11 yanvar 2024 01:15
296

Bərpa-quruculuq işləri iqtisadi inkişafa təkan verəcək

Qələbə diplomatiyasının fəlsəfəsini yazan Prezident İlham Əliyevin «Beləliklə, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur» sözləri reallaşır

Vətən müharibəsində düşmən üzərində qazandığımız Qələbədən sonra belə bir deyim aforizmə çevrildi: Qarabağı qaytarmaq şərəf işi, onu dirçəltmək vətəndaşlıq borcudur. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycan xalqı şərəfini, ləyaqətini qorudu, tarixi nailiyyətə imza atdı. Ermənistanın işğalından azad edilən 300-dən çox şəhər, qəsəbə və kənd quruculuq meydanına çevrildi. Müharibənin davam etdiyi günlərdə əlində avtomat düşmənə öldürücü zərbə vuran xalqımızın mətin övladları indi birlik və həmrəylik göstərərək erməni faşistlərinin torpaqlarımıza vurduqları yaraları alın təri, zəhməti, quruculuq həvəsi ilə sağaldır. Üç il bundan əvvəl top-tüfəng səsindən «vahimələnən» torpaqlarımız doğmalarının nəfəsi ilə canlanır, səxavətini həsrətində olduğu əbədi sakinlərindən əsirgəmir. Vədlərini reallaşdıran, siyasi iradəsini, qətiyyətini mübarizlik silahına çevirən, Qələbə diplomatiyasının fəlsəfəsini yazan Prezident İlham Əliyevin gerçəklikləri əks etdirən, konkretliliyə, konseptual proqramlara əsaslanan çoxşaxəli quruculuq missiyası dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldib.

«Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı»nın təsdiqi ilə yenidənqurma işlərinə başlanılması, Qarabağ və Şərqi Zəngəzur kimi yenidən formalaşan digər iqtisadi rayonların inkişafı üçün prioritet vəzifələrin dəqiqliklə, hədəflərin coğrafi şəraitlər, təbii sərvətlərdən istifadə imkanları nəzərə alınmaqla, əhalinin doğma yurdlarında məskunlaşması üçün sosial-iqtisadi məsələlərin müəyyənləşdirilməsi, mütərəqqi beynəlxalq təcrübələrdən istifadə xarici investorların ölkəmizdə fəaliyyəti üçün də münbit şərait yaradır.

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə «Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər”» mövzusunda keçirilən Beynəlxalq Forumda işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan yeni idarəçilik modelinin səmərəsini diqqətə çatdıran, müxtəlif bölgələrdə yaradılan xüsusi nümayəndələr institutunun səmərəsindən bəhs edən Prezident İlham Əliyev texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühitinin formalaşması üçün nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verdi. «Mövcud şəhər infrastrukturunu nəzərə alaraq, bu addım atılır, çünki coğrafi və mədəni baxımdan Qarabağ, Zəngəzur və Naxçıvan müəyyən dərəcədə eyni bölgəyə aiddir» söyləyən Prezident İlham Əliyev bu layihələrin geniş coğrafiyada həyata keçiriləcəyini, bütünlükdə Azərbaycanın böyük ərazisini əhatə edəcəyini bildirməklə vurğuladı ki, yenidənqurma islahatları iqtisadi inkişafa, məşğulluğa, əmək qüvvəsinin yerdəyişməsinə təkan verəcək. «Qarabağın yenidən qurulmasına gəldikdə, təbii ki, əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik» sözləri ilə bərpa-quruculuq işlərinin dinamik sürətinə mane olan ərazilərin minalardan təmizlənməsini daha vacib amil kimi diqqətə çatdırdı. Qarşıda duran hədəf işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq, Azərbaycanın inkişafına təkan verəcək potensialdan səmərəli istifadə etməkdir.

Böyük Qayıdış strategiyasının ilk addımları kimi Ağdamda, Laçında, Şuşada, Zəngilanda, Füzulidə aparılan layihələndirmə işlərinin uğurlu nəticəsi sayəsində artıq keçmiş köçkünlər mərhələlərlə doğma torpaqlarına qayıdırlar. Daha çox ehtiyac duyulan sosial, iqtisadi obyektlərin yaradılması ilə əhalinin yaşayış tərzinin təmin edilməsi bərpa- quruculuq işlərinin əsas istiqamətləri kimi diqqətdə saxlanılır. Daxili imkanlar, resurslar əsasında erməni vəhşiləri tərəfindən dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulması, müxtəlif sahələri əhatə edən layihələrin icrası üçün dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılması ilə sürətlənən quruculuq işləri davam etdirilir. İşğaldan azad edilmiş Füzulidə, Zəngilanda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Zəfər yolu da daxil olmaqla mühüm əhəmiyyətli 100 min kilometrlərlə hesablanan avtomobil, dəmir yollarının çəkilməsi regionun logistik simasını tamamilə dəyişəcək. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələrin qısa müddət ərzində icrasına, aqrar sahədə işlərin sürətlənməsinə, məktəb, xəstəxana, idman komplekslərinin, mədəniyyət ocaqlarının tiikintisi kimi sosial layihələrə Böyük Qayıdış Proqramının əsas istiqamətləri kimi diqqət yetirilir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel inşa olunacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. İşğaldan azad olunmuş ərazilərdə elektrik təchizatının bərpası ilə ölkənin enerji potensialı artıb. Artıq bir neçə su elektrik stansiyasının açılış mərasimləri keçirilib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq.

