09 yanvar 2024 00:10
291

Fuad Qəhrəmanlının seçki kabusu

Antimillilərin boykot qərarı xalqın onlara güvənməməsinin təzahürüdür

AXCP sədrinin müavini, həm də onun baş trolu hesab edilən Fuad Qəhrəmanlı hər gün daha da simasızlaşaraq xalqı və dövləti aşağılamağa çalışır. Xüsusilə onun sosial şəbəkələrdəki son statuslarında milləti kölə, guya öz azadlığına biganə qalan  kütlə adlandırması isə həyasızlığın pik nöqtəsidir. Onun  7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərinə qarşı apardığı qara piar kampaniyası və böhtanları bir daha göstərir ki, bu adamın dünyagörüşü və dürüstlüyü sıfr səviyyəsindədir. Məsələn, o, statusunda yazır: «AXCP-ni qınayanlar,  bəlkə yanıldığınızı  etiraf edəsiniz? AXCP 7 fevral prezident seçkisi ilə bağlı boykot qərarı verəndə bunun səhv olduğunu deyib partiyaya qarşı əks təbliğat kampaniyasına başlayanlar oldu. Hamının tanıdığı bu adamlar bir ağızdan  «seçkiyə qatılıb mütləq nəsə etmək lazımdır»  deyirdilər. Biz isə növbəti dəfə onlara qatığın ağ olduğunu sübut etməli olurduq və buna baxmayaraq qarşı tərəf də hazırkı şərtlərdə seçkidə iştirak yolu ilə « nəsə etməyin» mümkün olmadığı  həqiqəti ilə heç cür razılaşmaq istəmirdi. İdda olunurdu ki, hətta bu şərtlərdə belə seçkiyə gedib nəsə etmək olar, əgər edilmirsə demək ki, müxalifət ya səhv edir, ya da ki, hansısa müəmmalı səbəbdən özü bunu istəmir.» O, daha sonra yazır ki, cəmiyyətimiz  birmənalı şəkildə bu seçkidən nəsə gözləmir. 

Fuad  Qəhrəmanlı və onun 30 ildən çoxdur müxalifətçiliklə məşğul olan lideri Əli Kərimli seçkini ona görə boykot edirlər ki, zəifdirlər, bu seçkidə də xalqdan dəstək ala bilməyəcəklər. Necə ki, 1993-cü ildən bu yana bütün seçkilərdə hətta ən aşağı seçki baryerini keçə bilməyiblər. Çünki cəmiyyət onların yerini həmişə məhz aşağıda görüb və orada da oturdub.  Onlar hələ də anlamırlar ki, siyasi təşkilatın mübarizə vasitəsi və predmeti məhz seçkilərdir. Əgər seçkidə iştirakdan imtina edilirsə, demək hər hansı siyasi fəaliyyətin səmərəsizliyi bir faktdır.

Təbii ki, Fuad Qəhrəmanlının təmsil olunduğu radikal müxalifət düşərgəsi ümumlikdə cəmiyyətin inkişafı üçün bir maneədir. Çünki çağdaş dünyada hakimiyyət konstruktiv müxalifətin olmasında maraqlıdır. Bu baxımdan müxalifətsiz cəmiyyət inkişafsız cəmiyyətdir . Adətən konstruktiv müxalifət hakimiyyətin qüsurlarını  kənardan aydın görüb onu şərh edir, təkliflər verir, seçkilərdə rəqibinə qarşı bu faktlardan yararlanaraq sivil şəkildə mübarizə aparır. Təbii ki, Azərbaycanda da konstruktiv müxalifətin formalaşması mövcud hakimiyyətin istəyidir. Çünki bu, ölkənin demokratik inkişafı üçün vacib şərtlərdən biridir. Lakin xaricdəki və daxildəki anti-Azərbaycan qüvvələr  ölkəmizdə sivil deyil, dağıdıcı müxalifətin formalaşmasına nail olublar.

Elə ona görə də AXCP sədri Əli Kərimli və onun Fuad Qəhrəmanlı kimi trolları  anti-Azərbaycan fəaliyyətlərində daha da dərinə gedərək xarici ölkələrə mühacirət edərək orada ölkəmiz əleyhinə qara piar kampaniyaları aparanlara müraciət edərək  onları da fəal olmağa səsləyirlər. Onların bu kimi çağırışları, əslində Azərbaycan dövlətinə qarşı tam rəzilliyin nümunəsidir. Həm də elə bir vaxtda ki, ölkəmiz indi işğalçı Ermənistanı dəstəkləyən, islamofobiya və Azərbaycanofobiyalara qarşı qətiyyətlə, təkbaşına mücadilə edir.   Bir sözlə, xaricdəki azərbaycanlıları ölkəmiz əleyhinə qaldırmaq erməni dəyirmanına su tökmək deməkdir.

Bu gün dağıdıcı düşərgənin fəaliyyəti çox iyrənc bir vəziyyətə gəlib çatıb. Yəni, bu partiyalar demokratiyadan dəm vursalar da əslində burada çoxluğun azlıq üzərində diktaturası hökm sürür. Ona görə ki, onların liderləri partiyadaxili demokratik islahatları qəbul etmirlər. Fikir verin, Əli Kərimli 22 ildən çoxdur ki, AXCP sədridir. Bu dövrdə  onun ideologiyasında, siyasi texnologiyalarında, cəmiyyətə sivil baxışlarında   heç bir proqressiv dəyişiklik yoxdur. 

Eyni zamanda bu da biabırçı faktdır ki, heç bir sivil cəmiyyətdə siyasi partiyaya bu qədər uzunmüddətli rəhbərlik etmirlər. Xüsusilə də bütün seçkilərdə məğlub olan partiya sədri dərhal istefa verərək  ya siyasətdən, ya da ki, partiya rəhbərliyindən uzaqlaşmalıdır.

Elçin Zaman, «İki sahil»