08 yanvar 2024 00:35
267

Müxtəlif dinlərə məxsus vətəndaşların birgə yaşadığı tolerant ölkə

Avropada sığınacaq tapmış müsəlmanların uşaqlarını zorla əllərindən alıb xristianlaşdıran «qanunlardan», insanlığa sığmayan «hüquqlardan», dağıdılan məscidlərdən bəhs edilməyən ABŞ Dövlət Departamentinin məkrli «hesabat»ı Azərbaycan demokratiyasına qara pərdə arxasından baxmaq istəyindən başqa bir şey deyildir

Bu günlərdə yayılan ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatını Birləşmiş Ştatların ermənilərə Yeni il hədiyyəsi adlandırmaq daha doğru olardı. Belə yerdə deyiblər ki, ilanın ağına da lənət, qarasına da. Azərbaycana qarşı qərəzli, məkrli yanaşmanın daha bir təzahürü olan, həqiqətə uyğun olmayan, erməni mənbələrinə istinadən hazırlanan uydurma hesabat müstəqillik əldə etdiyi ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yoluna üstünlük verərək dünya birliyinə inteqrasiya edən Azərbaycana münasibətdə ikili standartların ən çirkin nümunəsidir. Sivilizasiyalararası dialoq mərkəzi, qitələri birləşdirən körpü , multikulturalizm məkanı, siyasi , iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu platforma kimi tanınan, tolerant Azərbaycanın təcrübəsinin öyrənilib yayılmasını demokratiyanın inkişafı kimi dəyərləndirən beynəlxalq ekspertlərin «Azərbaycanda tolerantlıq ideya yox, gerçəklikdir. Azərbaycan hər mənada çox zəngin ölkədir və öz tolerantlıq modeli ilə fəxr edə bilər» sözlərinin əksinə ölkəmizə qarşı kampaniya xarakterli qarayaxmalar bəşəri dəyərlər anlayışına da zərbədir.

Xatırladaq ki, dünyada söz sahibi kimi tanınan, qlobal enerji, nəqliyyat layihələrinin müəllifi kimi maraq doğuran ölkəmizə qarşı amerikasayaq «demokratiya» dəyərləndirilməsi ilk hadisə deyil. Respublikamızda keçirilən Birinci Avropa, IV İslam Həmrəyliyi Oyunları, «Eurovision-2012» mahnı müsabiqəsi ərəfələrində və bu beynəlxalq tədbirlərin davam etdiyi zamanlarda da ölkəmizə qarşı təxribat kampaniyalarının şahidi olmuşuq. Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmiri onu göstərir ki, Azərbaycanın xarici siyasətində dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsi diqqət mərkəzindədir. Azərbaycanda keçirilən Dünya Dini Liderlərinin sammitlərində ölkəmizdəki tolerantlıqla bağlı xoş sözlər deyilib.

