09 yanvar 2024 02:15
347

Üç daş arasında: Ermənistanın taleyi bu seçimdən asılı olacaq

Azərbaycanın Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən üç il keçməsinə baxmayaraq    hələ də  dalana dirənən sülh sazişinin imzalanmamasının səbəbləri var.  Səbəblərin  birincisi  Ermənistanın baş naziri Nikol Paşinyanın hələ də məsələyə havadarlarının maraqları baxımından  yanaşmasıdır. İlk mərhələdə  Fransanın Prezidenti Emmanuel Makronun “faragat” komandası ilə  hərəkət edən Paşinyan artıq  ABŞ-ın da  sözlərinə “qulaq asır”. Bu “üçlüyün” öz maraqları naminə birləşməsi ilə sülh sazişinin imzalanması da  ləngiyir.  Vətən müharibəsinin davam etdiyi müddətdə  Ermənistana  silah-sursatla  yardım göstərən  Fransa kimi  ABŞ da  Xankəndidə keçirilən hərbi paraddan sonra   rəsmi İrəvana dəstəklərini açıq-aşkar bildirirlər.

Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqından ibarət beşli formatda keçirilməsi nəzərdə tutulsa da , Azərbaycanın haqlı səbəblərdən  iştirak etmədiyi  Qranada görüşündə bu  seçimi öz maraqları baxımından  şərh edən tərəflər   Ermənistana siyasi, hərbi dəstəklərini  daha da artırırlar. Fransanın  müdafiə  və  xarici işlər nazirlərinin  ermənipərəst bəyanatlarının, bu ölkənin  XİN başçısının Ermənistana səfərinin, rəsmi Parisin Ermənistana Gücüstandan keçməklə silah-sursat ötürülməsinin, Avropa İttifaqı  Şurasının Prezidenti Şarl Mişelin “səmum yeli” kimi dağdan vurub, arandan çıxmaq siyasətinin nəticəsidir ki,  sülh sazişinin imzalanması dalana dirənib.

Forpost Ermənistanın tez-tez mövqe dəyişməsi, bölgədən kənarda yerləşən qüvvələrin müdaxiləsi, danışıqlarda iştirak etmək istəyənlərin, əlləri ciblərində, erməni sevdası başlarında olan dəstəkçilərin sayının  artması, əsassız  bəyanatlarla su bulandırmaları sülh sazişini intizarda qoyub.  Həmin görüşlə bağlı  birmənalı  mövqeyini «Əgər bizə əlverişli deyilsə, yox deməyi bacarırıq» siyasəti əsasında bildirən Azərbaycan bir fikrində də israrlıdır: Sülh sazişi ilə bağlı danışıqlarda  Almaniya ilə Fransanın  iştirakına  qətiyyən imkan verilməməlidir.

 Son günlərdə   Azərbaycanın rəsmi dairələri tərəfindən tez-tez səsləndirilən  « Bu gün sülh sazişinin mətni üzərində  iş birbaşa Bakı  ilə  İrəvan arasında  aparılır» sözlərindən təlaşlanan havadarlar  hiss edirlər ki,  Azərbaycan hazırda təşəbbüsü ciddi şəkildə ələ alıb və üstünlük statusuna malikdir. Ermənistan sülh sazişini imzalamaq istəmirsə   onu gözləyən  tale barədə daha ciddi düşünməlidir. 

Qranada görüşündən sonra Azərbaycanın qətiyyətini daha sərt şəkildə hiss edən  Ermənistan kimi havadarları da   təlaşdadırlar.  Ötən ay  əlverişsiz hava şəraitində guya Ermənistanın sərhədini keçdikləri üçün  rəsmi İrəvanın məhkəməsi tərəfindən uzunmüddətli  həbs cəzasına məhkum edilən iki azərbaycanlı hərbçinin  ölkəmizdə  məhbus həyatı yaşayan  32  erməni ilə dəyişdirilməsi böyük ajiotaj yaratdı.  Çünki  hərbçilərin mübadiləsi  birbaşa  Azərbaycanla Ermənistan arasındakı razılaşmalar əsasında baş tutdu. İlk addım olan  əsir dəyişmələri sülh sazişinin də  Azərbaycanla Ermənistan arasında baş tutacağına müsbət işarədir.           

Sankt-Peterburqda keçirilən MDB liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində Prezident İlham Əliyevlə  Ermənistanın baş naziri Nikol Paşinyanın qısa da olsa «sülh danışıqlarını» müzakirə etmələri, Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvesiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinə öz namizədliyini geri çəkərək Azərbaycanın namizədliyini dəstəkləməsi ikitərəfli görüşün müsbət nəticələnəci barədə ümidləri artırır.

Ermənistanın formatlandıqca   dəyişkən siyasəti havadarlarını da ciddi narahat edir. Rəsmi İrəvan vasitəsilə Cənubi Qafqazda yerləşmək istəyən  ABŞ, Fransa kimi dövlətləri  üz-üzə qoyur. 

