09 yanvar 2024 01:16
342

Sülh pəncərəsi açılarsa…

Ermənistan xam xəyallara aludə qapılmamalı, tarixi sülh şansından yararlanmalıdır

Bu il sülh müqaviləsi imzalanacaqmı? Bu sual əslində hər kəsi düşündürür. Suala “hə” cavabını vermək üçün bir sıra nikbin səbəblər mövcuddur. Əvvəla, ölkəmizin suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılmasını,  iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik.  Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməli, Azərbaycanın sülhə və əmin-amanlığa hədəflənən şərtlərinə razı olmalıdır. 

Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və inkişafın təmin olunmasında maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına verdiyi müsahibəsində bir daha vurğulayıb ki, sülh üçün alternativ yoxdur və əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq:”Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin.”

Son dövrlərdə Azərbaycan və Ermənistan arasından normallaşması istiqamətində gedən prosesləri analiz etsək görərik ki, müəyyən irəliləyişlər var. Şübhəsiz, bu, İrəvanın sülhün vacibliyini dərk etməsi ilə xarakterizə olunur. Bu yaxınlarda gerçəkləşən əsirlərin mübadiləsi də qarşılıqlı etimadın mövcudluğu istiqamətində atılan real addımlardandır. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının bu yaxınlarda mümkün olacağını da açıqlamışdı. O, Ermənistanın regionda kommunikasiyaların açılması istiqamətində konkret addımlar atmağa hazır olduğunu demişdi. Normallaşma prosesi üçün əsas amil tərəflər arasında birbaşa, ikitərəfli dialoqların baş tutmasıdır. Ötən günlərdə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın reqlamentini Azərbaycan və Ermənistan hökumətlərinin təsdiqləməsi də sülhə daha bir addım yaxınlaşdığımızdan xəbər verir.

Ermənistan xoş niyyət nümayiş etdirərək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)  ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi bir daha təsdiq edir ki, iki region ölkəsi arasında münasibətlərin normallaşması çox da uzaq deyil.

Son zamanlar isə hər iki tərəfdən sülh sazişinin imzalanması ilə bağlı nikbin fikirlər səsləndirilir. Erməni KİV-ləri xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan da Azərbaycanla sülhün heç vaxt bu qədər yaxın olmadığını bildirib: "Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına kömək edən addımlar atır, İrəvanla Bakı arasında sazişin bağlanması mümkündür".

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  2023-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, bu ilin sonunda müəyyən müsbət nəticələr qazanılıb, dekabr ayında baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri kimi hesab edilə bilər: “Bunun önəmi ondan ibarətdir ki, proses iki ölkə arasında vasitəçi olmadan baş verdi. Razılaşmalar birbaşa təmas nəticəsində əldə edilib.  Noyabrda delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi də müsbət inkişaf kimi qiymətləndirilməlidir. Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. Öz tərəfimizdən təbii ki, legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüquq əsas götürərək üzərimizə düşən müsbət münasibəti göstərməyə davam edəcəyik”.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları beynəlxalq ictimaiyyət də dəstəkləyir. Belə bir mövqe bugünlərdə Şimali Atlantika Alyansı tərəfindən ifadə olunub. NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib ki, Alyans Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səyləri dəstəkləyir. O, bildirib ki, əsas odur ki, Qafqazda sabitlik təkcə bizim Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanın gətirə biləcəyi sabitlik hesabına qorunur.

Göründüyü kimi, bir sıra beynəlxalq aktorlar  Cənubi Qafqazda sülhün təmin olunması üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüsləri ilə çıxış edir. Amma bəzi xarici dairələr də var ki, öz maraqları naminə bölgədə gərginliyin mövcud olmasında maraqlıdır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığı təşviq etdiyi halda, Qərb öz "vasitəçi"liyini irəli sürərək prosesi ləngitməyə çalışır. Xüsusilə Fransa Cənubi Qafqazda sülhün tez bir zamanda bərqərar olmasını Rusiyanın maraqlarına cavab verən proses kimi dəyərləndirir. Rəsmi Parisin davamlı olaraq görüşlərə qatılmaqda qətiyyətli olması ilk vaxtlar müsbət qarşılansa da, sonradan onun əsl niyyəti ortaya çıxdı. Postmüharibə dövründə qarşıya qoyulan əsas məqsəd məhz sülhün əldə olunmasıdır. Buna görə də ölkəmiz digər dövlətlərin müsbət mənada vasitəçi olma istəklərinə maneə törətmirdi. Lakin tədricən bəlli oldu ki, nə Fransa, nə də ümumilikdə Qərb Cənubi Qafqazda sakitlik, əmin-amanlıq istəmir.

Əlbəttə ki, postmüharibə dövrünün reallıqları göstərir ki, Azərbaycan mayası ikili standartlardan, qərəzdən, nifaqdan və ədalətsizlikdən yoğrulmuş belə qüvvələrin hegomonluq iddiasına gəlib udmaq istədiyi Cənubi Qafqaz tikəsini, münaqişə alovlandırmaq arzusunu boğazında qoyacaq.

Ermənistan da tikəsinin boğazında qalmasını istəmirsə sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Rəsmi İrəvan həqiqətən də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə təxribatlardan çəkinməli, əsassız yerə Azərbaycanı ittiham etməməli və beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır. Ən doğru yol isə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməsi olardı.Əks halda Ermənistan həm də yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən yenə də kənarda qalacaq. Bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”