15 yanvar 2024 23:57
375

BABALARIMIZ OĞUZLAR (TÜRKMƏNLƏR)

(VI yazı)

BİRİNCİ SƏLİB YÜRÜŞÜ

Torpaqlarının ilhaq olunub türkmənlər tərəfindən məskunlaşdırılması ilə barışmaq istəməyən imperator I Aleksi Qılınc Arslanın hakimiyyətə gəlməsini və atası Süleymanşahın siyasi xəttini davam etdirməsini Bizans imperiyası üçün real təhlükə kimi qiymətləndirir və onun gec-tez Konstantinopol üzərinə yeriyəcəyindən qorxurdu. 1095-ci ildə o, Roma Papası II Urbanın yanına elçilər göndərib artıq müsəlmanlara qarşı xristian dünyasının birləşdirilməsinin bir zərurətə çevrildiyini bildirdi və Avropa ölkələrindən hərbi  yardım istədi. Təqribən yarım əsr əvvəl iki hissəyə ayrılmış xristian kilsəsinin yenidən birləşdirilməsi, daha doğrusu, ortodoks pravoslavların katolik apostol taxtına tabe etdirilməsi Papanın da maraqlarına uyğun idi. Bizans imperiyasının asılı vəziyyətə gətirilməsi, Şərq kilsəsinin və ona aid torpaqların katolik Qərb yeparxiyasının nüfuz dairəsinə qaytarılması öz təsir qüvvəsini genişləndirmək, mövqeyini gücləndirmək, ən əsası isə yunan-pravoslav kilsəsinin var-dövlətinə sahib olmaq üçün onun qarşısında yeni imkanlar açırdı. Başqa bir tərəfdən Anadolunun türk-İslam  yurduna çevrilməsi artıq neçə vaxt idi ki, “müqəddəs torpaqlara” yolu oradan keçən xristian zəvvarlar üçün əlavə çətinliklər törədir və narazılıq yaradırdı. Fələstində xristian ziyarətgahlarının təhqir, Qüdsdə xaçlı zəvvarların təqib olunması barədə uydurmalar baş alıb gedirdi. Eyni zamanda xristian dünyasının ikinci ən mühüm mərkəzi sayılan Bizans həqiqətən, real təhlükə ilə qarşı-qarşıya qalmışdı. Şərqi Roman imperiyasının müdafiəsi həm dini, həm də siyasi mənada olduqca əhəmiyyətli məsələ idi və Papa öz hakimiyyətini qoruyub saxlamaq üçün bu məsələyə etinasızlıq göstərə bilməzdi.

Bütün bunları göz önündə tutan Papa II Urban 1095-ci ilin noyabrında Klermontda (Fransa) kilsə məclisini toplayıb ruhanilər qarşısında vəz etdi və dindaşlarını “müqəddəs torpaqları müsəlman kafirlərin əlindən qurtarmaq” məqsədi ilə silaha sarılmağa çağırdı. O, dinc həyata öyrəşmiş xristianları yürüşə qoşulmağa həvəsləndirmək üçün Şərqdə onları zəngin dünya nemətləri gözlədiyini, səlibçilərin günahlarının  bağışlanacağını bildirdi, həlak olanların cənnətə gedəcəyini vəd etdi. Xaçlılara böyük imtiyazlar veriləcəyini, əmlak və ailələrinin kilsənin mühafizəsi altına keçəcəyini, borclarının silinəcəyini söyləyən Papa moizəsini “Allah belə istəyir” sözləri ilə başa çatdırdı. Onun vəzi böyük rəğbətlə qarşılandı. Məclis iştirakçılarının böyük əksəriyyəti Papanın çağırışına dərhal qoşularaq sinələrinə xaç nişanı vurdular. Onun sözləri dildən dilə düşdü, vədləri ağızdan ağıza keçərək əhalinin müxtəlif təbəqələri arasında geniş əks-səda doğurdu. II Urban bununla da kifayətlənmədi, Fransanın müxtəlf yerlərinə səfərlər etdi, şəhər və kəndləri gəzib, dindarlarla görüşdü, özü gedə bilmədiyi məntəqələrə  nümayəndələrini göndərdi. Beləliklə, Papanın fikirləri qısa müddətdə bütün Fransaya, Almaniya və İtaliyaya yayıldı, gözlənildiyindən də geniş təəssürat yaratdı və böyük xristian kütlələrini hərəkətə gətirdi. Hətta Fransa gəzintiləri zamanı II Urbanın keşişlərin, qadınların, xəstələrin yürüşə çıxmasını qadağan etmək istəyini dilə gətirməsi kəskin etirazla qarşılanmışdı. İnsanlar axın-axın “müqəddəs torpaqlar”ın müdafiəsi uğrunda yürüşə yazılır, hazırlıq görürdülər. Dini təəssüb duyğuları nəzərə alınmazsa, əhalinin hər bir kəsimi bu səfərə məxsusi ümidlər bəsləyirdi.

XI əsrin sonlarından ümumi yüksəliş başlayan Qərbi Avropada  şəhərlərin böyüməsi, müntəzəm ticarət əlaqələrinin yaranması, kapitalist münasibətlərinin ilk rüşeymlərinin təzahür etməsi iri feodalları sərvətlərini artırmağa həvəsləndirirdi ki, bu da istehsalın mövcud səviyyəsi ilə uzlaşmırdı. Gəlirlərini təhkimli kəndlilər hesabına əhəmiyyətli dərəcədə artırmaq imkanları məhdudlaşmış feodallar artan maddi təlabatlarını silah gücü ilə ödəməyə can atır, Şərqdə zəngin torpaqlar ələ keçirməyi hədəfləyirdilər. Onların arasında səlib yürüşünə hətta öz dövlətini yaratmaq istəyi ilə gedənlərə də rast gəlmək mümkün idi.

Torpağa kəskin ehtiyac duyan xırda cəngavərlər bu zaman maddi cəhətdən korluq çəkir və yürüş sayəsində asanlıqla mülk sahibi olacaqlarını düşünürdülər.

Şimali İtaliyadakı şəhər-dövlətlərdən- Venesiya, Genuya, Pizza respublikalarından olan tacirlərin xaçlı səfərlərində fəallığı ilk növbədə Aralıq dənizi ticarətində mövqelərini möhkəmləndirmək və genişləndirmək niyyətindən irəli gəlirdi.

Kilsənin təbliğatına uyaraq yürüşlərə qoşulan kəndlilər isə “dənizin o tayına” yola düşərkən ümid edirdilər ki, orada təhkimçilik zülmündən qurtulacaq və maddi cəhətdən təmin olunacaqlar. Qeyd edək ki, ümidləri doğrulmayan kəndlilər artıq XII əsrin ortalarından etibarən hərəkatdan uzaqlaşmış və xaç yürüşləri əsasən feodal-cəngavər kampaniyasına çevrilmişdir.        

Beləliklə, 1096-cı ilin yazında əksəriyyəti sadə kəndlilər, səfillər,  quldurlar, davakar yeniyetmələr və macərapərəstlərdən ibarət olan on minlərlə binəsib yürüşçü Reyn və Dunay çaylarının sahilləri boyunca  Konstantinopola yol aldı. Əsasən, dəryaz, dəyənək və baltalarla silahlanmış bu insan axınını idarə etmək, faktiki olaraq, mümkün deyildi. Yol boyu şəhər və kəndlər talan edilir, soyğunçuluq halları baş alıb gedirdi. Onlar 4 min günahsız macarı öldürmüş, Belqradı yandırıb viran qoymuşdular. Qənimətçilik ehtirası bu başıpozuq kütlənin dini duyğularını üstələyir, onu cinayətə təhrik edirdi. “Xaçlı ordusu”nun başında durduğu deyilən keşiş Pierre L`Ermite (Pyer Lermit; 1050-1115) əslində, ilk gündən qarətçilərin girovuna çevrilmişdi. Əvvəlcə alman-italyan, sonra isə frank qrupları keşişin komandanlığı altından çıxaraq əsas kütlədən ayrıldı.

I Aleksi “xalq ordusu”nun İstanbula gəlişini dərin məyusluq içində izləyir və Avropadan göndərilmiş “yardım qüvvələrinin” tezliklə ona böyük problemlər yaradacağını anlayırdı. Törədilən cinayətlərin miqyasından qorxuya düşən Bizans imperatoru dərhal bu dağıdıcı qüvvəni paytaxtdan uzaqlaşdırmaq qərarına gəldi və onların Anadoluya istiqamətləndirilməsi üçün hərəkətə keçdi. Səlcuqi ordusu isə başları qarətçiliyə qarışan səlibçilərin öhdəsindən gəlməkdə çətinlik çəkmədən, bir neçə kiçik çaplı əməliyyatla onları pərən-pərən saldı. Əslində, qarşıdakı fəlakətlərin bir səbəbi də Qılınc Arslanın bu yüngül qələbələrdən arxayınlaşması oldu. O, ara vermədən Anadoluya axan səlibçilərə etina göstərmədən ordusu ilə Malatya səfərinə yollandı.