Bir həqiqət dəyişilməzdir ki, qarayaxma kampaniyasının rəngləri tündləşdiyi kimi müxtəlif bəhanələrlə Azərbaycana qarşı mənfur niyyətlərini davam etdirən ermənipərəst dairələrin təxribatlarının forma və məzmunu, əməlləri bir o qədər çirkinləşir. ABŞ-ın, Qərbin başqa dövlətlərə, xüsusilə müsəlman ölkələrinə qarşı demokratiya anlayışına münasibəti «yumşaq güc»dən istifadə metodundan başqa bir şey deyildir. İnkişaf etmiş dövlətlərə qarşı bu cür məkrli yanaşmanın əsas məqsədi müxtəlif bölgələrdə formalaşdırdıqları «beşinci kolon»”lar vasitəsilə « əmrə itaət etməyən» ölkələrdə daxili sabitliyi pozmaq, xarici siyasətlərini öz maraqlarına uyğun idarə və dövlətləri milli maraqlarına zidd güzəştlərə məcbur etməkdir. Bu zaman «rəngli inqilab»lar, «demokratiya proqramları» ” istənilən regionda təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilir və müstəsna olaraq ABŞ-ı qane etməyən hökumətləri onun nəzarəti altında olan rejimlərlə əvəz etmək zərurəti yaranır. «Na­rın­cı in­qi­lab­lar» və «xalq üs­yan­la­rı» siyasəti həyata keçirilir. Belə cəhdlər eyni mənbədən idarə edilməklə «bir qütblü» dünya həvəsində olanların məqsədlərinin gerçəkləşməsi naminə qərəzli maraqları da uzlaşdırır. ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, «Human Rights Watch», «Freedom House», «Amnestiy İnternational» kimi beynəlxalq təşkilatlardan istifadə etməklə gerçəkləşdirilir. Dövlət Departamenti demokratiyanın yayılması üzrə əsas təşkilat olan USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) üçün pul ayırır. USAID də öz növbəsində «rəngli inqilablar»ın aparıcı qüvvəsi olan NED (Milli Demokratiya Fondu), İRİ (Beynəlxalq Respublika İnstitutu) və NDİ (Milli Demokratiya İnstitutu) kimi təşkilatları maliyyələşdirir. Bundan əlavə, USAID yerli QHT-lərə və xarici təşkilatların Azərbaycandakı digər nümayəndəliklərinə birbaşa vəsait ayırır. Qərbdən qaynaqlanan belə «demokratiya»nın pərdəarxası , iç üzü hər kəsə bəllidir. Ən çox siyasi kampaniyalar, əlamətdar hadisələr zamanı işə yarayan « demokratiya axtarışı» daha təhlükəli fəsadlar törədir. O dövlətlər belə ədalətsiz sınaqlara varlığı ilə cavab verir ki, orada xalq-iqtidar birliyi möhkəmdir, insanların mövcud hakimiyyətə inamı mütləqdir, intellekt cəmiyyət formalaşıb, milli maraqları dəstəkləyənlər şəxsi ambisiyalarına yenilənlərlə müqayisədə qat-qat çoxluq təşkil edir. Azərbaycanda gələn ayın 7-də keçiriləcək prezident seçkiləri ərəfəsində açıqlanan «hesabat»ın məram və məqsədi aydındır. Necə deyərlər, həmin dalğa, həmin koordinat. Amma Dövlət Departamentində də aydın başa düşürlər ki, Azərbaycan xalqı Qərbin və ABŞ-ın dəstəklədikləri Ermənistan üzərindəki zəfərləri ilə koordinatların və zərərli dalğaların qarşısına qırmızı sədd çəkib .

İllərdən bəri irqi ayrı-seçkiliyin yaşandığı bu ölkənin aborigen sakinləri qaradərililərə qarşı amansız polis rəftarının hökm sürdüyü ABŞ Dövlət Departamentinin ölkələrində milli zəmində baş verən Ferqyusen, Baltimor hadisələrini, 25 yaşlı Freddi Qreyin, Missuri ştatının Sent Luis şəhərində 23 yaşlı qaradərilinin, Oklahoma ştatının Tulsa şəhərində 44 yaşlı Erik Harrisin qətllərini, Quantanamo həbsxanasında saxlanılan məhbuslara insan ağlına gəlməyən işgəncələri unudaraq başqa ölkələrdə «dini azadlıqlar» axtarışına çıxması gülüncdür.

Birləşmiş Ştatların Dövlət Departamenti kimi digər təşkilatların bəyanatlarında insan hüquqlarının qorunması istiqamətində Azərbaycanda aparılan islahatlar, multikultural dəyərlərə sadiqlik qərəzli şəkildə diqqətdən kənarda saxlanılır.

ABŞ Dövlət Departamenti hədəfləri əvvəlcədən planlaşdırır, sonra isə özünə yaxın QHT-lər vasitəsi ilə öz məqsədləri naminə həyata keçirir. Departamentin «demokratiya nəzəriyyəçi»lərinə bir məqamı da xatırlatmaq yerinə düşər ki, regionda və dünyada qarşılıqlı əməkdaşlıq, etimad prinsiplərinə hörmətlə yanaşan Azərbaycan təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ancaq dostluq, əməkdaşlıq naminə çağırışların müəllifi kimi dəstəklənir və beynəlxalq səviyyədə xeyirxah təşəbbüslərə ilk qoşulan ölkələrdəndir.

