17 yanvar 2024 02:36
347

Makrona mesajlar: Xurşidbanu Natəvan Dümanı mat qoyub

Dərviş Məstəli şah “Parij”i partlatmayıb, sadəcə ermənilərlə zarafat edib

Bəlkə Fransa Prezidenti Emmanuel Makron elə bilirmiş ki, o vaxt Parisi Dərviş Məstəli şah partladıb? Ya da Xurşidbanu Natəvanın şahmat oyununda Dümanı mat qoyması  onu qisas almağa məcbur edib? Ona görə də bizə düşmən gözü ilə baxır və onların əvəzini çıxmaq xəyalına düşüb? Yəqin o, hələ də başa düşmür ki, şahmat inellektual oyundur, udan və uduzan düşmən olmurlar.  O ki qaldı Dərviş Məstəli şahın Parisi partlatmasına, bu da düşmənçilik demək deyil. Xeyr, əsla belə olmayıb, o kişi yalnız tamaşada bir rol oynayıb, sadəcə barıt partladıb. Vəssalam!  Makrona qədər Fransa ilə Azərbaycanın münasibətləri müəyyən qədər normal olub. Bəs bu Makron niyə bizə qarşı belə aqressiv mövqe tutub? Bu günlərdə bu suala dövlət səviyyəsində aydınlıq gətirilib.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində bir sıra məsələlərə, o cümlədən Azərbaycan-Fransa münasibətlərinə toxunub. Bildirib ki, bu ölkə ilə münasibətlərin gərginləşməsi İkinci Qarabağ müharibəsi zamanı başladı. Belə ki, əvvəllər həddindən artıq tez-tez Bakıya zəng edib vəziyyətlə maraqlanan və öz fikirlərini söyləyən Emmanuel Makron Azərbaycan Ordusunun qələbəsindən sonra tamamilə dəyişdi: "Düşünürdüm ki, bu hadisələrdən sonra münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır...Bununla yanaşı, bütün bu proseslər davam edirdivə bildiyiniz kimi, həm parlament, həm də Senat qondarma "Artsax"ı tanıdılar."

BMT Təhlükəsizlik Şurasında bir-birinin ardınca ölkəmizə qarşı qərar qəbul etdirməyi bacarmayan Makron hakimiyyəti ölkədəki Azərbaycan parkında xan qızı Xurşidbanu Natəvanın abidəsindən qisas alır. Bu, mədəniyyətdən və centlemenlikdən uzaq bir işdir. Qeyd edək ki, bu abidə Evian-le-Ben şəhərindəki parkda 2017-ci ildə qoyulub.

Xan qızı Xurşidbanu Natəvanın heykəlinin Fransada qoyulmasının tarixi səbəbləri var. Belə ki, fransız yazıçısı Aleksandr Düma 1858-1859-cu illərdə Qafqaza səfəri zamanı Azərbaycan ərazisində də olub. Səfər zamanı yazıçı Xurşidbanu Natəvan və onun həyat yoldaşı Xasay xan Usmiyevlə tanış olur. Düma Azərbaycan şairəsi Natəvanla şahmat oynayıb və mat qalıb, sözün hər iki mənasında. Tarixi mənbələrə görə, 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları Parisdə çap olunub. Yəqin Makron ermənilərə yarınmaq üçün Qarabağ xanının qızı Natəvanın daş heykəlindən şahmmatdakı qələbəsinə görə belə qisas almağı düşünüb.

