13 yanvar 2024 02:16
369

Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa…

Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir daha dünyanın diqqətini Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığına yönəltdi

Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, qardaş Türkiyə ilə dostluğumuza, birliyimizə diqqət yönəltməsin. Yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev «Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram» fikirləri ilə dünyanın diqqətini növbəti dəfə bu dostluğa yönəltdi. Bu, qardaşlığın, dostluğun təqdimatı olmaqla yanaşı, bir daha sübut olundu ki, Azərbaycan və Türkiyə arasında həm ölkələr, xalqlar, həm də liderlər səviyyəsində yaxın münasibətlər mövcuddur.

Bu dostluğa şahidlik edən bəzi məqamlara diqqət yetirək. Cənab İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığını, birliyini xalqlarımız üçün əsas yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amili kimi dəyərləndirir. Bu çağırış xüsusi səsləndirilir ki, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həm xalqımız, həm də bütün dünya bunu İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən dünyaya «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» mesajını çatdırdı. 44 günlük Vətən müharibəsinin hər günü tariximizə Qələbə səhifəsi kimi yazılmaqla yanaşı, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının dünyaya təqdimatı oldu. Çünki bu sevinci Azərbaycan necə yaşadısa, qardaş Türkiyə də eyni şəkildə yaşadı. Tarixə qısa baxış əsasında dövlət başçısı İlham Əliyev bu reallığı qeyd edir ki, bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik.

Türkiyə ilə Azərbaycanın qardaşlığının sarsılmazlığına daha bir nümunə Çanaqqala döyüşüdür. Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında baş verən bu döyüşdə Türkiyənin 253 min əsgəri ilə yanaşı, 3 minə yaxın azərbaycanlı da şəhid olub. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Çanaqqala Zəfərinin 100 illiyi münasibətilə keçirilən mərasimdə birgə iştirakları qardaşlığın əbədiyyət simvolu kimi yaddaşlarda qaldı. Hər ilin 18 mart tarixində keçirilən Çanaqqala Şəhidlərini Anma Günündə Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsi ehtiramla yad olunur. Paytaxtımızdakı Şəhidlər xiyabanında uyuyan türkiyəli əsgərlərin məzarları xalqımız üçün də müqəddəsdir.

1918-ci ildə Azərbaycanın bütün bölgələrində soydaşlarımıza qarşı soyqırımlar törədən erməni-bolşevik birləşmələrinə qarşı vuruşan Türkiyənin Qafqaz İslam Ordusunun əsgərləri yerli əhali ilə birləşərək qırğınların qarşısını aldılar. Bu tarixi qardaşlığı, həmrəyliyi dünya üçün nümunə adlandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyildir. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik. 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun yarısı Anadolu xalqından, yarısı da Azərbaycan xalqından ibarət idi. Bakını, Gəncəni, Dərbəndi, Dağıstanı düşməndən bu qardaşlar çiyin-çiyinə verərək yan-yana şəhid olaraq azad ediblər… Bizim nəzərimizdə Qarsdakı, İğdırdakı, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur. Bizim üçün İzmir, İstanbul, Ankara, Antalya nədirsə, Bakı da elədir» sözləri bu qardaşlığın əbədiliyinin təqdimatıdır.

2018-ci ildə Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxdılar. Bunun təkrarı 2020-ci il 10 dekabr tarixində Zəfər paradında yaşandı. Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi, sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.

