11 yanvar 2024 02:58
326

Sülh istəmirsinizsə əlinizə silah alın, “marş” sərhədə!..

Erməni kilsəsi hər zaman olduğu kimi, radikal millətçiliyini və faşizmin təbliğatını davam etdirir. Son zamanlar erməni din xadimlərinin davranışlarını nəzərdən keçirərkən görürük ki, kilsə Ermənistanın qonşuları ilə sülh sazişi imzalanmasını istəmir və dini zəmində xalqlararası qarşıdurmanın yaranmasına çalışır. Qarabağ münaqişəsinin davam etdiyi otuz il ərzində də erməni kilsəsinin mövqeyi daim bu münaqişəni dinlərin toqquşması, xristianların sıxışdırılması və dini zəmində münaqişənin daha da dərinləşdirilməsindən ibarət olub. Erməni din xadimləri hesab edir ki, xristian sivilizasiyasının güclü bir vaxtında Azərbaycan qələbə əldə etməməli idi. Ona görə də hər fürsətdə yenə də dini siyasi vasitə kimi istifadə etməklə Azərbaycanı siyasi şantaja məruz qoymağa çalışırlar.

Baş nazir Nikol Paşinyanın Azərbaycanla hərtərəfli sülh sazişi imzalamağa hazır olduğunu və Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdığını bəyan etməsi də kilsənin qəzəbinə səbəb olub. Onlar açıq-aşkar hücuma keçərək bir sıra tələblər irəli sürməyə başlayıblar. Bu tələblərin başında Paşinyanın istefası dayanır. Müxalifətin tərəfinə keçdiyini bildirən kilsə hakimiyyəti danışıqlar zamanı milli maraqlara xəyanətdə ittiham edir. İqtidar isə buna cavab olaraq din xadimlərini dünyəvi dövlətin idarəçiliyinə müdaxilədə ittiham edir və kilsə əmlakının bir hissəsini vergiyə cəlb etməyi düşünür. Erməni siyasi analitik Tevos Arşakyan İrəvanda Azərbaycanla sülh barədə müəyyən sorğular keçirildiyini və bu sorğularda sülhün əleyhinə səs verənlər arasında diaspor və kilsə nümayəndələrinin də olduğunu vurğulayıb. Bildirib ki, orada əhval-ruhiyyə həmişə döyüşə yönəlikdir: “Bəs 44 günlük müharibə zamanı bu, bizə kömək etdimi? Neçə diaspor nümayəndəsi Ermənistana, Qarabağa döyüşmək üçün gəldi? İndi Ermənistandan minlərlə kilometr aralıda təhlükəsiz olduqları üçün hökumətin sülh proqramına qarşı çıxırlar? Elə isə gəl, özün döyüş, bizi niyə yeni müharibəyə çağırırsan? Sorğu zamanı əldə edilən rəqəmlər özlüyündə heç nə ifadə etmir. Bu rəqəmlər - daha doğrusu, onlara sponsorluq edənlər, arxasında duranlar yeni mitinqlər, etirazlar yaratmaq üçün sadəcə olaraq, bizi çaşdırmağa çalışırlar. Sponsorlar dedikdə, təbii ki, illərdir qanımızı içən keçmiş Qarabağ klanını nəzərdə tuturam. Axı ən əsası odur ki, yeni müharibə olsa belə, ölkəni tərk edib Moskva, Krasnodar, Paris və Los-Ancelesdə gizlənənlər, Levon Köçəryan və ya Mikael Minasyan yox, sadə insanlar döyüşüb həlak olacaqlar. Deməli, sülh istəmirsiniz? Onda əlinizə silah alın və "marş" sərhədə!"

Əslində Paşinyanın hakimiyyətə gəldiyi ilk vaxtlardan Sarqsyan-Koçaryan cütlüyünə yaxınlığı ilə tanınan erməni kilsəsinin rəhbərliyi ilə yola getmədiyi də hər kəsə məlum idi. Zaman keçdikcə Paşinyan hökuməti ilə kilsə arasındakı ziddiyyət daha da dərinləşməkdə davam edir. Belə ki, Ermənistanın müstəqilliyi tarixində ilk dəfə olaraq bütün ermənilərin katolikosunun yeni il müraciəti televiziyada yayımlanmadı. Qeyd edək ki, artıq uzun illər boyu formalaşmış ənənəyə görə, İctimai Televizyada Ermənistan Prezidentinin yeni il müraciətindən öncə erməni katalikosunun çıxışı verilirdi. Lakin bu il Yeni il gecəsi II Qaregin televiziyada görünmədi. Ardınca xəbər verildi ki, Ermənistanın İctimai Televiziyası bütün ermənilərin katolikosunun xalqa Yeni il müraciətini yayımlamaqdan imtina edib. Ancaq sonradan məlum oldu ki, söhbət imtinadan yox, erməni katalikosunun hikkəsindən gedir. Belə ki, İctimai Televiziyanın bu məsələ ilə bağlı açıqlamasında katalikosa imtina edilmədiyi, sadəcə Qarigenin özünün televiziyanın təklif etdiyi vaxtda çıxış etmək istəmədiyi bildirilir. Məsələ ondadır ki, katalikosa həmişəki kimi Ermənistan Prezientindən əvvəl yox, sonra müraciət etmək təklif olunub. Lakin Qarigen bunu özünə və kilsəyə qarşı hörmətsizlik hesab edərək, çıxışdan imtina edib. Hansı ki, Ermənistan Konstitusiyasına görə hakimiyyətin ən ali təmsilçisi prezidentdir və orada ümumiyyətlə, katalikosun hər hansı fövqəladə imtiyazı barədə heç nə yoxdur. İctimai Televiziya da bundan çıxış edərək, ilk növbədə Ermənistan Prezidentinin, daha sonra isə dini rəhbərin çıxış etməsi barədə qərar verib. Bu da əvvəlki hakimiyyətin “bəslədiyi” erməni kilsəsi rəhbərliyini qane etməyib. Təbii ki, burada məsələ reqlamentdə yox, Paşinyanla revanşist, qatı millətçi erməni kilsəsi arasındakı münasibətlərin gərginliyindədir. Belə görünür ki, Paşinyan hər zaman burnunu siyasətə soxmağa çalışan erməni kilsəsi rəhbərliyinə öz yerini göstərməkdə israrlıdır. O da görünür ki, Ermənistan əhalisinin böyük hissəsi Paşinyanın bu mövqeyi ilə razıdır.

Xatırladaq ki, Erməni kilsəsi Rusiyanın Qafqazdakı sadiq müttəfiqi sayılır. Bununla yanaşı, diaspor və Qərbin müəyyən dairələri də kilsə ilə əməkdaşlıq edir. Paşinyanın bu gün qarşısında duran ən böyük əngəllərdən biri də məhz kilsədir. Baş nazir bu “rəqibi”ni neytrallaşdırmaq üçün müxtəlif radikal addımlar atır. Məsələn, məktəb dərsliyindən “Erməni Kilsəsinin Tarixi” fənni çıxarılıb. Hələ 2019-cu ildən “ümumerməni ideyası” ilə bağlı reklam kampaniyalarına start verilib. Çoxsaylı diaspor səfərləri Paşinyanın bu imicinə töhfə verməli idi. Bu kampaniyaya kilsə cəlb edilməyib. Amma bu plan da fiaskoya uğrayıb.

Sevinc Azadi, “İki sahil”