13 yanvar 2024 00:13
398

Yaxşı ki, Qafqazda Fransanın ağzından vuran var...

Azərbaycan ərazi bütövlüyünə və tam suverinliyinə nail olduqdan sonra Ermənistanın vəkili kimi çıxış edən, təcavüzkar ölkənin əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən Fransa ölkəmizə qarşı beynəlxalq platformalarda qondarma müzakirələr açır, uğurlarımıza kölgə salmağa çalışır. Təkcə bir faktı xatırladaq ki, Fransa BMT Təhlükəsizlik Şurasında ən azı 5 dəfə ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə cəhdlər göstərib. Amma “demokratiyadan, insan hüquqlarından” dəm vuran bu ölkə heç nəyə nail ola bilməyib. Buna baxmayaraq Fransa öz çirkin əməllərindən əl çəkmir. Məqsədi isə aydındır: Qarabağda separatizmin kökünü kəsmiş, şanlı Zəfəri ilə bölgədə yeni reallıqlar yaratmış Azərbaycanı  təzyiq altında saxlamaq.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdir ki, bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini növbəti müharibəyə hazırlayan ölkə Fransadır: “Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum. Ermənistanda yersiz illüziyalar yarana bilər ki, nə vaxtsa onlar Qarabağı yenidən bizdən qopara bilərlər. Belə fikirlər onların cəmiyyətində dolaşır, o cümlədən rəhbər qruplaşma daxilində də belə fikirlər var. Mən istisna etmirəm ki, bu fikirlər, necə deyərlər, getdikcə daha geniş yer tutacaq”.

Amma Ermənistan, həmçinin bu gün sülh danışıqlarında vasitəçi olmaq məqsədilə dəridən-qabıqdan çıxan Fransa unutmamalıdır ki, hazırda Cənubi Qafqazda baş verən bütün proseslər ölkəmizin nəzarəti altındadır. Ordu quruculuğumuz da davam etməkdədir. Bu mənada Fransanın təcavüzkara    silah, həmçinin ürək-dirək verməyinin heç bir səmərəsi yoxdur. Dövlətimizin başçısının sözləri ilə desək: “Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”.

Sülh müqaviləsinin 70 gün Ermənistanda müzakirə olunmasının kökündə də Fransa dayanıbmış. Belə ki, Fransa sülh müqaviləsində Ermənistanın lehinə hansısa bir bənd salmaq istəyib. Azərbaycan sülh müqaviləsi ilə bağlı öz iradlarını açıq şəkildə bildirdikdən sonra Fransanın bu cəhdi baş tutmayıb.

İkinci Qarabağ müharibəsi ilə əlaqədar Azərbaycanla münasibətləri gərginləşdirmiş, antiterror əməliyyatından sonra bunu pik həddinə çatdırmış Fransa öz daxilində də ölkəmizlə bağlı hər şeyi silib-süpürmək xətti götürüb. Belə ki, 2017-ci ildə bu ölkənin Evian-Le Ba şəhərindəki “Azərbaycan parkı”, həmçinin həmin parkın mərkəzində ucaldılmış XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın heykəli hədəfə götürülüb. Hələ bu azmış kimi, Bastiliya meydanında Paris meriyası hansısa icma ilə birgə açıq səma altında “Dağlıq Qarabağ: erməni irsi təhlükə altında” sərgi təşkil edib. Bununla da Fransa guya Azərbaycan tərəfindən  “məhv edilən erməni mədəni irs”inə dünyanın diqqətini cəlb erməyə çalışır. Halbuki, 30 illik işğal dövründə erməni vandalları tərəfindən zəngin və qədim tarixi olan Azərbaycan xalqı­nın mədəni irsinin məhv edilməsi təkzibedilməz faktlarla dönə-dönə sübuta yetirilib. Amma Qərb, o cümlədən Fransa bu faktlara əsla məhəl qoymayıb. Bu gün Azərbaycan Qarabağdakı bütün mədəni irslərə özünün irsi kimi baxır və onların qorunub saxlanılması, həmçinin bərpası istiqamətində addımlar atır. Təkcə bir faktı xatırladaq ki, Tuğdakı qədim Alban məbədi, Laçın rayonundakı "Ağoğlan" monastırı artıq bərpa edilərək  ziyarətçilərin ixtiyarına verilib. Fransanın bu kimi  addımları isə Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin qisasından başqa bir şey deyil. Bütün bunlar Fransa hakimiyyətində azərbaycanafobiyanın artıq hansı həddə çatdığını əyani şəkildə göstərir.

Şübhəsiz, belə addımlar, xüsusilə Natəvanın abidəsinin sellofana bükülməsi, üstünə qırmızı boyanın atılması Fransanın Ermənistanla hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirir. Belə ki, Xurşidbanu Natəvanın Şuşa şəhərindəki büstü ermənilər tərəfindən vandalizmə  məruz qalmışdı. Onun və eyni zamanda tanınmış, nüfuzlu azərbaycanlı şəxslərin büstləri gülləbaran edilmişdi. Bu gün həmin iyrənc “missiyanı” Makron Fransası davam etdirir. İrqçilik mərəzindən qurtula bilməyən Fransanın nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Yəni, bu gün Şuşa da, Natəvanın ata mülkü olan Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bir sözlə bütün Qarabağ azaddır.

Bu, bir həqiqətdir ki, Fransa özünü Avropanın aparıcı dövləti saysa da, Azərbaycanla bacarmayıb və bacarmayacaq. Çünki rəsmi Bakı öz haqq işində ədalətə arxalanır. Eyni zamanda, Azərbaycan fransız neokolonializminin ifşa olunmasını dəstəkləməkdə davam edir. Bunu Bakı şəhərində neokolonializmlə bağlı keçirilən bir sıra tədbirlər də sübut edir.

Bəli,  Azərbaycan son üç ildə üzv olduğu beynəlxalq təşkilatlarda bütün diplomatik səylərini dövlətimizə qarşı təxribatların təşkilinə yönəldən, hətta ölkəmizdəki səfirliyində casus şəbəkəsi formalaşdıran, ermənipərəst mövqe sərgiləyən, Cənubi Qafqazda işğal və separatizmə son qoyulmasının maraqları ilə uzlaşmadığını gizlətməyən Fransa kimi  güclü  nüvə dövlətinin, onun liderinin  qarşısından qaçmır. Bu ölkəyə sözün həqiqi mənasında demokratiya dərsi keçir, yeri gələndə onun iç üzünü açıb dünyaya göstərir. Bu məqamda rusiyalı politoloq Sergey Markovun bu sözlərini xatırlatmaq yerinə düşərdi: “Ümumiyyətlə, Makron Fransanı böyük Rusiyanın düşməninə çevirdi, Afrikada özünü biabır etdi və indi də Ermənistan vasitəsilə Qafqaza soxulur. Yaxşı ki, Qafqazda Makronun ağzından vuran var”.

Qvami Məhəbbətoğlu, “İki sahil”