08 yanvar 2024 00:58
352

Erməni keşiş, ermənisifət fransız səfir...

Ermənistanda revanşizmi alovlandırmaq kimlərə və niyə lazımdır?

Ermənistanda baş nazir Nikol Paşinyana müxalif qüvvələrin fəallaşması ölkənin siyasi arenasında yeni qarşıdurmaları sürətləndirə bilər. Doğrudur, Paşinyan öz sələflərinin nümunəsində əleyhdarlarının ona qarşı istifadə etməyə çalışdıqları “Qarabağ kartı”nın yarada biləcəyi təhlükəni neytrallaşdırmaq üçün hər şeyi edir. Ancaq son hadisələr göstərir ki, Ermənistanda revanşizmin yenidən alovlandırılması təkcə Qarabağ klanı ilə əməkdaşlıq edən yerli siyasətçilərin və bu ölkədə baş verən istənilən hadisəyə təsir etmək imkanına malik kilsənin deyil, bəzi Qərb dairələrinin də maraq dairəsindədir. Bəs işğalçı ölkədə əslində nələr baş verir? Revanşizm meyillərinin artması kimlərə və niyə lazımdır? Yeni il Nikol Paşinyan üçün hansı yeni “sürprizləri” vəd edir?

2020-ci ildə 44 günlük müharibədən və 2023-cü ildə Azərbaycanın Qarabağda separatizmə son qoymaq məqsədilə keçirdiyi bir günlük antiterror tədbirlərindən sonra erməni ictimaiyyətinin qəzəbini ustalıqla başqa hədəflərə istiqamətləndirməyi bacaran Nikol Paşinyan ölkəsində revanşizmin güclənməsinsən narahatdır və bu narahatlığını gizlətmir. Erməni baş nazirin bunun üçün iki ciddi səbəbi var: Birincisi, Qarabağ, ermənilərin təbirincə “artsax” mövzusunun gündəmdə qalması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması istiqamətində aparılan danışıqlara ciddi zərbə vura bilər. Paşinyan isə prosesin sülh müqaviləsinin imzalanması ilə yekunlaşmasının ölkəsinin gələcək taleyi və xüsusilə onun hakimiyyətinin ömrü baxımından nə qədər mühüm əhəmiyyət daşıdığını yaxşı başa düşür. Qərbin əsas məqsədlərindən biri olan Ermənistanın əli ilə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq planlarının reallaşması üçün də Azərbaycanla sülhə nail olmaq ən vacib amildir.

İkincisi, ölkədə revanşizmin güclənməsi Qarabağı könüllü tərk edərək Ermənistana köçmüş erməniləri Nikol Paşinyan üçün potensial təhlükəyə çevirir. Yuxarıda qeyd etdiyimiz kimi, bu faktor Paşinyandan əvvəlki hakimiyyətlərin istifadə etdikləri əsas “kart” olub. Təsadüfi deyil ki, Azərbaycanın lokal antiterror tədbirlərindən sonra Ermənistanın baş naziri Qarabağı könüllü tərk edən erməniləri mümkün qədər paytaxt İrəvana “buraxmamaq” və əsasən bölgələrdə yerləşdirmək barədə tapşırıq vermişdi. Daha sonra isə açıq şəkildə bəyan etmişdi ki, Ermənistanda Qarabağla bağlı ermənilərin heç bir institutsion qurumunun fəaliyyətinə imkan verilməyəcək. Qarabağdakı separatçı qurumun liderlərinin Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunmalarına və törətdikləri cinayətlərə görə istintaqa cəlb edilmələrinə heç bir reaksiya verməməsi də Paşinyanın bu mövzunun ümumiyyətlə gündəmdən çıxarılmasında maraqlı olduğunu göstərirdi. Yəni, tutaq ki, Ruben Vardanyanın, yaxud Araik Arutyunyanın digər ermənilər kimi Ermənistana getmələrinin Paşinyana “başağrısından” başqa bir xeyri yox idi. Ancaq burada diqqətçəkən bir məqam var. Paşinyan hiyləgərliklə Qarabağ məsələsinin Azərbaycanla danışıqlarda əlini gücləndirəcək faktor kimi istifadə edə biləcəyi qədər var olmasına, hakimiyyəti üçün problem yarada biləcək qədər isə böyüməməsinə çalışır. Görünür, baş nazirin bu mövqeyi dünyanın müxtəlif ölkələrində təşkilatlanmış erməni lobbisi kimi, erməni kilsəsinin də ciddi narazılığına səbəb olub. Hakimiyyət-kilsə qarşıdurması bütün ermənilərin katolikosu II Qareginin Milad bayramı ilə əlaqədar İrəvanın əsas kilsəsində keçirilən mərasimindəki çıxışında da özünü göstərib. Baş keşiş bəyan edib ki, “artsax” bizim üçün heç vaxt keçmişə çevrilməyəcək. Görünür, məhz bu səbəbdən, yəni, Qaregin Qarabağ mövzusunu gündəmə gətirdiyi üçün onun Yeni il müraciətinin Ermənistanın İctimai televiziyasında yayımlanmasına icazə verilməyib. İşğalçı ölkədə baş verənlər ilk baxışda kilsənin iqtidara qarşı davası kimi görünsə də məsələnin Azərbaycan üçün də aktual edən ermənilərin Qarabağ iddiasından asanlıqla əl çəkməyəcəyi reallığıdır. Çünki erməni terrorunun və separatizminin əsas qaynağı, “ilhamvericisi” həmişə kilsə olub, onun siyasətə də, diaspora da ciddi təsir imkanları hələ də qalmaqdadır.

Ermənistanda qondarma “artsax” mövzusu üzərindən revanşizm meyillərini qızışdıranlar təkcə daxili qüvvələr deyil. Fransa da bu məsələdə açıq şəkildə erməni kilsəsinin mövqeyini dəstəklədiyini gizlətmir. Özü də beynəlxalq hüququn normalarını pozmaqla, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, heç bir diplomatik etikaya sığmayacaq həyasızlıqla. Fransanın Ermənistandakı səfiri Olivye Dekottini “X” sosial şəbəkəsindəki səhifəsində ermənilərin Milad bayramını onların erməni dilində təbrik edib. Ardınca isə yazıb: “Təbriklərim xüsusilə bu axşam öz yurdlarından uzaqda bu bayramı qeyd edən, öz torpaqlarından didərgin düşmüş Dağlıq Qarabağ qaçqınları ilə bağlıdır.”

Deyəsən, erməni keşiş də, ermənisifət fransız səfir də unudurlar ki, Azərbaycan daha xarici aktorlardan ümid gözləyən, asılı dövlət deyil, öz həqiqətlərini və Cənubi Qafqazın gələcək taleyini diktə edən tərəfdir. Üstəlik, Ermənistanda revanşizmi körükləyənlərdən də yaxşı xəbərimiz var. Bax bütün bunlara görə, dayanıqlı sülhün əldə edilməsinin ən vacib şərtlərindən biri də işğlçı ölkədə revanşist meyillərə və yeni müharibə ritorikasına son qoyulmasıdır. 2023-cü il dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən Beynəlxalq Forumda Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır: “Çünki biz bilirik Ermənistanda nə baş verir...”

Biz Ermənistanda nələrin baş verdiyini yaxşı bildiyimiz üçün də bütün mümkün ssenarilərə hazır olmalıyıq və hazırıq. İstər dövlətimiz, istər xalqımız, istərsə də rəşadətli ordumuz.

Mahir Rəsuloğlu, “İki sahil”