Adı çəkilən «hesabat»da ölkəmizlə bağlı antidemokratik yanaşmanın hədəfi də, məqsəd də aydındır: Dünya ictimaiyyətində Azərbaycan haqqında qeyri-obyektiv ictimai rəy formalaşdırmaq.

Departamentin «hesabat»ının Azərbaycana aid hissəsinin dövlət komissiyasının rəhbəri, Livan ermənisi, Amerika Erməni Assambleyasının rəsmilərindən olan Daniella Aşbaxyana « «həvalə edilməsi» torbada pişiyin gizlədilməsi məsəlinin bənzəridir. Halbuki, «Foreign influence laws»”ın qənaətincə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində işləyərək digər dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirakı qeyri-qanunidir.

Amma öz maraqları naminə bütün beynəlxalq qanunların tələblərini, şərtlərini heçə sayan Ağ Ev üçün etnik erməni lobbisinin və diasporunun istəkləri bütün etik, hüquqi qaydalardan üstündür. Ermənistanın və artıq gorbagor olmuş Qarabağ separatçılarının maraqlarını qorumaqla məşğul olan ABŞ Konqresi və Nümayəndələr Palatasında , Senatın Xarici Əlaqələr Komitəsində keçirilən çoxsaylı dinləmələrdə də ölkəmizə qarşı tətbiq edilən ikili standartlar deyilənlərə əyani sübutdur. Ümumiyyətlə, ABŞ Dövlət Departamentinin hesabatında qeyri-obyektivliyə dəlalət edən faktlar kifayət qədərdir. Əvvəllər dünyanın hər yerindən dəvət olunan rəsmilərin, dini liderlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən sammitlərdən sonra ABŞ Dövlət Departamenti gizli məqsədlərini pərdələmək, guya dünyanın din və vicdan azadlığına hörmət və dini azlıqların müdafiəsini təşviq etmək məqsədilə

Beynəlxalq Dini Azadlıq Alyansının (The International Religious Freedom Alliance -IRF Alliance) yaratdığını elan etdi. Amma həqiqət budur ki, Birləşmiş Ştatlarda dini və etnik zəmində törədilən qətllərin sayı artmaqdadır.

Belə təsəvvür yaranır ki, dini azadlıqların qorunması ilə bağlı rəsmi Vaşinqtonun «səyləri, kriteriyaları» Birləşmiş Ştatlar üçün deyil, başqa ölkələr üçün nəzərdə tutulub. Bu faktı statistik rəqəmlər də təsdiq edir. FTB-nin hesabatına görə, 2021-ci ildə nifrət cinayətlərinin əksəriyyəti etnik mənsubiyyət və ya mənşəyə görə qərəzlilik səbəbindən törədilib.

Qətllərin yarıdan çoxu isə antisemitizm və islamofob təzahürlüdür. Çünki ABŞ-da müsəlmanlara və digər dini icmalara, habelə qaradərililərə qarşı dözümsüzlük halları bütün dünya ictimaiyyətinə bəllidir. Məlumatlarda qeyd olunduğu kimi, 2021-ci ildə ABŞ-də dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. 2022-ci ildə 6.720 müsəlman dini ksenofobiyaya məruz qalıb. İnsanlığa qarşı nifrətin ifadəsi olan bu kimi faktların Dövlət Departamentinin «diqqətindən yayınması» gəlin sındıran qabın çıxmayan səsinə bənzəyir.

Dini azadlığa hörmət və dini azlıqların müdafiəsi «tədbirləri»” çərçivəsində 9 ölkədən 68 fiziki və hüquqi şəxsi korrupsiya və insan haqlarının pozulmasına görə «hesabat»ın sanksiyalar siyahısına bir nəfər də olsun ABŞ vətəndaşının adının salınmaması da deyilənləri təsdiqləyir. Yəni, Ermənistan «dəyənəyi»ndən Azərbaycana qarşı təxribat, təzyiq kampaniyasının məqsədləri bəllidir. Dini azadlıqların pozulması ilə bağlı «hesabat»ın «qara siyahısı»na Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan kimi müsəlman ölkələrinin adlarının salınması da rəsmi Vaşinqtonun islamofob siyasətinin göstəricisidir.

