16 yanvar 2024 00:58
312

Prezidentdən Ermənistana tövsiyə

Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün kənarda zəmanətçi axtarmağa ehtiyac yoxdur

Yanvarın 10-da Prezident İlham Əliyevin yerli televiziya kanallarına  müsahibəsinin əsas mövzusu  həm  Vətən müharibəsindəki tarixi Zəfərimiz, həm də 2023-cü ilin sentyabrın 19-da Qarabağda aparılmış bir günlük lokal antiterror tədbirləri nəticəsində buradakı separatçı xuntanın birdəfəlik məhv edilərək ərazi bütövlüyümüzün tamamilə bərpa edilməsi ilə bağlı idi. Eyni zamanda, Xankəndidə, Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə üçrəngli bayrağımızın Ali Baş Komandan tərəfindən ucaldıdması barədə qürurverici məqamların dilə gətirilməsi  dünyaya güclü Azərbaycanın var olduğunu göstərdi.

Həmçinin müsahibədə revanşist hissələrlə yaşayan haylara və onların himayədarlarına güclü Azərbaycanın haqlı şərtlərini qəbul etmələrinə yönəlik açıq və sərt çağırışlar da var. Qeyd edək ki,  əvvəllər olduğu kimi, Paşinyan hakimiyyətinin nümayəndələri hələ də Bakı ilə normallaşma prosesi istiqamətində əməli addımlar atmaqdansa mücərrəd, avantürist və spekulyativ açıqlamalar verirlər. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan yanvarın 10-da iddia edib ki, Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində müəyyən tənəzzüllər var. Bir müddət əvvəl isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, təklifdə ölkəsinin ərazi bütövlüyünə təminat məsələsi yoxdur: « Bu, Azərbaycan tərəfindən sülh sazişinin imzalanmasına, bütövlükdə isə iki ölkə arasında normallaşma prosesinə maneədir.»

Ölkəmizin başçısı onların bu saxta iddialarına sözügedən müsahibədə məntiqli və geniş cavab verib. Bildirib ki, 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirlərindən sonra həm BMT-də, həm də Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcəyinə, Bakının böyük təzyiqlər altına düşəcəyinə dair Ermənistana vədlər verilmişdi: «Bu əməliyyat, bütün bu kommunikasiyalar Ermənistanda əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədiyi kimi tərtib edə bilərlər və bizə də kimsə təzyiq edib bizi də razı sala bilərlər. Məhz buna görə 70 gün ərzində bizim təklifimizə, - çünki burada təkliflər mübadiləsi 5-6 dəfə gedib, mətnlər göndərilir şərhlərlə, - cavab vermirdi.»

Prezident İlham Əliyev bununla Ermənistan hakimiyyətinin yenə prosesə deyil, kənar qüvvələrə, havadarlarına fokuslandığına işarə edib: «Onu da bildirməliyəm ki, biz onlardan fərqli olaraq öz şərhlərimizi 70 gündən sonra yox, 30 gündən sonra göndərdik və ondan iki həftə sonra onlar, bax bu ayın 4-də yeni şərhlər göndərdilər. Yəni, yenə də sual yaranır: Əgər bu şərhləri iki həftə ərzində vermək olarsa, sən keçən dəfə 70 gün nəyi gözləmisən? Yəni, mənim fərziyyəm tam sübuta yetirilir.»

Dövlət başçısı bu açıqlamaları ilə Ermənistanın sülh prosesində qeyri-ciddiliyini tam çılpaqlığı ilə açıb göstərdi. Eyni zamanda, rəsmi İrəvanın Bakının təkliflərinə cavabı iki aydan çox yubatması onun havadarları ilə məsləhətləşmələr aparmasından, himayədarları və erməni lobbisinin əlaqələri ilə rəsmi Bakıya təzyiqlərin artırılacağına arxayınlıqdan irəli gəlir. Prezident bu barədə danışarkən Ermənistan hakimiyyətinə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün kənarda zəmanətçi axtarmağa ehtiyac olmadığını da tövsiyə edib.Vurğulayıb ki, bu, iki suveren dövlət arasında imzalanacaq sənəd olacaq: «Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın.»

Bu gün həm məğlub Ermənistan, həm də havadarları  Zəngəzur dəhlizinin açılmasına mane olurlar. Xüsusilə Fransa, Hindistan və İran  haylara boş vədlər verib onları Azərbaycana qarşı müharibəyə yönləndirirlər. Bu barədə ölkəmizin başçısı bildirib ki,  Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir: «Dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir...»

Prezident müsahibəsində Azərbaycanla Ermənistan arasında sərhəd, ərazi məsələsinə dair iddiaları da cavablandırıb. O, Ermənistan hakimiyyəti və onun sponsorlarının 1970, 1975, 1990-cı illərin xəritələri ilə bağlı müxtəlif çıxışlarını tarixi faktlarla cavablandırıb: «Sirr deyil ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir...»

Ölkəmizin başçısı bu fikirləri ilə Azərbaycan Respublikasının xəritəsinə dair bəzi dairələrin ortaya atmağa cəhd göstərdikləri mübahisələrə də aydınlıq gətirib. Bildirib ki, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir: «Onların xəritəsində Zəngəzurun  şərqi, qərbi yoxdur, – bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən, - mən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini nəzərdə tuturam, - 86,6 min kvadratkilometrə düşdü.»

Bir sözlə, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın normallaşma və sülh prosesinə sadiq qaldığını, rəsmi İrəvanın sülh prosesi ətrafında qalmaqal və şou yaratmasına açıq-aydın münasibət bildirib. Eyni zamanda, Ermənistana və havadarlarına ölkəmizin sərhədlərinin tamlığı və suverenliyimizlə bağlı heç bir güzəştin olmayacağını açıq şəkildə  ifadə edib. Demək bundan sonrası məğlub və iflas həddinə çatan hayların özlərini necə aparmalarından asılı olacaq.

Elçin Zaman, «İki sahil»