08 yanvar 2024 01:36
396

Bizim tolerantlıq modelimiz...

Çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər

Dini və milli dözümlülüyün yüksək səviyyədə olduğu Azərbaycan bütün dünya üçün tolerantlıq örnəyidir. Ölkəmizin ağır günlərində xalqımızın dostluq və qardaşlığı bizi çətin sınaqlardan üzüağ çıxarıb. Tarixdə ən böyük Zəfərimizin qazanılmasında xalqımıza məxsus bu ali keyfiyyətlərin misilsiz rolu oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 10 noyabr 2020-ci il də xalqa müraciətində vurğuladı ki, ölkəmizdə yaşayan bütün millətlərin bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.

Bu həmrəylik dəmir yumruq kimi xalqın birlik simvoluna çevrildi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ötən on illər xalqımızın olmazın işgəncə və soyqırımına məruz qalmasına baxmayaraq, düşmənə qarşı ləyaqətlə mübarizə aparıldı. Suverenliyimizin tam təmin edilməsi ilə nəticələnən 2023-cü ilin sentyabr ayının lokal antiterror tədbirləri zamanı Qarabağ bölgəsində yaşayan erməni əhali seperatçı xunta rejiminin təxribatlarından heç bir əziyyət çəkmədi, hətta dinc əhali müdafiə olundu.

Azərbaycan dövləti hər zaman özünün tolerant siyasəti ilə seçilib. Hətta İkinci Qarabağ müharibəsində torpaqlarımızın iğaldan azad edilməsi zamanı bəlli oldu ki, Azərbaycanın bir çox dini-tarixi abidəsi ermənilər tərəfindən dağıdılıb. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır. Bunun qarşılığında Azərbaycan ərazilərimizdəki qeyri-islam abidələrini nəinki dağıtmadı, hətta onların rekonstruksiyası işlərinə start verdi. Məsələn, Şuşada yerləşən Qazançı kilsəsi bərpa olundu. Bu, ölkəmizin xoş niyyətini, qisasçılıq arzusunda olmadığını göstərir. Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu faktlar xalqımızın tolerantlığının bariz göstəricisidir.

Respublikamızda ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşaması da humanist dəyərlərə söykənir. Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, Nic və İvanovka kəndləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir. Qubada, həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Ümumiyyətlə, Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır. Onların 79 faizini azərbaycanlılar, 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini türklər, 1,4 faizini xınalıqlılar və 1,2 faizini digər xalqların nümayəndələri təşkil edir. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Bu fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun daha bir sübutudur. İnkar olunmaz faktdır ki, bu gün respublikamızın ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər verir.

Azərbaycanın dövlət-din münasibətləri modeli, burada yaşayan müxtəlif dini nümayəndələrə xüsusi diqqətin olmasını vurğulamalıyıq. Azərbaycanda müxtəlif dinlərə mənsub insanların birgə yaşayışı və onların ölkəmizdə azad şəkildə dini ibadətlərini yerinə yetirmələri üçün yaradılan şərait yüksək qiymətləndirilir.

Belə bir mühitin formalaşdığı Azərbaycanda da hər il 16 noyabr Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu beynəlxalq gün UNESCO-nun "Dözümlülük prinsipləri bəyannaməsi"ndə təntənəli şəkildə elan edilmişdir. Bəyannamə 1995-ci ildə təsdiq edilmişdir. Bəyannamədə dözümlülük (tolerantlıq) dedikdə, "dünya mədəniyyətlərinin zəngin müxtəlifliyi, bizim özünüifadə formaları və insan fərdiliyini ifadə etmək üsullarına hörmət, qəbul və doğru anlaşma" nəzərdə tutulur. Bəyannamədə "insanların öz təbiətinə görə xarici görünüşü, mövqeyi, danışığı, davranışı və dəyərləri baxımından fərqli olduqlarını, barışıq içində yaşamaq və fərdiliyini qorumaq hüquqlarına sahib olduqlarını" elan edir. Bəyannamədə insanlara qarşı dözümsüzlüyün yaratdığı təhdidlər araşdırılır, dözümsüzlüyə qarşı mübarizə metodları və proqramları təqdim olunur. 1997-ci ildə BMT Baş Assambleyası (A/RES/51/95 saylı qətnamə) da BMT-nin üzvü olan dövlətlərə bu Beynəlxalq Günü qeyd etməyi təklif etmişdir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Sammiti və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Ölkəmizin sülhsevər, tolerant ölkə olduğunun təsdiqi və beynəlxalq aləmdə nüfuzunun getdikcə daha da artmasında “Bakı prosesi”nin də rolu danılmazdır. Sülh içində yaşayan plüralist və demokratik cəmiyyətlər qurmaq üçün dağıdıcı cərəyanlara qarşı birlikdə mübarizə aparmağın vacibliyi əsas məsələ kimi bu və ya digər məsələr müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi bəşəri dəyərlərə olan ali münasbətin daha bir təzahürü idi.

Müxtəlif dinlərə hörmət nümayiş etdirən Prezident İlham Əliyevin həm xristianların, həm yəhudilərin, eləcə də müsəlmanların müqəddəs günlərində onlara ünvanlandığı təbrik müraciətləri müxtəlif konfessiya rəhbərləri tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu günlərdə dövlət başçımızın Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunda bildirilib ki, zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

Dövlətimizin başçısının təbrikində qeyd olunub ki, təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər.

Nigar Orucova, “İki sahil”