11 yanvar 2024 01:57
342

Kalininqrad modeli nəzərdən keçirilə bilər… - Zəngəzur dəhlizi

Qlobal, eləcə də regional iqtisadi və strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Qərblə Şərqin, Cənubla Şimalın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, Azərbaycan-Türkiyə əlaqələrinin yüksəlməsinə böyük töhfələr verəcək, türkdilli dövlətlər arasında əməkdaşlığa yeni nəfəs gətirəcək. Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə, Orta Asiyanı Avropa ilə birləşdirəcək, Aralıq dənizindən dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çinə qədər nəhəng bir ərazini əhatə edəcək bu dəhliz regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin təminatına böyük töhfələr verəcək.

Dəhliz həm də Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmiryol şəbəkəsini genişləndirəcək ki, bu da regional ticarətə müsbət təsir göstərəcək. Zəngəzur dəhlizinin reallaşması nəticəsində Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək. Orta Dəhlizin potensialı gündən-günə artır, Zəngəzur dəhlizinin açılması isə onun gələcək inkişafı və genişlənməsində mühüm amil olacaq.

Bu günlərdə qardaş Türkiyə Cümhuriyətinin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizi layihəsi 2028-ci ildə həyata keçirilə bilər. A. Uraloğlu qeyd edib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: “Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”.

Nazir bildirib ki, Ermənistan tərəfi bu məsələyə müsbət baxmasa da artıq baş nazir Nikol Paşinyan da dəhlizin əhəmiyyətini başa düşür və bunun doğru seçim olduğunu bildirir. Türkiyəli nazirin sözlərinə görə, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir: “Bunun üçün İranla Türkiyə arasında müzakirələr gedir. Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq. İnşallah, 2028-ci ildə bütün işləri tamamlayacağıq”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani türkiyəli nazir Əbdülqədir Uraloğlunun Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə reallaşdırılması ehtimalı ilə bağlı açıqlamasına münasibət bildirərkən qeyd edib ki, bu məsələdə Tehranın mövqeyi aydın və dəqiqdir: “Qafqazdakı vəziyyət, sülh və sabitlik, dəhlizlər və tranzit keçidləri ilə bağlı aydın mövqeyimiz var. Tehran sülh və sabitlik naminə regional, eləcə də ticarət, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Həmişə qeyd etmişik ki, ticarət-iqtisadi əməkdaşlığın inkişafı regionda geosiyasi dəyişikliklərə, müxtəlif ölkələrin suverenliyinin və ərazi bütövlüyünün pozulması üçün bəhanə ola bilməz”.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu günlərdə Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət vermək barədə öhdəlik götürüb. Prezidentinin köməkçisi, həmçinin vurğulayıb ki, Azərbaycan malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini gözləyir: “Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq”.

H.Hacıyev bildirib: “Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq...”.

Ekspertlər də qeyd edirlər ki, Azərbaycan Zəngəzur yolunun nəzarətinə iddia etmir, sadəcə istəyir ki, Naxçıvana gedən yüklər nəzarətsiz keçsin. Beynəlxalq təcrübədə belə bir nümunə var. Bu, yuxarıda qeyd edildiyi kimi, Kalininqrad vilayəti ilə Rusiyanı əlaqələndirən dəhlizdir. Həmin dəhlizdən Rusiyadan gedən qatarlar Litva ərazisindən maneəsiz Kalininqrada keçir.  Bu zaman onları gömrükçülər və sərhədçilər yoxlamırlar. Bu rejim Ermənistandan keçən 42 kilometrdə də tətbiq edilə bilər.

Bu gün bölgədə davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün səylərini əsirgəməyən Azərbaycanın Ermənistanla sülhün əldə edilməsi, kommunikasiya xətlərinin açılması, eləcə də Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bütün dünyaya bəllidir. Dövlətimizin başçısı beynəlxalq tədbirlərin mötəbər kürsülərindən bunları dəfələrlə bəyan edib. Təbii ki, Zəngəzur dəhlizi reallaşdıqdan sonra regionun mənzərəsini dəyişəcək, Asiyadan Avropaya qədər geniş bir bir əraziyə rifah, inkişaf gətirəcək. Məhz buna görə də Azərbaycanın beynəlxalq tərəfdaşları bu dəhlizlə bağlı ölkəmizin mövqeyini bölüşür və dəstəkləyirlər.

Zahid Rza, “İki sahil”