10 yanvar 2024 01:14
324

Demokratik inkişaf strateji kursumuzun əsasıdır

Dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara növbədənkənar prezident seçkilərində iştirak etmək üçün geniş imkanlar yaradılıb

7 fevral ölkəmizdə növbədənkənar prezident seçkiləridir. Hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan seçkilərin demokratikliyinin təmin edilməsi əsas vəzifələrdən biridir. Azərbaycan demtokratik inkişaf sahəsində qazandığı uğurları ilə daim dünyanın diqqətindədir. Ümummilli Lider Heydər Əliyevin «Demokratiya strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz» çağırışı bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, demokratiya yolumuza bələdçilik edir. Bu fikirlərin davamı olaraq isə cənab İlham Əliyev bildirmişdir ki, demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Dövlətimizin başçısı İlham Əliyev bu reallığı hər zaman önə çəkir ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə demokratik inkişafı ilə seçilir, iqtisadi inkişafı aşağı səviyyədədir. Lakin ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyi hərtərəfli inkişafı təmin etməklə yanaşı, Azərbaycanın inkişaf modelinin digər ölkələrə nümunəsində stimulverici amilə çevrilib.

Bir mühüm məqamı da unutmayaq ki, hər bir ölkə iqtisadi əlaqələrin qurulmasında maraqlı olduğu dövlətlərdə ilk olaraq sabitliyə, qanunun aliliyinə diqqət yetirir. Hər iki amil ölkədə demokratik inkişafın nümayişidir. Azərbaycan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qısa müddətdə sabitlik diyarına çevrildi. Bu fikri hər zaman qeyd edirik ki, Azərbaycanın bugünkü inkişafında əhəmiyyəti rol oynayan Ümummilli Liderin müəllifi olduğu neft strategiyası ölkəmizin malik olduğu imkanların, xüsusilə sabitliyə və dayanıqlı inkişafa malik ölkə kimi təqdimatında öz sözünü deyir. Ölkə Prezidenti İlham Əliyev müsahibələrinin birində “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabında bildirmişdir ki, şübhəsiz, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizinə yaxınlaşır. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik: “Hərçənd, əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk.»

Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” söyləyən Prezident İlham Əliyev, eyni zamanda, bu fikri də önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı Sərəncam ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın, bunun davamı olaraq 2011-ci ildə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiqlənməsi və uğurlu icrası, həmçinin İnsan Hüquqları Gününün təsis edilməsi bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətinin əsasında dayanır.

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza bu günə qədər üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri ortaya qoyur. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına xidmət edir. 2009-cu il referendumunda “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək rifah halının təmin edilməsidir. 2016-cı il referendumunda təqdir olunan əlavə və dəyişikliklərdən biri vitse-prezidentlik institutunun yaradılması, eyni zamanda, prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması oldu.

Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi də son 20 ildə diqqətdə olan məsələlər sırasındandır. Ölkəmizdə sağlam siyasi dialoq mühiti mövcuddur. Bu mühüm məqamı da qeyd edək ki, 2019-cu ilin sonlarında ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası islahatlar prosesinin qanunverici orqanda da öz əksini tapması məqsədilə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi və 2020-ci ilin 9 fevral tarixində dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında altıncı çağırış Milli Məclisə seçkilər keçirildi. Milli Məclisin ilk iclasında «Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, ötən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var: «Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır. Deyə bilərəm ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.»

Siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilməsinin mümkünsüzlüyünü bildirən ölkə Prezidenti qeyd etmişdir ki, bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir: «Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.»

Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, bu şöbənin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə mütəmadi görüşləri də bu məqsədə xidmət edir. Hər bir görüş əlaqələrin inkişafına, gündəmə gətirilən məsələlərlə bağlı ümumi mövqenin ortaya qoyulmasına geniş imkanlar açır. 44 günlük müharibə dövründə ölkəmizdə birlik, həmrəylik siyasi partiyaların bir araya gəlib dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşməsində də öz təzahürünü tapdı. 50-dən artıq siyasi partiyasının birlik Bəyanatı bir daha təsdiqlədi ki, ümummilli məsələlərin həllində iqtidar-müxalifət münasibətləri yoxdur, dövlət maraqları hər şeydən üstün tutulmalıdır. Prezident İlham Əliyevin 7 fevral 2024-cü il tarixdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı da siyasi partiyalar tərəfindən böyük dəstək qazandı.