Lakin 1096-cı ilin yayında nizamsız xalq kütlələrinin ardınca Avropa baronlarının xüsusi hazırlıq görmüş qoşunlarının və cəngavər birliklərinin müxtəlif marşrutlar üzrə Anadoluya yürüşü başladı. Qoşunlardan biri Reyn-Dunay istiqamətində, başqa biri Adriatik dənizi sahilləri ilə irəliləyir, üçüncü bir dəstə isə İtaliya ərazisindən Balkan yarımadasına doğru hərəkət edirdi. 1097-ci ilin aprel-may aylarında yaxşı silahlanmış, ağır zirehli döyüşçülərdən təşkil olunmuş bu qoşunlar Konstantinopola daxil oldu. Xeyli ehtiyat hissələrə malik xaçlı ordularına  adlı-sanlı zadəganların komandanlıq edirdilər. Onlar gəldikləri andan özlərini müstəsna səlahiyyət sahibləri kimi aparır, Bizans imperatoruna boyun əymək niyyətində olmadıqlarını açıq şəkildə büruzə verirdilər.  Getdikcə Qodfrey başda olmaqla hərbçi baronlarla imperator Aleksi arasında fikir ayrılığı daha da dərinləşdi. Komandanlar Qüdsü almaq üçün vaxt itirmədən Fələstinə yola düşməyə can atır, imperator isə onların gücü ilə türkləri “Bizans torpaqlarından” qovub-çıxarmaq, mümkün qədər daha çox ərazini geri qaytarmaq, Anadolu Səlcuqilərini sarsıtmaq və beləliklə, dövlətini yenidən gücləndirmək məqsədi güdür, eyni zamanda qoşun başçılarını öz iradəsinə tabe etdirməyə çalışırdı. Uzun çək-çevirdən sonra işğal olunacaq Anadolu ərazilərinin Aleksiyə təhvil veriləcəyinə dair razılıq əldə edildi. Öz növbəsində Bizans imperatoru da xaçlı ordusuna bələdçilər vermək və onun təchizat-logistika təminatına yardım etmək öhdəliyi götürdü. Qeyd etmək lazımdır ki, ordunun ərzaq təminatı məsələsi I Səlib yürüşünün bütün mərhələlərində aktuallığını itirməmiş və baronların yerli əhaliyə qarşı zorakılığının başlıca səbəbi olmuşdur. Katolik səlibçilər, ümumiyyətlə, ortodoks Anadolu xristianlarına yuxarıdan aşağı baxır, talanlar və soyğuçu basqınlar zamanı onlarla müsəlmanlar arasınd fərq qoymurdular. Bu isə yerli xristian kütlələrini dövlətdən narazı salır və səlibçilərin özbaşınalıqlarına qarşı onları türkmənlərlə daha da yaxınlaşdırırdı.  

1097-ci ilin iyun (bəzi mənbələrdə may) ayında yaxşı təchiz olunmuş xaçlı qoşunları Anadolu Səlcuqilərinin paytaxtı İzniki mühasirəyə aldı. Sultan Qılınc Arslan bu zaman Malatya üzərinə yürüşdə idi. Şəhərin müdafiəçiləri əvvəlcə düşmənə qarşı şiddətli müqavimət göstərsələr də tezliklə mövqe üstünlüyü xaçlıların tərəfinə keçdi. Mühasirədəkilərin İznik gölü vasitəsilə ərzaq təminatının da qarşısı alındı. Paytaxtının mühasirəyə düşdüyünü eşidən Qılınc Arslan təcili olaraq geriyə döndüsə də, mühasirəni yara bilmədi, bir neçə uğursuz cəhddən sonra ordusunu xilas etmək məqsədi ilə geri çəkildi. İşi belə görən şəhər başçıları da əhalinin canının bağışlanması şərti ilə İzniki təslim etməyə məcbur oldular. Şəhər Bizans imperatorunun hakimiyyətinə verildi və 1331-ci ilədək onun əlində qaldı (yalnız həmin il Orxan Qazi tərəfindən geri alındı). İznikdən sonra xaçlı qoşunları Anadolunun içərilərinə doğru irəliləməyə başladı. Qılınc Arslan isə düşərgəsini Əskişəhər yaxınlığında Şarhöyük (Dorileon) deyilən yerdə salaraq ordusunu və Anadolunun hər yerindən çağırdığı türkmən qüvvələrini burada topladı. O, Danişmənd bəyi Gümüştəkin və Qayseri əmiri Həsəndən yardım almışdı. Lakin göstərilən bütün səylərə baxmayaraq Dörileon döyüşü xristian ordusunun qələbəsi ilə başa çatdı. Səlibçilər qızıl-gümüş, qiymətli əşyalar və müxtəlif heyvan sürülərindən ibarət böyük qənimət əldə etdilər. Amma 4 min nəfərdən artıq itki verərək, türkmənlərlə müqayisədə əhəmiyyətli sayda əsir götürə bilmədilər. Dorileon döyüşündə məğlub olduqdan sonra səlcuqi qüvvələri Mərmərə dənizi sahillərini tərk edərək geri çəkildilər. Xaçlılar isə iki gün burada qaldıqdan sonra bizanslıların təşviqi ilə Konya istiqamətində hərəkət etdilər. Eregli yaxınlığında Qılınc Arslan və müttəfiqləri onlara həlledici zərbə endirmək üçün daha bir cəhd göstərsələr də, yenə üstünlük qazana bilmədilər. Bundan sonra səlibçilər iki yerə bölündü; bir hissəsi Gülek keçidini aşaraq Kilikiyaya daxil oldu, sayca daha çox olan başqa bir hissəsi isə şimal istiqamətində Qayseri üzərinə irəlilədi. Qayseri əmiri Həsən bəy xaçlılara qarşı güclü müqavimət təşkil etmişdi, amma son nəticədə qələbə yenə qarşı tərəfə nəsib oldu. Kilikiyaya hücum edən xaçlılar isə tez bir zamanda Tarsus, Adana, Mamistra şəhərlərini, demək olar, müqavimətsiz (Tarsus istisna olmaqla) tutmağa müvəffəq oldular. Bu qələbələrdən ruhlanan Bizans ordusu da fəallaşdı, imperiya qüvvələrinin ardıcıl hücum əməliyyatları nəticəsində Qərbi Anadolunun və Qara dəniz bölgələrinin alınması, eyni zamanda Egey və Mərmərə sahillərinə qədər torpaqların əldən verilməsi Qılınc Arslanı Orta Anadoluya çəkilmək, müdafiə istehkamlarını Əskişəhər və Ağşəhər mövqelərinə keçirmək məcburyyətində qoydu.

Xaçlıların ardı-arası kəsilmirdi. 1099-cu ildə Danimarka şahzadəsinin idarə etdiyi ordu səlcuqi qüvvələri tərəfindən Ağşəhər yaxınlığında darmadağın edildi. 1101-ci ildə Qüdsə kömək üçün Konstantinopola italyanlardan (lombardlardan), fransızlardan və almanlardan ibarət daha 3 səlib ordusu göndərildi. İznik-Əskişəhər istiqamətində Qılınc Arslanın qoşunları tərəfindən ciddi zərbə alan birinci ordu Çankırı və Anakaradan Niksara doğru irəliləyərkən Amasya civarında və Merzifonda Danişmənd Əhməd Qazinin də yardımı ilə tarmar edildi. Bunların ardınca gələn ikinci və üçüncü ordular isə Ereglidə qılıncdan keçirildi. “Xaçlı tilsimi” qırılmışdı. Artıq xristian qoşunlarının döyüş üsullarına bələd olan Qılınc Arslan onlardan əvvəlki məğlubiyyətlərin intiqamını aldı. Belə ki, qaynaqların məlumatına əsasən, Antakyaya 300 minlik bu ordulardan yalnız bir neçə min nəfər çata bilmişdi. Suriya yolunun Sultan Qılınc Arslan tərəfindən bağlanması yürüşçülərin mənzil başına çatmasını gecikdirmiş, onlara əlavə problemlər yaratmış və faktiki olaraq bir müddət üçün səlib yürüşünün dayandırılmasını təmin etmişdi.        

O, zirehdən, demək olar, istifadə etməyən və yüngül silahlanan mobil türkmən dəstələri ilə hər cəhətdən üstün səlibçilərin öhdəsindən gələ bilməyəcəyini vaxtında başa düşərək ordusunu qorumaq üçün döyüş üsulunu dəyişmiş və “yandırılmış torpaq” taktikasından istifadə etməyə başlamışdı. Düşmənin keçəcəyi yollar, bu yollar üzərində yerləşən iaşə və su mənbələri sıradan çıxarılır, ərzaq karvanları vurulur və onların əllərindən alınırdı. Meydan döyüşlərindən yayınmaq, rəqibin hərəkətini yalnız uzaqdan izləmək, müdafiə mövqeyində durub, fürsət düşən kimi qəfil basqınlar edərək ona ağır zərbə endirmək yolunu tutan Səlcuqi ordusu bununla həm də səlibçiləri istədiyi istiqamətlərə yönləndirirdi. Qılınc Arslanın əsas qayəsi dövlətini qoruyub saxlamaq idi və Kayseri, Komana (Tokat), Maraş üzərindən Fələstinə doğru irəliləyən xristian ordusu özü də bilmədən onun planı üzrə hərəkət edirdi. Tarsus, Adana və ətraf şəhərlərin, Qərbi Anadolunun, Mərmərə və Qara dəniz sahillərinin Bizansın əlinə keçməsinə və qoşunun Orta Anadoluya çəkilməsinə baxmayaraq strateji və psixoloji üstünlüyün Anadolu Səlcuqilərin tərəfində olduğunu yazan tarixçilər daha çox 1098-1101-ci illərin hərbi əməliyyatlarını nəzərdə tuturlar. Gördüyümüz kimi, Anadolu türkmənləri xaçlı fırtınası qarşısında döyüş əzmini itirməmiş, Sultan Qılınc Arslanın düzgün hərbi-taktiki gedişləri nəticəsində qısa müddətdə düşməni diz üstə çökdürərək, Konyanı (İkonium) azad etmiş və Anadolu Səlcuqi dövlətinin paytaxtını bu şəhərə köçürmüşlər.