Amma hələ də  özünün müstəqil siyasəti olmayan  Ermənistanın rəsmiləri uzaqlardan  verilən vədlərə aldanan Ukraynanın, Suriyanın, Balkan ölkələrinin  təcrübələrindən nəticə çıxarmasının, oyunçuları düzgün seçməsinin vaxtıdır. Bəllidir ki,  tərəddüdlər içərisində qalan  Hayastanın  qəbul edilmiş bəyanatlarda əsas prinsiplərdən olan kommunikasiyaların çəkilməsi və yaxud bərpası ilə bağlı  bəndlərlə razılaşmaması  xarici dövlətlərin Nikol Paşinyana təsir və təzyiqlərinin, verilən şirnikləndirici vədlərin kabusudur. 

Fransanın hələ də  Ermənistanı yeni müharibəyə təhrik etməsi,  ABŞ Dövlət Departamentinin dünya ölkələrində  dini azlıqların vəziyyəti ilə bağlı yaydığı illik hesabatında Azərbaycana qarşı ədalətsiz mövqeyi    ikili standartlarının iyrənc formasıdır. Ötən aylarda   Vaşinqtonda    təşkil olunan Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin görüşlərində  hər iki ölkə rəsmilərinin qarşılıqlı olaraq dövlət sərhədlərinin  tanımaları ilə bağlı  açıqlamalarını dəstəkləyən ABŞ dövlət katibi  Antoni Blinkenin “təşəbbüsü” ilə  Azərbaycanın adının din azadlığı ilə bağlı  qondarma siyahıya salınması  özünü  “demokratiyanın” mərkəzi adlandıran Birləşmiş Ştatların sadiq qaldığı kənardan idarə etdiyi  «oyunçu aparsın» siyasətinin növbəti təzahürüdür.      ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın  Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycanla bağlı  səsləndirdiyi birtərəfli və qərəzli fikirlər də bu qəbildən olan əsassız ittihamlardandır. Çünki ABŞ kimi Fransa da, Almaniya da  gözlərini yumaraq  ağ rəngi  görməyib   qaranı seçməkdə mahirdirlər.

Fransanın  «hələ müharibə bitməyib» çağırışı da əsassız fərziyədir. Çünki ATƏT-in Minsk qrupunun  keçmiş həmsədri, BMT Təhlükəsizlik Şurası səviyyəsində iflasa uğrayan  Fransanın «Frankofoniya klubu»  cəhdinin uğursuzluqla nəticələnməsi Makronun üçün  qulağanda sırğa olacaq «Azərbaycan dərsi»dir.

 Artıq tarixin arxivinə atılmışı «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı mövqeyini  «nə hərb, nə sülh» siyasətinə uyğun, yəni dondurulmuş halda saxlanılmasının tərəfdarı olan    Fransanın Senatı və Milli Assambleyası anti-Azərbaycan mövqeyindən hələ də əl çəkmir. Vətən müharibəsində qazandığı Qələbə ilə  Fransa da daxil olmaqla Qərbin və ABŞ-ın  Cənubi Qafqaz planlarını  alt-üst edən Azərbaycanın dünyada möhkəmlənən mövqeyi  Ermənistanı, havadarlarını alternativ yollara əl atmağa məcbur edir. Saxta bəyanatlarla, hesabatlarla  rəsmi Bakıya qarşı kampaniya aparan, eyni mənbədən  maliyyələşən dairələrin  cəhdləri də  uğursuzluqla nəticələnir. Azərbaycanı ittiham etməkdə israrlı olan Fransanın Ermənistanın revanşistlərini, separatçılarını yeni müharibəyə şirnikləndirməsi  gedən qatarın dalınca baxmaq üzüntüsüdür.
Rəsmi Parisin XXI əsrdə  kolonializm siyasətini Cənubi Qaqazda  davam etdirmək niyyəti ən azından tarixin ironiyasıdır.  Çünki  kolonializm tarixində  törədilən  ən dəhşətli qırğınların müəllifi Fransadan fərqli olaraq Azərbaycanın multikultural dəyərlərə sadiqliyi,  humanitar siyasəti, beynəlxalq hüquqa hörməti bütün dünya  dövlətləri tərəfindən dəstəklənir.   Hayastanın havadarlarına niyyətlərinin heç zaman baş tutmayacağını «Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!» sözləri ilə bildirən  Prezident İlham Əliyevin “dəmir yumruq” siyasəti daha güclü, real və əbədidir.

Doğrudan da yetər!  Ən  güclülərin belə zamanın  hökmünə boyun əydiyini , reallıqla  razılaşmağa məcbur olduqlarını əks etdirən  faktlar tarixin səhifələrində  istənilən qədərdir. Hazırda Nikol  dəyişkən siyasətini formalaşdıracaq seçim qarşısındadır: Rusiyanın şineli, Fransanın frakı, yoxsa Amerikanın kovboyu?

Xuraman İsmayılqızı, “İki sahil”