10 yanvar 2024 01:57
335

Budurmu Makron hakimiyyətinin Fransanın dəyərlərinə hörməti?..

Rəsmi Parisin Azərbaycana qarşı təxribatları bitib-tükənmək bilmir

Tarixən insan hüquqlarını kobud şəkildə pozmaqdan çəkinməyən Fransa bugünkü siyasətinin kimlərin maraqlarına xidmət etdiyi gün kimi aydındır. Bu siyasət özünü on illər davam etmiş qeyri-konstruktiv vasitəçilik missiyasında, İkinci Qarabağ müharibəsi zamanı və sonra ermənipərəst xətt yürüdülməsində özünü daha aydın şəkildə büruzə verib. 

Rəsmi Paris hazırda Azərbaycana yönəlik siyasətdə artıq bütün hədləri aşıb. Fransanın bəzi şəhərlərində Azərbaycana aid sözlər silinir, heykəllər götürülür. Özünü demokratiyanın beşiyi, dünya mədəniyyətinin mərkəzi sayan bir dövlət heç bir bəşəri dəyərlərə sığmayan addımlar atır.

Utanmaz və usanmaz Fransa hakimiyyəti indi də ölkəmizə qarşı  ekosid  terroru siyasətinə keçib. Söhbət bu ölkənin Evian-le-Ba şəhərindəki “Azərbaycan parkı”na və burada ucaldılan Natəvanın abidəsinə rasist mahiyyət daşıyan münasibətdən gedir. Son günlərdə parka və abidəyə vandal münasibətlə bağlı yeni xəbərlər yayılıb. Verilən məlumata görə, Natəvanın heykəlinin üzərinə qırmızı boya atılıb. Sonradan abidənin mühafizəsi məqsədilə onun üzərinə qoruyucu örtük çəkilib. Evian-le-Ba şəhərindəki “Azərbaycan parkı”na və Natəvanın heykəlinə qarşı belə hörmətsizlik ondan xəbər verir ki, E.Makron hakimiyyəti ölkəmizə qarşı açıq qərəzçilik siyasətini indi də mədəniyyət və incəsənət müstəvisinə transfer edib. Natəvan bir şairədir, özündən sonra şeirlərini yadigar qoyub. “Azərbaycan parkı” isə şəhər sakinlərinin və turistlərin istirahət məkanıdır. Digər bir məqam: Heykəldə Natəvan Fransanın hər halda sözdə böyük önəm verdiyi dəyər əsasında - azad qadın obrazında təqdim olunub. Budurmu E.Makron hakimiyyətinin Fransanın dəyərlərinə hörməti? Fransa bütün dünyada mədəni irsin qorunmasına cavabdeh olmasına, UNESCO kimi beynəlxalq mədəniyyət təşkilatına “qucaq açmasına” baxmayaraq vandalizm, barbarlıq nümayiş etdirir. Bu hörmətsizlik fonunda insan hüquqlarından, mədəni irsin qorunmasından dəm vuran Fransanın həqiqətən də ikiüzlülüyü aydın gorünür. Ən təəccüblüsü odur ki,  bu vandalizm aktına  indiyədək nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan və mənzil qərargahı Fransanın ərazisində yerləşən UNESCO reaksiya verməyib.

Ölkəmizin Evian-le-Ba şəhərində “Azərbaycan parkı”na və Natəvanın heykəlinə qarşı edilən hörmətsizliyə sərt cavabı özünü çox gözlətməyib. Belə ki, 28 dekabr 2023-cü il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yaydı. Təəssüf doğuran haldır ki, məhz Fransanın qərəzli yanaşması səbəbindən xoş niyyətə əsaslanan “qardaşlaşmış şəhərlər” ideyası iflasa uğradı. Bəyanatda oxuyuruq: “Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki, Fransa tərəfi bu məsələni siyasiləşdirmiş, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırmışdır”.

Sənəddə Evian şəhər bələdiyyə şurasının məlum iclasında ölkəmizə qarşı səsləndirilən qərəzli və qeyri-obyektiv fikirləri qətiyyətlə rədd edilib və “Azərbaycan parkı” ilə bağlı qərar birmənalı şəkildə pislənilir. Eyni zamanda, Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan parkı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilib. Həmçinin bildirilib ki,  İsmayıllı şəhər mərkəzi parkı tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın adını daşısın.

Fransanın dünya ictimaiyyətinə süni şəkildə təlqin etdiyi "bərabərlik", "qardaşlıq", "dünyəvilik" şüarlarının əksinə, ölkədə irqi və dini azlıqların problemlərinə məhəl qoyulmaması, daxili siyasətdə onlara qarşı ayrı-seçkilik və təcridetmə, xarici siyasətdə isə "şərq xristianlarının müdafiəsi" bəhanəsi ilə müsəlman çoxluqların yaşadığı ölkələrin hədəfə alınması əslində məhz tarixi müstəmləkəçilik və neokolonializm siyasətinin təzahürləridir. 

Fransa əmin ola bilər ki, Azərbaycanla cari davranışlarına görə çox şey itirəcək. Ən azından Makron Fransasının əsl mahiyyəti olan vandal simasına bütün dünya şahidlik edəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”