Tarixçilərin fikrincə, XII əsrin əvvəllərində xaçlılara elə bir qorxunc zərbə vurulmuşdur ki, katolik kilsəsinin Şərq siyasəti fiaskoya uğramış, xristian dünyası uzun müddət Anadoluda yaşanmış dəhşətləri unutmağa və gələcək nəsillərə unutdurmağa çalışmışdır. Eyni zamanda Bizans imperatoru I Aleksiyə xaçlı cəngavərlərinin onun hakimiyyəti üçün daha real təhlükə olması fikri təlqin edilmişdir. Onun səlib yürüşçülərinə qarşı Qılınc Arslanla saziş imzalamaq məcburiyyətində qalması bu kontekstdə yaddan çıxarıla bilməz. Həm müsəlman, həm də xristian mənbələrində təsbit edilən bu anlaşmaya əsasən, felən Bizansın əlində olan Mərmərə sahilləri, İzmir bölgəsi və Antalya I Aleksinin hakimiyyətində qalmış, Anadolunun qalan ərazilərinin isə türklərə qaytarılması rəsmiləşmişdir. Düşmənin birliyinin parçalanması, Bizansla xaçlı yürüşçülərinin qarşı-qarşıya qoyulması, faktiki olaraq, Anadolunu növbəti xaçlı təhlükələrindən xilas etmişdir. Aydın Ustanın sözləri ilə söyləsək, “Beləliklə, bəlkə də xaçlıların Orta Şərqdəki qədəri şəkillənmiş oldu. Əldə edilən uğurda ən böyük pay sahiblərindən biri də türkmənlər idi”. Qeyd etməliyik ki, bunlar gəlişigözəl deyilmiş sözlər olmayıb, türkmənlərin müxtəlif müsəlman dövlət təşəkkülləri tərkibində Anadolu, Suriya və Fələstin torpaqlarının xaçlı təcavüzündən xilas edilməsində göstərdikləri igidlik və şücaətlərin yığcam, lakonik  və hətta kifayət qədər təvazökar bir ifadəsidir.

Anadolunun xaçlılardan müdafiə salnaməsinə türkmənlərin yazdıqları  səhifələri yuxarıda vərəqlədik və mübarizənin şəksiz favoriitinin Sultan I Qılınc Arslan olduğunu vurğuladıq. Amma bununla birlikdə məlumdur ki, bu dövrdə Şərqi Anadoluda hökm sürən və Böyük Səlcuqilər dövlətinə tabe olan bəylər (Diyarbəkirdə Yınal oğlu İbrahim, Şiirtdə Qızıl Arslan, Erzendə Alptəkin, Hanidə Şahruh, Harputda Çubuk oğlu Məhməd, Meyyafarikində Ziyaəddin Məhməd və b.), əsasən, Qılınc Arslanın hakimiyyətini tanımır və onun xaçlılara qarşı mübarizəsində seyrçi mövqe tuturdular. Qərbi Anadoludakı türkmən bəylikləri isə xaçlılarla mübarizədə Anadolu Səlcuqiləri dövlətinin yanında yer almış və Qılınc Arslanla rəqabət aparmalarına rəğmən, əksər hallarda ona dəstək vermişlər. Bu bəyliklər arasında Danişməndilər xüsusi qeyd olunmalıdır.

Danişmənd bəyi Gümüştəkin Əhməd Qazi, I Qılınc Arslanın baronlara qarşı Əskişəhər (1097) və Qayseri (1101) döyüşlərində iştirak etmiş, Malatyanı ələ keçirmişdi. Artıq qeyd etdiyimiz kimi, Sultan Qılınc Arslan da Malatyanı tutmaq üçün Bizans valisi erməni Qabrielin əlində olan bu şəhərə səfər etmiş, İznikin mühasirəyə alındığını da orada öyrənmişdi. Paytaxtının müdafiəsi üçün onun geri qayıtmasından və sonradan başının xaçlılarla mübarizəyə qarışmasından istifadə edən Gümüştəkin bəy Malatya uğrunda səlib qüvvələri ilə döyüşə girərək şəhəri almış və xaçlıların qoşun başçısı olan Antakya knyazı Boemundu əsir götürmüşdü. Məlumatlara əsasən, Avropada bu xəbəri təşvişlə qarşılamış və Boemundun azad edilməsi üçün Anadoluya əlavə qoşun hissələri göndərilmişdi. I Qılınc Arslan qoşunların Konstantinopola çatdığını eşidəndə Gümüştəkin bəydən, habelə Hələb məliyi Rıdvan, Harran (yaxud Haran) əmiri Qaraca və Artuklu bəyi Bələkdən aldığı silahlı qüvvələrlə birlikdə sayca özlərindən on dəfə çox olan (200 minə qarşı 20 min) düşmənin qarşısına çıxmış və Merzifon yaxınlığında onu tələyə salaraq qırıb-çatmışdı. Lakin Boemundun əsirlikdən azad edilməsi üçün fidyə alınması məsələsində fikir ayrılıqları (Boemund azadlığa çıxması müqabilində müəyyən miqdarda fidyə təklif etmiş, onun şəxsində özünə təhlükəli rəqib görən Bizans imperatoru isə onun buraxılmaması üçün həmin məbləğdən iki qat artıq ödəməyə hazır olduğunu bildirmişdi) Anadolu Səlcuqi sultanı ilə Danişmənd bəyi arasında soyuqluq yaratmış, qarşılıqlı narazılığa yol açmışdı. 1102-ci (bəzi mənbələrə əsasən 1103-cü) ildə Qılınc Arslan atası Süleymanşah tərəfindən fəth edilən, 1097-ci ildə isə xaçlılar tərəfindən işğal olunan Antakyanı geri almaq üçün səfərə çıxarkən Boemundun buraxılması xəbərini eşidib qəzəblənmiş və qoşunun ağızını Malatya istiqamətinə döndərmişdi. Maraş yaxınlığında baş verən vuruşmada Danişmənd Əhməd Qazi məğlub olub Sivasa çəkilmiş, 1104-cü ildə isə ölmüşdü. Bir il sonra Malatyanı Gümüştəkinin oğlundan təslim alan Qılınc Arslan daha sonra Harranı və Suriya məliyi Dukakın əlindəki Meyyafarikini tutaraq ölkəsinə birləşdirmiş, Diyarbəkir və Mosul bölgələrinə hakim olmuşdu. (Gümüştəkinin yerinə keçən oğlu Qazi bəy Səlcuqi şahzadəsi I Məsudla ittifaq bağlamış, onun taxta keçməsinə yardım etmiş, qızını ona ərə vermiş, xaçlılara qarşı mübarizəsində onun yanında yer almişdi. Qazi bəydən sonra (1134) oğlu Məlik Məmməd bəy də bir neçə dəfə Bizans orduları ilə qarşılaşmış və onlara qələbə çalmışdı.) Tarixdən bildiyimiz kimi, Malatya alındıqdan sonra Şərqi Anadolu bəylikləri Qılınc Arslanın təbəəliyini qəbul etmişlər ki, burada da xaçlılara qarşı mübarizə amili, görünür, həlledici olmuşdur. Hər halda 1105-ci ildən sonra yalnız Ərzurumda Saltuklu və Ahlatda Sökmənli bəyliklərinin Böyük Səlcuqi dövlətinə bağlılıqlarını saxladığı məlumdur.

Lakin 1107-ci ildə I Qılınc Arslan Böyük Səlcuqi sultanı Məhəmməd Taparın Mosul valisi təyin etdiyi Əmir Çavlı, Artuklu bəyi İlqazi və Suriya məliyi Rıdvanın qoşunları ilə Habur çayı kənarında baş verən döyüşdə məğlub oldu və çayda boğularaq öldü. Ötəri də olsa deyək ki, xələfləri təqribən 10 illik ağır bir dövrdə bütün məhrumiyyətlərə baxmayaraq xaçlılarla barışmaz və ardıcıl mübarizə aparmış Sultan Qılınc Arslanın haqq işini davam etdirdilər. Tarixçilərin yazdığına görə, Sultan I Məsud (1116-1155) ordunun gücləndirilməsini siyasətinin prioritet istiqamətinə çevirərək, xaçlı cəngavərlərinin köməyi ilə ələ keçirilib bizanslılara verilən bölgələri geri almağa çalışdı və buna böyük ölçüdə nail oldu. Anadolu Səlcuqilərinin möhkəmlənməsi və əvvəlki gücünə sahib olması katolik kilsəsində və Avropa hərbi-siyasi dairələrində ciddi narahatlıq yaratdı. Qərb dövlətləri yenidən birləşərək II Səlib yürüşünə hazırlıq görməyə başladılar. 1145-ci ilin sonlarında Roma Papası III Yevgeni yeni xaç yürüşü ilə bağlı bulla imzaladı, sənədi Fransa və Almaniyaya göndərdi və bu ölkələrin krallarından yardım istədi. Elə bu ərəfədə Hələb atabəyi Nurəddin Zənginin Urfadakı xristian qraflığını (Edessa qraflığı) ələ keçirməsi alman kralı III Konrad Qogenştaufen (1093-1152) və Fransa kralı VII Gənc Luini (1137-1180; bəzi mənbələrdə bu kralın adı Lüdovik kimi verilsə də biz Jan Pol Runun versiyasını əsas götürdük) hərəkətə gətirdi və onlar müqəddəs xaçı başları üzərinə qaldıraraq II Səlib yürüşünə (1147-1149) başladılar. 1147-ci ildə Sultan Məsud vaxtilə I Qılınc Arslanın məğlubiyyətə uğradığı Dorileon düzündə III Konradın ordusunu darmağadağın etdi. Bunu eşidən Fransa kralı Gənc Lui marşrutunu dəyişərək Akkaya Efes-Dənizli-Antalya yolu ilə hərəkət etməyə məcbur oldu. Lakin bütün bunlara rəğmən səlibçilərin yardımı ilə Anadoludakı hərbi-siyasi mövqeyini qismən bərpa edib gücləndirən Bizans imperiyası bölgədəki dominant mövqeyini Miryokefalon (Trigiya vilayəti, 1176) döyüşünə qədər qorumağı bacardı.  Aşağıda bu hadisələrdən ətraflı bəhs edəcəyik, indi isə xaçlıların Suriya və Fələstin torpaqlarına yürüşü, törətdikləri soyqırım cinayətləri və bu proseslərin müsəlman dünyasında yaratdığı təlatümlər haqqında mütləq söz açmalıyıq. Həm də ona görə ki, bu dramatik hadisələrin ən fəal iştirakçıları da başqaları deyil, məhz türkmənlər olmuşdu.

