27 aprel 2017 22:43
964

AŞPA-nın qorxulu röyası: güclü müsəlman və türk dövlətləri

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Türkiyəni yenidən monitorinq altına alınması ilə bağlı qərarı hazırda beynəlxalq medianın əsas müzakirə mövzularından biridir. Müşahidələrə görə, beynəlxalq ictimai rəy əsasən bu qərarın ədalətsiz olmasından yanadır. Hazırkı beynəlxalq şərait və Türkiyəyə qarşı yönəlmiş qərəzli hücumların intensivliyi qərarın siyasi xataktet daşıdığına əminliyi artırır.

İlk növbədə onu qeyd etmək vacibdir ki, sözügedən qərarın qəbulu zamanı AŞPA-nın iclasında, əslində, legitimlik təmin edilməyib. Assambleyanın 324 üzvündən cəmi 113 nəfər bu iclasda iştirak edib və qərar sadə səs çoxluğu ilə qəbul edilib. Göründüyü kimi, AŞPA üzvlərinin çox az bir hissəsinin mövqeyi ilə Türkiyə kimi demokratik inkişaf yolu keçən bir dövlətə qarşı qərəzli addım atılıb.

Burada bir haşiyə çıxaraq vurğulayaq ki, 1999-2004-cü illərdə də Türkiyə AŞPA-nın monitorinqi altında olmuşdur. Lakin 2004-cü ildə monitorinq qərarı ləğv edilmiş, Türkiyə Avropa dəyərlərinə sadiq ölkə kimi qəbul edilmişdir. Lakin birdən-birə belə bir qərarın verilməsi Türkiyəyə qarşı qərəzli siyasi təzyiq vasitəsindən başqa bir şey deyildir.

Əslində son illərdə Türkiyə ilə bağlı baş verən bir sıra hadisələrin təhlili göstərir ki, bu qərarın qəbul edilməsi heç də birdən-birə ortaya çıxmayıb və Qərb dövlətləri tərəfindən qardaş ölkəyə qarşı müntəzəm olaraq aparılan təzyiq kampaniyasının davamıdır.

AŞPA təmsilçiləri bu qərarın qəbul edilməsini Türkiyədə fövqəladə vəziyyət şəraitində referendum keçirilməsi ilə izah edirlər. Əlbəttə, bu açıqlama heç bir məntiqi izahata sığmır və yanaşmanın qərəzli olduğunu xüsusi izah etməyə ehtiyac qalmır. Əgər belə olsaydı, o halda Avropa İttifaqının əsas dövlətlərindən biri olan Fransada keçirilən 23 aprel seçkilərinə münasibət bildirilməli idi. Xatırladaq ki, ötən il Fransanın paytaxtında törədilən terror aktına görə bu ölkənin paytaxtında fövqəladə vəziyyət elan edilib və hazırda davam edir. Belə olan halda haqlı olaraq sual yaranır: eyni vəziyyətə görə Türkiyə haqqında qəbul edilən qərar Fransaya niyə tətbiq edilmir? Bu faktın özü qərarın qərəzli olduğunu və ikili standartlara əsaslandığını aşkar nümayiş etdirir.

Bu addım Avropada son illərdə daha geniş miqyas alan islamofob meyllərin artıq ən yüksək siyasi dairələrə qədər sirayət etdiyini və Qərbin çirkin siyasi maraqlarına xidmət etdiyini isbat edir. Məhz bu səbəbdən qərar Türkiyə rəhbərliyi tərəfindən haqlı olaraq böyük narazılıqla qarşılanıb. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu qərarı tanımadığını və bunun ölkə siyasətinə təsir etməyəcəyini bildirib. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, bu AŞPA tərəfindən atılan qərəzli və səhv addımdır.