Son illər qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan addımlar diqqətdən kənarda qalmır. Qəbul edilən qanunlar dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilir, həmçinin yeni qanunlar qəbul olunur. Bu sırada yeni «Media haqqında», «Siyasi partiyalar haqqında» qanunları qeyd edə bilərik. Demokratik, hüquqi cəmiyyəti azad mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. «Media haqqında» Qanunun qəbulu özündə mühüm məqamları ehtiva edir. 9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” Qanunun qəbulunu zəruri edən səbəblər və perspektivlər barədə müzakirələr aparıldı, müxtəlif fikirlər səsləndirildi. Ümumi rəy bundan ibarət oldu ki, hər dövrün, zamanın öz tələbləri var. Nəzərə alsaq ki, media hər bir ölkənin inkişaf səviyyəsini, yeniliyə, təkmilləşməyə nə qədər açıq olduğunu göstərir, bu halda məlum olur ki, 1999-cu ildə həmin dövrün reallıqları fonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanunla sonadək addımlamaq mümkünsüz idi. Ölkə Prezidenti İlham Əliyevin çağırışlarında da daim bu məqam xüsusi yer alır ki, Azərbaycan mətbuatı dövrün tələblərini lazımi səviyyədə yerinə yetirməlidir. Ona görə ki, Azərbaycan dövləti daim yeniliyə, təkmilləşməyə maraq göstərir. Bu baxımdan cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında əsas rol oynayan qanunlarımız da dəyişməz olaraq qalmır, vaxtaşırı qanunvericilik aktlarında əlavə və dəyişikliklərin edilməsinə zərurət duyulur və dövrün tələbləri nəzərə alınır. “Kütləvi informasiya vasitələri haqqında” Qanuna ötən 23 ildə 79 dəfə dəyişiklik edilmişdir. Bu müddət ərzində digər sahələr kimi, mətbuatda da çoxsaylı yeniliklər baş verib, müasir çağırışlar ortaya çıxıb. Təbii ki, sözügedən Qanuna edilən əlavə və dəyişikliklər bu çağırışları yüksək səviyyədə cavablandırmaq imkanlarına malik ola bilməzdi. Yeni Qanunun qəbulu məhz bu zərurətdən yarandı. Qalib Azərbaycanın mətbuatı dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşdi, yeniləşdi.

Ölkənin inkişafında əhəmiyyətli rola malik olan siyasi partiyaların, ictimai birliklərin fəaliyyətinin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi də daim dövlətin diqqət mərkəzindədir. «Siyasi partiyalar haqqında» yeni Qanunun qəbulu da bu sıradadır. Yeni Qanun partiyaların fəaliyyətində nəzərəçarpacaq dəyişikliklərin olacağına əminliyi daha da artırır.

Növbədənkənar prezident seçkilərinin keçirilməsi elə bir dövrə təsadüf edir ki, ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesi tamamlanıb. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.

Ümumilikdə ölkəmizdə seçkilərin, ümumxalq səsverməsinin demokratik, azad, beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün imkanlar mövcuddur. 2003-cü ildə qəbul edilən və zamanın tələblərinə uyğun olaraq təkmilləşən Seçki Məcəlləsi seçkilərin demokratikliyini tam təmin edir.

Bu il keçiriləcək növbədənkənar prezident seçkiləri Zəfər seçkiləri kimi dəyərləndirilir. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Mərkəzi Seçki Komissiyasının məlumatında qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərdə məntəqələrimiz artıq qurulub. Həmin məntəqələr səsverməyə tam hazırdır. O da bildirilir ki, ölkədən kənarda yaşayan seçicilərin səsvermə hüququnu təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Qeyd edək ki, bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Seçkilərin bütün mərhələlərinin demokratikliyini təmin etmək üçün bütün zəruri addımlar atılır.

Yeganə Əliyeva, «İki sahil»