12 yanvar 2024 02:57
340

Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır

10 yanvar 2024-cü ildə yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə, beynəlxalq aləmdə baş verən mühüm hadisələr, müasir dövrümüzün aktual məsələləri, hədəfləri barədə açıqlama verən Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq və regional əhəmiyyətindən də bəhs etdi. Məntiqi nəticə isə dəyişilməzdir: Sülh sazişi imzalanmasa Ermənistan yenə dalanda qalacaq və iddiaları üzündən daha çox ziyan görəcək.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı və beynəlxalq əhəmiyyəti ilə seçilən ən mühüm reallıqdan biri də Zəngəzur dəhlizinin bərpası ilə bağlı göstərdiyi qətiyyətdir. Həmin müsahibədə özəl sektorda çalışanlara müraciət edərək Ermənistanın işğalından azad edilən Azərbaycan torpaqlarında aparılan bərpa-quruculuq işlərində yaxından iştirak etməyə, Qarabağa və Şərqi Zəngəzura daha çox investisiya qoymağa çağırdı. «Çünki vaxt gələcək, dediyim o Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa çevriləcəkdir. Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün Baş planları təsdiqləndi. Şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək.»

Vətən müharibəsindən sonra Zəngəzur dəhlizi ilə bağlı danışıqların aktuallaşmasında məqsəd bu dəhliz vasitəsilə 30 ildən artıq Ermənistanın blokadasında qalan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər rayonları ilə illərdən bəri «donan» əlaqəsini, avtomobil və dəmir yollarını bərpa etmək, marşrutun beynəlxalq səviyyədə iqtisadi əhəmiyyətini artırmaqdır.

2021-ci ildə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində «Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır» söyləyən Prezident İlham Əliyevin qətiyyəti sayəsində beynəlxalq əhəmiyyətli bu infrastrukturun bərpası ilə bağlı danışıqlar daha da intensivləşib. Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geostrateji vəziyyət, iqtisadi və mədəni əməkdaşlıq vəd edən, işğaldan azad edilmiş torpaqlarımızın təhlükəsizliyində mühüm rol oynayacaq Zəngəzur dəhlizinin əvvəlki fəaliyyəti, perspektivləri ciddi araşdırılır. Bu infrastrukturun bərpası ilə bölgə dövlətlərinin siyasi, iqtisadi həyatında, qarşılıqlı əməkdaşlıqda əsaslı dönüş yaradacaq hədəflər, alternativ yollar ətraflı müzakirə edilir.

Yerli telekanallara müsahibəsində Tbilisidə keçirilən İpək Yolu Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın guya yeni təşəbbüs kimi irəli sürdüyü «sülhün kəsişməsi», «erməni qovşağı» kimi bayağı «layihə»si ilə bağlı fikirlərini daha inandırıcı, reallıq əsasında açıqlayan Prezident İlham Əliyev bildirdi ki, Ermənistan 10 noyabr üçtərəfli Bəyanatındakı kommunikasiyalarla bağlı müddəanı yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır: «Ona görə bunu pərdələmək, eyni zamanda, «Zəngəzur dəhlizi» sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, «Zəngəzur dəhlizi» sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu «sülh yol kəsişməsi» adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı, digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni, bu, çox ədalətli mövqedir.»

Önəmli məsələlərdən biri də marşrutun keçdiyi ərazilərdə təhlükəsizliyin təminatı ilə bağlı Hayastanın həqiqətə əsaslanmayan sərsəmləmələridir. Bu kimi qərəzli yanaşmaya «Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi. Onu da bildirməliyəm ki, bu şayiələri, belə ucuz şayiələri yayan da Fransadır. Biz dəqiq bilirik ki, hər yerdə danışırdılar və bu gün də yəqin davam edir ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Halbuki bunun heç bir əsası yoxdur, heç bir hazırlıq da getmir və bu gün hazırlığı gizlətmək də mümkün deyil. Çünki hər şey yuxarıdan, peykdən görünür, digər informasiya mənbələri var» sözləri ilə aydınlıq gətirən Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi. Beləliklə, manipulyasiyalarla məşğul olan Ermənistan yenə dalan olaraq qalacaq və iddiaları üzündən daha çox ziyan görəcəklər, İmzalanan bəyanatlarda qeyd olunduğu kimi Azərbaycandan Azərbaycana (Naxçıvana) gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst hərəkət etməlidir. Digər, yəni üçüncü ölkələrə gedən yüklərə görə isə gömrük rüsumları ödənilməlidir. Beynəlxalq səviyyədə tətbiq olunan bu təkliflər daha çox sivil qaydalara əsaslanır. Ermənistanın alternativ olaraq irəli sürdüyü, Fransanın izinin hiss olunduğu «sülh qovşağı”» layihəsi avantüra, sülh danışıqlarına süni yaradılan əngəldir. Hazırda coğrafi iqlim şəraitini nəzərə almaqla tam əminliklə söyləmək olar ki, bölgə üçün ən düzgün variant Azərbaycanın təklifidir. Əgər Zəngəzur dəhlizi bərpa olunmasa Azərbaycan Ermənistanla başqa heç bir yerdə sərhədimizi açmaq fikrində deyil.

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasında da məqsəd bu nəqliyyat vasitəsinin bərpasının tezləşdirilməsidir. Memorandumda qeyd olunduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantısı olan bu dəhliz Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirməklə , bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına təsir göstərəcək. Bu məqsədlə Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Məlumat üçün diqqətə çatdıraq ki, həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Zəngəzur dəhlizinin bərpası tərəfdaş dövlətlərə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, Naxçıvan MR-in blokadadan çıxmasını da təmin edəcək.

Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və rəsmi Kremlə qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin şimal qonşumuzun ərazisindən keçən infrastruktur seqmentinin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommumikasiya bağlantısının mühüm əhəmiyyəti beynəlxalq səviyyədə dəstəklənir. Bu marşrutun böyük perspektivə malik olmasını təsdiqləyən ekspertlərin vurğuladıqları kimi, siyasi , iqtisadi əhəmiyyəti ilə seçilən, bölgə dövlətləri arasında qarşılıqlı əməkdaşlığı gücləndirəcək Zəngəzur dəhlizi ilə bağlı danışıqların aktuallaşması tarixi hadisə, Azərbaycan diplomatiyasının mühüm qələbəsidir. Bu infrastrukturun regional müstəvidəki önəmi isə bir sıra fərqli istiqamət üzrə alternativlik təşkil etməsi, Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun yaranmasıdır. Digər tərəfdən, yeni dəhliz türk dünyası ölkələrinin Türkiyəyə diqqətinin artmasını təmin etməklə, Xəzər dənizində gəmi nəqliyyatının artmasında stimullaşdırıcı faktor rolunu oynayacaq. Zəngəzur dəhlizinin qitələrarası əhəmiyyəti isə bu infrastrukturun Çinin «Bir kəmər, bir yol» layihəsinə qoşulması, son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə alternativliyidir. Belə ki, bu marşrut vasitəsilə Çindən gələn malların Türkiyənin Şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınması təmin olunacaq.
 Başqa sözlə deyilsə , yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi diqqəti cəlb edəcək.

Hazırda Azərbaycan və Ermənistan arasında bu dəhliz ilə bağlı tam razılıq əldə edilməsə də, rəsmi İrəvan 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda qeyd olunan hüquqi, siyasi, iqtisadi, kommunikasiya münasibətlərinin icrasında öz öhdəliklərini yerinə yetirməyə məcbur və məhkumdur.

Qeyri-konstruktiv davranışları ilə bölgədə sabitliyin yaranmasına ən ciddi maneə olan işğalçı Ermənistan anlamalıdır və şübhəsiz, sonda anlayacaq ki, Zəngəzur dəhlizinin açılması bölgə dövləti kimi iqtisadi, siyasi baxımdan ən çox Hayastana xeyir verəcək. Bu dəhliz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin və Orta Dəhlizin əhəmiyyətini artıracaq, bölgədə yaranacaq əməkdaşlıq ilə regionda sabitlik, təhlükəsizlik bərpa ediləcək, münaqişəsiz mühit formalaşacaq.Yəni, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa və Türkiyəyə qarşı qondarma soyqırım iddialarından əl çəkərsə, regional əməkdaşlıqda iştirak və ciddi iqtisadi qazanc əldə edə bilər. Bu səbəbdən də İrəvanın zamanla Zəngəzur dəhlizinin təqdim etdiyi imkanların əhəmiyyətini anlayacağı qaçılmazdır.

Ermənistan rəsmiləri başa düşməlidirlər ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa və təcrübəyə əsaslanan, pozitiv əhval-ruhiyyə yaradacaq təklifi bu ölkənin suverenliyinə təhdid deyil. Üzərinə götürdüyü öhdəlikdən boyun qaçıran, havadarlarının, revanşistlərin vədlərinə aldanan rəsmi İrəvanın əsassız bəhanələr gətirmək imkanları tükənib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyanın «Berliner Zeitung»” qəzetinə müsahibəsində bildirdiyi kimi, hər iki ölkə arasındakı sərhədin demarkasiyası və Zəngəzur dəhlizinin yekun həlli sülh sazişinin imzalanmasının başlıca amilidir: «Dəhliz” termini Ermənistanı qorxutmamalıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur. Bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə də bölməyəcək. Təəssüflər olsun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasında ölkəmə qarşı geniş şər-böhtan kampaniyasının aparıldığını görürük. Gömrük və sərhəd nəzarəti olmayan Zəngəzur dəhlizinə tələbin Orta Dəhlizin reallaşmasını ləngitməsi də mühüm məsələlərdəndir.»

Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında Azərbaycanla həmrəyliyini «Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”!» sözləri ilə ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın” «Naxçıvanı Azərbaycana birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi çevrələrdəki qorxu və əndişələr, mənə görə, yersizdir. Artıq bütün Qarabağın atdığı bu addımlardan sonra belə qorxulara yer yoxdur”», Prezident İlham Əliyevin «Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır»” sözlərinin reallaşacağı günə az qalıb. Ermənistanın baş naziri Nikol Paşinyan bu həqiqəti nə qədər tez anlasa sülh sazişi də qısa müddətdə imzalanar, bölgədə əmin-amanlıq yaranar. Azərbaycanın logistik ehtiyaclarını Ermənistanın şıltaqlıqlarına bağlamaq vaxtı arxada qaldı. Siyasətin «şahmat taxtası»nda sıravi əsgərə belə cavab vermək, onun qarşısında durmaq iqtidarı olmayan Ermənistanın Vətən müharibəsində aldığı və yaddaşında əbədi qalacaq dəmir yumruğun zərbəsinə tab gətirməyəcəyini haylar da bilir, «yan»ları vaya sürükləyən şeytan cildinə girmiş makronlar da.

Cənubi Qafqazda baş verən hadisələri Fransanın, ABŞ-ın qızışdırıcı vədləri ilə anlayan Ermənistanın baş naziri Nikol Paşinyana Prezident İlham Əliyevin sülhə çağırış «Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, «Bir kəmər, bir yol»” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünki Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, hesab edirəm ki, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var» sözlərini bir daha xatırladırıq.

Xuraman İsmayılqızı, «İki sahil»