11 yanvar 2024 23:34
316

Yeni inkişaf hədəflərinə doğru daha inamla və əzmlə

Cənab Prezident ictimaiyyəti ölkəmizin yeni inkişaf hədəflərinin müəyyən olunmasında və müzakirəsində fəal olmağa səslədi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini ölkəmizin son 20 illik tarixinə baxış nöqteyi-nəzərdən qısa hesabat və ən əsası növbəti 20, 30 illik, hətta 100 illik hədəflərinin müəyyənləşdirilməsi üçün yol xəritəsi adlandırsaq, yerinə düşər. Dövlət başçısının həmişə olduğu kimi, yenə də həm dünya, həm də ölkə ictimaiyyətinə çatdırdığı vacib mesajlar bir çox mətləblərə aydınlıq gətirdi. Bu zəruri məqamlardan saatlarla, danışsaq və yazsaq da yenə zaman yetməz. Amma bəzi məqamları aşağıdakı kimi ümumiləşdirmək istərdim.

Birinci məqam təbii ki, onun şah əsəri olan Xankəndi Zəfərindən sonra Qarabağın separatçı-terrorçulardan tam təmizlənməsi ilə ilk dəfə ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunması, konstitutsiya hüququnun bütün ölkə ərazisində təsbit olunması, dövlət bayrağının şimaldan cənuba, şərqdən qərbə qədər hər bir rayon, kənd-qəsəbələrdə dalğalandırılmasıdır. Ənənəsinə sadiq qalan Müzəffər Ali Baş Komandan təvazökarlıq edərək yenə öz tarixi xidmətlərini arxa plana keçirib, bu böyük Qələbənin qazanılmasında başda şəhid və qazilərimiz olmaqla cəmiyyətimizin bütün təbəqələrinin müəyyən rolunun olduğunu xüsusi vurğuladı: “...bu böyük Zəfərin əldə olunmasında hamımız iştirak etmişik, hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. .... Gücümüz, cəmiyyətimizin birliyi, xalqımızın birliyidir və bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Birmənalı sizə deyirəm. Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən...”. Amma təcrübə göstərib ki, lideri güclü olmayan dövlətlər, ölkələr və xalqlar məğlubiyyətə məhkumdur. Bu məsələdə dövlət başçısının tarixi xidməti həm də onunla izah olunur ki, bizim yaşadığımız dövrdə yaranan problemin heç bir iştirakı və məsuliyyəti olamayacaq gələcək nəsillərə saxlanılmamasıdır. Çünki aydın məsələdir ki, 30 illik mənasız danışıqların bir məqsədi var idi ki, Qarabağı Azərbaycandan qoparıb Ermənistana versinlər. Ona görə dövlət başçısının vurğuladığı kimi, müxtəlif bəhanələr altında - Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması, məhz o niyyətə hesablanmışdı ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə formalaşsın. Ancaq və lakin cənab İlham Əliyevin siyasətinin böyüklüyü ondadır ki, bu problemi ümummilli bir məsələyə, ümummilli hərəkata çevirdi və indi ermənidən çox ermənilik edən ABŞ, Fransa, Almaniya kimi bəzi güc mərkəzlərinin, beynəlxalq təşkilatların 30 illik səylərini puç edib bu ana mövzumuzu xalqına unutdurmağa imkan vermədi. Onun isə bu məsələdə bir məqsədi, bir amalı olub ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəsib olmazsa, o  zaman bu tarixi ədaləti heç olmasa gələcək nəsillər edə bilsinlər. Ancaq bunu öz dövründə həll etməklə, həm də bizi gələcək nəsillərin qınağından xilas etdi.

İkinci diqqəti cəlb edən məqam bu il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı məsələyə birinci şəxsin dilindən aydınlıq gətirilməsi idi. Bu ali seçkinin keçirilməsini zəruri edən səbəbi, əlbəttə, prezident də təsdiq etdi ki, bu son 200 ildə ilk dəfə bu həcmdə əldə olunan Böyük Zəfərlə əlaqədardır. Ona görə bu seçkilər təsadüfən Zəfər seçkisi adlandırılmayıb. Qalib lider haqlı olaraq məqsədəuyğun sayır ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğuna görə bütün ərazilərdə keçiriləcək ilk seçki də məhz o olmalı idi. Bunu görməzdən gələn bəzi radikal kəsimin spekulyasiyaya cəhd edərək, əmr aldıqları sahiblərinin diktəsi ilə irəli sürdükləri yalan dolu mülahizələr öz acı məğlubiyyətlərindən diqqəti yayındırmaq cəhdləridir. İndi ictimaiyyəti seçkilərə əvvəlki maraq və həyəcanın olmamasında günahlandırmaq istəyirlər. Əvvəla, aktiv təbliğat və təşviqata yanvarın 15-də start veriləcək. Ondan sonra maraq da ikiqat artacaq. Digər tərəfdən isə boş, mənasız həyəcanı yaradan sizlər idiniz ki, bu dəfə məğlub olacağınızı bilib, ümumiyyətlə, prosesə qatılmamaqla, tək sizə və havadarlarınıza lazım olan daxili qarşıdurma planlarınızı da ruhunuzla birlikdə dəfn etmisiniz. Ən əsası da qədirbilən xalqımız artıq son 20 ildə verdiyi bütün vədləri yerinə yetirən, onları təxmin etmədiyi hədəflərə çatdıran liderini indidən qalib edib, sadəcə fevralın 7-də sədaqət borcunu rəsmi şəkildə təsdiqləyəcəklər, ona görə əlavə maraq və həyəcan yaratmağa lüzum görmürlər.

