13 yanvar 2024 00:58
317

Sərhəd tanımayan ikiüzlülük

Maliyyələşdirdikləri radikal qruplardan, terror dəstələrindən «demokratiya dəyənəyi» kimi istifadə edən ABŞ-ın, Qərb təsisatlarının bitməyən erməni sevgisinin əyani təzahürü

Müstəqil dövlətlərə qarşı təsir mexanizmlərinin ideoloji, klassik üsullarından olan «demokratiya» və «insan hüquqları» bəhanəsi ilə başqa ölkələrə təzyiq göstərmək «təcrübəsi» terror aktlarından daha təhlükəlidir. İkili standartlar adlanan bu metodun tətbiqi ilə siyasi manipulyasiyalarını demokratik dəyərlər kölgəsində gizlədən, özlərini dünyaya «demokratiya keşikçisi» kimi tanıtmağa çalışan ABŞ-ın, Avropa təsisatlarının çirkin siyasətləri nəticəsində formalaşan radikal dini birləşmələr, terror dəstələri «demokratiya qırmancı, dəyənəyi» kimi əsl «demokratiyaya» öldürücü zərbələr vururlar. Qərbin, xüsusilə də ABŞ-ın maliyyələşdirdikləri təşkilatların təxribatları, törətdikləri terrorlar nəticəsində müsəlman ölkələrində öldürülən günahsız insanların, tökülən qanların sayı-hesabı yoxdur. Fransa, Portuqaliya, İspaniya, Belçika kimi digər Avropa ölkələrində baş verən iğtişaşları, aksiyaları görməyən «demokratik təşkilatların» Azərbaycan kimi demokratik dəyərlərə sadiq ölkələrə qarşı təxribatları beynəlxalq təsisatların gündədlik iş prinsipinə, saxta hesabatlarının iyrənc açıqlamalarına çevrilir. Beynəlxalq hüquq, insan haqları ilə bağlı «tezisləri»ni qaraladıqları ölkələrə tətbiq edən, «cəza verən» ikili standartlar «institutu»nun başbilənlərinin siyasi, iqtisadi, müdafiə qüdrəti ilə seçilən Azərbaycana qarşı 30 ildə verdikləri «demokratiya tövsiyələri» xalqımıza faciələr, Xocalı soyqırımı kimi dəhşətlər yaşatmışdır. Ermənistanın işğalı altında qalan torpaqlarımızın sülh yolu ilə qaytarılmasına süni manelər yaradan, bəzi hallarda mümkünsüz hesab edən qərəzli beynəlxalq təşkilatların cinayətkar, korrupsioner fəaliyyətləri ilə yaratdıqları mühitdə qol-qanad açan erməni faşistləri, separatçıları törətdikləri cinayətlər üçün nəinik qınandılar, hətta haqlı tərəf kimi dəstəkləndilər. Ədalətsizlik mühitində boğulan, susdurulan, təhdidlərə məruz qalan isə Azərbaycan xalqı oldu. İllərdən bəri ölkəmizə qarşı təxribatların əsl mahiyyətini məntiqli çıxışları, arqumentləri ilə ifşa edən Prezident İlham Əliyevin «Beynəlxalq institutların iş prinsipləri dəyişilməlidir. Münaqişənin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də böyük dəyişiklik olmalıdır» sözləri beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi. Artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin ədalətli həlli üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun səmərəsiz «fəaliyyəti»ndən, bu qurumun beynəlxalq hüququ deyil, hansısa dövlətlərin maraqlarına xidmət edən məkrli qərarlarından ən çox mənəvi əziyyət çəkən ölkələrdən ən birincisi elə Azərbaycan idi. Beynəlxalq hüququ, ədalət prinsiplərini deyil, xristian təəssübkeşliyini əsas götürərək siyasi riyakarlıqlara üstünlük verən ATƏT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti kimi digər təsisatlar da Ermənistanın baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə» sözlərini münaqişəni daha da alovlandıran sərsəmlik kimi dəyərləndirmədilər. Münaqişənin guya «sülh yolu ilə həlli» üçün məsuliyyət daşıyan qurumlar işğalçı Ermənistan rəsmilərinin revanşist «yeni ərazilər uğrunda yeni müharibə» çağırışlarından da təşvişə düşmədilər. Amma 30 il ikili standartların qurbanı olan Azərbaycanın işğal altında qalan torpaqlarının bərpası uğrunda apardığı mübarizə Ermənistana qarşı təhdid kimi təbliğ edildi. Hətta İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəsini, ötən ilin sentyabrında aparılan anti- terror tədbirlərini utanıb-qızarmadan «miskin» erməni xalqına qarşı soyqırım adlandırdılar. Azərbaycanın öz ərazisində, suverenliyinin təsdiqi kimi Laçında yaradılan sərhəd- keçid məntəqəsini Xankəndi ermənilərinə qarşı törədilən «humanitar fəlakət» kimi qələmə verdilər. Multikulturalizm siyasətinə sadiq ölkəmizin Vətən müharibəsinin davam etdiyi etdiyi günlərdə belə Azərbaycan hərbçilərinin yaralı erməni əsgərlərinə, yaxınlarının atıb getdikləri sahibsiz «hay» əsilli qocalara göstərdikləri yardımları dəyərləndirməyən daşnak havadarları, əksinə haqlı tərəf kimi ölkəmizə qarşı təxribatları, təhqirləri, təhdidləri gücləndirdilər. Həmin güclərin ikili standartlar siyasətinin nəticəsidir ki, başda Fransa olmaqla bəzi Avropa dövlətləri bu gün də Ermənistanı silahlandırmaq ənənələrini davam etdirirlər.

Bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bu kimi iyrənc siyasətə münasibətini «Düşünürəm ki, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə, əslində, nə lazımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var» sözləri ilə ifadə edən Prezident İlham Əliyev rəsmi İrəvanın müdafiəsini öz ölkəsinin daxili siyasətindən üstün tutan Fransa Prezidenti Emmanuel Makronun neokolonializm «ənənələrinin» Cənubi Qafqazda baş tutmayacağını qətiyyətlə bildirdi. Praqa görüşündən sonra Makronun televiziyaya verdiyi müsahibəsində Azərbaycanın ünvanına söylədiyi müəmmalı və qəbuledilməz sözləri siyasi etikadan kənar hərəkət adlandıran Prezident İlham Əliyevin «Biz nə etmişik ki? Beləliklə, özünü prosesdən ayırdı. Bizim mövqeyimiz tam aydındır - əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Biz ölkələrə tərəf tutmamaq üçün təsir edə bilmərik. Bunun müxtəlif səbəbləri var. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim» kimi sözləri ilə çılız düşüncəli Makronla müqayisədə əsl dövlət başçısına məxsus sanballı, məntiqli etikasını göstərib.

Yeri gəldi, gəlmədi Azərbaycanla bağlı əsassız qərarlar qəbul edən Avropa Parlamentinin qərəzli davranışına da münasibətini bildirdi: «Qranada görüşü oktyabrın 5-nə təyin edilmişdi və əvvəlki məsələyə qayıdıram, elə həmin gün Avropa Parlamenti Azərbaycanla bağlı müzakirələr təşkil etdi. Ona görə də qəsdən bu anti-Azərbaycan qətnaməni mənim Qranadada olmalı olduğum gün qəbul etməyi planlaşdırdılar ki, Azərbaycanla bağlı öz mövqelərini nümayiş etdirə bilsinlər. Getməməyimin bir səbəbi də bu idi. Birinci səbəb Fransa, üçüncü səbəb isə bu görüşün lazımi qaydada təşkil edilməməsi. Bu görüş antiterror tədbirlərindən iki həftə sonra baş tutmalı idi. Yerdə vəziyyətin tamamilə dəyişdiyi andan iki həftə sonra. Bu səbəbdən görüşə hazırlıq aparılmalı idi. Hansı sənədləri qəbul etməyi planlaşdırırdıq? Hansı bəyanatlar veriləcək? Bəyanatlar necə razılaşdırılmalı idi? Buna dair heç bir məlumat yox idi. Mən bu səbəbdən iştirak etmədim. Lakin təəccüblüsü o idi ki, mən olmadan bu görüş keçirildi. Bir rus deyimi var – «Bez menya, menya jenili» – «qız evində toydur, oğlan evinin xəbəri yoxdur.» Beləliklə, mən olmadan onların dördü Azərbaycan və Ermənistan ilə əlaqədar necə qətnamə qəbul edə bilirlər ki, hələ də anlamıram.»

