyişmək qeyri-mümkündür. Siyasi müşahidələr də göstərir ki, dünyanın inkişaf etmiş ölkələri Cənubi Qafqaz üzrə siyasətlərini Azərbaycanla razılaşdırırlar. Ölkəmiz Şərqlə Qərb arasındakı meqa-layihələrinin həmmüəllifi qismində çıxış edir. Heç bir kənar siyasi qüvvə iradəmizə zidd olan planlarını regionda həyata keçirə və bizə qəbul etdirə bilməz. Təbii ki, bu reallıqları Azərbaycanın müdrik rəhbəri, Ali Baş Komandanımız yaradıb.

Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi, həmçinin dünyanın yeni xarici siyasətinin Azərbaycanda müzakirə olunması və sair kimi biri-birindən önəmli addımlar ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycan ötən dövrdə özünü dünyaya sosial dövlət kimi təqdim edib. Dövlətimizin siyasətində insan amilinə verilən dəyər cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü «Neft kapitalını insan kapitalına çevirək» tezisində  özünün aydın ifadəsini tapdı. Bu baxımdan ki, bu tezis özündə yalnız  elmə, texnologiyalara, təhsilə qoyulan vəsaiti deyil,  Azərbaycan vətəndaşına hər yerdə hörmət olunmasını, dövlət məmurlarının xalqın qayğıları ilə yaşayıb onların problemlərinin həllinə dəstək olmalarını ehtiva edir.  Prezident öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının vacibliyini örnək göstərir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin fəaliyyətinin əsasıdır. Dövlətimizin  başçısı son 20 ildə xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli şəkildə yerinə yetirir. Ötən 20 il ərzində Azərbaycanda həssas sosial təbəqələrin, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, sağlamlıq imkanları məhdud olan insanların, həmçinin, aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütövlükdə ailələrin  sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi olaraq zəruri tədbirlər görür. 

Regionda sülhün təmin olunması üçün bir sıra beynəlxalq aktorlar Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüsləri ilə çıxış edir. Amma bəzi xarici dairələr də var ki, öz maraqları naminə bölgədə gərginliyin mövcud olmasında maraqlıdır. Dövlət başçımız yerli televiziyalara müsahibəsində müəyyən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazda gərginlik yaratmaq üçün atdığı addımlara da münasibət bildirdi. Qeyd etdi ki, Fransa, artıq, heç bir başqa amillərlə maskalanmayaraq, açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı - qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi və sair: “Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik.”

Bu gün  insan hüquqlarını kobud şəkildə pozmaqdan çəkinməyən Fransanın  siyasətinin hansı mərama xidmət etdiyi gün kimi aydındır. Fransanın bu mövqeyi Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədir, xalqların rifahına və təhlükəsizliyinə xidmət etmir. Dövlətimizin başçısı birmənalı şəkildə bildirdi ki, Azərbaycan sülh gündəminə sadiqdir, ancaq, milli maraqlarına hər hansı bir təhlükə hiss edərsə, adekvat tədbirlər görməkdən çəkinməyəcək. Dövlət başçımız aydın şəkildə xəbərdarlıq etdi ki, Ermənistanı yeni müharibəyə həvəsləndirən Fransanın geosiyasi ambisiyaları olduqca cılız görünür: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz, bunu nəzərdə tuturdum”.

Dövlətimizin başçısının hər bir çıxışı, xalqa müraciəti, müsahibələri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə zəngindir. Dövlət başçısı müsahibəsində həm İrəvana, həm də Parisə belə bir mühüm ismarıc da ünvanladı ki, kənar güclərin Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına qarışması gözlənilən nəticəni verməyəcək. Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan sülh danışıqlarında heç bir zəmanətçilərə ehtiyac duymur: “Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.

Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Ən vacibi  odur ki, dövlətimizin başçısı Böyük Qayıdışın növbəti müjdəsini verdi. Belə ki, bu il beş şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalıya qayıdış reallaşacaq.

Şəmsiyyə Əliqızı, “İki sahil”