SURİYA VƏ FƏLƏSTİN TORPAQLARININ MÜDAFİƏSİNDƏ TÜRKMƏNLƏRİN ROLU                  

Məlum olduğu kimi, Anadoludan Fələstin istiqamətində yürüş edən xristian ordusu oraya 5 həftəyə çatmağı planlaşdırmışdı. Ancaq “müqəddəs torpaqlar”a yürüş məlum səbəblərdən xeyli uzun çəkmiş və Suriyaya çatanda xaçlıların sayı da əhəmiyyətli dərəcədə azalmışdı. 1097-ci ilin oktyabrında onların əsas qüvvələri Antakyaya yaxınlaşanda qarşılaşdıqları orduların tərkibində türkmənlər üstünlük təşkil edirdi. Hərbi məharətləri ilə bütün Şərqdə məşhur olan türkmənlər Suriya və ətraf ərazilərdə çoxdan məskunlaşdırılmış və bölgənin yerli əhalisinə çevrilmişdilər.

İslam dininin yayıldığı ilk illərdən etibarən türkmənlər müxtəlif müsəlman sülalələrinə xidmət göstərmiş, ordu quruculuğunda mühüm rol oynamışdılar. Hələ 674-cü ildə Bəsrə valisi Übeydullah bin Ziyadın Buxara səfərindən dönərkən özü ilə türkmənlərdən ibarət 2 minlik hərbi dəstəsi gətirib bu şəhərdə yerləşdirdiyi məlumdur. Qüteybə bin Müslimin 12 min nəfərlik ordusunda da türk dəstələrinin yer aldığını bilirik. Abbasi ordusunun xassə orduları az qala bütövlüklə türkmənlərdən təşkil olunmuşdu. VIII əsrin ikinci yarısından etibarən Vasif Ət-Türki, Karınoğlu Fəzl, Fərəc Ət-Türki, Anuçur Ət-Türki, Bilgə Çur, Toganoğlu Əhməd, Sabit Ət-Türki, Burduoğlu Rüstəm, Kayıoğlu Əhməd və Afşın kimi komandanlar bu orduların zabit heyətində böyük nüfuz qazanmışdılar. Xəlifə Mötəsim öz yeni paytaxtı Samirədə türklərə geniş iqtalar vermiş, hətta yerli əhali ilə qarışmasınlar deyə onların evlənməsi üçün Asiya bozqırlarından qızlar gətirtmişdi. IX-X əsrlərdə Misirdə fəaliyyət göstərmiş Toluni və İhdişi xanədanlıqları haqqında yuxarıda məlumat vermişdik.

İbnül-Ədim və başqa ərəb tarixçilərinin yazdığına görə, Səlib yürüşü ərəfəsində silahlı türkmən dəstələri Suriyada- cənubda Xanoğlu Harunun, şimalda Kurlu, Şöklü və Uvakoğlu Atsız kimi  bəylərinin idarəsində fəallıq göstərir və bölgə hakimlərinin diqqətini cəlb edirdilər. Amma xristianlarla mücadilə mərkəzinin Suriya ərazilərinə keçməsi səbəbindən daha böyük sayda hərbi qüvvəyə ehtiyac yaranmışdı. Xaçlılara qarşı hərəkat planı müzakirə olunarkən Artuklu bəyləri Sökmən və İlqazinin üzərinə məsul vəzifələr qoyulmuş, eyni zamanda Diyarbəkir, Əl-Cəzirə və İraq türkmənlərinin yardımından yararlanmaq qərarı verilmişdi. İstər yerli, istərsə də gəlmə türkmənlər Artuklu bəyliyinin səlib yürüşçülərinə qarşı qəhrəman mübarizəsinin ilk günlərindən daim onlara dəstək vermiş, Antakya, Qüds və başqa müsəlman torpaqlarının müdafiəsinin təşkilində mərdlik və igidlik göstərmiş, sonrakı hərbi əməliyyatlarda da düşmənə qarşı qətiyyətlə döyüşmüşlər. Əli İbnül-Əsirin (1160-1233) qeydlərində Sökmən bəy oğlu Davudun türkmənlər arasında nüfuzundan söz açılır (“Türkmənlər arasında elə bir etibara sahib idi ki, /bir çağırışı ilə/ əli silah tutan hər kəs onun əmri altında toplanırdı”), Harran döyüşü zamanı (1104) Sökmən bəyin ordusunda 7 min, Tell-Afrində (1119) İlqazinin ordusunda 20 minə qədər türkmən əskərinin döyüşdüyü bildirilir.

...Antakya qalası 1085-ci ildə Böyük Səlcuqi sultanı Məlikşah tərəfindən fəth olunmuşdu. Təqribən 1090-cı ildə o, türk əsilli qulam əmirlərindən olan Yağı-Sayanı (bəzən onu “Yağı-Siyan” da adlandırırlar) bu şəhərin hakimi təyin etmişdi. Xaçlı hücumu ərəfəsində də qalanı Yağı Sayan idarə edirdi. O, Dəməşq əmiri Dukak və Hələb əmiri Rıdvan arasında ixtilafdan yararlanaraq nisbi müstəqillik qazanmışdı.  Şəhərdə 6-7 min nəfərlik qoşunu vardı. Əlbəttə ki, bu qüvvə ilə 300 minlik xaçlı ordusu qarşısında dayanmaq olmazdı. Yağı-Sayan ümidini uzunluğu 1200 metrə çatan və 360 qülləsi olan qala divarlarının möhkəmliyinə bağlamışdı və düşmənin mühasirə etdiyi Antakyaya girə bilməyəcəyini düşünürdü. O, rəsmən Suriya Səlcuqi dövlətinin Hələb məliki Rıdvana tabe olsa da, həmin dövlətin Şam məliki Dukakla daha yaxın idi. Odur ki, əvvəlcə oğlu Şəmsüddövləni Dukakın yanına göndərib ondan yardım istədi və kömək gələnə qədər qalada qapanıb gözləməyi qərara aldı. Lakin Şam məliki Dukak, onun atabəyi Tuğtəkin və Hama əmirinin başçılığı ilə Antakyaya yürüşə başlayan dəstək qüvvələri yolda gözlənilmədən xaçlıların hücumuna məruz qalaraq mənzil başına çata bilmədilər. Ordusu darmadağın edilən Dukak Antakyaya hər hansı hərbi yardım göndərmək imkanlndan məhrum oldu. 1098-ci ilin yanvarında Yağı-Sayan yardım üçün Hələb Məliki Rıdvana üz tutdu. Rıdvan Diyarbəkr və Hama əmirlərinin qüvvələri hesabına yüngül yaraqlanmış bir neçə min süvaridən ibarət ordu toplayıb fevral ayında Antakyaya doğru yola çıxdı. Lakin bu ordu da şəhər yaxınlığında xaçlıların ağır süvari dəstələrinin hücumuna müqavimət göstərə bilməyib dağıldı və Hələbə çəkildi. Bu zaman qoşunu ilə mühasirəni yarmaq üçün qaladan çıxan Yağı-Sayan gələn köməyin yetişə bilməyəcəyi xəbərini alan kimi geri qayıtdı və bu dəfə yardım üçün Mosul atabəyi Gürboğaya (bəzi mənbələrdə Kürboğa) müraciət etdi.  Sultan Bərkyaruqun razılığı ilə (qeyd edək ki, Dukak və Rıdvan da Böyük Səlcuqi əmirləri idilər və aydın məsələdir ki, Antakya səfərinə Bərkyaruqun rüsxət və əmri ilə çıxmışdılar) 30 min nəfərlik güclü bir ordu quran Gürboğa aprelin sonlarında hərəkətə başladı. Səlib qüvvələrinin ilk xaçlı dövləti olan Edessa qraflığını yaratdıqları Urfa onun yolu üzərində idi və Gürboğa bu şəhəri mühasirəyə alaraq 3 həftə də orada ləngidi, lakin bir nəticə hasil etməyib Antakya üzərinə irəliləməyə başladı. Bu zaman artıq ilk xaçlı bölükləri qala divarlarını aşaraq şəhərə sızmış, Yağı-Siyan təslim olmamaq üçün 30 nəfərlik mühafizə dəstəsi ilə qalanı tərk etmiş, amma uzağa gedə bilməmişdi; yaxınlıqda atından yıxılıb ölümcül yaralanmış, mühafizəçiləri isə qaçıb dağılışmışdı. Ertəsi gün onu təsadüfən tapan bir erməni bəxşiş almaq üçün başını kəsib xaçlılara gətirmişdi.

Beləliklə, başsız qalan şəhər müdafiəçiləri məğlubiyyətə məhkum olunmuşdular. Müəyyən qədər müqavimət göstərsələr də tezliklə şəhəri alan xaçlılar tərəfindən qılıncdan keçirildilər. Yalnız Əmir Yağı-Sayanın oğlu Şəmsüddövlə öz kiçik dəstəsi və ailə üzvləri ilə birlikdə iç qalada gizlənə bildi. Antakyanı ələ keçirən xaçlılar şəhəri talan, əhalini- qadına, uşağa, qocaya baxmadan- qətliam etdilər. Camelər və digər müsəlman abidələri yerlə yeksan olundu. Gürboğanın ordusu isə Antakyaya qala alınandan üç gün sonra yaxınlaşa bildi. Bu, əslində, tək Mosul atabəyliyinin ordusu deyildi, onun tərkibində Böyük Səlcuqi dövlətinin bölgədəki bütün qüvvələri təmsil olunmuşdu. Gürboğa dərhal şəhərin mühasirəsinə başladı. Lakin görülən tədbirlər heç bir nəticə vermədi. Suriyada hökm sürən daxili siyasi şəraitin mürəkkəbliyi Antakyanın əldən verilməsində mənhus rol oynadı. Xaçlı hərbi şurası şəhəri Bizansa verməmək və burada Antioxiya knyazlığı yaratmaq barədə qərar çıxardı. Beləliklə, bölgədə ikinci xaçlı dövlətinin əsası qoyuldu və hakimiyyətə knyaz Boemund gətirildi.

