13 yanvar 2024 01:57
390

Ermənistan coğrafi xəritədə nə vaxt peyda olub?

“Nə üçün 1975-ci ilin, hətta bəzi təkliflərdə 70-90-cı illərin xəritələrinin əsas götürülməsi təklif edilir? Cavab çox sadədir və mən bu gün bu barədə açıq danışmaq istəyirəm: Sirr deyil ki, iyirminci əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir.”

Bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlətimizin başçısı müsahibəsində İrəvan şəhərinin Moskvanın təzyiqi ilə Azərbaycandan necə alınmasını, bir qarış ərazisi belə olmayan  və yalnız kağız üzərində sxemi çəkilmiş Ermənistanın necə “təşkil” edilməsini bir daha xatırladıb: "1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra əfsuslar olsun ki, İrəvan şəhəri ermənilərə verildi. Halbuki bunun heç bir əsası yox idi. İrəvan qədim Azərbaycan şəhəridir, Azərbaycan xalqı əsirlər boyu orada yaşayıb və İrəvanın bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin çoxəsirlik mövcudluğunu təsdiqləyir. Və İrəvan o şəhərlərdəndir ki, sanki orda “köhnə şəhər” yoxdur. Sadəcə ona görə ki, ora Azərbaycan şəhəri olub və o da sökülüb-dağılıb.

O qərara gəldikdə isə - yəqin hamı mənimlə razılaşar – o böyük bir tarixi cinayət idi, səhv yox, cinayət.”

Bəli, bir ölkənin ərazisini zorla əlindən alıb başqası üçün dövlət qurmaq ən böyük cinayətdir. Bu cinayətin arxasında yüz minlərlə insanın qətli, soyqırımlar, əzablı deportasiyalar duranda isə daha dəhşətli xarakter alır. Çar Rusiyası, bolşevik hakimiyyəti Azərbaycan torpaqlarını məhz bu yollarla alıb ermənilərə dövlət qurublar. Uzaq tarix deyil. Vladimir Leninin, İosif Stalinin, Anastas Mikoyanın, Stepan Şaumyanın, Qriqori Orconikidzenin və başqalarının başçılıq etdikləri Sovet hökuməti  Qərbi Azərbaycan ərazisini Hayastana çevirmək üçün dəridən-qabıqdan çıxmışlar.

Prezident İlham Əliyev bu prosesi xatırladaraq bildirib ki, o zaman Azərbaycan xalqının rəyi soruşulmurdu, xalqların cəlladları əmrlər verir və icrasını qeyd-şərtsiz yerinə yetirməyi tələb edirdilər: “Birincisi, o vaxt İrəvanda yaşayan azərbaycanlılardan soruşulmadı; ikincisi, nə qaçaqaç idi, hara tələsirdilər? Yəni 28 mayda respublika elan olunur, 29 mayda İrəvan ermənilərə verilir. Onun izahatı heç bir məntiqə sığmır: guya bunu verməklə ermənilər Azərbaycana ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox. Daha da azğınlaşdılar.

İrəvandan Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunan nümayəndələrin etirazı nəzərə alınmadı. Yəni, bu, böyük tarixi cinayət idi. Və o bir başlanğıc idi. 1920-ci ilin aprelində sovetləşmədən sonra, noyabr ayında artıq Sovet hökuməti Qərbi Zəngəzurun böyük bir hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır, xəritələr var, iyirminci əsrin xəritələrində görünür, Azərbaycan xalq Cümhuriyyətinin xəritəsi var və orada Qərbi-Şərqi Zəngəzur yoxdur, bütün Zəngəzur Azərbaycan ərazisidir.”

Belə torpaq hədiyyələri illər keçdikcə davam etdirilib Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında bağışlanıb. O vaxta qədər bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 114 min kvadratkilometrdən çox ərazi 86,6 min kvadratkilometrə düşdü. Yalnız Ulu Öndər Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycanın rəhbəri seçiləndən sonra artıq torpaq hədiyyələri dayandı. Heydər Əliyev istər ümumittifaq hakimiyyətinin, istərsə də Ermənistan rəhbərlərinin qarşısını qətiyyətlə aldı. Məhz buna görə də ermənilər indi 1970-ci illərin xəritələrini  əsas götürmək istəyirlər: “Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illərin? Deyirəm, mənə izah edin: bunun hansı metodoloji əsasları var? Siyasi əsasları var? Yoxdur! Əgər siyasi əsaslara istinad etsək, onda ya Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini götürməliyik istinad nöqtəsi kimi, ya da sovetləşmə dövrünü. Bu olar siyasi metodologiya.

Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq iyirminci əsrin əvvəlindəki xəritələrə - gəlin, bu xəritələrin üzərində işimizi quraq. Yəni, siz 50, 60 ili kənara qoyursunuz, məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz ona görə ki, o vaxt artıq bizim tarixi torpaqlarımız onlara verilmişdi.

Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Və əfsuslar olsun ki, bu 1970-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, “Ermənistan+” qruplaşmasıdır. Və buna heç vaxt biz razılıq verə bilmərik.”

Göründüyü kimi, Azərbaycan liderinin mövqeyi qətiyyətli, ədalətli və məntiqlidir: ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya əsas götürülməlidir, ya da bütövlükdə heç bir xəritə əsasında biz işimizi qurmamalıyıq. Komissiya yaradılıb, komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır, getsinlər qarış-qarış o yerləri gəzib, sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır.

 Azərbaycan qədim ərazilərini tələb edirsə Ermənistanın hay-küyü tamamilə gülünc və yersizdir. İndi Ermənistan iki yüz il etdiklərinin bədəlini ödəməlidir. Vaxtilə himayədarlarının səxavətlə bağışladıqları Azərbaycan ərazilərini-əvəzsiz “hədiyyələri” öz sahibinə qaytarmağın zamanı gəlib.

Vəli İlyasov, “İki sahil”