16 yanvar 2024 01:57
506

Qalib xalqın qalib Lideri ilə yeni-yeni zəfərlərə doğru

20 illik Prezidentlik dövrünün hər gününü tariximizə qələbə səhifəsi kimi yazan cənab İlham Əliyevə milyonların sevgisi reallıqdır

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral tarixində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Artıq seçkilərin namizədlərin irəli sürülməsi və imza toplanması mərhələsi başa çatıb, yanvarın 15-dən təşviqat mərhələsinə start verilib. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevdir. Partiyanın devizi  «Qalib xalqın qalib Lideri»dir.

Cənab İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə  xalqın özünün Prezidentinə inamını, etimadını daha da artırdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş ölkənin vətəndaşı olmağı ilə qürur duyur və bunun üçün cənab İlham Əliyevə, rəşadətli ordumuza minnətdarlıq ifadə edir. Cənab  İlham Əliyevin 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə bu müraciəti etmişdir: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.»

Dövlət başçısı İlham Əliyevin bu vədi Ulu Öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində əksini tapan inam və etimadın doğruldulmasına doğru atılan ilk addım idi. Öncə vədlər verilir, hədəflər açıqlanır, dövlətinin, xalqının gələcəyini düşünən Liderlər bu hədəflərə qısa zamanda və yüksək səviyyədə nail olmaq üçün yol xəritəsini tərtib edirlər. Prezident İlham Əliyev bu vədi verdi və Prezidentliyinin 20 ilinin 17 ilini məhz onun reallığa çevrilməsi istiqamətində addımların atılmasına həsr etdi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması əsas hədəf idi.  Ümummilli Lider xalqa müraciətində bu çağırışı etmişdir:“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»

2020-ci ilin 27 sentyabr tarixində başlayan İkinci Qarabağ müharibəsi torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsi nəticələndi.  Cənab İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, o zaman işimizin yarımçıq qaldığını hamımız bilirdik. Suverenliyimizin tam təmin olunması əsas hədəf idi. Azərbaycan  üç il məsələnin sülh yolu ilə həllinə səy göstərsə də Ermənistan açıq-aşkar üzərinə düşən öhdəliklərin yerinə yetirilməsindən yayındı, silahlı birləşmələrini ərazilərimizdən çıxarmadı. Bu vəziyyət 2023-cü il sentyabrın 19-da  ordumuzun bir günlük lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu,  separatçılar ərazilərimizdən çıxarıldı və suverenliyimiz tam təmin edildi.

Təbii ki, bunları qeyd etməyimiz səbəbsiz deyil. Bütün bunlar  Prezident İlham Əliyevin qətiyyətinin, səylərinin təqdimatı idi. Ümummilli Liderin arzuladığı Azərbaycanı təqdim etmək Onun ən böyük arzusu idi ki, buna da nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də  Qarabağımızın tacı Şuşanın işğaldan azad olması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən keçirdiyi xoşbəxtlik hissini belə ifadə etmişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!»

Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi.  Prezident kimi ölkəmizə  rəhbərlik etdiyi 20 ildə  bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq  ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

İqtisadiyyat  amili bütün dövrlər üçün əsasdır. Hər bir ölkənin inkişafında iqtisadiyyatı ilə ordu quruculuğu əsasdır ki, Azərbaycan bu sahələrdə təkmil təcrübəyə, davamlı uğurlara malikdir. Cənab İlham Əliyevin jurnalistlərə ilk müsahibəsində də  ilk olaraq atılacaq addımlardan bəhs edilərkən yaradılan iqtisadi təməl üzərində qeyri-neft sektorunun inkişafının prioritetliyi önə çəkilmişdi. Dövlət başçısı İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin təmin edilməsi əsas hədəf kimi vurğulandı. Prezident İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk dövründə 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzalandı.  Bunun ardınca regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramı təsdiqləndi. Bu sənəd Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Birinci proqramda əsas hədəflərdən biri 600 min yeni iş yerinin yaradılması idi. Təbii ki məqsəd işsizlik probleminin həlli, insanların məşğulluğunu təmin etmək idi. Sənədin icrasının ilk illərində nəzərdə tutulan sayda yeni iş yerinin yaradılması növbəti mərhələlər üçün yeni hədəflərin müəyyənləşdirilməsini zərurətə çevirdi. Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli Fərmanı ilə II Dövlət Proqramını- “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramını”, 27 fevral 2014-cü il tarixli Fərmanı ilə III “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiqlədi. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın  icrası ötən il  başa çatdı.

O da məlumdur ki, cənab İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Sənəddə bu mühüm məqamlar xüsusi yer tutur ki, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin kəsişdiyi məkan  olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.

Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf yolunun ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcək. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair  beş Milli Prioritet reallaşdırılmalıdır:  Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;  dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;  təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Ölkənin strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 58,5 milyard ABŞ dollarına yüksəlib. 2002-ci il ilə müqayisədə  yoxsulluq səviyyəsi 46,7 faizdən  5,5 faizə  enib.

Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir.   Son 20 ildə Azərbaycanın sosial-iqtisadi göstəricilərinə  diqqət yetirək. Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb.  Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir.  Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Qeyri-neft sektorunun uğurlu inkişafı Azərbaycanın neft-qaz sektorunda qazandığı uğurlara əsaslanır. Bunun üçün ölkəmizin son 20  ildə enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu gün Ulu Öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. Azərbaycan neftinin Ceyhan terminalına məhz 28 May - Respublika Günündə (hazırda Müstəqillik Günü)   çatmasının öz rəmzi mənası olduğunu bildirən dövlət başçısı İlham Əliyev xalqa təbrikində bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarını, beynəlxalq münasibətlər sistemində yerini və rolunu təsəvvür etmək çətin deyildi.  2017-ci ildə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalandı. Bununla da “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlandı. “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoydu.  Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda, qaz ixracatçısıdır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasimi keçirildi. 4 il sonra, 2018-ci ilin mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı oldu. 2020-ci il dekabrın 31-də TAP layihəsi tamamlanaraq istifadəyə verildi. Qısa xronologiya Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın enerji sektorunun bu günü və gələcəyi üçün hansı uğurlara imza atıldığının aydın mənzərəsini yaradır. Nəzərə alsaq ki, hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsas faktordur, bu halda uğurlarımızın önəmi daha aydın görünür. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirdi. Bu layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər arasında  əlaqələr yüksələn xətlə inkişaf edir.  2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» sənədində ölkəmizlə qurum arasında ayrı-ayrı sahələrdə, o  cümlədən enerj sektorunda  əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlar öz əksini tapıb. 2022 – ci ilin iyul ayında   Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənədi Azərbaycan  Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzaladılar.  İmzalanma mərasimində dövlət başçısı İlham Əliyev bildirdi ki, bugünkü sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış ilk sənəd deyil: «Biz 2006-cı ildə də sənəd imzalamışıq. 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı sənəd imzalanıb. Beləliklə, bizim əməkdaşlığımızın uğurlu tarixi var.»  Dövlət başçısı İlham Əliyev imzalanan  Memorandumu əməkdaşlığın gələcəyi üçün yol xəritəsi kimi dəyərləndirərək onu da əlavə etdi ki, indiyə qədər nələri planlaşdırmışdıqsa, onlara da nail olmuşuq, gələcək planlarımıza da müvəffəq olacağıq. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycanın bərpaolunan enerji sahəsində çox böyük potensialı olduğunu vurğuladı. Bildirildi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə  bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq: «Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək”.» Bu Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, inamla bu hədəfə doğru gedirik.

Azərbaycanın enerji sektorunda qazandığı uğurları davamlılığı ilə diqqətdədir. Neft-qaz gəlirlərindən səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Qeyd etdiklərimiz Azərbaycanın enerji sektorunda qazandığı uğurların az bir hissəsinin xronologiyasıdır. Azərbaycan bu gün etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır ki, Azərbaycanın bu sahədə də böyük potensiala malik olduğu bildirilir. Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemlərinə sıx inteqrasiya edir, regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir.  Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyalar, təmiz enerji mənbələri, tullantıların təkrar emalı və çirkləndirilmiş ərazilərin reabilitasiyası üzrə tədbirlərin görülməsi ilə sıx bağlıdır. Ekspertlərin proqnozlarına görə, artıq 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin Azərbaycanda elektrik enerjisi sistemində payı 30 faizə çatacaq. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib.

Son üç ildə cənab  İlham Əliyevin Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə   işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu missiyanın reallaşması istiqamətində görülən işlərin miqyasını təsəvvür etmək üçün dövlət başçısı İlham Əliyevin bu məqsədlə imzaladığı Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev bu gunlərdə yerli televiziya kanallarına müsahibəsində keçilən 20 illik yolu geniş təhlil etməklə yanaşı, hədəfləri də açıqladı. Bu müjdə  çatdırıldı ki, Şuşa, Kəlbəcər,  Cəbrayıl , Xankəndi və Xocalı şəhərlərinin sakinləri bu il doğma yurd-yuvalarına qayıdacaqlar. 

Bütün bu qeyd olunanlar Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi dövründə  Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində «Siz tarixdə necə qalmaq istərdiniz» sualına cavabında tam dolğunluğu ilə öz əksini tapır: «Bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.» Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə 30-dan artıq xarici mətbuata müsahibələrində Qarabağ məsələsinin milli qürur məsələsi olduğunu önə çəkərək həllinin vacibliyini bildirmişdir. Fəaliyyətinin hər bir sahəsi o qədər uğurlarla zəngindir ki, bir yazıda əhatə etmək qeyri-mümkündür.

Qeyd etdiyimiz kimi, Azərbaycan  yeni dövrə qədəm qoyub. Bu dövr suverenliyimizin təmin olunduğu 20 sentyabr tarixindən başlayır və yeni hədəflərlə zəngindir.  Bu dövrün xeyir-duasını 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri verəcək. Hər bir Azərbaycan vətəndaşı seçki hüququndan istifadə edərək bu prosesdə fəal iştirak edəcək, qalib xalqın qalib Liderinə səs verməklə zəfərlərimizin davamlılığına dəstək olacaq.

Yeganə Əliyeva, «İki sahil»