12 yanvar 2024 22:00
465

Azərbaycanının qarşısında dayanan hədəflər

Azərbaycan Prezidenti İlham Əliyevin hər bir ictimai çıxışı təkcə ölkəmiz üçün deyil, bütün Cənubi Qafqaz regionu və hətta bölgədən uzaqda olan, lakin burada öz maraqlarını müdafiə etmək planları olan dövlətlər üçün mühüm hadisədir. Prezident İlham Əliyev səmimi, birbaşa, açıq şəkildə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan sualları cavablandırıb, eyni zamanda beynəlxalq aləmə ciddi mesajlar ünvanladı. Bu kontekstdə Azərbaycan rəhbərinin dəfələrlə - istər Vətən müharibəsi illərində, istərsə də ondan sonra - ölkəmizə qarşı aparılan informasiya müharibəsinin önündə necə şəxsən dayandığını xatırlatmaq yerinə düşər. Dövlət başçısı istər o vaxt, istərsə də bu gün təkzibedilməz faktlardan, güclü dəlillərdən istifadə edərək bizə qarşı düşmənçilik planlarının ifşa edir, regiondakı vəziyyət, Bakının sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində həyata keçirdiyi tədbirlər haqqında həqiqətləri dünyaya çatdırır. Müsahibədə ölkəmizin ictimai-siyasi, iqtisadi, hərbi sahələri, eləcə də Qarabağ və Şərqi Zəngəzurun inkişaf perspektivləri ilə bağlı olan bir çox məsələlərə münasibət bildirildi.

Burada bir çox istiqamətlərə toxunuldu. Əlbəttə ki, ilk növbədə Azərbaycan-Ermənistan münasibətləri və hazırkı mövcud vəziyyət, prosesin gedişi istər daxili auditoriya, istərsə də beynəlxalq aləm üçün mühümdür. Prezident İlham Əliyev sülh gündəliyinin mahiyyətini və Bakının prinsipial perspektiv strateji çərçivələrini göstərdi. Həmçinin, Ermənistanın işğalı altında olan Azərbaycanın səkkiz kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası və Bakı-İrəvan gələcək münasibətləri barədə mümkün variantları nəzərdən keçirdi. Hazırda gündəmdə olan ən mühüm məsələlərdən biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsidir. Azərbaycan lideri qeyd edir ki, hazırda sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər yaradılıb, ona görə də mətn üzərində aktiv iş lazımdır: “Daha bir sual var. Yəqin siz də bilirsiniz ki, Ermənistan bu sülh müqaviləsinin qarantı olmasını istəyir. Bunun lazım olmadığına inanırıq. Bu, iki suveren dövlətin imzaladığı sülh müqaviləsi olacaq. Bizim orada heç bir zaminə ehtiyacımız yoxdur və əgər ikitərəfli formatda imzalanıbsa, imzalanmalıdır. Kimsə kömək etmək istəyirsə, buna da etiraz etmirik. Ancaq bu yardımı məcbur etmək olmaz. Bu gün bəziləri rəqabət aparır: bu ölkədə, başqa ölkədə və ya üçüncü ölkədə danışıqlar aparmaq. Bu, müəyyən mənada geosiyasi rəqabəti xatırladır. Mən bunu istəməzdim. Ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətlərinin geosiyasi məsələyə çevrilməsini istəməzdim. Bu, bizim iki ölkə arasında olan məsələdir və biz özümüz bunu həll etməliyik. Razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Biz gəlməsək, bu o deməkdir ki, danışıqlar ya davam edəcək, ya da dayandırılacaq. Hər iki variant mümkündür”. Dövlət başçısı bildirib ki, prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı bu və ya digər bənd ola bilər. Prezident eyni zamanda hesab edir ki, bu iki mövzu bir-birinə qarışsa, sülh müqaviləsinin imzalanması bəlkə də daha 30, 50 il uzanacaq: “Biz hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır və nə qədər tez olsa, bir o qədər yaxşıdır.Yəni, bunun bizim şərtlərimizə uyğun olduğunu söyləmək istəmirik. Bununla belə, mən hesab edirəm ki, bizim şərtlərimiz ən ədalətlidir. Amma delimitasiya prosesi davam etməlidir”

