16 yanvar 2024 00:33
431

Nikol yenə də özgə havaya oynayır

Hazırda Qazax rayonunun 7 (Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli), Naxçıvan Muxtar Respublikasının 1 kəndi (Kərki) Ermənistanın işğalı altındadır. Şübhəsiz, bu fakt təcavüzkar ölkənin Azərbaycana qarşı ərazi iddiasından hələ də əl çəkmədiyinin göstəricisidir. Hətta haylar hazırladıqları xəritələrdə həmin kəndləri Ermənistan ərazisi kimi qələmə verirlər. Halbuki, Baş nazir Nikol Paşinyan Qarabağ,  həmin kəndlər də daxil olmaqla  Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ötən il oktyabrın 5-də Qranadada qəbul edilən bəyanatda da Azərbaycanın ərazi bütövlüyü  öz əksini tapıb.

Rəsmi Bakı həmin anklav (Kərki və Qazağın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı) və qeyri-anklav (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) kəndlərin azad edilməsi istiqamətində əməli addımlar atmaqdadır. Hətta ötən il oktyabrın 7-də Avropa İttifaqı Şurasının Preziden­ti Şarl Mişellə telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın iş­ğalı altında olduğunu bildirərək onların işğaldan azad olunmasının vacibliyini vurğulamışdı.

Dövlətimizin başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində həmin kəndlərin qaytarılması ilə bağlı mühüm açıqlamalar verib. “Bu məsələ həm mənim Ermənistanın Baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım” deyən Prezident İlham Əliyev bildirmişdir ki, o kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: “O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır”. Buradan belə aydın olur ki, Prezident İlham Əliyev bitişik ərazilərin heç bir danışıq mövzusu olmadığını, o birilərinin isə müzakirə olunacağını bildirib.  Burada Prezidentin əsas arqumenti budur ki, anklavlar həm də onların təhlükəsizlik baxımından müəyyən yolun çəkilməsi və mühafizə olunması problemini də gündəmə gətirir.

Bu ayın sonunda Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının görüşü nəzərdə tutulur. Görüşdə Qazax-Tovuz bölgəsinin delimitasiyası ilə yanaşı, anklavlar da gündəmdə olacaq. Ancaq kəndlərin qaytarılması uzunmüddətli zaman tələb edən delimitasiya prosesinin tərkib hissəsi olmayacaq. Çünki hətta mehriban qonşular arasında belə məsələlərin həlli uzun müddət çəkir. Belə olan halda səkkiz yaşayış məntəqəsi illərlə işğal altında qala bilər. Odur ki, anklav və ya qeyri-anklav olmasından asılı olmayaraq, Ermənistan səkkiz kənddən qoşunlarını çıxartmalıdır. İşğal faktı aradan qalxmadan iki ölkə arasında sülh sazişi imzalanması absurddur.

Göründüyü kimi, rəsmi Bakı işğal altında qalan 8 kəndin beynəlxalq hüquq normaları çərçivəsində qaytarılması ilə bağlı "mərhələli həll" variantından çıxış edir. Daha doğrusu, Azərbaycan səkkiz kəndin işğaldan azad olunması üçün konsensus variant irəli sürüb.  Amma Fransa kimi havadarının göstərişləri ilə oturub-duran Ermənistan anklavların qaytarılması məsələsini arxa plana keçirmək niyyətindədir. Hətta təcavüzkar ölkənin revanşistləri, ifrat millətçilər və irqçilik xəstəliyinin daşıyıcıları bu prosesin mümkünsüzlüyünü, kəndlərin azad edilməsinin "Ermənistanın ərazilərinin itkisi" olacağını bildirirlər.

Yanvarın 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş  müqaviləsi” partiyasının təşəbbüs qrupunun iclasında bildirib ki, Azərbaycan 4 kəndin, Ermənistan isə Göyçə rayonu ərazisi də daxil olmaqla, həyati əhəmiyyətli əraziləri Azərbaycanın nəzarətində olan 32 kəndin məsələsini qaldırır. Halbuki, Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistanın yalnız bir anklav kəndi Azərbaycan ərazisindədir. Yəni, fakt budur ki, ermənilərin bu iddiasının heç bir əsası yoxdur. Şübhəsiz, Ermənistan belə bir əsassız iddia ortaya atmaqla bir daha sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir, həm də Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır. Halbuki, Nikol Paşinyan “32 kənd məsələsi” ilə sadəcə manipulyasiya edir. Çünki “32 kənd” dediyi ərazilər işğal olunmayıb, sadəcə, Azərbaycanın ərazisindəki yüksəkliklərdən “nəzarət edilir” ki, bu da heç bir halda mübahisə predmeti ola bilməz.

Digər tərəfdən, Azərbaycan öz torpaqlarının işğalda olması faktı ilə heç vaxt barışmayıb və barışmayacaq. Artıq bu, 44 günlük Vətən müharibəsi, eləcə də ötən ilin sentyabrında keçirilən lokal antiterror tədbiri ilə öz təsdiqini tapıb. Hazırda işğalda olan kəndlərimiz qeyd-şərtsiz Azərbaycana qaytarılmalı və o kəndlərlə stabil və təhlükəsiz əlaqə təmin edilməlidir. Hadisələrin axarı da göstərir ki, bu, labüddür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər sayəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına qayıtmasına imkan yaranıb. Artıq keçmiş məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı başlayıb. 2026-cı ilin sonu­nadək işğaldan azad edilmiş ərazilərə 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.  Şübhəsiz, doğma yurd-yuvalarına dönənlərin sırasın­da bu gün hələ də işğal altındakı Qa­zax rayonunun 7, Naxçıvanın isə 1 kəndinin əsl sahibləri də olacaqlar. Hər halda bu istiqamətdə atılan addımlar belə deməyə əsas verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”