Səlib yürüşlərinin lap başlanğıcından xaçlıların ana hədəfi Qüdsə (Yerusəlimə) yiyələnmək idi. Sivilizasiyaların qovuşduğu Fələstin torpaqları bütün səmavi dinlər üçün müqəddəs bir məkan sayılırdı. Yəhudilərin Süleyman məbədi, müsəlmanların ilk qibləsi olan Məscidi-Əqsa, Həzrət Məhəmməd Peyğəmbərin meraca yüksəldiyi Muallak qayası, onun cəddi Haşimin qəbri, eləcə də Həzrəti-İsanın dünyaya gəldiyi Beytləhm və digər ziyarətgahlar bu torpaqlarda yerləşirdi. Qüds Böyük Səlcuqlu Sultanı Alparslanın dövründə fəth olunmuş və 1070-ci ildə burada onun adına xütbə oxunmuş, lakin bir neçə il sonra, 1096-cı ildə Fatimi ərəblər şəhəri səlcuqilərdən almışdılar. Vaxtilə Məlik Tutuş Qüdsü Artuk bəyə iqta etmiş, Artuk bəyin ölümündən sonra hakimiyyət onun oğulları Sökmən və İlqazi bəylərə keçmişdi və xaçlı yürüşləri başlayanda üç böyük səmavi dinin daşıyıcıları burada Artuklu bəyliyinin təbəələri olaraq birlikdə yaşayırdılar. Eyni zamanda paytaxtı Qahirədə yerləşən şiə Fatimi dövləti özünü bölgədəki müsəlman əhalinin havadarı və himayəçisi sayır, Böyük Səlcuqi dövlətini bu torpaqlardan təcrid etmək siyasəti yeridirdi. Fatimilərin isti münasibətlər saxladığı Bizans elçiləri hələ səlib yürüşçüləri Konstantinopolda ikən onların yaxında Qüds üzərinə yürüşə başlayacaqları barədə xəbər gətirmişdilər. Antakyanın mühasirəsi zamanı Fatimi dövlətinin baş vəziri Əl-Əfdal (erməni əsilli dönmə müsəlman idi) xaçlılara hədiyyələr göndərərək, elçiləri vasitəsilə onlara qələbə arzulamış, Suriyanın iki tərəf arasında bölünməsini, Beyrutun şimalındakı “Nəhrül-kəlb”in (İt çayı) Fatimi dövlətinin şimal sərhədi kimi tanınmasını təklif etmişdi. Xaçlılar onun təklifinə müsbət yanaşmasalar da, Əl-Əfdal istəklərinin qəbul olunacağına ümidini itirmirdi. Ərəb tarixçisi Əl-Kalasininin də qeyd etdiyi kimi, Gürboğanın məğlubiyyəti və müstəqil Antioxiya knyazlığının yaradılması Fatimilər üçün sürpriz olmuşdu.

Sünnilərə nifrət edən, lakin Böyük Səlcuqi dövləti ilə bağlılığını saxlayan Artuklu bəylərinə nəzarət imkanı olmayan Əl-Əfdal Qüdsün müdafiəsini bəhanə gətirərək böyük bir ordu yığıb Fələstinə yeridi. Sökmən və İlqazi bəylərin qoşunu həm Antakya uğrunda döyüşlərdə, həm də Gürboğa hərəkatında iştirak etmiş, böyük itkilər vermiş, yorulmuş və zəif düşmüşdü. Təqribən 40 günlük müqavimətdən sonra Qüds qalası Fatimilərin əlinə keçdi. Əl-Əfdal Artuk bəyin oğullarını maliyyətləri ilə birlikdə sərbəst buraxdı və onlar Suriyanın şimalına köçdülər. Fatimi qoşunu Fələstin və Ağ dənizin Liviya sahillərində yerləşən bir neçə şəhər-qalanı da aldıqdan sonra xaçlıların daha Qüdsə hücum etməyə cəsarət göstərməyəcəkləri düşüncəsi ilə Misirə qaytarıldı. Fatimi xəlifəsinin əmri ilə İordan və Ölü dəniz sahillərindən 20 min döyüşçü toplanıb Qüds qalasının rəisi İftixarüddövlənin sərəncamına verildi və bölgənin müdafiəsi 60 minlik bu ordunun öhdəsinə buraxıldı. Çox keçmədən xaçlıların cənuba hücuma keçməyə hazırlaşdıqlarını eşidən Əl-Əfdal Bizans imperatorundan onları dayandırmağı xahiş etsə də, səlibçilər bu xahişə məhəl qoymadılar. Onlar Fatimi elçisinin Nəhrül-kəlbi keçməmək tələbini də sərt bor tövrlə rədd etdilər. 1099-cu il mayın 19-da xaçlı ordusu Fələstin ərazisinə daxil oldu və Qüdsə yönəldi.

Şəhər divarlarına çatanda xaçlı döyüşçülər başlarını açaraq dəstə-dəstə dua etməyə, ilahilər oxumağa, daşı-torpağı öpərək keşişlərlə birlikdə müxtəlif ayinlər keçirməyə başladılar, amma az sonra komandanların əmri ilə nizam alaraq Qüdsü mühasirə etdilər. Qoşun başçılarından Bulonlu Qodefrua və Raymondun əmri ilə əskərlərin divara dırmaşmaq üçün bir neçə cəhdi dəf olundu. Nəhayət, Genuyadan gəlmiş dəniz tacirlərinin iki gəmisini doğrayıb parçalarından mancanaq və qüllə düzəltdilər və bunların köməyi ilə əvvəlcə flandriyalı cəngavərlər, ardınca da Qodefrua və əskərləri şəhərə girə bildi. İftixarüddövlə bundan sonra artıq müqavimət göstərməyin faydasız olduğunu anladı. Odur ki, Raymondun xəbərçisi gəlib, təslim olarsa, özünün və ordusunun sağ-salamat buraxılacağı vədini çatdıranda çox düşünmədən şəhərin açarlarını təhvil verdi.

İyulun 15-də günortadan sonra xaçlılar Qüdsdə dəhşətli qırğın və qarətə başladılar və bütün ertəsi gün ərzində bu çirkin əməllərini davam etdirdilər. Qərb xristianları zəfər çalmalarını təntənə ilə bayram edərkən “müqəddəs torpaqların azad olunması” qayəsi ilə bir araya sığmayan vəhşiliklər törətdilər, tarixdə misli-bərabəri olmayan dini dözümsüzlük və amansızlıq nümayiş etdirdilər. Qala dağıdıldı, şəhər qan gölünə çevrildi, 70 mindən artıq müsəlman və yəhudi qılıncdan keçirildi. Məscidi-Əqsa və Süleyman məbədi başda olmaqla ibadət yerlərinə və ziyarətgahlara sığınanlara belə aman verilmədi. Latın dilində qələmə alınmış “Gesta francorum” adlı əsərdə deyildiyinə görə, təkcə Süleyman məbədində 10 min adam qətl edilmişdi. Yürüşün şahidlərindən olan Tirli Silyom “əllərinə keçən hər bir türkü yox etdilər”,- söyləyir.

Qüds zəbt olunduqdan sonra onun idarəçiliyi məsələsi ortaya çıxdı. İyulun 22-də ordu komandanları “Müqəddəs məzar” kilsəsində toplaşıb Qüds krallığının yaradılması haqqında qərar çıxardılar. Şəhərin alınmasında göstərdiyi xidmətləri dəstavuz edərək kral olmaq istəyən Raymond arzusuna çata bilmədi, “müqəddəs krallığ”ın taxtına Bulonlu Qodefrua gətirildi. Ona “Allahın (başqa bir versiyaya görə, İsanın) qəbrinin qoruyucusu” titulu verildi. (Qüds krallığı Orta Şərqdə səlibçilər tərəfindən qurulmuş 3-cü xristian dövləti idi. 1109-cu ildə onlar Trablus-Şamı işğal edəcək və 4-cü xristian dövləti olan Trablus qraflığını yaradacaqdılar. Bunlar tarixdə “latın dövlətləri” adı ilə tanınır.)

Qüds alınanda Fatimilərin qaladakı valisi İftixarüddövlə Aşkelona çəkilmiş, sonradan Əl-Əfdal da buraya gəlmişdi. Fatimilər Suriyanın xaçlılara verilməsini qəbul etmiş, bu barədə onları məlumatlandırmış,  amma Fələstin və Qüdsün xristianların əlində qalması ilə razılaşmayacaqlarını bildirmişdilər. Əl-Əfdal Aşkelonda bir ordu qurdu və Qüdsə elçi göndərərək xaçlıların şəhərdən və Fələstindən çıxmalarını tələb etdi. Onun bu tələbi Qodefrua və digər səlib komandanlarını qəzəbləndirdi və onları Aşkelon üzərinə qəfil hücuma keçməyə sövq etdi. Fatimilərin ordusu sayca böyük olsa da hazırlıqlı deyildi. Əl-Əfdal xaçlıların dərhal belə ani və şiddətli reaksiya verəcəklərini gözləmirdi.  Deyilənləri nəzərə alanda Aşkelon yaxınlığındakı döyüşün uzun sürməməsi təəccüblü deyil. Elə ilk həmlələrdən düşmənin üstünlüyünü görən Əl-Əfdal vahiməyə düşərək qoşunlarını qalanın içinə geri çəkmiş, xaçlılar bol qənimət götürərək vəzirin xəzinəsini talan etmişdilər. Səhəri gün isə Əl-Əfdal Misirdən gətirdiyi ordu hissələri ilə birlikdə geri  qayıtmışdı. Bu, Qüds və Fələstinin xaçlılara verilməsinin Fatimi dövləti tərəfindən etiraf edilməsi demək idi.

