17 yanvar 2024 01:58
319

Əbədi və əzəli yurd yerlərimiz: Qayıdırıq, qururuq, abad edirik...

Vətən müharibəsindən sonra keçən 3 il ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq  işlərinə şahidlik edirik. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı strateji infrastruktur obyektləri işə salınır, yenilərinin təməli qoyulur. Bununla da 30 ildə düşmənin dağıdaraq viran qoyduğu yurd yerlərimizə yeni nəfəs gəlir, şəhər və kəndlərimizdə həyat yenidən dirçəlir.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən işlər barədə məlumat verərkən işğaldan azad olunmuş ərazilərdə iri infrastruktur layihələrinin icra olunduğunu bildirib. Ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturun yenidən qurulması ilə bağlı çoxsaylı layihələr icra olunub. Dövlət sərhədi boyunca 1200 kilometrtlik torpaq yol tikilib. Son 3 il ərzində işğaldan azad olunmuş ərazilərdə 101,5 kilometrlik Zəfər yolu, Şükürbəyli–Cəbrayıl, Bərdə–Ağdam, Tərtər–Suqovuşan–Talış (1-ci mərhələ), eləcə də Laçın şəhərinə girmədən alternativ yol tikilib istifadəyə verilib. Hazırda isə Əhmədbəyli–Füzuli-Şuşa, Horadiz–Ağbənd, Şükürbəyli– Cəbrayıl–Hadrut, Xudafərin–Qubadlı–Laçın, Toğanalı–Kəlbəcər 1-ci dərəcəli maqistral və Füzuli–Ağdam, Füzuli–Hadrut, Laçın–Kəlbəcər, Xanlıq–Qubadlı 2-ci dərəcəli yolların tikintisi davam etdirilir. Bütövlükdə isə sözügedən layihələr çərçivəsində 855 kilometr yol və 66 kilometr uzunluğunda tunel inşa olunur.

Son zamanlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin “polad magistral” şəbəkəsinə qoşulması istiqamətində də mühüm layihələr icra edilir. Artıq Bərdə, Təzəkənd və Köçərli stansiyalarının, eləcə də 47,1 kilometr uzunluğunda olan Bərdə–Ağdam dəmir yolunun tikintisi ilə bağlı işlər tədricən sona yaxınlaşır, 110,4 kilometrlik Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi də sürətlə davam etdirilir. Yaxın gələcəkdə isə Ağdam–Xankəndi dəmir yolunun tikintisi planlaşdırılır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə beynəlxalq hava məkanları arasında əlaqəni təmin etmək məqsədilə Füzuli və Zəngilanda müasir aeroportlar tikilib istifadəyə verilib. Laçın şəhərinin yaxınlığında daha bir beynəlxalq hava limanının tikintisinin isə 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji”nin reallaşdırılması da prioritet istiqamətlərdən biridir. Azərbaycanın alternativ və bərpaolunan enerji potensialı isə olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Bütövlükdə isə hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir.

Yeri gəlmişkən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur. Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da da əsas məqsədimiz yaşıl enerji növlərinin yaradılması və həmin yaşıl enerjinin dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətində prioritet olduğunu dünyaya nümayiş etdirmək olacaq. Göründüyü kimi, Azərbaycanın COP29-a hesabatı üçün uğurlu işləri, “yaşıl enerji” layihələri kifayət qədərdir.

İşğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması, eləcə də suvarma su layihələrinin icrası sürətlə davam etdirilir. Son illərdə bu ərazilərin içməli su təchizatının yaxşılaşdırılması üçün yeni mənbələr yaradılıb, köhnə anbarlar bərpa edilib, magistral və şəbəkə su xətləri inşa olunub.

Dövlət başçısı məlum müsahibəsində işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı torpaqlarının əkin dövriyyəsinə cəlb edilməsi üçün suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı görüləcək işlərin də anonsunu verib. Qeyd olunub ki, işğal dövründə düşmənin istismar etdiyi Sərsəng Su Anbarı yarasız vəziyyətə salınmış, Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi. Xaçınçay Su Anbarı bu yaxınlarda yenidən istismara qaytarılıb. Yaxın gələcəkdə isə Füzulidəki Köndələnçay, Suqovuşan və Zabuxçay su anbarları istifadəyə veriləcək. Bütün bunlar böyük bir ərazini suvarma suyu ilə təmin etməklə yenidən bərpa olunacaq yaşayış məntəqələrinə qayıdacaq keçmiş köçkünlərin əkin-biçinlə məşğul olmaları üçün imkan yaradacaq.

Yeri gəlmişkən, Prezident İlham Əliyev 2024-cü ilin İnvestisiya Proqramını yaxın günlərdə təsdiq edəcəyini vurğulayaraq bildirib ki, bu il Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək.

Ölkə rəhbəri yerli televiziya kanallarına müsahibəsi zamanı keçmiş köçkünlərin beş yaşayış məntəqəsinə qayıtmasının təmin olunmasını Böyük Qayıdış Proqramı çərçivəsində əldə olunan əsas nailiyyət kimi dəyərləndirərək Azərbaycan dövlətinin səyi ilə hazırda tamamilə yenidən qurulan Laçın və Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndlərinə bu il keçmiş köçkünlərin qaytarılmasının davam etdiriləcəyini diqqətə çatdırıb. Dövlət başçısı deyib: “Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər – Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur”.

Bununla yanaşı, Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Laçın rayonunun Sus, Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndləri də yaxın vaxtlarda öz əbədi və əzəli sakinlərini qəbul edəcək. Bütövlükdə isə, dövlət başçısının qeyd etdiyi kimi, 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünün öz dədə-baba torpaqlarına qaytarılması təmin olunacaq.

Keçmiş köçkünlərin məşğulluğunun təmin olunması da qarşıda duran mühüm vəzifələrdəndir. Prezident İlham Əliyev məlum müsahibəsində aidiyyəti dövlət qurumlarının bu işlə ciddi məşğul olduğunu vurğulayaraq qeyd edib ki, hazırda keçmiş köçkünlər üçün treninqlər keçirilir, yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır. Artıq bu ərazilərə köçürülmüş 1100-dən çox şəxsin məşğulluğu təmin edilib, peşə hazırlığı proqramının icrasına başlanılıb, Füzuli və Laçında əmək yarmarkaları keçirilib.

Bütün görülən işlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqına verdiyi sözlərin əmələ çevrildiyini göstərir.

Nigar Orucova, “İki sahil”