09 yanvar 2024 23:45
383

Niyyəti də siyasəti kimi çirkin

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, bölgədə söz sahibi olması, müstəqil siyasət yürütməsi Fransa rəsmilərinin yuxularını ərşə çəkib. Odur ki, onlar gecə-gündüz hər cür iyrənc üsullardan istifadə edərək ölkəmizi “sancmaq”da davam edirlər. Bu prosesdə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini lap öndə gedir. Hətta o,  Azərbaycan əleyhinə fəaliyyətini özünün həyat tərzinə çevirib desək yanılmarıq. Belə ki, həmin səfir Azərbaycanofob, islamofob tvitlər yazmaqda və açıqlamalar verməkdədir.

Şübhəsiz, Olivye Dekotini bu addımları ilə Azərbaycana qarşı qərəzli mövqe tutan, həmişə təcavüzkar Ermənistanı dəstəkləyən Fransa Prezidenti Emmanuel Makrona olan sadiqliyini nümayiş etdirir. Elə onun yazdığı fikirlər də ölkəsinin, daha doğrusu, Makronun bu mövqeyindən irəli gəlir. Amma bu, bir həqiqətdir ki, indiyədək Fransanın bütün cəhdləri, həmçinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qəbul etdirmək istədiyi qətnamələr  iflasa uğrayıb. Görünür, fransız səfir ölkəsinin, eləcə də Ermənistanın bütün uğursuzluqlarının acığını və qəzəbini düşük tvitlər yazmaqla çıxmağa çalışır. Amma onun da bu niyyəti ürəyində qalacaq. Başqa sözlə desək, Fransanın hansısa diplomatının gülüş do­ğuran tvitləri və digər açıqlamaları Azərbaycanı haqq yolundan çəkindirə bilməyəcək.

Digər tərəfdən, görünür, səfir özünü Ermənistan cəmiyyətinə “qəhrəman” kimi sırımağa çalışır. Bir neçə ay öncə bu səfir Er­mənistanın Vayoçdzor vilayətinə səfərindən sonra özünün “X” platfor­masındakı hesabında belə bir paylaşım etmişdi: “Cermukda olarkən Avropa İttifaqının Ermənistandakı missiyası ilə birlikdə Ermənistanın suve­ren ərazilərinin Azərbaycan tərəfindən davam edən işğalının şahidi oldum”. Halbuki, Azərbaycan indiyədək heç bir ölkənin ərazisini işğal etməyib və belə bir fikrə də düşməyib. Fakt budur ki, hələ də Azərbaycanın 8 yaşayış məntəqəsi Ermənistanın işğalı altındadır. Amma Olivye Dekotini bunu görməzliyə vurur. O, həmçinin Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinə, Hayastanda Azərbaycan xalqının mədəni irsinin, məscidlərin dağıdılmasına, təhqir olunmasına göz yumur. Əlbəttə, bütün bunları Fransa səfiri bilməmiş deyil. Şübhəsiz, etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya, islamofobiya, şarlatanlıq ona bu həqiqətləri dilə gətirməyə imkan vermir.

Üstəlik, bu səfirin əli ilə "xeyriyyə qurumları" adı altında Ermənistanın silahlı qüvvələrinə vəsait də toplanılır. Bu isə Fransanın təcavüzkar ölkəni silahlandırmaqda davam etməsini, revanşistləri müharibəyə sürükəmək niyyətində olduğunu bir daha təsdiqləyir. Bir sözlə, Fransa Cənubi Qafqazda özünün maraqlarının təminatına cavab verə biləcək hərbi-siyasi durum formalaşdırmağa cəhd etməkdədir. Şübhəsiz, sülh danışıqlarının inten­sivləşdiyi, vasitəçisiz birbaşa dialoqun müəyyən nəticələr ver­məyə başladığı indiki dönəmdə  belə bir addım  bölgədə yenidən gərginliyi artırmağa hesablanıb.

Bəli, Cənubi Qafqazda işğal və separatizmə son qoyulmasının maraqları ilə uzlaşmadığını gizlətməyən Makron və onun komandası bu kimi iyrənclikləri ilə yenə də Azərbaycanın yeni reallıqlar yaradığı bölgədə sabitliyi pozmağa cəhdlər göstərir. Halbuki, hazırda  bu kimi səbəblərdən Fransa bir ölkə kimi özünün ən pis dönəmini yaşayır. Hətta ölkədə istehsal sektorunun, sənayenin göstəriciləri sürətlə aşağı düşüb, pensiya islahatı uğursuzluqla nəticələnib, inflyasiya artıb.  Ötən il Afrika qitəsində baş verən hadisələr, fransız diplomatlarının, hərbçilərinin qovulması da Fransanın nüfuzuna kifayət qədər xələl gətirib. Nəticədə Fransanın Afrikada mövqeyi əhəmiyyətli dərəcədə zəifləyib. Ölkə rəhbəri bütün bu uğursuzluqları, daha doğrusu, həm daxili, həm də xarici kursundakı səhvləri kadr dəyişikləri ilə ört-basdır etməyə çalışır. Artıq Emmanuel Makron ölkəmizin ərazisindəki səfirliyində casus şəbəkəsinin ifşasından sonra Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Yeni ilin ilk günlərində isə  Fransanın Baş naziri Elizabet Born istefa verib. İndiyə qədər təhsil naziri vəzifəsində çalışan 34 yaşlı Qabriel Attal Fransanın Baş naziri təyin olunub.

Fransada yüksək vəzifəli digər şəxslərin yeniləri ilə əvəz olunması istisna edilmir. Bu kimi dəyişikliklərlə Makronun  öz siyasi kursunu dəyişmək niyyətində olduğunu düşünmək sadəlövhlük olardı. Görünən budur ki, Makron Olivye Dekotini kimi daha sadiq kadrları ətrafına yığmağa və çirkin niyyətlərini həyata keçirməyə yenidən cəhd edir. Amma, əslində, bu, mümkün deyil, çünki onu düşdüyü vəziyyətdən çıxarmağa elə bir qüvvə yoxdur. Elə bu kimi səbəblərdən ekspertlər Fransanın tənəzzülünün 2024-cü ildə daha da dərinləşəcəyini proqnozlaşdırırlar. Görünən budur ki, Fransanın taleyi Makronu əsla düşündürmür. Yəni, o, bütün bunlardan nəticə çıxarmaq əvə­zinə, yaxın-uzaq ölkələrin, o cümlədən Azərbaycanın daxili işlə­rinə qarışmaqda, təhlükəli avantüralarla məşğul olmaqdadır. Hətta Ermənistanı “kiçik bacı” hesab edən Makron İrəvana hücum silahlarının ötürülməsinə, erməni ordusunun qalıqlarının sürətlə silahlandırılmasına da göstəriş verib. Halbuki, haki­miyyəti illərində Fransanın maraqlarını köklü şəkildə zədələyən,  onu nüfuzdan salan Makronun ölkəsinin daxilindəki problemlərin həlli ilə məşğul olması daha vacibdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”