Gəncləri müharibəyə çağıran, əlində avtomat tutmuş erməni keşişin sosial şəbəkələrdə yayılan şəklini «görməyən», İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağını yandıran, polis tərəfindən saxlanılsa da qısa müddətdə sərbəst buraxılan Aram Nikolyanın «Mənim yeganə arzum Ermənistan Respublikasının paytaxtı İrəvanda Azərbaycan Bayrağının dalğalanmamasını təmin etmək idi. Mənim bunu etməməli olduğumu düşünənlər varsa, evlərində Azərbaycan Bayrağını assınlar» sözlərini « eşitməyən» Dövlət Departamentində erməni sevgisi tükənməzdir və bütün qanunlardan üstündür. Ən əsası odur ki, ABŞ-ın kimisə ittiham etməyə nə mənəvi, nə də siyasi haqqı yoxdur. Azərbaycan torpaqlarının 30 il Ermənistan işğalı altında qaldığı müddətdə Qarabağ və ətraf rayonlarda 68 məsciddən 65-nin ermənilər tərəfindən məqsədli və sistemli dağıdılmasını, «özününküləşdirilməsi» naminə aparılan saxtakarlığı görməyən ABŞ Dövlət Departamentinin ekspertlərinin dəyərlər sisteminə görə azərbaycanlıların pozulan hüquqları qanuni imiş. Demokratik islahatlara böyük önəm verən, dini konfessiyaların birgə yaşayış qaydalarına, milli azlıqların adət-ənənələrinə, multikultural dəyərlərə hörmətlə yanaşan tolerant Azərbaycana qarşı qərəzli münasibəti ilə nüfuzunu itirən Dövlət Departamentinin üzqarası hesabatında terrorçu, vəhşi, Xocalı soyqırımını törətməklə bir gündə 613 azərbaycanlını qətlə yetirən Ermənistanın adının yer almaması özünü demokratiyanın beşiyi sayan ABŞ üçün utancvericidir. Fransanın Afrika ölkələrində törətdiyi kütləvi qırğınları, Avropa ölkələrinin maliyyə dəstəyi ilə Suriyada terror hadisələri törədən radikal birləşmələrin cinayətlərini «qanuni hesab edən», kimyəvi silahların işlədilməsi ilə yüzlərlə insanın kütləvi qırğınını təbii qəbul edən Dövlət Departamentin başbilənləri bu faktları unutmamalıdırlar. Sənəddə Şərq ölkələrində illərdən bəri davam edən «ərəb bahar»larından əziyyət çəkən, yurdlarını tərk edərək başqa ölkələrə üz tutan miqrantlara göstərilən ədalətsiz, qeyri-insani münasibətlərdən söz açılmır. Avropada sığınacaq tapmış müsəlmanların uşaqlarını zorla əllərindən alıb xristianlaşdıran «qanunlardan», insanlığa sığmayan «hüquqlardan», dağıdılan məscidlərdən bəhs olunmur. Ermənistanda baş verən kütləvi aksiyalarda etirazçıların həbsi barədə açıqlama verilmir. Ona görə əminliklə söyləmək olar ki, Dövlət Departamentinin əsası olmayan «hesabatı» Azərbaycan demokratiyasına qara eynək arxasından baxmaq istəyindən başqa bir şey deyildir.

«Bir daha qeyd etmək istəyirəm, Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı heç bir etnik qrupun dini və etnik zəmində heç vaxt heç bir problemi və ya narahatlığı olmamışdır. Azərbaycanı tanıyan istənilən kəs bunu təsdiqləyə bilər. Yeri gəlmişkən, bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır» söyləyən Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır.

Xuraman İsmayılqızı, «İki sahil»