10 yanvar 2024 00:11
346

Böyük hədəflərə söykənən Böyük Qayıdış

Ötən illərdə olguğu kimi, 2024-cü ildə də həyata keçiriləcək bütün tədbirlər işğaldan azad edilmiş ərazilərimizin milli iqtisadiyyata sürətli inteqrasiyası, müasir infrastrukturla təmin olunması və layiqli yaşayış şəraitinin, sosial rifahın yaradılması istiqamətində genişmiqyaslı işlərə mühüm töhfə verəcək

Azərbaycan öz torpaqlarını azad etməklə dayanıqlı sülhə, tərəqqiyə əsaslanan, bir çox ölkələrə nümunə olan, irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub. 2030-cu ilədək Azərbaycanın beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışdır. Bu prioritet məsələlərlə bağlı Azərbaycan Respublikasının dövlət büdcəsindən indiyə qədər, təxminən, 11 milyard manat vəsait xərclənib. 2024-cü ilin dövlət büdcəsində məhz 4 milyard manat vəsaitin Qarabağa xərclənməsi nəzərdə tutulur. Bu da işğaldan azad olunmuş ərazilərdən məcburi köçmüş insanların geri qayıdışı ilə bağlı problemlərin həllində maliyyə mənbəyi kimi çıxış edəcək. 2022-2026-cı illər ərzində “Böyük Qayıdış”ın bərpasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilib. Nəzərdə tutulan Dövlət Proqramının həyata keçiriləcəyi təqdirdə 2022-2026-cı illərdə 34 min ailənin, təxminən 140 min insanın Qarabağa qayıdışı təmin edilmiş olacaq. Qeyd edək ki, təkcə 2023-cü ildə 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. Belə ki, Füzuli şəhərinə - 380 ailə, 1392 nəfər, Laçın şəhərinə- 383 ailə, 1475 nəfər, Ağalı kəndinə - 175 ailə, 871 nəfər, Talış kəndinə- 20 ailə, 90 nəfər, Zabux kəndinə - 203 ailə, 783 nəfər köçürülüb. Ümumilikdə indiyədək işğaldan azad edilmiş ərazilərə 1161 ailə, 4611 nəfər köçürülüb. Həmçinin müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Artıq Ağalı, Talış kəndlərində, Füzuli şəhərində, Zabuxda, Laçında həyat bərpa olunub. Prezident İlham Əliyev 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə də keçmiş köçkünlərin, qaçqınların qayıdacaqlarının, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin tam bərpa ediləcəyinin, eyni zamanda il ərzində Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacaqlarının xoş müjdəsini verib.

Xankəndi sakinlərinin bu il öz evlərinə qayıdışına start verilməsi Ermənistandakı revanşist qüvvələrin spekulyasiyalarına da son qoyacaq. İşğaldan azad edilən ərazilərimizdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, obyektlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən xəbər verir. Həyata keçirilən bütün bu tədbirlər işğaldan azad edilmiş ərazilərimizin milli iqtisadiyyata sürətli inteqrasiyası, müasir infrastrukturla təmin olunması və layiqli yaşayış şəraitinin, sosial rifahın yaradılması istiqamətində genişmiqyaslı tədbirlərə mühüm töhfələr verəcək. Bildirmək yerinə düşər ki, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 100 yaşayış məntəqəsindən 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanının ardınca Zəngilanda ikinci hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi isə sürətlə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə indiyədək məktəblər, xəstəxanalar, otellər, konqres mərkəzləri tikilib istifadəyə verilib. 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatdırılıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir.

Görülən genişmiqyaslı fəaliyyətdə ən əsas yerlərdən birini əhalinin rahat yaşaması üçün vacib sayılan müasir kommunal təminatların həyata keçirilməsi tutur. Bölgənin enerji təminatı məsələləri sürətlə həll edilir - yeni 12 su elektrik stansiyası, 12 yarımstansiya istifadəyə verilib. Bir sıra istiqamətlər üzrə isə artıq magistral qaz xətlərinin tikintisi həyata keçirilir.

Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin ev, iş məsələlərinin həlli ilə yanaşı, təhsil almaq hüququnun təmin edilməsinə də ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə müxtəlif təhsil ocaqlarının yaradılması da mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur. 2023-cü il noyabrın 28-də Prezidenti İlham Əliyevin "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalaması bu istiqamətdə atılan ən önəmli addımlardan biri kimi yadda qaldı. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılır. Sənəddə qeyd edilir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, həmin bölgələrin yenidən qurulması, dayanıqlı inkişafı və yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Zəruri tədbirlərdən biri də “Qarabağ Universiteti”nin yaradılmasıdır. Qarabağda yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili azadlığına qovuşmuş ərazilərin iqtisadi potensialı, eləcə də əmək bazarının tələbləri baxımından son dərəcə vacibdir.

Ümumiyyətlə, tarixən Qarabağda elmə, təhsilə xüsusi qayğı göstərilib və bu məsələ daim diqqətdə saxlanılıb. Bu baxımdan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsinin məhz Xankəndidə yaradılması xüsusi önəm daşıyır. Bu addım həm də regionda yüksək ixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir. Qarabağın sürətlə məskunlaşması və yüksək inkişafı baxımından sözügedən universitet önəmli missiya daşıyır və şübhəsiz gələcəkdə perspektivli ali təhsil müəssisələri sırasında yer alacaq. Regionda modern universitet modelinin bənzərsiz nümunəsi olacaq Qarabağ Universiteti bölgədə, eləcə də ölkəmizdə insan kapitalını formalaşdıracaq yeni ali təhsil müəssisəsi kimi həyatımıza daxil olacaq. Qarabağ Universitetində 2024-2025-ci tədris ilində 800-1000 tələbənin təhsil alması planlaşdırılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında deyib. O bildirib ki, bu rəqəmin 2025-2026-cı illərdə 1600-2000, 2026-2027-ci illərdə 2500-3000, 2027-2028-ci illərdə 3500-4000-ə çatması ehtimal olunur. Universitetdə əsas və idarəetmə heyətinin ərazisində daimi 30-40 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Professor və müəllim heyətinin intensiv modullar əsasında səfəri və onlayn qaydada tədrisin təşkili planlaşdırılır. Müəllimlər Şuşa şəhərində və ya Xankəndidə universitetin kampusunda yaşayacaqlar. Universitet 3 korpus, 119 auditoriya, 2 kitabxana, 2 idman zalı, 1 yataqxanadan ibarət olacaq.

Sevinc Azadi, “İki sahil”