Xristian aləmi bayram edir, səlib yürüşçülərinin qəhrəmanlığı şərəfinə əfsanələr uydurulur, rəvayətlər söylənir, dastanlar (saqalar), nəğmələr qoşulurdu. Amma müsəlman-xaçlı mübarizəsi hələ bitməmiş, yalnız bir mərhələdən başqa mərhələyə keçmişdi. Tarix kitablarında da nəql olunduğu kimi yeni mərhələdə Darül-İslam torpaqlarının geri alınması uğrunda mübarizə bir an belə dayanmamış, qisasçılıq regionun rahatlığını pozmuş, hətta dinc dövrlərdə belə həyat dini konfrontasiya zəminində davam etmişdir. Türkmənlər həmişə olduğu kimi yenə də “kafir”lə mücadilənin ön sıralarında yer almış, istər müxtəlif müsəlman ordularının tərkibində düşmənə qarşı planlı savaşlarda iştirak etmiş, istərsə də tayfa və əşirətlərə aid dəstələr şəklində öz nizamsız basqınları ilə xaçlılara qan uddurmuşlar. Bu dövrdən etibarən yeni yaranmış xristian dövlətləri türkmən axınçılarının əsas qənimət mənbəyinə çevrilmişdir. Axınlar qarşı tərəfin iqtisadi və sosial gücünü zəiflətmiş, onu əlavə müdafiə tədbirləri görməyə vadar etmişdir. Xaçlı qalalarının daimi qarnizonlarla birlikdə çoxsaylı səlibçi döyüş dəstələri ilə təchiz olunmasının, istehkamlar qurulması və möhkəmləndirilməsi işinin davamlı surətdə aparılmasının məhz türkmən basqınlarından müdafiə məqsədi daşıdığı müasir tarixşünaslıqda kifayət qədər populyar qənaətlərdəndir.

Məlumdur ki, bölgədəki önəmli dini-mədəni mərkəzlərin işğalından sonra da müsəlmanların müqavimət hərəkatına bir müddət Artuklu bəyləri başçılıq etmişlər. 1104-cü ildə Sökmən bəy türkmən başbuğlarından Çökürmüşlə birlikdə Urfa qraflığı üzərində mühüm bir qələbə qazanaraq, şəhər başçısını əsir aldı. İlqazi bəy Tell-Afrin döyüşündə (1119) Antakya səlibçilərinin rəhbəri knyaz Roceri məğlubiyyətə uğratması ilə böyük şöhrət qazandı. Onun ölümündən sonra qardaşı oğlu Bələk də Urfa hersoqu və Birecik sinyoruna qarşı uğurlu əməliyyatlar keçirdi, onları əsir götürüb Harput zindanında həbs etdi, əsirləri qurtarmağa gələn latın ordusuna ağır zərbə vurdu. Ənənəvi olaraq, Artuklu bəylərinin əsas döyüş qüvvəsini türkmənlər təşkil edirdi. Türkmənlər əsasən, qənimət üçün vuruşurdular. Onlar azuqələrini və qoyunlarını da özləri ilə gətirir, ildırım sürəti ilə verilən tapşırıqların öhdəsindən gəlir, səbirsizliklə qənimətin bölünməsini gözləyir, paylarını aldıqdan sonra vaxt itirmədən də geri dönürdülər. Bir yerdə uzun müddət qalmır, istədikləri qədər yağma etməyəndə nə isə tapmaq üçün ətrafa dağılıb döyüşdən yayınırdılar ki, bu da hərbi intizama xələl gətirirdi. 1119-cu ildə Tell-Afrində onlar Əmir Tuğtəkini (səlcuqi atabəylərindən Tuğtəkin xaçlılara qarşı barışmaz mübarizəsinə görə “Seyfül-İslam”- İslamın qılıncı ləqəbi almışdı) gözləmədən döyüşə atılmaq istəmiş, İlqazi bəy onları  cilovlamağı güclə bacarmışdı. Həmin döyüşdə türkmənlər istədiklərindən də artıq qənimət əldə etmişdilər. 1120-ci il hərəkatında isə qənimətin azlığından məyus olmuş, həvəslə vuruşmamış və çapovulçuluğa qurşanmışdılar. Bundan sonra İlqazi bəyin türkmənləri çox sərt şəkildə cəzalandırdığı (bəzilərinin saqqallarını kəsdirmişdi) və onların aralarının dəydiyi söylənilir. Belə bir mülahizə də yayğındır ki, xaçlılara qarşı müqavimətin başına (artukluların yerinə) qulam əsilli zəngilərin keçməsi də məhz bu hadisə ilə bağlıdır. İmadəddin Zəngi səlib yürüşçülərinə qarşı mübarizənin bir mərkəzdən idarə olunmasının tərəfdarı idi və əskərlərdən sərt hərbi intizam tələb edirdi.

Sultan Məlikşahın Hələb valisi olmuş Hacib Ağsunqurun (ölümü 1094) oğlu İmadəddin Zəngi 1127-ci ildə İraq Səlcuqi hökmdarı Muğisiddin Mahmud tərəfindən Mosul valisi təyin edilmişdi. Tez bir zamanda ətraf əraziləri öz hakimiyyəti altında birləşdirən Zəngi xaçlılardan qoruduğu Hələbi də ilhaq etmiş və Suriyadakı xristian iqtidarına qarşı güclü bir müsəlman birliyi yaratmaq məqsədi ilə Şimali İraqdan Ağ dənizə qədər uzanan Mosul-Sincar-Hələb atabəyliyinin (1128-1146) əsasını qoymuşdu. Zəngi, qeyd etdiyimiz kimi, orduda vahid komandanlıq yaratmağa meylli idi, amma faktlar göstərir ki, o heç vaxt türkmənləri səlibçilərə qarşı mübarizədən kənarlaşdırmaq niyyətində olmamışdır. Əksinə, İmadəddin və onun xanədanına mənsub olanlar daim türkmənlərlə dil tapmağa, ümumi məqsədlər naminə onların gücündən yararlanmağa çalışmışlar. İmadəddin Hələbə gələrkən özü ilə xeyli miqdarda yıva türkməni (F.Sümerin fikrincə, bunlar bəylərinin adı ilə Yarukiyyə türkmənləri kimi tanınırdı) gətirmiş, onları şəhərdə və Hələbin yaxın çevrəsində yerləşdirmişdi. O, yıvaları Hələb əmiri Savarın idarəsi altında sərhədlərin mühafizəsi və düşmən qalalarının yağmalanması işinə məsul etmiş və bir hissəsini xidmət yerlərinə köçürmüşdü. 1135/1136-cı ildə Əmir Savarın türkmənlərlə birlikdə Lazkiyyə bölgəsinə güclü bir axın keçirdiyi, 7 mindən artıq əsir də daxil olmaqla böyük qənimət əldə etdiyi məlumdur. İbnül-Ədimin yazdığına görə, Hələb bazarı o il əsirlər və minik heyvanları ilə dolmuşdu. Təqribən yüz il sonranın hadisələrindən bəhs edən Ə.Nəcəf isə yıva türkmənlərinin İraqi-Əcəmdə mühüm mövqe tutduqlarını yazır: “Yıvalar oğuz boylarından biri olub, bu dövrdə (Azərbaycan atabəylərindən Özbəyin səltənət dövrü nəzərdə tutulur-N.M.) Şimali İraq sahəsində yaşayırdılar. Mənglidən (yıvaların rəisi-N.M) Atabəy Özbək də qorxurdu. Məngli Bağdad xəlifələri üçün də böyük təhlükə olduğundan Xəlifə Ən-Nasir ona qarşı din düşmənləri ismailərlə müqavilə bağlamaqdan belə çəkinməmişdir”. Qeyd etmək lazımdır ki, Zəngilərin türkmənləri Suriyada məskunlaşdırmaq siyasəti də yüz ilə yaxın davam etmiş və bu bölgənin türkmən yurduna çevrilməsi ilə nəticələnmişdir. Tədqiqatçıların hesablamalarına görə, Zəngilər dövründə təkcə Hələbin özündə 150 min nəfərdən artıq türkmən yaşayırdı. (Bəri başdan qeyd edək ki, bu proses məmlüklər dövründə də dayanmamış, monqol əsarətindən qaçan 40 min çadırlıq türkmən qrupu da bu torpaqlara gəlmişdir.)

İmadəddin Zənginin Trablis qraflığına daxil olan Baarin şəhərini mühasirə etməsində və üzərinə gələn Qüds krallığı qoşunlarını məğlubiyyətə uğratmasında (1137) da türkmənlərin iştirakı mənbələrdə təsbit olunur. 1144-cü ildə isə, qeyd etdiyimiz kimi, Zəngi ordusu Urfanı mühasirəyə almış və 4 aylıq mühasirədən sonra buradakı Edessa xaçlı qraflığını aradan qaldırmışdır. Bu hadisə İkinci Səlib yürüşünə və xaçlıların “müqəddəs torpaqlar”da bir neçə latın qalası, o cümlədən, Hüsn-əl-Əkrad və Kerek (Kerak) qalalarını inşa etmələrinə səbəb olmuşdur. Sonradan müsəlman salnaməçilər 1142-1144-cü illəri Səlib yürüşü dövlətlərinə qarşı cihadın başlanğıcı olaraq qəbul etmişlər. İmadəddin Zəngi öldükdən (1146) sonra Hələb atabəyi olan oğlu Nurəddin Mahmud Antakya knyazı Raymond de Poitiersi məğlub edərək (1149) onun torpaqlarını və Şam atabəyliyi (1154) hakimiyyətinə keçirmiş və bölgənin ən qüdrətli hökmdarlarından biri sayılmışdır. Misirdə üsyan və qarışıqlıqlar dövründə Fatimilərin Qüds krallığının hücumundan ehtiyat edərək, ondan yardım istəmələri də bunun göstəricisidir. Nurəddin Mahmud Misirə silahlı qüvvə göndərməkdə tərəddüd göstərsə də, məşhur sərkərdələrindən Şirkuhun israrlı xahişindən sonra Zəngi qoşunlarını Misirə yollamış, onun özünü də  komandan təyin etmişdi. Şirkuh və onun qardaşı oğlu Səlahəddin Eyyubi bundan sonra 1164-1169-cu illər ərzində üç dəfə Misir səfərinə çıxmış, hər dəfə siyasi vəziyyət dəyişdikcə Fatimilərin Zəngi ordusuna münasibəti də dəyişmişdi. Buna baxmayaraq Şirkuh və Səlahəddin lap əvvəldən qarşılarına qoyduqları vəzifələri sabitqədəmliklə yerinə yetirmişdilər- Fatimi dövləti aradan qaldırılmış, bölgə Bağdad Xilafətinə tabe etdirilmiş və müsəlman aləmində dini birlik təsis olunmuşdu. Deyilənlər Qüds və digər xaçlı dövlətlərinə qarşı olduqca geniş bir vahid müsəlman koalisiyasının qurulmasına təminat yaratmışdı.   

İbnül-Əsirin yazdığına görə, Misirə ilk dəfə yola düşməzdən əvvəl Şirkuh türkmən obalarını bir-bir gəzərək onlardan muzdlu əskərlər toplamışdı. Tarixçinin sözlərinə görə, Zəngi ordusu, demək olar, bütünlüklə türkmənlərdən ibarət idi. Fatimilər düşdükləri siyasi böhrandan çıxmaq üçün Zəngilərlə Qüds krallığı arasında manevr edir, gah biri, gah da o biri ilə ittifaq bağlayırdılar. Şirkuh və Eyyubi isə Fatimi vəziri Şavərin bu oyununa göz yumur, onun sözünü tutub-tutmamasından asılı olmayaraq xaçlılarla bütün döyüşlərə Antakya və Qüdsdə qətlə yetirilmiş dindaşlarının intiqamını almaq üçün girir, Fatimilərin siyasi mənafelərini yalnız öz məqsədlərinə uyğun olduğu nisbətdə nəzərə alırdılar. 1164-cü ildə Qüds kralı III Bohemondla döyüşdə latın qoşununa ağır zərbə endirilmişdi.

Nəhayət, üçüncü səfər zamanı Qahirəyə qalib kimi daxil olan Zəngi ordusu şəhərin idarəçiliyini tam şəkildə əlinə götürdü və Fatimi xəlifəsi Ədid-Lidinillah döyüşdə öldürülən Şavərin yerinə Şirkuhu vəzir təyin etmək zorunda qaldı. İki ay sonra Şirkuh öldü və onun vəzifəsinə “əl-Məlikün-Nasir” ünvanı ilə qardaşı oğlu Səlahəddin Eyyubi təyin olundu (mart, 1169). Səlahəddin eyni zamanda həm də Misirdəki Zəngi ordusunun komandanı olaraq qalırdı. Çox keçmədən Səlahəddin, Nurəddin Zəngi ilə məsləhətləşərək, onun naibi qismində Misiri və ətraf əraziləri müstəqil şəkildə idarə etməyə başladı. Fatimi xilafətinə de-fakto son verildi və bu fakt 1171-ci ildə rəsmiləşdirildi.

Qeyd edək ki, bir çox nüfuzlu tədqiqatçılar Fatimilərin süqutunu təkcə müsəlman dünyasında birliyin təsis olunmasının deyil, həm də Misirdə oğuz-türkmən hakimiyyəti dövrünün başlanğıcı hesab edirlər. Tanınmış araşdırıcılardan Kazım Yaşar Kopraman yazır: "Səlahəddin Eyyubi Nurəddin Zənginin adından Misirə hakim olunca ölkədə o zamana qədər cari olan üsul və mərasimi başdan ayağa qədər dəyişdirdi. Yerinə türk üsul və təşrifatını gətirdi, yəni səlcuqi və atabəy təşkilatını gətirdi. Bunu qaynaqlar göstərir. Səlahəddin Eyyubinin etnik cəhətdən kimlərə bağlı olması ayrı bir mövzudur. Bu barədə müxtəlif görüşlər mövcuddur. Mən təfərrüata girməyəcəyəm, amma, fikrimcə, bunlar məlum gündəlik məqsədlərlə söylənən şeylərdir, heç bir elmi təməli yoxdur”.    

Misirdə möhkəmləndikdən sonra əli-qolu açılan Səlahəddin Eyyubi türkmən başbuğları ilə birlikdə bölgədəki xaçlı dövlətlərinə qarşı bir neçə hərbi əməliyyat keçirmiş və mühüm qələbələr qazanmışdı. 1174-cü ildə Nurəddin Mahmud Zəngi öldü və onun qurduğu dövlət dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qaldı. Buna yol verməmək və Qüdsün azad olunması uğrunda hərəkət sərbəstliyi əldə etmək üçün Səlahəddin Dəməşq üzərinə yeridi. Tezliklə rəqiblərini zərərsizləşdirərək, Şam və Hələb atabəyliklərinin torpaqlarını öz hakimiyyəti altında birləşdirdi və Eyyubilər dövlətinin (1174-1252) əsasını qoydu. Onun Misir və Suriya üzərində sultanlığı Bağdad xəlifəsi tərəfindən də tanındı. “Əyyubi əhalisinin  əksəriyyəti ərəb olsa da, ordu və idarəçi zümrəni türklər təşkil edirdi” (Ə.Çay). “Bir şey aydındır ki, Eyyubi dövləti də Səlcuqi dövləti qədər, atabəylər qədər türk dövlətidir” (K.Y.Kopraman).

Zəngilərdən əmanət aldığı dövləti xilas etmək üçün böyük fədakarlıqlar göstərən Səlahəddin Eyyubi bölgədəki latin dövlətlərinə qarşı mübarizəsini genişləndirmək və Qüdsü azad etmək üçün mövqelərini gücləndirmək üçün fürsət axtarırdı. Bu fürsət isə əlinə 1187-ci ildə keçdi. Bu zaman Qüds kralı IV Bolduin (Baldvin) ölmüşdü. Onun yerinə kiçik yaşlı oğlu V Bolduin gətirilmiş, Trablis (Tripoli) hökmdarı III Raymond isə onun naibi təyin edilmişdi. Lakin bir müddət sonra kiçik kralın anası Gi de Luzinyan adlı bir zadəganla nigaha girmiş və onun kral kimi tanınmasına nail olmuşdu. Bu işdən qəzəblənən Raymond, Gi de Luzinyanı kənarlaşdırmaq üçün yollar axtarır, hətta Səlahəddinlə ittifaqa girmək ehtimalını da nəzərdən keçirirdi. Belə bir həssas vaxtda Kerek-Şevbek bölgəsində zəngin bir müsəlman karvanı vurulmuş, malları müsadirə olunmuş, tacirləri isə əsir götürülmüşdü. Bu, qüvvədə olan razılaşmanın pozulması demək idi. Səlahəddin mal və əsirlərin qaytarılmasını tələb etsə də, tələblərinə əməl olunmadı. O, 1187-ci ilin iyulunda 12 minlik bir süvari qoşunu ilə Kerek üzərinə səfərə çıxdı. Hattin deyilən yerdə baş verən meydan savaşında Gi de Luzinyan və Raymondun birləşmiş orduları ilə üz-üzə gələn Əyyubi birlikləri (ətraf bölgələrdən də xeyli döyüşçü gəlmişdi) onları məğlub etdi, başçılarını əsir götürdü. Raymondun başını bədənindən ayıran Səlahəddin Gi de Luzinyana rəhm göstərərək onu, habelə Antakya knyazını, Edessa qrafını, Sur və ya başqa adı ilə Tir şahzadəsini zindana atdı (Luzinyan yalnız bir il sonra azad edildi). Xaçlı ordusunun başı üzərinə qaldırdığı Hz. İsanın fiqurunu və səlib bayraqlarını atıb qaçdığını öyrənən Papa III Urbanın ürəyi partladı (J.P.Ru).     

Hattin döyüşündə qazanılmış qələbə ilə səlib yürüşləri tarixində ciddi dönüş yarandı və Səlahəddin sürətli bir fəth hərəkatına başladı. Bir neçə həftənin içində Akka, Tabəriyyə (Tiberiya), Askalan da daxil olmaqla böyüklü-kiçikli 52 şəhər fəth olundu. Bundan sonra artıq xaçlıların Qüdsü əllərində saxlaması mümkün deyildi. Səlahəddin bütün xristian dünyasında Qüdsün müdafiəsi üçün ordular toplandığını və tezliklə bu orduların yardıma gələcəyini bildiyi üçün vaxt itirmədən müqəddəs şəhər üzərinə hücuma keçdi. Artıq 1187-ci il oktyabrın 20-də qalanın müşahidə qülləsindən Əyyubi bayraqdarlarını görmək olurdu. Şəhərdəki xaçlı ordusu Səlahəddinin qarşısını alacaq qədər güclü deyildi. Ümid bircə qala divarlarının möhkəmliyinə və kənardan göndərləcək hərbi yardıma qalmışdı. Buna baxmayaraq, şəhərin hərbi-siyasi rəhbərliyi Eyyubi ordusunun təslim çağırışlarını rədd etdi. Qarşı tərəf buna cavab olaraq oxlarını yağış kimi Qüdsə yağdırmağa başladı. Mancanaqlardan atılan qaya parçaları şəhərdə dəhşətli bir vahimə atmosferi yaratdı.  

Qüdsün mühasirəsi və fəth olunması barədə çox yazılıb. Biz təfərrüata varmadan onu xatırladaq ki, mancanaqlar və mühasirə qüllələri vasitəsi ilə şəhər divarlarını aşmağın mümkün olmayacağını vaxtında anlayan Səlahəddin əsas qüvvələrini bir qədər şərqə, Zeytun dağına doğru çəkərək, taktikasını uğurlu bir şəkildə dəyişdirmiş və şəhər divarlarını bu istiqamətdən partlamaq əmri vermişdir. Divarların zədələnməsi ilə şəhərə yol açılmışdır ki, bu da onun müdafiəsinə başçılıq edən fransız əsilzadəsi İbelinli Balianı təslim olmağa vadar etmişdir. Balian qaladan çıxaraq Eyyubi ordusuna yaxınlaşmış  və hadisənin şahidlərinin sözlərinə görə, Səlahəddinə müraciətlə belə demişdir: “Ey Sultan, bunu bil ki, bizim sayımız Allahdan başqa heç kimə məlum deyil. Sənin mərhəmətinə ümid bağlayıb döyüşə ara verdik. O biri şəhərlərdə göstərdiyin mərhəməti bizə də göstərəcəyinə inanırıq. Buradakı insanlar ölümə nifrət edir, yaşamaq istəyirlər. Əgər bizi öldürmək niyyətindəsənsə, uca Allaha and içirik ki, uşaqlarımızı, arvadlarımızı öz əllərimizlə öldürər, bütün mal və əşyalarımızı yandırar, sizə nə pul, nə mal, nə də kölə ediləcək bir nəfər adam saxlayarıq. Qübbətüs-səhranı, Məscidi-Əqsanı oda verib, əlimizdə olan beş mindən artıq müsəlmanı da qətl edərik. Heyvanlarımızı qırar, qarşınıza bu yolda canlarını fəda edən insanlar kimi çıxarıq. Bizdən aldığınız canlar qədər can almadıqca bizi əzib keçməyinizə izn vermərik. Beləliklə, ya şərəflə ölərik, ya da zəfər qazanarıq”.