«Azərbaycanla işimiz əvvəlki kimi davam etməyəcək» kimi müəmmalı məntiqə, diplomatik qaydalara uyğun gəlməyən prinsiplərə uyğun açıqlaması ilə diqqətə çatdıran ABŞ Dövlət Departamentinin son zamanlarda ölkəmizə qarşı qeyri-konstruktiv, erməni mövqeyi də anlaşılan deyil. Daha doğrusu, ikili standartlardan qaynaqlanan ədalətsizlikdir. Bu cür məntiqsiz açıqlamalar bölgəmizdən xeyli kənarda yerləşən ermənipərəst dairələrin sülh sazişinin imzalanmasına törətdikləri maneələrdən biridir.

Qondarma «artsax»ı tanıyan Fransa Senatının daşnak təfəkkürlü üzvləri Azərbaycanın Xankəndi ermənilərinə etdiyi humanitar təklifi yaxşı bilsələr də hələ də «haylara qarşı etnik təmizləmə» çığır-bağırlarını tərgitmirlər. Bu kimi haqsızlığa da laqeyd qalmayan Prezident İlham Əliyevin «Amma mənim qondarma «artsax»ın dislokasiyası barədə tövsiyələrimi də yəqin ki, heç kim unutmayıb. Yeri gəlmişkən, onlar öz qüvvəsindədir, bəlkə də indi lokasiyanı dəyişmək olar, çünki bilirəm ki, Paris meri Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Təklif edərdim ki, bəlkə də fəxri sözünü real vətəndaşlıq ilə əvəz etsinlər, onları Parisin mərkəzində yerləşdirsinlər və orada «Artsax» respublikası elan etsinlər» sözləri dövlət başçımızın Makrona Marsel şəhərinin ermənilərə peşkəş verilməsi tövsiyəsinin davamıdır.

Ölkəmizə qarşı qərəzli mövqeyini bütün istiqamətlərdə bildirən rəsmi Parisin Evian-Le Ba şəhərində Azərbaycanın şairi Xurşidbanu Natəvanın heykəlinin ermənisayaq təhqir olunması özünü Avropanın mədəniyyət beşiyi sayan Fransa vandalizminin nümunəsidir.
Bu yaxınlarda Yeni Kaledoniyada azərbaycanlı jurnalist qadının saxlanılması isə dünyaya «insan hüquqları»ndan dərs keçdiyini zənn edən «Fransa demokratiyası»nın təzahürüdür. Unutmaq olmaz ki, Ermənistanı silahlandıran, onları yeni müharibələrə şirnikləndirən
 Fransanın siyasəti haylarda yersiz illüziyalar yarada bilər. Lakin Ermənistan bilməlidir ki, o, nə qədər silahlansa da törətdiyi təxribatların cavabını 24 saatdan da tez alacaq. «Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq «Bastion» maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizə daha önəmli siyasi, iqtisadi, hərbi uğurlar qazandıracaq konseptual inkişaf strategiyamızın, milli ideologiyamızın qələbəsi üçün yeni dövr başlayır.

Xuraman İsmayılqızı, «İki sahil»