12 yanvar 2024 23:37
294

Ləyaqəti, milli mənlik və qürur hissini itirməyin Cəmil Həsənli nümunəsi

Məhşur alman dövlət xadimi Otto Bismark deyirdi ki, siyasət tam olaraq bir elm olmasa da... bir sənətdir. Bəziləri isə deyirlər ki, siyasət bir sənət olmaqla yanaşı, həm də bir elmdir. Daha yaxşı. Deməli, siyasət bir sənətdirsə onun öz sənətkarları, bir elmdirsə öz alimləri də olmalıdır və var. Siyasi məharət-mövcud imkanlardan yüksək səviyyədə istifadə etmək, nəzəri biliklər, məntiqi mülahizələr, fərziyyə və intuisiya əsasında düzgün qərar qəbul etmək bacarığı, yaradıcı cəsarət deməkdir. Deməli, siyasət bir sənətdir və onu naşılara, diletantlara və nadanlara etibar etmək olmaz. Müdrikləmiz demişkən: “Naşıya zurna versən, yoğun başından çalar”.

Bütün bunlar son zamanlar sosial şəbəkələrin “ulduz”una çevrilən, tarixi həqiqətləri təhrif edən çıxışları ilə ictimai rəyi çaşdırmaq üçün dəridən-qabıqdan çıxan, cəmiyyətimizdə siyasətçi yox, radiakl müxalifət düşərgəsinin məşhur siyasətbazı kimi tanınan Cəmil Həsənlinin boyuna biçilib. Bu başabəla “tarixçi-siyasətçi”nin dövlətimizin başçısının bu günlərdə yerli televiziya kanallarına müsahibəsilə bağlı yazdığı “birinci və “ikinci yazı”ları öz növbəsində ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan proseslərə son dərəcə qərəzli və bəsit yanaşmanın göstəricisidir. Məsələ burasındadır ki, sosial şəbəkələrdəki bütün çıxışlarında, yazılarında həmişə reallıqlardan, haqq-ədalətdən ağızdolusu dəm vuran bu qoca tarixçi bu “birinci və ikinci yazılar”ında həqiqətləri bir kənara qoyub  ölkəmizin bu günü, sabahı, bütövlükdə gələcəyi ilə bağlı faktları totalcasına təhrif edir.

İctimai rəyi bilərəkdən azdırmağa çalışan, Böyük Qayıdışla bağlı görülən işlərə hər fürsətdə kölgə salmaq üçün klaviaturanın gücündən maksimum istifadə etmək üçün dirənən C.Həsənli yazır ki, seçkinin ölkənin bütün ərazisində keçirilməsinə gəldikdə, nə qədər qaçqın, köçkün yerinə, yurduna qayıdıb? Axı onların sayı 2-3 minin altındadır. Yenə qaçqınlar Sumqayıtda, Bakıda, Muğan-Mil düzündə səs verməyəcəkmi. Yoxsa onalrı avtobusa mindirib aparıb Qubadlıda, Cəbrayıda, Kəlbəcərdə səs verdirəcəksiniz.

Daha nə deyəsən? Həqiqətləri görmək istəməyən qərəzli, satqın ahıl tarixçidən bundan artıq heç nə gözləmək olmaz. Əslində C.Həsənli kimilərin kor olan gözləri deyil, sinələrindəki ürəkləridir kor olan.

Bu “Milli Şura”çı tarixçinin sinəsindəki ürəyi həqiqət, Vətən eşqi ilə döyünsəydi həqiqətləri təhrif etməzdi. Görərdi ki, qırx dörd günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkəmizin başçısının bölgəyə hər səfəri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.  Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır.

C.Həsənlinin qəlbində azaçıq Vətən eşqi, təəssübü, milli mənlik şüuru olsaydı sevinərdi ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilk dəfə bütöv Azərbaycan ərazisində baş tutacaq. Düşmən tapdağından azad edilmiş Qarabağda və və Şərqi Zəngəzurda, o cümlədən Xankəndi, Ağdərə, Suqovusan, Əsgəran və Xocalıda, Ağalıda vətəndaşlarımız təxminən 30 illik işğaldan sonra ilk dəfə səs verəcəklər.

“Milli Şura”çı tarixçi C.Həsənli “ikinci yazı”sında, daha doğru, cızma- qarasında bildirir ki, Qafqaz qonşularımız Avropanın üzünün bir hissəsi olur, bizimkilər ölkənin üzünü Orta Asiyaya doğru çevirirlər. Əslində qoca tarixçi özü yaxşı bilir ki, Azərbaycan qırx günlük müharibədə Ermənistan üzərində Qələbə qazandıqdan sonra türk dünyasının daha da sıx birləşməsi üçün zəmin yaranıb. Ümumilikdə İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar fonunda türk dünyasının birliyi istiqamətində atılan addımlar, türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin genişlənməsi diqqətdən kənarda qalmır. Ölkə başçısının qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Təbii ki, cəmiyyətimiz C.Həsənlinin nə yuvanın quşu olduğunu yaxşı bilir. Bir zamanlar Milli Məclisin üzvü olan bu həşəmətli alimin hansı oyunlardan çıxdığını vətəndaşlarımız və onun seçiciləri unutmayıblar. Nəhayət, saxta “demokrat” hekayətləri çoxdan bitən, antimilli missiyasını ləyaqətsizcəsinə davam etdirən C.Həsənli kimi qaragüruhçular çoxdan tükənərək siyasi səhnədən siliniblər. Bu, bir gerçəklikdir. Bu gerçəkliyi gizlətmək və ya inkar etmək isə faydasızdır. Necə deyərlər, qorxunun əcələ faydası yoxdur…

Zahid Rza, “İki sahil”