Səlahəddin belə təhdidləri çox eşitmişdi və Balianın sözlərindən zərrəcə qorxmurdu. Amma o, üç sivilizasiyanın ortaq müqəddəs məkanında qan tökülməsini, dini ziyarətgahların zərər görməsini, müsəlmanların qırılmasını da istəmirdi. O, İslamın mərhəmət və şəfqət dini olduğunu göstərmək üçün düşmənin təslim olması üçün cəmi bir şərt qoydu: şəhərdəki xristianların hamısı hərbi əsir sayılacaq və onların hər biri yalnız müəyyən olunmuş məbləğdə fidyə ödənildikdən sonra azad buraxılacaqdı.

Oktyabrın 27-də Qüds xaçlılardan təslim alındı. 88 illik fasilədən sonra şəhərdən azan səsləri yüksəldi, namazlar qılındı. Fidyələrin toplanması üçün 40 gün vaxt verilsə də, Səlahəddin bütün yaşlıların qeyd-şərtsiz olaraq buraxılmasını əmr etdi. Əsilzadə qadınların şəhərdən sərbəst çıxışına imkan yaradıldı, ərləri ölmüş və ya yaralanmış qadınların xahişindən sonra isə heç bir qadının və qızın qul edilməyəcəyinə qərar verdi. Dərhal şəhərdəki müqəddəs yerlərin, ələlxüsus məscidlərin və digər ibadətgahların təmir olunmasına başlanıldı. 1887-1188-ci illərdə Fələstindəki bütün qalalar (Sur qalası istisna olmaqla), 1189-cu ildə isə Trablis qraflığı və Antakya knyazlığının bir çox torpaqları xristian zülmündən azad edildi.             

Qüdsün müsəlmanlar tərəfindən fəth edilməsi Avropada şok effekti yaratdı. Hər yerdə ağılar oxunur, qisas çağırışları səslənirdi: “Ey əsilzadələr, ey cəngavərlər! Günahlarımızla müsəlmanları gücləndirdiyimiz yetər! Səlahəddin aldı Qüdsü!.. Qurban verin malınızı-mülkünüzü, əslinizi-soyunuzu! Yeriyin kafirlərin üstünə!” (Rudel adlı bir trubadurun bu misraları Jan Pol Runun “Dinlərin çarpışması” kitabından götürülüb). Bu isterik əhval-ruhiyyə fonunda çoxdan gözlənilən III Səlib yürüşünün başlanması tamamilə təbii idi. Fransa kralı II Filipp Avqust (1137-1180), alman imperatoru I Fridrix Barbarosso (1155-1190) və İngiltərə kralı Şir Ürəkli Riçard (1189-1199) öz orduları ilə səfərə qoşuldular. Lakin yürüş elə ilk mərhələsindən fəlakətlə nəticələndi. 150 minlik ordusu ilə hamıdan əvvəl yola çıxan və Anadoluya asanlıqla çatan kral Barbarosso burada Anadolu səlcuqilərinin müqaviməti ilə rastlaşdı, sonra isə kiçik bir çay olan Göksu irmağında üzərkən təsadüfən boğuldu. Riçard və Filippin orduları 1191-ci ilin aprelində Akka (bəzi tədqiqatçılara görə, Arka) qalası yaxınlığında görüşüb birləşdi və vaxt itirmədən qalanı mühasirəyə aldılar. Bəzi mənbələr xaçlı ordusunda 600 min əskərin olduğunu bildirsə də, bu məlumat şişirdilmiş sayılır. Bununla belə Akka uğrunda şiddətli döyüşlər getdiyi bütün qaynaqlarda təsdiqini tapır. Səlahəddinin bütün səylərinə rəğmən, iyulun 12-də Akka xaçlıların əlinə keçir. Ardınca onlar Arsuf döyüşündə Akka ilə Yafa arasındakı sahil bölgələrini tuturlarsa da Qəzzaya hücum təşəbbüslərinin qarşısı alınır. Əvvəlcə Filipp Avqust İngiltərə ilə münasibətlərini sahmana salmaq məqsədi ilə geri qayıdır. Sonra isə ağır təchizat problemləri ilə üzləşən xaçlılar 1192-ci ildə Səlahəddin Eyyubi ilə 3 il 8 ay müddətinə (Ru “3 il 3 aylıq” yazır) atəşkəs andlaşması imzalamalı olurlar. Sazişə əsasən, sahil bölgələri xristianların nəzarətinə keçir və onlar Qüdsə sərbəst olaraq xaç ziyarətlərinə getmək hüququ qazanırlar. Doğrudur, 1193-cü ildə Səlahəddinin vəfatından sui-istifadə edən xaçlılar andlaşmanı pozub təcavüzkar niyyətlərini bir daha büruzə verirlər, ancaq nəticədə heç nə əldə etmir, əksinə, Yafa və bir neçə kiçik qalanı itirirlər.

Səlahəddindən sonrakı dövrü xarakterizə edərkən J.P.Ru yazır: “1192-ci il sülhü xaçlılar üçün yeni bir dönəmin başlanğıcı olur. Atəşkəslər bir-birini təqib edir, müddətlər uzadılır, Rudel və onun kimi dərəbəylərin çılğın intiqam hayqırtılarına baxmayaraq, artıq tərəflər bir-biri ilə yüz il əvvəl olduğu kimi sərt düşmənçilik eləmir, səngiməz bir ehtirasla savaşmırlar. Bir-birlərini tanımağı, bir-birlərinə hörmət bəsləməyi, hətta heyran olmağı öyrənmişlər. Hələ XII əsrin əvvəlində Çartres yazır ki, “Biz qərblilər tədricən Şərqin sakinlərinə çevrildik”. Zira qərblilər səlib yürüşləri nəticəsində gözlərini qamaşdıran bambaşqa bir dünya ilə tanış olurlar... Müqəddəs torpaqlardakı latınlar da polo və şahmat oynamağa başlayır, bahalı qumaşların, fil dişindən heykəllərin, Misir və Suriyanın XII əsr ərəfəsində kəşf etdiyi şüşə sənətkarlığı nümunələrinin aludəçiləri olurlar. Əvvəlcə qumaş parçaları, oyma və şüşə məmulatlarını əsasən, özləri ilə gəzdirdikləri müqəddəs əşya və əlamətləri sarımaq, saxlamaq üçün istifadə edir, sonra isə bunların əsirinə çevrilirlər. Avropa kilsələrində bu gün də o dövrdən qalan saysız-hesabsız belə əsərlər və məmulatlar görmək mümkündür.” Alimin fikrincə, müsəlman və xristianlar öz aralarında dil tapmağı, yeri gəldikcə, bu və başqa məsələlərdə eyni mövqedən çıxış etməyi də öyrənirlər: “İlk dövlərdə baş vermiş qırğınların şoku keçdikcə suriyalılar yeni gələn frankları siyasət lövhəsində piyadalar kimi oynatmağa və öz məqsədləri üçün onlardan istifadə etməyə başlamışlar. Xaçlılarla müsəlmanların üçüncü qüvvələrə, hətta başqa xaçlı və müsəlman birliklərinə qarşı müttəfiqliyi adi hal olmuşdur. Misal üçün, hələbli Rıdvan kral Bolduinin əlində olan Mosul və Edessa qraflıqlarına qarşı Antakya knyazı ilə ittifaq bağlamışdır... Jan Riçard hesablayıb ki, 1192-ci ildən 1291-ci ilə qədərki yüz il ərzində müsəlman və xristianlar bu bölgədə 80 il sülh, cəmi 20 il müharibə vəziyyətində yaşamışlar”.

Doğrudur, bu dövrdə yeni səlib yürüşləri də baş vermişdir. Amma bildiymiz kimi Papa III İnnokentinin təşəbbüsü ilə gerçəkləşdirilmiş IV Səlib yürüşündə (1202-1204) hücumun istiqaməti Konstantinopola yönəldilmiş, uzun sürən döyüşlərdən sonra 1204-cü ilin aprelində şəhər xaçlılar tərəfindən alınıb yandırılmış, Müqəddəs Sofiya məbədi (Ayasofiya) və sakinlər qarət edilmiş, Bizans imperiyası ərazisində və səlibçilərin əlinə keçmiş Balkan yarımadasında Şərqi Latın imperiyası (1204-1261) qurulmuşdur. Balkan yarımadasının qərbində yerləşən Kipr dövləti, Kiçik Asiyanın şimal-qərbindəki Nikea imperiyası və Qara dənizin cənub sahillərində olan Trabzon imperiyası çətinliklə də olsa, varlığını qoruya bilmişdir (E.Məmmədov). Yeri gəlmişkən, J.P.Runun bu yürüşlə bağlı bir qeydi də diqqət çəkir: “Səlcuqilər Suriyadakı döyüşlərə müdaxilə etməmişlər. Hətta Konstantinopolun latınlar tərəfindən işğal edildiyi və burada qorxunc bir anarxiya və xaosun hökm sürdüyü dövrdə belə onların bu vəziyyətdən yararlanmamaları sarsıdıcıdır”.

V (1217-1221) və VI (1228-2229) Səlib yürüşləri də vəziyyəti dəyişməmişdir.

N.MUSTAFA

(ardı var)