11 yanvar 2024 01:36
399

İkili standartlara son qoyulacaqmı?

Bəzi dövlətlər Ermənistanın siyasi manipulyasiyalarına uyaraq Azərbaycan haqqında əsası olmayan bəyanatlar verməkdə, arzuolunmaz fikirlər səsləndirməkdə,  hesabatlar təqdim etməkdədirlər. Bu məsələdə bütün dövrlərdə ermənipərəstliyini gizlətməyən, separatçılara daim dəstək verən Fransa ilə yanaşı, tarixi yerli xalqlara qarşı ədalətsizliklər, ayrı-seçkiliklərlə dolu olan Amerika Birləşmiş Ştatları da xüsusilə canfəşanlıq göstərir.

Belə ki, bu günlərdə  ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat yayımlayıb. Hesabatın Azərbaycana aid hissəsində din azadlığı ilə əlaqədar əsassız, reallıqlarla uyğun gəlməyən qərəzli iddialar yer alıb. Amma təcavüzkar Ermənistan bu hesabatda aydan arı, sudan duru təqdim olunub. Daha doğrusu, bu qurum faşizm ideologiyasına əsaslanan, işğalçılıq və təcavüzkarlıq siyasəti yeridən, bu gün də öz təxribatlarından əl çəkməyən  Hayastanın  azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmasına, onların öz yurdlarına qayıtmalarına imkan verməməsinə, monoetnik ölkəyə çevrilməsinə göz yumub. Üstəlik, hesabatda ərazilərimizin işğal dövründə ermənilər tərəfindən məhv edilən 80-dən çox məscidi, qriqorianlaşdırılan Alban kilsələri, Ermənistanda  məhv edilən yüzlərlə müsəlman ibadətgahı haqqında bir cümlə belə əksini tapmayıb. Bir sözlə, hesabatda ABŞ-ın Ermənistana bitib-tükənməyən sevgisi açıq-aydın hiss olunur. 

Şübhəsiz, ölkəmizin “Dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısı”na daxil edilməsi siyasi qərəzin və ikili standartların növbəti nümunəsidir. Halbuki, bir çox amerikalı siyasətçi və elm adamı Azərbaycanın dini tolerantlıq baxımından İslam dünyasında və hətta bütövlükdə dünyada nümunəvi bir ölkə olduğunu, ölkə ərazisində yaşayan bütün etnik qrupların və dinlərin hüquq və azadlıqlarını təmin edildiyini dəfələrlə qeyd edib. Elə bu səbəbdən bütün bunların şahidi olan ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza həmin hesabata sərt reaksiya verib. Bildirib ki,  multikulturalizmi və tolerantlığı özünün ideoloji əsaslarından hesab edən Azərbaycanın həmin siyahıya daxil edilməsi ədalətsizlikdir. Görünən budur ki, ölkəmizin Avropanın enerji təhlükəsizliyində əsas iştirakçı olması, 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri sayəsində regionun ən güclü və diktəedən dövlətinə çevrilməsi, bölgədə yeni reallıqlar yaratması, müstəqil siyasət həyata keçirməsi Fransa kimi, ABŞ-ın da qısqanclığına səbəb olub. Bu mənada həmin hesabatı qısqanclıqdan doğan riyakarlıq adlandırmaq olar.

Dini azlıqların vəziyyətini “təhlil” edən ABŞ Dövlət Departamenti  yaxşı olardı ki, Minnesota ştatınıın Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılmasını, boğularaq öldürülməsini əks etdirən videogörüntüləri bir də nəzərdən keçirsin.  Elə bu fakt ABŞ-da dini azadlıqlara neçə münasibət göstərildiyinin bariz nümunəsidür. Bu gün də ABŞ-da qaradərililərə qarşı təzyiqlər var. Fransada da bununla bağlı yüzlərlə dəlil mövcuddur. Yəni, by ölkələrdə dini azadlıq və insan haqları kobud şəkildə daha çox pozulur. Amma ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı haqqında hesabatında bu məsələlərə də toxunulmur. Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edənlər, bu üzdəniraq hesabatı hazırlayanlar, yaxşı olardı ki, öz diqqətlərini ABŞ da daxil olmaqla, Qərb ölkələrinin bir çoxunda hökm sürən islamafobiya və ksenafobiya hallarına yönəltsinlər. Görünür,  xristian dininə mənsub  olan ölkələrə qarşı iradlar səsləndirmək olmazmış. Yəni, onlara "gözünün üstündə qaşın var" deyilməməlidir.   

Şübhəsiz, Azərbaycan birinci dəfə deyil ki, bir sıra qurumların, eləcə də ABŞ Dövlət Departamentinin  ikili standartlar siyasəti ilə üzləşir. Artıq 30 ildən çoxdur ki, ölkəmiz bu kimi ikili standartları özünəməxsus tərzdə, beynəlxalq hüquq müstəvisində zərərsizləşdirir. Yəni, belə əsassız hesabatları adicə kağız parçaları kimi qəbul edərək, öz dünyəvi siyasətini həyata keçirməkdədir. Bunu ABŞ Dövlət Departamenti də dərk etməlidir. Ona görə də ikili standart­lara, siyasi riyakarlığa son qoymalı,  bu kimi hesabatları  bir kənara tullayıb, Ermənistanla Azərbaycan arasında gözlənilən sülhə öz töhfəsini verməlidir. Bu qurum dərk etməlidir ki, reallıqdan uzaq, həm də eyni sözlərdən ibarət bəyanatlar, hesabatlar  dövrü artıq çoxdan geridə qalıb. Bu gün erməni lobbisinin təkidi ilə dünyaya yalan hesabatları sırımağın heç bir effekti yoxdur. Ən əsası, ABŞ Dövlət Departamenti birdəfəlik başa düşməlidir ki, həqiqəti əks etdirməyən belə hesabatlarla rəsmi Bakıya təzyiq göstərmək müşkül məsələdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”