07 yanvar 2024 22:56
451

Mehdi Sübhani öz ampluasındadır...

İran minlərlə günahsız insanın ölümünə bais olmuş, Xocalı soyqırımı kimi dəhşətli qətliam törətmiş və bu siyasətində xristian birliyinin köməyinə arxalanmış təcavüzkar Ermənistanı dəstəkləməkdə davam edir. Hətta ötən ilin sonlarında İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani bildirib ki, Qarabağı tərk etmiş erməniəsilli şəxslərin öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Halbuki, əsrlərdir İranda yaşayan milyonlarla soydaşımız bu günədək öz ana dillərində təhsil ala bilmir.  Amma 200  minə yaxın erməni üçün İranda 50-dən çox məktəb fəaliyyət göstərir. Sual olunur: Ermənilərə yaradılan bu şərait niyə orada yaşayan 35 milyon azərbaycanlıya şamil edilmir? Elə bu səbəblərdən İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Ümumiyyətlə, rəsmi İran oradakı soydaşlarımıza  digərlərinə nisbətən normal münasibət sərgiləmir. Üstəlik, Ermənistan bu il Təbrizdə Baş konsulluq açmaq niyyətindədir. Ermənistan konsulluğunun məhz Təbrizdə açılması istəyinin İrəvandan daha çox Tehranın istəyi olduğu şəksizdir. Ermənistan konsulluğunun məhz bu Azərbaycan şəhərində açılmasının konsulluq xidmətləri ilə əlaqəsinin olmadığı və birbaşa siyasi məqsədlərə hesablandığı açıq-aydın görünür. Axı, azərbaycanlılara məxsus bu şəhərdə cəmi minə yaxın erməni yaşayır. Şübhəsiz, bütün bunlar rəsmi Tehranın Azərbaycana qarşı tutduğu mövqedən irəli gəlir.  Belə olan təqdirdə guya rəsmi Bakı tərəfindən erməniəsilli şəxslərin hüquqlarının pozulmasından söz açmaq absurd deyilmi? Şübhəsiz, səfirin belə fikir səsləndirməsi onun ermənipərəst xislətindən, ermənidən betər olmasından irəli gəlir.

Mehdi Sübhani bu il yanvar ayının 3-də ölkəmizə qarşı daha bir qərəzli fikir səsləndirib. Belə ki, Zəngəzur dəhlizindən söz açan səfir deyib: “Mövqeyimiz dəyişməyib: biz sərhədlərin dəyişdirilməsinin, regionda geosiyasi dəyişikliklərin əleyhinəyik. Sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xəttdir. Bu, İranın ən yüksək hakimiyyət orqanları səviyyəsində elan edilib və heç kim bundan yayına bilməz”. Onun sözlərinə görə, başqa ölkənin ərazisində eksterritorial dəhliz yaratmağın mənası yoxdur: “Hesab edirəm ki, Ermənistan ərazisində eksterritorial dəhliz məsələsinin qaldırılmasının beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə heç bir aidiyyəti yoxdur. Ermənistanın baş nazirinin “Dünyanın kəsişməsi” proqramında qeyd edildiyi kimi, Ermənistan ərazisində istənilən ərazi əlaqəsi bu ölkənin milli suverenliyi altında fəaliyyət göstərməlidir. Ermənistan ərazisində eksterritorial dəhlizdən danışan dövlətlər öz ərazilərində də eyni dəhlizləri yaratmağa hazırdırlarmı? Məncə, xeyr. Ona görə də özləri üçün istəmədiklərini başqaları üçün istəməməlidirlər”.

Bəri başdan bildirək ki, səfirin guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyi fikrini səsləndirməsi əsassızdır. Yəqin o, bilməmiş deyil ki,  10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistanın “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması” üzrə öhdəliyi mövcuddur. Bu mənada həmin dəhlizin yaradılması qanunidir.  Digər tərəfdən, Mehdi Sübhani hələ də basa düşmür, yaxud başa düşmək istəmir ki, “eksterritoriallıq” sözünün bu məsələyə əsla aidiyyatı yoxdur. Heç  üçtərəfli Bəyanatın mətnində “eksterritorial” sözü də yoxdur. Elə bu səbəbdən həmin ifadəni işlətməklə Zəngəzurun  mahiyyətini başqa cür yozmaq yolverilməzdir. Siyasətçilərin fikrincə, eksterritorial ərazilərə yalnız BMT-nin və NATO-nun mənzil-qərargahları və müəssisələri, ABŞ-ın Quantanamodakı hərbi bazası, xarici ölkələrin limanlarındakı hərbi gəmilər və digər ölkələrin hava limanlarındakı hərbi təyyarələr aiddir (amma mülki təyyarələr buraya aid deyil).  

O ki qaldı onun “dəhliz yaratmağın mənası yoxdur” fikrinə, şübhəsiz, sözügedən dəhlizin  mahiyyətini Mehdi Sübhani kimi ermənipərəstlər dərk edə bilməzlər. Kimi bilir bəlkə də dərk edir, amma yuxarıda qeyd etdiyimiz kimi ermənipərəstliyi onu həmişə fikirlərindən yayındırır. Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq yerinə düşərdi: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir”.

Bu isə o deməkdir ki, Müzəffər Ali Baş Komandan kimi Qarabağ münaqişəsini həm hərbi, həm də diplomatik bacarığı ilə həll edən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını da reallığa çevirəcək.  Bu da hər zaman dediyini həyata keçirən Prezident İlham Əliyevin növbəti nida işarəsi olacaq.  Şübhəsiz, bu “nida” Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verməklə yanaşı,  xalqımızın  tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən dinc vasitələrlə qayıdışını da təmin edəcək.

Qvami Rəsulov, “İki sahil”