Müsahibə zamanı Prezident İlham Əliyevin aydınlıq gətirdiyi bir qeyri-müəyyənlik Azərbaycan-Ermənistan sülh danışıqlarında mümkün olan sərhədlərin delimitasiya və demarkasiya məsələsində hansı xəritələrin əsas götürülməsi ilə bağlı idi. Bu məsələdə ermənilər və onların bəzi xarici yandaşları tərəfindən ötən əsrin 70-ci illərinin xəritələrinin əsas götürülməsi daha çox qabardılır. Prezidentin fikirlərindən bir daha məlum oldu ki, məhz bu tarixə qədər sovet hakimiyyəti tərəfindən Azərbaycanın tarixi torpaqlarının hissə-hissə qoparılıb Ermənistana verilməsi prosesi başa çatdırılıb. Onun üçün Ermənistanın başsız başçıları həmin xəritələri əsas götürmək istəyirlər ki, hətta əkin üçün müvəqqəti verilən on minlərlə hektar torpaqlar da onların ərazisi olaraq təsdiqlənsin. Amma Prezident İlham Əliyevin ədalətli yanaşması ondan ibarətdir ki, ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ya da sovetləşmə dövrünün xəritələri əsas götürülməlidir. Belə olan halda tarixi torpaqlarımızla bağlı bütün mübahisəli məsələlər də öz həllini asanlıqla tapmış olacaq.

Ölkəmizin bundan sonrakı inkişafı üçün növbəti hədəflərin və yeni misiyanın nədən ibarət olması ilə bağlı ölkə rəhbərinin fikir və mülahizələri də diqqəti xüsusi cəlb edir. O, vacib sayır ki, cəmiyyətdə bu istiqamətdə müzakirələr getməlidir. Baxmayaraq ki, birinci şəxs olaraq gələcək inkişafla bağlı, əlbəttə ki, dövlətin əsas söz sahibinin fikirləri var və bir çox hallarda onlar həlledici olacaq. Onun fikirləri ilə davam etsək, indiyə qədər əsas ideyamız torpaqların işğaldan azad olunması, ərazi bütövlüyü və suverenliyimizin tam bərqərar olması idi ki, artıq buna nail olduq: “..Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır...”.

Göründüyü kimi, Prezident açıq şəkildə bəyan edir ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Başqa sözlə, biz ölkəmizin növbəti 100 illik üçün inkişafını şərtləndirəcək əsas hədəfləri müəyyənləşdirməliyik. Elm adamı kimi məsələn, deyə bilərik ki, hər bir ölkənin uzun müddətə inkişafı üçün müəyyən olunan hədəfləri sırasında elm və təhsil ön yer tutur. Biz indiyə qədər elm və təhsildə rast gəlinən çatışmazlıqlara Qarabağ probleminə görə göz yumurduq, çox qabartmırdıq. İndi artıq bundan sonrakı inkişafımızın əsasında keyfiyyətli elm və təhsilin dayanmasına, necə deyərlər, atacağımız hər bir addımın elmə əsaslandırılmasına çalışmalıyıq. Ələlxüsus hər bir sahə üçün yüksək ixtisaslı kadr hazırlığında kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçməliyik. Məhz bu amili nəzərə alan cənab Prezident gələcək inkişaf prioritetlərinin müəyyən olunmasının müzakirəsi prosesində elm adamlarının, ziyalıların olmasını ayrıca qeyd edir.

Beləliklə, cənab Prezidentin təbirincə desək, bundan sonra da elə istedadlı, vətənpərvər gənclik yetişdirməliyik ki, tarixi uğurlarımızla fəxr etsinlər, amma orada ilişib qalmasınlar, ölkəmizi özlərinin sahib olduqları bilik və intellektual bacarıqla daha da irəli apara bilsinlər.

Əfsun Sucayev,
YAP İdarə Heyətinin üzvü,
k.e.d., professor