Hazırda bütün dünya ictimaiyyətini düşündürən qlobal problem iqlim dəyişikliyi, atmosferin çirklənməsi ilə bağlı gözlənilən risklərin qarşısının alınmasıdır. Birləşmiş Ərəb Əmirliklərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvesiyasının Tərəflər Konfransının 28-cu sessiyasında (COP28) iqlim dəyişikliyinin yaradacağı narahatlıqların, təhlükəsiz həyat naminə risklərin qarşısının alınması üçün yaşıl enerjiyə keçidlə bağlı səslənən təkliflər, rəylər diqqət çəkdi. Bu sahədə ilk addımlarını atan Azərbaycanın təcrübəsi beynəlxalq səviyyədə nümunə göstərildi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvesiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulu isə Prezident İlham Əliyevin əvvəllər söylədiyi «Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır. Məruzə edə biləcəyimiz bir çox məsələlər var. Sovet İttifaqının süqutu ilə Azərbaycanda neft-qaz infrastrukturu tamamilə dağıldı, neft hasilatında kəskin azalma oldu, Bakıətrafı ərazilərdə sanki ekoloji fəlakət baş vermişdi. İndi isə Olimpiya Stadionuna, Su İdmanı Sarayına baxanda onların yerləşdiyi ərazilərdə vəziyyətin əvvəl necə olduğunu təsəvvür etmək çox çətindir. O ərazilərin hamısını neft gölləri basmışdı. Onları təmizləmək üçün çoxlu vəsait xərcləməli olduq və nümayiş etdiririk ki, biz yalnız istehsal etmirik, həm də ərazini təmizləyirik. Qarşıda görüləsi hələ çox işimiz var. Amma bu, məsuliyyətli olmağın yaxşı bir göstəricisidir» sözlərinin reallığı, ölkəmizin yaşıl enerji siyasətinə beynəlxalq səviyyədə dəstəyin ifadəsidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili» elan olunması Azərbaycanın bu sahədəki təcrübəsinin daha geniş miqyasda tətbiqi imkanlarını artıracaq. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, bu sahəni əhatə edən alternativ, bərpaolunan enerji növlərinin artırılması ekosistemə layiqli töhfə olacaq.

Yanvarın 9-da Bakıda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə keçirilən görüşdə iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərini strateji tərəfdaşlığın inkişafına töhfə adlandıran Prezident İlham Əliyev
 çoxşaxəli iqtisadi əlaqələrdə yaşıl enerji sahəsindəki əməkdaşlığın perspektivlərindən də söz açmışdır. Bildirilmişdir ki, keçən ilin oktyabr ayında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı iki qardaş ölkənin birgə əməkdaşlığının təzahürü olmaqla ekosistemin tarazlığına da layiqli töhfədir . İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında BƏƏ-nin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur. Keçən ay Bakıda daha iki önəmli sənəd imzalanmışdır. Onlardan biri - Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondunun yaradılması informasiya-kommunikasiya sektorunun inkişafına da dəstək olacaq. Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın vurğuladığı kimi, səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunda qeyd olunan ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrindəki əlaqələrin möhkəmlənməsi hər iki ölkənin ümumi maraqlarına, xalqların rifahı naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına xidmət edəcək. İki ölkə arasındakı əməkdaşlıq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə də töhfə olacaq.

15 oktyabr 2023-cü ildə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının ucaldılması ilə Böyük Qayıdış Proqramının əhəatə dairəsi daha da genişləndi.

2022-ci ildə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi» mövzusunda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında işğaldan azad edilmiş ərazilərin bərpası perspektivlərindən inamla bəhs edən, «Beləliklə, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Canlarını qurban vermiş gənc nəsil, - müharibə zamanı demək olar ki, üç min nəfəri qurban verdik, - və Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir» söyləyən Prezident İlham Əliyevin bu sözləri reallaşır.

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədəki qərar Azərbaycana beynəlxalq səviyyədə daha bir etimaddır.

Məlumat üçün bildirək ki, BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır. İki ildən sonra ölkəmizdə baş tutacaq tədbirdə Azərbaycanı, xarici ölkələri təmsil edən dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanı əldə edəcəklər. Bu önəmli tədbirin paytaxtımızda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir!

Həmin tədbirdə Azərbaycanın daha möhtəşəm uğurlarından, Qarabağ və Şərqi Zəngəzurun, Laçının, Şuşanın, bütünlükdə Azərbaycanın müasir simasının qonaqlarda xoş təəssürat yaradacağı şəksizdir.

Xuraman İsmayılqızı, «İki sahil»