Qeyd edək ki, vaxtaşırı Avropa İttifaqı ölkələri tərəfindən Türkiyəyə və Azərbaycana qarşı analoji addımlar atılıb. Müşahidələr göstərir ki, hər iki dövlətin son on ildə daha sürətlə inkişaf etməsi müqabilində bu tipli qərəzli qərarların verilməsi də intensiv xarakter alıb. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduğu dövrdən keçən 16 il ərzində bu qurumda ölkəmizə qarşı təcavüzkarlıq siyasəti aparan Ermənistan haqqında heç bir hüquqi sənəd qəbul edilməmişdir. Dəfələrlə müzakirəyə çıxarılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar qəbul edilməmiş, ümumi söz yığınından ibarət bəyanatlar verilmiş və yaxud ən yaxşı halda Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi sözdə ifadə edilmişdir. Azərbaycanın ümid bəslədiyi Avropa təsisatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı heç bir açıq fikir bildirməmiş, əksinə müəyyən məqamlarda işğalçı Ermənistana siyasi dəstək nümayiş etdirmişlər. Yeri gəlmişkən, aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərində baş alıb gedən saxtakarlıqları Qərb təşkilatları nədənsə “görmədilər” və bu pozuntuların üzərindən sükutla keçməyi lazım bildilər. Lakin Azərbaycana və Türkiyəyə qarşı saxta “demokratiya pozuntuları”, “siyasi məhbus” kartları ilə əks kampaniyalarını bir az da genişləndirməyə başladılar.

Yeri gəlmişkən, hazırda AŞPA-da antiazərbaycan kampaniyasının yeni formasına start verilib. Bir sıra ermənipərəst deputatlar guya qurumda Azərbaycanla təmənnalı əməkdaşlıq edən üzvlərin olduğunu bildiriblər və bunun araşdırılmasını tələb ediblər. Lakin bunun əksinə olaraq, qurumun yazqabağı sessiyası ərəfəsində üç avropalı deputat tərəfindən AŞPA-da ermənilərlə işbirliyində olan şəbəkənin fəaliyyəti ifşa olunmuşdu. Şəbəkənin ən fəal üzvlərindən biri də hər zaman antiazərbaycan kampaniyalara “rəhbərlik” edən, qatı ermənipərəst mövqeyini gizlətməyən AŞPA-nın insan hüquqları üzrə ali komissarı Nils Muiznieksidir...

Yuxarıda qeyd edilənlərə Fransada keçirilən seçkilərdə prezidentliyə namizədlərin seçkiqabağı təbliğat zamanı səsləndirdikləri ermənipərəst bəyanatlar və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışları da əlavə etsək aşkar görünər ki, Avropanın aparıcı dövlətlərinin və qurumlarının antimüsəlman və antitürk fəaliyyətləri getdikcə artmaqdadır.

Hər şeydən əvvəl bu qərəzli hücumların səbəbləri maraq doğurur. Yuxarıda göstərilən faktlar sübut edir ki, özünü “demokratiya beşiyi” hesab edən Qərb dövlətləri heç də bu bəşəri dəyərlərin müdafiəsində həvəsli deyillər. Burada sadəcə olaraq çirkin siyasi maraqların müdafiəsindən və təəssüf ki, xristian-İslam qarşıdurmasının dərinləşdirilməsindən söhbət gedə bilər. Həm Türkiyə, həm də Azərbaycan son illərdə güclü iqtisadi imkanlara malik olmaqla yanaşı, özlərinin müstəqil siyasi iradələri və milli maraqlarına uyğun siyasət aparmaları ilə seçilirlər. Hər iki ölkə bir çox meyarlara görə İslam aləminin ən öndə gedən dövlətlərinə çevriliblər. Təbii ki, bu amillər dünyanı öz maraqlarına uyğun idarə etmək istəyən qüvvələri narahat etməyə bilməzdi.

Beləliklə, “bir millətin iki dövləti” kimi dəyərləndirilən Azərbaycan və Türkiyəyə qarşı təzyiqlərin yalnız bir məqsədi olduğu məlumdur: hər iki dövləti müstəqil siyasət yürütmək yolundan çəkindirmək. Lakin Türkiyə dünyanın 17-ci böyük iqtisadiyyatına malik olan ölkə kimi planetimizin ən güclü dövlətlərindən biridir. Azərbaycan da böyük sürətlə inkişaf edən güclü iqtisadiyyata və müstəqil siyasi iradəyə malik olan regionun lider dövlətidir. Bu baxımdan belə qərəzli təzyiq formalarının hər iki dövlətə təsir edəcəyini düşünmək mənasızdır.

Hər iki dövlət özünün milli maraqlarını bütün güclərin siyasi maraqlarından üstün tutduğunu dəfələrlə nümayiş etdirib və şübhəsiz, bu dəfə də belə olacaq.

Taleh Turqut, “İki sahil”