Ancaq biz  hətta Bakının mərkəzindəki erməni kilsəsinə, onun içərisindəki ermənicə yazılmış 5 min kitaba qarşı da mədəniyyətimizə uyğun səviyyədə tolerant yanaşırıq. Özünü Avropada “ən mədəni”, “ən demokrat” sayan Fransa isə Natəvanın abidəsinə qarşı bu cür alçaqlığa göz yumacaq qədər aşağılıq nümayiş etdirdi. Fransanın TIR-ları Qarabağa buraxılmadısa, müdafiə etdiyi erməni xunta rejiminin kökü kəsildisə, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması arzusu gözlərində qoyuldusa, burada Xurşidbanu Natəvanın abidəsinin günahı nədir? Olmaya Makron Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızından məhz Qarabağdakı erməni separatçılarına görə qisas alır? Yoxsa adam bu vandallığa niyə rəvac versin? Necə olur ki, ermənilər asqıran kimi reaksiya verən Fransa rəhbərliyi burunlarının qabağında baş vermiş bu cür alçaqlığa münasibət bildirməyiblər? Eyni hal Azərbaycan yox, erməni şairi, ya parkı ilə bağlı baş versə, indi xoruzların səsindən gecə-gündüzümüz olmazdı...

Açığı, adam qalır mat-məəttəl. Bəlkə Makron Natəvanın Dümanı mat eləməsinin heyfini çıxmaq istəyib? Axı, böyük dramaturqumuz Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur”əsəri var. Bəlkə ermənilər Fransa rəhbərliyini inandırıblar ki, o vaxt Parisi partladan “azərbaycanlı dərviş Məstəli şah olub. Bəlkə ermənipərəst fransızlar anlamırlar ki, bu, bir zarafatdır, dərviş Məstəli şah heç vaxt Parisi partlatmayıb. Bu, sadəcə olaraq  Axundovun yazıçı təxəyyülünün məhsuludur.

Bunlarda belə sifət ki, var günün birində İkinci Dünya müharibəsində Fransa Müqavimət Hərəkatındakı qeyri-adi qəhrəmanlıqları ilə fransızları belə heyrətləndirmiş, bu ölkənin Milli Qəhrəmanı adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun xatirəsinə də sayğısızlıq edə bilərlər. Çünki onun oğlu Mikayıl Cəbrayılov Qarabağda erməni faşistlərinə qarşı igidliklə döyüşüb. Mikayıl Azərbaycanın Milli Qəhrəmanıdır.

Makron Fransası bu gün onu ağır dönəmlərdə xilas edən Əhmədiyyə Cəbrayılovun vətənini yox, dünya müharibəsində Hitler Almaniyasına xidmət edən faşizm nökəri Qaregin Njde ölkəsinin, hətta bu quldura qoyulmuş abidənin müdafiəsinə qalxır! Bu, ən azı vicdansızlıq, məsləksizlik və insanlıq adına həqarətdir.

Görün, Fransa Müqavimət Hərəkatının rəhbəri general De-Qollun şərəfli Fransası hardan-haraya gəldi...  Hələ iki əsr əvvəl fransız xalqının böyük mütəfəkkiri Dümanın belə hörmət etdiyi Natəvana, onun abidəsinə münasibətə baxın. Utanc gətirən haldır. Natəvanın abidəsini qırmızıya boyayan “mədəniyyət cığırdaşları”nı cəzalandırmaq əvəzinə, hələ abidənin götürülməsi müzakirəsini də gündəmə gətiriblər. Bu səbəbdən də sifarişçinin kimlər olduğu aydın olur. Yerə girsin belə dostluğu!

Xan qızı Natəvanın sellofana bükülmüş abidəsini ləyaqətlə gətirib elə onun öz yurdunda ucaltmaq lazımdır ki, Fransaya növbəti göz dağı olsun! Vaxtilə erməni faşistləri də Natəvanın, Bülbülün və Üzeyir bəyin abidələrinə qarşı eyni cür davranmışdılar. İndi güllələnmiş həmin abidələr Şuşada öz Vətənlərində ucalır. Fransa səfirinin hələ də ayaq basmadığı azad olunmuş şəhərdə! Yanıb-yaxılırlar, Şuşaya, Xankəndiyə, Xocalıya, Ağdərəyə görə. Əlacları kəsildiyinə görə də heykəllərimizdən qisas alırlar. Simasız bişərəflər!

Vəli İlyasov, "İki sahil"