08 yanvar 2024 01:15
343

Əbədi qayıdırıq!

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə regionun reallıqlarını köklü surətdə dəyişdirməkdədir. Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirib ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Təsadüfi deyil ki, ölkə başçısı bu ərazilərə hər səfəri zama­nı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin icrasına start verilir.

Bir məqa­mı da qeyd edək ki, işğaldan azad olun­muş ərazilərimizdə reallaşdırılan nəhəng tikinti layihələri heç bir beynəlxalq ma­liyyə qurumunun yardımı olmadan ölkə­mizin öz gücü ilə həyata keçirilir. Vətən müha­ribəsindəki tarixi Qələbədən son­rakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon­larında bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb. Bu məqsədlə növbəti il  üçün ən azı 2,4 milyard ABŞ dollarının xərclənəcəyi nəzərdə tutulur.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə yolların yenidən qurulması işlərinə ilkin olaraq Tərtər rayonundan başlanılıb. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Tərtər şəhərindən Suqovuşana, Suqovuşandan Talış kəndinədək yol yenidən qurulub. Bundan başqa, Füzulidən Şuşaya və Göygölün Toğanalı kəndindən Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu istiqamətində yeni avtomobil yollarının tikintisi həyata keçirilir. Başlanğıcını "Zəfər yolu" adlandırılan Füzuli-Şuşa yolundan götürən Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə aparılır və yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam etdirilir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi qrafik üzrə aparılır.

Füzuli və Zəngilan rayonlarında komfortlu və müasir Beynəlxalq Hava Limanları istifadəyə verilib. Onu da qeyd edək ki, həmin rayonlarda əvvəllər heç zaman hava limanı olmayıb. Hər iki hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malikdir. Hava limanları Füzulinin və Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Dövlətimizin başçısı İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın 2021-ci avqust ayının 16-da Laçına səfəri zamanı Qorçu kəndində təməlini qoyduqları Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olaraq gələn il istifadəyə veriləcək.

Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, ermənilərin viran etdiyi şəhərlər, kəndlər yenidən salınır, iri infrastruktur layihələr uğurla və sürətlə icra olunur. Dövlətin keçmiş məcburi köçkünlərə hərtərəfli qayğısı onların həyat ümidini və gələcək arzularını, fəal vətəndaş mövqeyini xeyli artırır. İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infastruktur yaradılır. Cəbrayıl rayonu ərazisində "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye parklarında iqtisadi fəallığın təməli qoyulur, yurd yerlərinə qayıdan köçkünlərə iş yerləri açılır.

Qələbədən sonrakı üç il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elektrik təsərrüfatı yenidən qurulur. Ehtimal edilir ki, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq "yaşıl enerji zonası" elan edilən  Qarabağ və Şərqi Zəngəzurda bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsi başlayıb.

Hazırda Qarabağ və Şərqi Zəngə­zurda həyata keçirilən bərpa-quruculuq işlərinin timsalında dünya şəhərsalma təcrübəsinin yeni, Azərbaycan modeli yaradılır. Bütün bunlar dünya ictimaiyyəti tərəfindən müsbət amil kimi dəyərləndi­rilir. Heç şübhəsiz, Azərbaycan paytaxtı­nın 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiya­sına ev sahibi seçilməsində bu amilin böyük rolu olub.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, ümumilikdə, 100 yaşayış məntəqəsinin planlaşdırılması və yenidən qurulması nəzərdə tutulur. Bunların 9-u şəhər, 91-i isə, əsasən, qəsəbə və kəndləri əhatə edir. Onun söz­lərinə görə, birinci proqram çərçivəsində 140 minə yaxın insanın köçməsi nəzərdə tutulubsa, artıq növbəti illərdə daha çox insan evlərinə qayıda biləcək. Ümumi­likdə isə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq və planlaşdırma ilə bağ­lı işlərin 2024-2025-ci illərdə başa çatdı­rılması nəzərdə tutulur.

Artıq bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Layihə çərçivəsində ən önəmli komponentlərdən biri də "ağıllı kənd" və "ağıllı şəhər"lərin tikintisidir. İlk belə kənd artıq Zəngilan rayonunun Ağalı kəndində salınıb və orada bu gün yüzlərlə ailə yaşayır. Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə "ASAN", DOST, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, ictimai iaşə obyektləri yaradılıb. Növbəti belə bir layihə isə Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Füzuli rayonunun Dövlətyarlı kəndində icra ediləcək. Bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilməsi planlaşdırılır.

Qarabağ və Şərqi  Zəngəzurda bərpa-quruculuq işləri sərhəd boyu davam edir. Şuşada, Füzulidə, Zəngilanda, Ağdamda geniş infrastruktur yaradılır, tədricən bölgələrimizin əvvəlki siması özünə qayıdır. Qayıdan həm də o yerlərin əbədi sakinləridir. İndi Bakıdan tez-tez köç karvanlarını yola salırıq. İnsanlar toyla, büsatla əzəli yurd yerlərinə qayıdır, qurmağa, yaratmağa, dövlət başçısının, qalib  Sərkərdənin çalışıb, vuruşub geri qaytardığı doğma  yurd yerlərini gülüstana çevirməyə. İndi Qarabağ seçkilərə hazırlaşır. 30 ildən sonra doğma torpağına qayıdan soydaşlarımız müstəqil, tam suveren, qalib ölkənin vətəndaşları kimi öz Prezidentini  seçəcəklər.

Yaqut Ağaşahqızı, “İki sahil”