10 yanvar 2024 00:56
400

Etiraf üçün Əli Kərimliyə siyasi əxlaq lazımdır

Belə bir müdrik söz var: “Zaman hər şeyi həll edir”. Digər yandan da deyirlər ki, zaman hər şeyi həll etməsə də çox şeyi həll edir. Sular durulduqca çox şeylər üzə çıxır, çox mətləblərin üstünə gün işığı düşür. Bəli, sular durulduqca anti-Azərbaycan dairələrin missionerləri, başda AXCP sədri Əli Kərimli olmaqla dağıdıcı müxalifət düşərgəsindəkilərin və xaricdə “siyasi mühacir” adı ilə məskunlaş(dırıl)an Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qənimət Zahid, Arif Məmmədov, Sevinc Osmanqızı Qabil Məmmədov, Beydulla Manafov kimi, türkiyəli qardaşlarımızın təbirincə desək, soyu-sopu bəlli olmayan simasızların iç üzü getdikcə üzə çıxır. Bu üzdəniraq məxluqlar, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində anti-Azərbaycan dairələrin və ermənipərəst şəbəkələrin maliyyəsi və sifarişləri ilə ölkəmizə qarşı apardıqları şər-böhtan, qarayaxma kampaniyasını daha da genişləndiriblər.

Bəri başdan deyək ki, bu xəyanətkar, milli mənlik şüurundan, vətəndaşlıq qürurundan uzaq olan üzdəniraq zümrənin Azərbaycan dövləti əleyhinə apardıqları qara piar kampaniyası, xüsusilə də seçki prosesi ilə əlaqədar manipulyasiyaları heç bir nəticə verməyəcək. Çünki ayrı-ayrı xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən, zombiləşərək köləcəsinə öz Vətəninə düşmən kəsilən belə muzdlu nökərlərin əsl siması ictimaiyyətimizə, hər birimizə çox yaxşı məlumdur.  Burada əsas məqam ondan ibarətdir ki, məlum satqın “bloqqerlər” dəstəsinin və radikal müxalifətin “başbilənlərinin” şübhəli erməni təəssübkeşliyini gizlədə bilməyərək tamamilə açıq şəkildə, cəmiyyətə meydan oxuyacaq bir formada nümayiş etdirmələri xəyanətkarlığın, mənəvi-əxlaqi deqredasiyanın, əxlaqsızlığın və həyasızlığın pik nöqtəsinə çatması ictimaiyyətin bütün təbəqələrinin kəskin etirazı ilə qarşılanır.

Etirazlardan söz düşmüşkən, əvvəlcə “siyasi bioqrafiyası” xəyanət və satqınlıqlarla zəngin olan AXCP sədri Əli Kərimlinin absurd seçki tamaşasından başlayaq. Belə ki, bu partiyanın bir müddət əvvəl keçirilən qurultayında Əli Kərimli bildirmişdi ki, partiyadaxili müzakirələr zamanı seçkilərdə iştirak etməmək barədə qərar veriblər. Paradoks bundadır ki, həmin vaxt Ə.Kərimlinin diktəsi ilə hazırlanan bəyanatın sonuncu abzasında qeyd edilirdi ki, AXCP hakimiyyətə gəlməyin yalnız seçki yolunu məqbul bilir. O zaman belə bir sual ortaya çıxır: Əgər Ə.Kərimli və onun partiyası seçki yolu ilə hakimiyyətə gəlməyi məqbul hesab edirsə, o zaman niyə seçkilərdə iştirak etməkdən boyun qaçırırlar? Bu günlərdə Ə.Kərimlinin əsas təbliğat ruporlarından olan Qənimət Zahidin “Azərbaycan saatı” internet tv-sində pafoslu zəvzəvəlik edən AXCP sədri heç bir siyasi məntiqə sığmayan “arqumentlərlə” fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakdan imtinanın səbəblərini əsaslandırmağa çalışsa da heç nəyə nail ola bilmədi. Çünki hər kəsə aydın oldu ki, “baş cəbhəçi” öz iddialarında səmimi deyil. Hamı anladı ki, heç bir sosial bazası olmayan, bir dəstə qaragüruhçunun sığınacağına çevrilən bu antimilli təşkilatın rəhbəri olan, seçki zamanı özündən qat-qat güclü rəqiblərə məğlub olacağını əvvəlcədən dərk edən Əli Kərimli ictimai rəyi azdırmaq üçün hər cür çirkin vasitəyə əl atır.

Gəlin, bir qədər təfərrüata varaq. Məsələn, AXCP sədri utanmadan, qızarmadan deyir ki, ölkədə seçki mühiti, seçki rəqabəti yoxdur. Təbii ki, bütün bunlar təpədən-dırnağa qədər ağ yalandır. Əslində Ə.Kərimli özü də yaxşı bilir ki, ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı partiyaların rəhbərləri və müstəqil şəxslər fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürüblər. Digər yandan, ölkəmizdə növbədənkənar prezident seçkilərinin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün çox əlverişli demokratik mühit mövcuddur. Xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.

Bütün bunlar mövcud gerçəkliklərdir. Bütün bunlar faktlardır, bizim şahidliyimizlə yaşanan tarixdir. Bu faktların fonunda uzun illərdir ki, bəzi anti-Azərbaycan dairələrlə gizli əməkdaşlıq edən Əli Kərimli və onun kimilərin sosial şəbəkələrdə seçkilər əleyhinə “qara piar” kampaniyası aparmalarının əsl səbəbi, eləcə də bu xəyanətkar marginalların əsl siması cəmiyyətimizə bir daha məlum oldu.

Nəhayət, o da var ki, demokratiyanın və çoxpartiyalı sistemin inkişafında, siyasi mədəniyyətin formalaşmasında mühüm rol oynayan seçkilər bir siyasi yarışdır. Bu şərəfli yarışdan imtina edənlər, müxtəlif bəhanə və təxribatlarla bu imtinaya haqq qazandıranlar isə öz zəifliklərini və gücsüzlüklərini etiraf etməyi bacarmalıdırlar. Təəssüf ki, Əli Kərimli bunu hələ də bacarmır. Bunun üçün böyük iradə və vicdan lazımdır. O da ki AXCP sədrində defitstdir…

Zahid Rza, “İki sahil”