Bu gün işğal altında qalan səkkiz kəndin mövzusu da az əhəmiyyət kəsb etmir. Prezident İlham Əliyev bu məsələnin daim gündəmdə olduğunu vurğulayır: “Ermənistanın baş naziri ilə təmaslarım zamanı da bu məsələ müzakirə olunur, o cümlədən mən Sankt-Peterburqda ayaqüstü söhbət zamanı bu məsələni qaldırmışam. Delimitasiya komissiyalarının gündəmində də var. Onu da deyim ki, komissiyaların növbəti iclası bu ay nəzərdə tutulub və bir mövzu olacaq: bu rayonun, Qazax-Tovuz bölgəsinin delimitasiyası məsələsi”. “Kəndlər bizə qaytarılmalıdır. Anklavlarla bağlı komissiyanın işi nəticəsində də razılıq əldə oluna bilər. Yəni, hesab edirəm ki, bu, tamamilə məntiqli yanaşmadır”. Ölkə başçısı qətiyyətlə qeyd etdi ki, Ermənistanla sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması ayrılıqda həyata keçirilən iki prosesdir. Əlbəttə ki, Ermənistan destruktiv yox, konstruktiv mövqeyə əsaslanmalıdır. Əgər bunun əksi baş verərsə, o dalan ölkəsi kimi qalmaqda davam edəcəkdir.

Müsahibə zamanı Ermənistan və onun havadarlarının, cənab Prezidentin sözləri ilə desək “Ermənistan+ qruplaşması”nın davranışlarını, atdığı addımları xronoloji ardıcıllıqla qeyd edərək, bir daha vurğuladı ki, Azərbaycan tək Ermənistana və separatçı qüvvələrə deyil, onun havadarlarına, Cənubi Qafqaz da öz maraqlarını həyata keçirməyə çalışan böyük güclərə qalib gəlmişdir. Məhz ona görə də bu gün Azərbaycana qarşı Qərbdən səslənən əsassız ittihamlar, iddialar, təzyiq kampaniyaları aparılır. Dövlət başçımız bu məqamı ictimaiyyətin diqqətinə çatdırdı və bir daha vurğuladı ki, heç kim bizimlə təzyiq dili ilə danışa bilməz, bizim iradəmizə təsir göstərə bilməz. 

Azərbaycanın əsas prioritetlərindən biri Qarabağın və Şərqi Zəngəzuru yenidən bərpasıdır. Əlbəttə ki bu heç də asan məsələ deyil, 30 il müddətində erməni işğalı zamanı yerlə yeksan olan bu tarixi ərazilərimizdə demək olar ki, sıfırdan kəndlər, qəsəbələr, şəhərlər salınır, infrastruktur layihələri, genişmiqyaslı quruculu işləri aparılır. Bununla bağlı Prezident İlham Əliyev qeyd etdi ki, "Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanaların inşaatı artıq başlamışdır, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr və digər infrastruktur layihələr fasiləsiz icra olunur. Keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır". Öz doğma dədə-baba torpaqlarına qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğuldur:" Həm gedənə qədər sakinlər üçün treninqlər keçirilir, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək". Cənab prezident bir daha qeyd etdi ki, "Bu il vətəndaşlarımız Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk". Yaxın 3 ildə 140 min keçmiş köçkün yaxın öz dədə-baba torpaqlarına qayıdacaqdır. 

Azərbaycanın artıq bir dövrü başa çatdırıb yeni bir dövrə, fərqli hədəflər uğrunda mübarizə aparacağımız yeni bir dövrə qədəm qoyur. Yeni dövrün yeni hədəfləri olmalıdır. Prezident İlham Əliyevin dediyi kimi, “Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək”.

Cənab İlham Əliyevin verdiyi müsahibədən bu nəticəyə gəlmək olar ki, Azərbaycan daha böyük və yeni hədəflər uğrunda mübarizəyə qoşulur. Cənab Prezidentin də qeyd etdiyi kimi əldə etdiyimiz qələbələr, nail olduğumuz zəfər bizi arxayınlaşdırmamalıdır: “Tarixi Zəfəri bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır”. Azərbaycan liderimizin müəyyən etdiyi kimi yeni məqsədlər uğrunda yeni mübarizə mərhələsinə başlayır.

 Azərbaycan Respublikasının Prezidenti müsahibənin sonunda“xalqın birliyinin gücümüzün mənbəyi”olduğunu vurğuladı və biz də bu birliyin ölkəmizi, dövlətimizi çox qələbələrə aparacağına inanırıq. Azərbaycanın qələbələrinin sirri də məhz budur, çünki ədalət və haqq həmişə qalib gəlir.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor