12 yanvar 2024 00:12
326

Əli Kərimlinin repertuarındakı uğursuz “boykot” tamaşası

Yaxud xaricdəki ağalarının cızdıqları “yol xəritəsi”nə uyğun hərəkət edən AXCP sədri seçkilərdə iştirakdan niyə boyun qaçırır? 

Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə nəticəsində artıq yeni tarixi mərhələyə qədəm qoyub. Ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Xalq-iqtidar-Ordu birliyi sayəsində tarixi Zəfərə imza atan ölkəmiz yeni mərhələyə yüksələrək daha böyük gələcəyin geniş üfüqlərinə, nəhayətsiz ənginliklərinə doğru addımlamaqdadır. Bu mənada birmənalı demək olar ki, fevralın 7-də respublikamızda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən tarixi reallıqlar mövcuddur.

Ən vacibi odur ki, dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayaraq bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib. Ölkə başçısı qeyd edib ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir.

Təbii ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizin tarixində açılan yeni səhifənin, daha ciddi bir mərhələnin başlanğıcıdır. Artıq seçki prosesinə hazırlıq tamamalanıb. Yanvarın 15-də işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla ölkə miqyasında təbliğat və təşviqat işlərinə start veriləcək. Ən əsası odur ki, yeni tarixi dövrdə respublikamız üçün mühüm əhəmiyyət kəsb edən bu siyasi kampaniya ictimayyətimizdə, seçmək və seçilmək hüququ olan hər bir vətəndaşımızda böyük ruh yüksəkliyi yaradıb.

Bütün bunların fonunda uzun illərdən bəri öz antimilli mövqeləri ilə cəmiyyətdən ayrı düşərək marginallaşan, sosial bazadan mərhum olan AXCP və Müsavat Partiyası öz xəyanətkar xislətlərinə sadiq qalaraq, xaricdəki ağalarından aldıqları tezislərə əməl edərək müxtəlif bəhanələr və əsassız iddialarla seçkiləri boykot etmək yolunu tutdular. Əslində onların bu davranışları heç kimi təəccübləndirmədi. Çünki bu marginallaşmış və bütün dayaqlarını tamamilə itirmiş radikal müxalifət “başbilənləri” xidmət etdikləri xarici anti-Azərbaycan dairələrin cızdığı “yol xəritəsi”nə uyğun olaraq bundan əvvəlki prezident, parlament və bələdiyyə seçkilərində də eyni mövqeyi nümayiş etdiriblər.

Təbii ki, bir siyasi partiya sədrliyindən uğursuz bloger səviyyəsinə enən AXCP sədri Əli Kərimlinin klassik ənənəsinə sadiq qalaraq müxtəlif əsassız iddialarla fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakdan imtina etməsi nəinki cəmiyətimiz, hətta bəzi tərəfdarları tərəfindən ikrah və istehza ilə qarşılanır. Burada çox haqlı sual yaranır: Əgər Ə.Kərimli seçki yolu ilə hakimiyyətə gəlməyi məqbul hesab edirsə, o zaman niyə seçkilərdə iştirak etməkdən boyun qaçırır? 

Sosial şəbəkələrdə, xaricdən maliyyələşən internet TV-lərdə seçkilərlə bağlı bezdirici, məntiqsiz monoloqları ilə cəmiyyəti çaşdırmağa, ictimai rəyi azdırmağa çalışan Ə.Kərimli özünün boykot qərarını əsaslandırmağa çalışsa da heç nəyə nail ola bilmir. Müxalifətçilik adı ilə seçki ərəfəsində ölkədəki siyasi-ictimai məkanı çirkab və mənəviyyatsızlıq bataqlığına çevirmək istəyən bu qaragüruhçu deyir ki, 7 fevral tamaşalaşdırılan hər nədirsə, ancaq seçki deyil. Xaricdəki ağalarından aldığı rolu məharətlə oynayan, rasional düşüncədən və kreativ yanaşmadan məhrum olan Ə.Kərimli daha sonra utanmadan deyir ki, onlar seçkini yox, çox pis hazırlanmış, heç biri inandırıcılığı olmayan seçki adlı ucuz tamaşanı boykot edirlər. Digər yandan da bildirir ki, seçki əvvəlindən axıradək yarışdır, rəqabətdir.  Nə qədər tragikomikdir, deyilmi? Belə yerdə çox haqlı olaraq Ə.Kərimlidən soruşarlar ki, madam seçki bir yarışdır və əgər sən öz gücünə, qabiliyyətinə inanırsansa o zaman niyə seçkilərdə iştirak etməkdən boyun qaçırırsan? Buyur seçkilərdə iştirak et. Türkiyəli qardaşlarımız demişkən, hodri meydan.

Heç kimə sirr deyil ki, bütün bunlar, yəni ikibaşlı danışmaq, özünü cəmiyyətə “mübariz, cəsarətli” bir siyasətçi kimi sırımağa çalışmaq, siyasi gücsüzlüyünü ört-basdır etmək üçün ən çirkin vasitələrə əl atmaq AXCP sədrinin köhnə “taktika”sıdır. O da var ki, ağı qaradan seçməyi çox yaxşı bacaran cəmiyyətimiz artıq belə yalanlara, zəvzəvəliklərə, boş cəfəngiyyatlara heç bir vəchlə inanmır və bütün bunları birmənalı şəkildə rədd edir.

Belə bir söz var: Bütün qalibiyyətlər təsdiqdən, bütün məğlubiyyətlər isə inkardan yaranır. Artıq insanlar, az-çox siyasətlə məşğul olanlar, hətta AXCP sədrinin bəzi tərəfdarları da yaxşı bilirlər ki, psevdodemokrat Ə.Kərimlinin məğlubiyyətinin əsas səbəblərindən biri, bəlkə də birincisi məhz pozuculuq  və inkarçılığıdır.

Zahid Rza, “İki sahil”