17 yanvar 2024 00:58
315

Cənnət görmək istəyənlər üçün…

Ünvan abadlaşan, yenidən qurulan və sakinlərinin isti nəfəsi ilə qızınan Şərqi Zəngəzur və Qarabağdır

Qarabağ və Şərqi Zəngəzur  iqtisadi rayonlarına  Böyük Qayıdışı Azərbaycan dövlətinin  milli prioriteti elan edən Prezident İlham Əliyev postmüharibə dövründə bu istiqamətdə böyük işlər həyata keçirib. Məhz dövlət başçısının qətiyyətinin  və iradəsinin nəticəsidir ki, onilliklər boyu düşmənin viran qoyduğu, hətta bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə indi həyat qaynayır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri həyata keçirilir. Dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir, «ağıllı kənd» və «ağıllı şəhər»lər salınır. Xüsusilə çox qısa zamanda Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi isə görülən işlərin möhtəşəmliyini bir daha nümayiş etdirir.

Bir sözlə, hazırda dövlətimiz tərəfindən 10 min kvadratkilometr ərazidə böyük tikinti-quruculuq işləri aparılır. O cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda xalqımızın tarixi, dini, mədəni irsi sürətlə bərpa olunur. Məhz bunun nəticəsidir ki, 31 ildən sonra müqəddəs məscidlərimizdən yenidən azan sədaları ucalır.     
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərini Prezident İlham Əliyevin o bölgələrə həyata keçirdiyi mütəmadi səfərlər zamanı istifadəyə verilən və təməlləri qoyulan obyektlərin timsalında daha aydın şəkildə görmək olur. Əvvəlki iki ildə olduğu kimi, 2023-cü ildə də dövlət başçımız birinci xanım Mehriban Əliyeva ilə birgə Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərlər edərək görülən işlərlə yerində tanış oldu. Xüsusilə may ayının 2-dən etibarən düz 10 gün ərzində dövlət başçısı əzəli yurdlarımızda - Ağdamda, Qubadlıda, Zəngilanda, Xocavənddə, Füzulidə, Hadrutda, Şuşada xeyli sosial obyektlərin açılışlarını etdi, yenilərinin bünövrələrini qoydu. Ən başlıcası isə özünün doğum günü ərəfəsində Azərbaycan xalqını Xocalıdan, Xocavənddən, Şuşadan,  Ağdamdan, Xankəndidən salamladı. Dekabrın 24-də Ağdam rayonunda mühüm obyektlərin açılışlarını etməsi və yeni tikililərin təməlini atması ilə bir daha düşmənlərimizə göz dağı verdi, dostlarımıza sevinc bəxş etdi.

 Xatırladaq ki, 2021-2022-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında gerçəkləşdirilən bərpa-quruculuq işlərin dövlət büdcəsindən təqribən 6,6 milyard, 2023-cü ildə 5,3 milyard manat ayrılmışdı. 2024-cü il üçün isə ayrılan vəsait 4 milyard manat olmuşdur. Hazırda həyata keçirilən bu geniş bərpa- quruculuq işlərinin nəticəsidir ki, hər il daha çox  keçmiş məcburi köçkün dədə-baba torpaqlarına qayıdır. Belə ki, keçən ilin mayında Laçın şəhərinin ilk sakinləri doğma yurdlarına qovuşdular. Mayın 28-də – Azərbaycan Respuplikasının Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb evlərin açarlarını onlara təqdim edərkən vurğuladı ki, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin ixtiyarınıza verilir: «Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun».
2023-cü ilin avqustun 18-də Füzuli şəhərinə, 25-də isə Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salındı. Yəni, ötən il 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 408 ailə (1555 nəfər) Laçın şəhərinə, 380 ailə (1392 nəfər) Füzuli şəhərinə, 203 ailə (783 nəfər) Laçın rayonunun Zabux kəndinə qayıdıb. Ümumilikdə isə 1186 ailə - 4691 nəfər qayıdış köçü ilə yurd həsrətinə son qoyub. 

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu il də Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini bildirdi: «Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir... Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq.»

Ölkəmizin başçısı müsahibədə xüsusi vurğulayıb ki, keçmiş məcburi köçkünlər bu il daha beş şəhərə - Şuşaya, Cəbrayıla, Kəlbəcərə, Xankəndiyə, Xocalıya qayıdacaqlar: «Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk». Müsahibədə o da vurğulanıb ki, 2026-cı ilin sonuna qədər ümumilikdə 140 min keçmiş məcburi köçkün öz dədə-baba torpaqlarına qaytarılacaq.

Burada diqqətçəkən məsələlərdən biri də odur ki, beynəlxalq ictimaiyyət Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə nəhəng layihələr reallışdırdığını da heyrətlə izləyir. Bundan başqa, Prezident İlham Əliyev Qafqazın incisi hesab olunan və 28 illik  düşmən əsarətindən qəhrəmancasına azad edilən  Şuşaya hər səfərində bu şəhəri dünya ictimaiyyətinə təkcə mədəniyyət paytaxtı kimi deyil, həm də beynəlxalq mədəni -siyasi tədbirlərin məkanı kimi təqdim edir. Çünki son 3 ildə Şuşa şəhərində bir çox mühüm beynəlxalq tədbirlər keçirilib və bir neçə dövlət başçsı ilə burada mühüm sənədlər imzalanıb.

Bir sözlə, bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş həcmli  tikinti- quruculuq işləri, eyni zamanda, illərlə Vətən həsrəti ilə yaşayan işgüzar, zəhmətkeş insanlarımızın isti nəfəsi və qurub-yaratmaq eşqi buranı gülüstana, cənnət məkana çevirməkdədir. Bu gün artıq mübağiləsiz demək olar ki,  cənnət görmək istəyən yolunu Qarabağdan və Şərqi Zəngəzurdan salsın…

Elçin Zaman, «İki sahil»