17 yanvar 2024 01:16
398

Dunya Miyatoviç niyə öz fikrindən vaz keçdi?

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçin ötən il oktyabrın 16-23-də Ermənistan və Azərbaycana səfərləri ilə bağlı hesabat hazırlanıb. Təəssüf ki, həmin hesabatda Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən təcavüzkar ölkədən öz yurd-yuvalarından qovulmuş soydaşlarımızla keçirdiyi görüşlər öz əksini tapmayıb. Halbuki, Dunya Miyatoviç ötən il oktyabrın 23-də Qərbi Azərbaycan İcmasını ziyarət etmiş, İcma rəhbərliyi və Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüş keçirmişdi. Həmin görüş zamanı ona azərbaycanlıların Ermənistandan zorla qovulmaları barədə geniş məlumat verilmişdi. Eyni zamanda Ermənistanın onların geri qayıtmalarına əngəl törətməklə beynəlxalq hüququ, o cümlədən Avropa Şurasının insan hüquqları konvensiyalarını kobud şəkildə pozduğunu diqqətə çatdırılmışdılar. İcma nümayəndələri xanım Dunya Miyatoviçi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmalarına dəstək verməyə, o cümlədən baş vermiş pozuntularla bağlı qərəzsiz araşdırma aparmağa, Ermənistana tematik səfərlər təşkil etməyə və bu dövlətə təzyiq göstərməyə çağırmışdılar.

Dunya Miyatoviç qaçqınların, o cümlədən Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun əhəmiyyətini başa düşdüyünü vurğulayaraq, bu məsələnin həllinin siyasi iradə tələb etdiyini bildirmiş və   qaldırılan məsələlərlə öz səlahiyyətləri çərçivəsində məşğul olacağına söz vermişdi. Hətta onlara öz məsləhətini də vermişdi: “Heç vaxt vaz keçməyin”. Amma Dunya Miyatoviç son anda öz  vədinə xilaf çıxmış, başqa sözlə özünün əvvəlki fikrindən vaz keşmişdir. Yəni o, nəinki bu məsələ ilə məşğul olmamış, üstəlik hesabatında ümumiyyətlə, Ermənistandan didərgin salınmış yüz minlərlə azərbaycanlıya, onların acınacaqlı vəziyyətinə, davam edən mübarizəsinə və onlarla keçirdiyi mühüm görüşə əsla toxunmamışdır. Halbuki, siyasətçilərin fikrincə desək, bu, komissarın səfərinin dəqiq təsvirini, habelə hesabatın əhatə etmək məqsədi daşıdığı insan hüquqları, o cümlədən geri qayıtmaq hüququ məsələlərinə daha əhatəli yanaşmanı təmin edərdi. Digər tərəfdən, komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər Azərbaycanın Qarabağ bölgəsinə insan hüquqları üzrə onilliklər ərzində ilk missiya idi. Özü də həmin səfər Azərbaycan hökumətinin dəvəti və razılığı ilə həyata keçirilmişdir.

Dunya Miyatoviçin bu addımını sadəcə diqqətsizlik, yaddaş zəifliyi kimi dəyərləndirmək olarmı? Əsla, yox! Görəsən bu məsələdən “vaz keçməyin” deyən xanım niyə özü bundan vaz keçib? Şübhəsiz, bu,  sadəcə, diqqətsizlik, yaddaş zəfiliyi deyil, qərəz, etnik və dini ayrı-seçkiliyə klassik nümunədir. Ermənistan ərazisindən qovulmuş qaçqınların öz doğma ocaqlarına qayıtmaları hüququnu tanımayan belə bir qurumun bu hesabatı, fikir, rəy və ya məsləhəti siyasi riyakarlıqdan başqa bir şey deyil. Bu, insan haqlarının keşiyində ədalətin qalası kimi dayanmalı olan Avropa Şurasının bir daha  “Ermənistan+” adlandırılan anti-Azərbaycan dairələrin əlində hələ də alət olduğundan  xəbər verir. Bu, həm də  Ermənistanın azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirməsi və beynəlxalq qurumların, o cümlədən Avropa Şurasının qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmalarına imkan yaratmaq niyyətinin olmamasını göstərir.

Şübhəsiz, bu məsələdə də erməni barmağının olması təkzibolunmazdır. Yeri gəlmişkən qeyd edək ki, hələ ötən ilin oktyabr ayının sonlarında Ermənistan qovulmuş azərbaycanlıların məsələsi ilə məşğul olmasını dayandırması üçün Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçə ciddi təzyiqlər göstərmişdi. Bu isə o deməkdir ki, məhz onların təzyiqi ilə xanım komissar fikrindən daşınmışdır.

Elə bu səbəbdən Qərbi Azərbaycan İcması Dunya Miyatoviçə etiraz məktubu ünvanlayıb. Məktubda deyilir ki, biz haqq-ədalət və Vətənimizə qayıtmaq hüququ uğrunda mübarizəmizdən heç vaxt vaz keçməyəcəyik: “Məhz bu qətiyyətlə biz Sizdən öz vəzifələrinizi yerinə yetirməyi və uzun müddətdir ki, məlum bədnam dairələr tərəfindən susdurulmağa çalışılan haqq işimizi hesabatınızda əks etdirmək üçün ona yenidən baxmağı tələb edirik”. Baxacaqmı? Bu barədə əvvəlcədən fikir söyləmək çətindir. Amma  onu deyə bilərik ki, bu addımı atmaq üçün xanım komissar ilk növbədə ermənipərəstliyindən vaz keçməlidir. Şübhəsiz, bu, isə dunyalar üçün heç də asan məsələ deyil. Bir də ki, Azərbaycan birinci dəfə deyil ki, bir sıra qurumların, eləcə də Avropa Şurasının  ikili standartlar siyasəti ilə üzləşir. Artıq 30 ildən çoxdur ki, ölkəmiz bu kimi ikili standartları özünəməxsus tərzdə zərərsizləşdirir. Erməni millətçiləri də, onların dünyadakı  havadarları da, elə xanım Dunya Miyatoviç də bilsin ki, vaxt gələcək  yurd-yuvasından didərgin salınıb qaçqın həyatı yaşayan günahsız insanlar Azərbaycan dövlətinin beynəlxalq hüquq normaları çərçivəsində yürütdüyü ədalətli siyasəti nəticəsində öz evlərinə qayıdacaqlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”