2021-ci il 15 İyun - Milli Qurtuluş Günündə Şuşada Azərbaycan-Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanması mərasimi keçirildi. Dünyaya Şuşa Bəyannaməsi kimi səs salan bu sənəd iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafını özündə ehtiva edir. Hər zaman Azərbaycanın, Prezident İlham Əliyevin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizdə mühüm hadisələrin qeyd edilməsi mərasimində də bu dostluğu yüksək səviyyədə nümayiş etdirir. Belə ki, Qarabağın və Şərqi Zəngəzurun hava qapıları Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə dünyaya açılmışdır. Hər zaman qürurverici olan bu məqamı xüsusi vurğulayırıq ki, Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən, həmçinin ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır. 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilana səfər edən iki dost, qardaş ölkənin prezidentləri Zəngilanda «Dost Aqropark»ın təməlini qoydular. «Dost Aqropark» Azərbaycan və Türkiyənin birgə həyata keçirəcəyi investisiya layihəsidir. Qardaş Türkiyə bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsində ölkəmizə hər bir dəstəyi göstərməyə hazır olduğunu bildirdi. Rəcəb Tayyib Ərdoğanın 10 dekabr 2020-ci ildə Zəfər paradında səsləndirdiyi «Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!» fikirləri də postmünaqişə dövründə iki müttəfiq, qardaş ölkənin görəcəyi işlərin anonsu kimi dəyərləndirildi. «Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində» söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təzahürü olan “TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalında bir daha bildirmişdir ki, bu, bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır: «Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.»

Azərbaycan və Türkiyə hər zaman dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalıblar. Bu fakt dünya ictimaiyyətinə də çox yaxşı bəllidir ki, Azərbaycana qarşı əsassız torpaq iddiası irəli sürən ermənilər qardaş Türkiyəyə qarşı qondarma «erməni soyqırımı» məsələsini qabardır, yalanları, ən əsası himayədarlarının dəstəyi ilə həqiqətləri ört-basdır etməyə səy göstərirlər. Təəssüf doğuran hal budur ki, bəzi dünya gücləri tarixi faktları bir kənara qoyub, ədaləti maraqlarının arxasında əritməklə «erməni soyqırımı»nı nəinki tanıyıb, hətta bunu digər dövlətlərdən də tələb edirlər. Fransa kimi dünyanın güc mərkəzi, ən əsası dünyada ədalətin, beynəlxalq hüququn bərpasında öz sözünü deyən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri «erməni soyqırımı»nı tanıdı, hətta, Senatda bunu tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı layihəni müzakirəyə çıxardı. Bu qondarma «erməni soyqırımı» məsələsindən Türkiyənin Avropa İttifaqına üzv qəbul olunmasında bir təzyiq vasitəsi kimi bəhrələnir, qardaş ölkənin quruma üzv qəbul olunması üçün bu əsassız iddianı qəbul edəcəyinə hələ də ümidlər edilir. Amma reallıq göz önündədir. Rəsmi Ankara belə bir addımın mümkünsüzlüyünü hər zaman bəyan edir və dəyişməz mövqeyi göz önündədir. Azərbaycan dövləti Avropa İttifaqının Türkiyə kimi güclü, qüdrətli dövlətə ehtiyacı olduğunu əsaslı şəkildə bəyan edir. İki qardaş ölkənin bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələri dünyanın diqqətindən kənarda qalmır. Azərbaycan və Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlət o zaman güclü, qüdrətli olur ki, onun sabahını, gələcəyini düşünən, xalqını daim irəli aparan lideri vardır.

Praqada keçirilən «Şərq Tərəfdaşlığı» Proqramının beş illiyinə həsr olunmuş Sammitdə Türkiyənin ünvanına deyilən yalanları «Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır. Çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm» sözləri ilə təkzib edən Prezident İlham Əliyev hər iki qardaş ölkəni birləşdirən siyasi, mənəvi, diplomatik münasibətlərin tarixi keçmişdən qaynaqlandığını bildirir. Bu qardaşlığı Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Şərqi Aralıq dənizi regionunda Türkiyənin mövqeyini dəstəkləməklə bildirən Prezident İlham Əliyevin «Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı» sözlərinin Türkiyədə yaratdığı qürur hissi qardaş sevgisindən qaynaqlanırdı.

«TEKNOFEST Azərbaycan» festivalında dövlət başçısı İlham Əliyevin «Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır» fikirləri də deyilənlərin təsdiqidir. Türkiyə Prezidenti həmin festivaldakı çıxışında bildirmişdir ki, bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq: «Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?» Bu çağırış daim Türkiyə rəsmiləri tərəfindən də bildirilir ki, dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil!

