10 yanvar 2024 02:58
286

Aşbaxyanın ABŞ-ı...

Və yaxud ermənilərlə pərəstlərin yedəyində gedənlər

Bəli, ABŞ-ın dövlət strukturlarına birə kimi doluşmuş ermənilər bu dövlətin xarici siyasətini belə dəyişdirməyə imkan qazanıblar. Məhz onların diktəsi ilə 1992-ci ildə "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin edilməsi buna sübutdur. Düzdür, düzəlişin müəllifi birbaşa özləri olmasalar da ermənilikdə onlardan betər ermənipərəstlərin "fəaliyyətini" bu gün də unutmuruq. O vaxtdan hayların iblis yuvasına çevirdikləri qurumlar onların yedəyində gedərək Azərbaycana qarşı hədə və təhdidləri üstümüzə dolu kimi yağdırırlar.

Bu fonda ABŞ Dövlət Departamentinin hazırladığı illik hesabatlarda daim Azərbaycanla bağlı iddialar bəsit və qərəzli tərtib edildiyi üçün səs-küyə səbəb olur. Hesabatlarda guya Azərbaycanda insan haqlarının pozulmasına, ikili standartların tətbiqinə, demokratiya ilə bağlı haqsız, qərəzli yanaşmalarının şahidi oluruq. 69 min işçisi olan departamentin əldə etdiyi informasiyalar kəşfiyyat məlumatları və ya ağızdan-ağıza gəzən dedi-qodular kimi xarakterizə olunur. Hesabatın subyektiv və qərəzli məqamları əsasən şəxslərdən qaynaqlanır, yəni, real şəraitlə qətiyyən uyğun gəlmir. Üstəlik, Azərbaycanın rəyi soruşulmur və ağıllarına gələni yazıb müzakirəyə çıxarırlar. Bu isə lap lağlağıya oxşadığından ABŞ kimi bir dövlət üçün utanc və etimadsızlıq  gətirən faktdır.

Konkret olaraq 2023-cü illə bağlı yayılan hesabatda insan hüquqları, dini tolerantlıqla bağlı Azərbaycana qarşı tam ədalətsizlik və saxtakarlıqlar var. Bu hesabatın ölkəmizə aid olan hissəsini erməni əsilli Daniel Aşbaxyan hazırlayıb. Bu, o deməkdir ki, Dövlət Departamenti erməni lobbisinin, bir erməninin əlində alətə çevrilib, ABŞ Aşbaxyanın qurduğu tülkü tələsinə düşüb. ABŞ-ın özü demokratiya və insan haqları, eləcə də vicdan azadlığı sahəsində daim tənqid olunur. Bu ölkədə yerli qaradərililərə qarşı münasibətin dözülməz olması faktını kimsə dana bilməz. İndi Azərbaycana qarşı erməninin müəllifliyi ilə saxta hesabat hazırlamağı ABŞ necə izah edə bilər?  Azərbaycan bütün dünyaya tolerantlıq və dini dözümlülük sahəsində gözəl nümunə göstərdiyi və hamının da bunu təsdiq etdiyi halda bir dılqır erməni ortalığa çıxıb ictimaiyyətə səfeh  fikirlər sırımağa cəhd göstərir. Bu, həm də o deməkdir ki, Danielə meydan verən ABŞ kimi bir dövlət erməni fitnəsinin torunda çabalamaqdadır...

Biz bu cür zərrə qədər əsası olmayan hesabatlara ümumiyyətlə əhəmiyyət verməməliyik. Çünki bu, birinci böhtan və şantaj deyil. ABŞ Dövlət Departamenti tərəfindən illərdir bu cür hesabatlar hazırlanır. Yəni, əslində hələ illər əvvəl Dövlət Departamentində hesabatların hazırlanmasında ermənilər və ermənipərəstlər iştirak edir. Təhriflər, qərəzli münasibət və böhtanlar həm də bundan qaynaqlanır. İnsan hüquq və azadlıqlarından, demokratiyadan, dini etiqad azadlıqları barədə məlumatlar həqiqəti əks etdirməyən boş fərziyələr əsasında hazırlanır.  Amma biz görürük ki, Azərbaycanla Ermənistan arasında sülhün hələ tam bərqərar olmadığı bir dövrdə erməni əsilli insanlara-Daniel Aşbaxyana Azərbaycanla bağlı hesabat hazırlamağın tapşırılmasının özü əvvəldən qərəzin nümayiş etdirilməsidir. Məlumdur ki, ermənilər həmin hesabatın bu hissəsini Azərbaycana bəslədikləri nifrətin təsiri altında hazırlayırlar. İndiyə qədər Dövlət Departamentinin hesabatlarında 28 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın dağıdılan və təhqir edilən  67 məscidi, pirləri, yüzlərlə qəbiristanlıqları və digər müqəddəs yerləri haqqında fikirlər bircə dəfə olsun öz əksini tapmayıb. Qarabağda bir ədəd də olsun xristian abidəsi dağıdılmayıb. Ancaq 67 məscidin ermənilər tərəfindən dağıdılması, yandırılması, salamat qalanlarda isə donuz və mal-qara saxlanması, insanların inanc yerlərinə hörmətsizlik təkzibolunmaz faktlardır. Təəssüf ki, ABŞ Dövlət Departamenti Aşbaxyanın şəxsində bunları görmək istəmir və o cür saxta hesabatlarla Azərbaycana təzyiqlər etmək istəyir.

ABŞ bu cür qərəzli və ermənipərəst mövqeyi ilə Ermənistan-Azərbaycan münasibətlərində tərəfsizliyinə növbəti dəfə ciddi zərbə vurdu. Dediyimiz kimi, 907-ci düzəliş hələ yaddan çıxmayıb. ABŞ o zamandan bəri açıq-aşkar tərəf tutduğunu nümayiş etdirir. ABŞ getdikcə Makronun Fransasına çevrilir. Bununla da Cənubi Qafqazda onun nüfuzu da get-gedə Fransanın nüfuzu səviyyəsinə enməkdədir. Nəhayət, çox güman ki, İkinci Qarabağ müharibəsində olduğu kimi, nə vaxtsa ədalət zəfər çalanda okeanın o tayında da Azərbaycanın haqlı olduğunu qəbul edəcəklər.

Vəli İlyasov, "İki sahil"