12 yanvar 2024 02:36
316

Mənəvi deqradasiyanın dibi – Fransa

Hayastan Avropa Parlamentinin, o cümlədən Fransa kimi subyektlərin qərəzli bəyanatları fonunda eyforiyaya qapılmamalı, reallıqlardan uzaqlaşmamalı, özünün qeyri-konstruktiv davranışlarına son qoymalıdır

Qarabağda erməni separatizminin ləğvi və Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra Bakı-İrəvan xəttində münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və nəhayət Cənubi Qafqaza sülhün gəlməsi üçün heç bir maneə qalmayıb. Bundan sonra atılmalı olan addımlar da bəllidir: sərhədin delimitasiyası razılaşdırılmalı və regionda əməkdaşlıq perspektivinin yaranması üçün ən vacib komponent olan kommunikasiya açılmalıdır. Kommunkasiyanın açılması isə Zəngəzur dəhlizinin reallaşmasından keçir. Dəfələrlə deyildiyi kimi, Zəngəzur dəhlizi regionda bütün ölkələrə mühüm iqtisadi dividentlər vəd edir. Belə ki, Rusiya bu dəhliz vasitəsilə həm Ermənistana, həm də Türkiyəyə, oradan da Avropaya çıxışını şaxələndirə bilər; İran dəhliz üzərindən Türkiyəyə çıxışını genişləndirir, eləcə də Fars körfəzindən Avropaya qədər uzanan nəqliyyat xətti əldə edə bilər; Azərbaycan və Türkiyə arasında quru əlaqə, o cümlədən Avropa və Asiya arasında perspektivli körpü yaranar; 30 il davam edən işğal siyasətinə görə regiondakı bütün layihələrdən kənarda qalan Ermənistan “dalan ölkə” olmaqdan çıxar, iqtisadi qazanc əldə edər. Bütün bunların fonunda Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkəsində əsas nöqtələrdən biri olaraq, bu dəhlizdən istifadə edəcək region ölkələrinin önündə geniş iqtisadi perspektivlər açacaq.

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr razılaşması Zəngəzur dəhlizinin açılmasını labüd edir. Üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Lakin rəsmi İrəvan 3 ildən çoxdur ki, bu öhdəlikdən yayınmağa çalışır.

“…Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür”. Bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Ermənistan ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidir. Bu, onların öhdəliyidir: “Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni, bu, çox ədalətli mövqedir”.

Lakin bütün bunlara baxmayaraq, Avropa Parlamentinin, o cümlədən Fransa kimi subyektlərin qərəzli bəyanatları fonunda eyforiyaya qapılan və getdikcə reallıqlardan uzaqlaşan Ermənistan özünün qeyri-konstruktiv davranışlarını davam etdirməkdə və bundan real zəmində zərər görməkdədir. Prezident İlham Əliyevin dediyi kimi, biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq: “Halbuki bu, cəfəng bir ittiham idi. Onu da bildirməliyəm ki, bu şayiələri, belə ucuz şayiələri yayan da Fransadır. Biz dəqiq bilirik ki, hər yerdə danışırdılar və bu gün də yəqin davam edir ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Halbuki bunun heç bir əsası yoxdur, heç bir hazırlıq da getmir və bu gün hazırlığı gizlətmək də mümkün deyil.”

Yeri gəlmişkən onu da qeyd edək ki, dövlət başçısı Fransa ilə bağlı danışarkən Natəvanın heykəlinə qarşı vandalism aktına da toxunub. Bildirib ki, bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir. Yəni, burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var.

Xatırladaq ki, 2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu vəziyyətdən faydalı çıxış yolu kimi qiymətləndirildi. Bu, bird aha sübut etdi ki, prinsipcə Azərbaycan nəinki proseslərdə heç nə itirmir, əksinə İranla ortaq layihə iki qonşu dövlət arasında münasibətlərin inkişafı üçün yaxşı imkan hesab edilir. Bununla eyni zamanda Ermənistana əvəzolunmaz olmadığının mesajı verildi. Nəticə etibarilə Ermənistan Fransanın niyyətlərinə qurban gedərək növbəti dəfə regionun iqtisadi layihələrinə qoşulmaq imkanını əldən vermiş olur və dalan dövlət statusunu qoruyur. Dövlət başçısı İlham Əliyev bununla bağlı bildirib: “Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün inşası başlamışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başlayacağıq.  … Bizim İranla bu yaxınlarda Astaraçay üzərində körpünün açılışı olmuşdur. Nə üçün? Çünki Şimal-Cənub dəhlizində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün o yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq Xanobada və indi Rusiya-Azərbaycan sərhədində iki keçid var, bir idi. İranla da iki keçid var. Yəni, bu, bizim suveren işimizdir”.

Bildirildiyi kimi, Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycan heç bir dövlətin, o cümlədən Ermənistan dövlətinin ərazi bütövlüyünü təhlükə altına atmır, ona qarşı hər hansı iddia irəli sürmür. Əksinə, Azərbaycan özünün həm beynəlxalq hüquqla, həm tarixi məqamlarla, həm də suverenlik hüququ  ilə ərazi bütövlüyünü təmin etmək və Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsi məsələsini yekunlaşdırmaq istəyir. Ona görə də Prezident İlham Əliyev Ermənistan tərəfinə məsləhər görür ki, manipulyasiyalarla məşğul olmasınlar. Onların Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən təklif etdiyi marşrut tamamilə yararsızdır və ilboyu o marşrutdan istifadə etmək mümkün olmayacaq. Çünki orada hava şəraiti də və relyef də çox sərtdir. Ən düzgün variant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. Azərbaycandan Azərbaycana heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, qeyd edilən marşrut açılmasa, Ermənistanla heç bir başqa sərhəd açılmayacaq. Yəni, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir.

Sevinc Azadi, “İki sahil”