Təbii ki, bütün dövrlər üçün aktuallığını qoruyan əsas çağırış budur ki, ermənilərin və erməni diasporunun apardığı qərəzli təbliğatlara qarşı fəal mübarizəmizi davam etdirək, birliyimizi, həmrəyliyimizi atdığımız addımlarla təsdiqləyək. O da məlumdur ki, iki müttəfiq ölkənin mətbuatının birgə fəaliyyətinin təşkili öz aktuallığını imzalanan Memorandumda, Ortaq Media Platformasının yaradılmasında öz təsdiqini tapdı.

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bütün sahələrdə özünü nümayiş etdirir. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilir. Hər iki ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələrinin coğrafiyasının genişlənməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması dövlətlər, xalqlar arasında birliyi, həmrəyliyi, dostluq körpüsünü daha da möhkəmləndirir. Hər zaman adları birgə çəkilən Azərbaycan və Türkiyə sözlərinin imzaları qədər əhəmiyyətli olduğunu, hər bir məsələdə ədalətə və beynəlxalq hüquqa önəm verdiklərini atdıqları addımları ilə dünyaya nümayiş etdirirlər. Ədalətin, beynəlxalq hüququn qorunduğu məkanda etimad mühiti də yüksək səviyyədə olacaq. Bunun üçün «Gücümüz birliyimizdədir» bəyan edən dövlət başçısı İlham Əliyevin bütün türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Türk Şurasına sədrliyi dövründə ölkəmizin bu birliyə verdiyi töhfələr təqdirəlayiqdir. Sədrlik qardaş ölkəyə verilərkən bu inam da ifadə edildi ki, Türkiyə öz potensial imkanlarından, mövqeyindən, qüdrətindən bəhrələnərək bu birliyi daha da möhkəmləndirəcək. Bircə faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə «Türk Dünyasının Ali Ordeni»nə layiq görülmüşdür. Bu qərar Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasında qəbul olunmuşdur. Qərarda deyilirdi: “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Prezident İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması haqqında qərar qəbul etmişdir.»

2023-cü ildə Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrin inkişafına diqqət yetirsək iki qardaş ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin çoxluq təşkil etdiyini görərik. Ötən ilin fevralında qardaş Türkiyədə dəhşətli zəlzələ baş verdi. İlk yardım göstərən Azərbaycan oldu. Azərbaycan xalqı bu çağırışı etdi: «Qardaş Türkiyə, biz səninləyik!» Mart ayında dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Məlumdur ki, tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Azərbaycanın dövlət başçısı Türkiyədə baş verən dəhşətli zəlzələni nəzərə alaraq onun məhz qardaş ölkədə keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu, qardaşlığın, dostluğun mühüm təqdimatı oldu.

Azərbaycanın hərbi, diplomatiya sahələrində əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin qətiyyətini «Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir» söyləməklə Azərbaycanın Zəfərini türk birliyinin əzəməti, dönməzliyi kimi səciyyələndirən Rəcəb Tayyib Ərdoğan bu şanlı tarixin birlikdə qeyd olunmasını türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin arzularının gerçəkləşməsi kimi dəyərləndirdi. Türkiyə ilə Azərbaycanın işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasında da birgə iştirak edəcəklərini bildirən Prezident Rəcəb Tayyib Ərdoğanla azərbaycanlı həmkarı İlham Əliyevin Şuşada birgə imzaladıqları Müttəfiqlik Bəyannaməsi Böyük Qayıdışa ünvanlanan bu yola bələdçilik edir. Bəyannamədə əksini tapan müddəaları qardaşlığın, birgə fəaliyyət prinsipinin yol xəritəsi də adlandırmaq olar. Siyasi, iqtisadi-ticari, mədəniyyət, təhsil, idman, gənclər siyasəti ilə bağlı bütün məsələlərin həllində birgə səylərin əhəmiyyətinin əks olunduğu sənəddə göstərilən perspektivlər iki qadaş ölkənin iş birliyi ilə həyata keçirilir.

Daim birgə addımlayan Türkiyə ilə Azərbaycan bu reallığı da xüsusi qeyd edirlər ki, Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin reallaşdırılması üçün mühüm addımlar atırlar və bu addımlar yaxın gələcəkdə öz nəticələrini verəcək.

Yeganə Əliyeva, «İki sahil»