08 yanvar 2024 01:57
416

Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq

Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu müjdəni də çatdırdı ki, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar

Artıq 2024-cü ilin ilk ongünlüyünü yaşayırıq. Hər yeni ilə ötən ilin uğurlu nəticələri əsasında qədəm qoyulur, yeni hədəflər müəyyənləşdirilir və qarşıdakı dövrdə görüləcək işlərin yol xəritəsi təqdim edilir. Dövlət başçısı İlham Əliyevin 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 2024-cü ili hansı uğurlarla başa vuracağımızın aydın mənzərəsini təqdim etdi. «2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir» söyləyən Prezident İlham Əliyev böyük qürur hissi ilə dövlət suverenliyimizin bərpasını qeyd etdi.

Ötən il Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi və digər destriktiv addımlar gərginliyin artmasına səbəb oldu. Üçtərəfli Bəyanatın təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bundan bir gün sonra 20 sentyabr tarixində bu tədbirlərin dayandırılması barədə razılığın əldə olunması, separatçıların təslim olması qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırdı. Bu Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev müraciətində diqqəti bu mühüm məqama yönəldərək bildirdi ki, Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər: «Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.»

Müraciətdə bu mühüm məqam da öz əksini tapır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız işimizin yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Ermənistan 30 illik işğal dövründə havadarlarının dəstəyinə arxalanıb BMT Təhlükəsizlik Şurasının qətnamələrini icrasına necə laqeyd yanaşıb, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğuna şübhə ilə yanaşırdısa, postmünaqişə dövründə də eyni ab-havanı yaşamaq istədi. 30 ildə Azərbaycan dünyadan ədalət gözləyib BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsi tələbi ilə çıxış etsə də «nədənsə» əksər dünya gücləri bu barədə düşünmək istəmədilər. Ermənistan bu diqqət və qayğıdan daha da ərköyünləşərək yeni planlar cızmağa başladı. Yeni ərazilər uğrunda müharibə planını atdığı hər addımından nümayiş etdirən Ermənistan diqqəti bundan yayındırmaq üçün danışıqlara imitasiya naminə qatılsa da Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan etdi ki, biz danışıqlara sadəcə danışıq xatirinə qatılmaq fikrində deyilik. Bu mühüm məqam daim önə çəkilirdi ki, Ermənistanın baş nazirinin Xankəndidən «Qarabağ Ermənistandır və nöqtə» sərsəm bəyanatı artıq münaqişənin danışıqlar əsasında çözülməsinin mümkünsüzlüyünü təsdiqlədi. Bunları qeyd etməyimiz səbəbsiz deyil. Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətləri, sərsəm bəyanatları, dünyanın isə susması 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. Təbii ki, o illərdə əksər dünya gücləri işğalçı dövlətə təzyiqlər göstərsəydi, ədalət və beynəlxalq hüquq prinsiplərinə dəyər versəydilər müharibə baş verməz, torpaqlarımız sülh yolu ilə ədalətli həllini tapardı.

Azərbaycan tarixi Zəfərə nail olmaqla yanaşı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək üçün səylər göstərir və bunu qarşı tərəfdən də tələb edirdi. Ermənistan silahlı birləşmələrinin ərazilərimizdən çıxarılması həmin Bəyanatda da öz əksini tapmışdır. Lakin dünya gücləri yenə də ikili standartlara əsaslanan siyasətlərini nümayiş etdirdilər. Ermənistan bu diqqətdən yararlanaraq yenə də öhdəlikləri yerinə yetirmədi, əksinə ölkəmizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi. Ölkəmizə qarşı mina terroru davam etdirildi.

Dövlət başçısı İlham Əliyev müraciətində bu məqamı xüsusi qeyd etdi ki, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik: Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik.

Sentyabrın 19-da başlayan və cəmi bir gün davam edən antiterror əməliyyat tədbirləri Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam təmin olundu. Dövlət başçısı İlham Əliyevin ötən ilin oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltması, noyabrın 8-də Xankəndidə Prezidentin iştirakı ilə hərbi paradın keçirilməsi 2023-cü ilin Azərbaycan tarixinə yazdığı mühüm, qürurverici səhifələridir. Həmin müraciətdə cənab İlham Əliyev ötən ilin «Heydər Əliyev İli» elan edilməsini önə çəkərək istər Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaldılmasını, istərsə də hərbi paradın keçirilməsini Ümummilli Lider Heydər Əliyevin xatirəsinə hörmətin əlaməti kimi dəyərləndirdi.

Artıq üç ildən çoxdur ki, qürurverici məqamlar sırasında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması dayanır. Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur, bərpa edilir. Bərpa-quruculuq işləri soydaşlarımızın Böyük Qayıdışının davamlılığı ilə müşayiət olunur. Son üç ildə əsas hədəf ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. 2022-ci ildə «ağıllı kənd» layihəsinin ilk iştirakçısı olan Zəngilan rayonunun Ağalı kəndi bərpa edildi və sakinlərinə qovuşdu. Qısa müddətdə görülən işlər həm Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunu, həm də ölkəmizin iqtisadi imkanlarını təsdiqləyir. Ermənilərin 30 ildə yerlə-yeksan etdiyi ərazilərdə qısa müddətdə belə geniş miqyasda bərpa-quruculuq işlərini öz daxili imkanlarımız hesabına həyata keçirmək hər birimizdə böyük qürur hissi yaradır. Ötən il Laçın və Füzuli şəhərləri, Talış və Zabux kəndlərin bayram sevincini yaşadılar. Sakinlərin doğma yurd-yuvalarına mərhələ-mərhələ qayıdışı bu torpaqlara yeni nəfəs verir. Burada onların məşğulluğunun təmin edilməsi üçün lazım olan şərait yaradılır. Dövlət başçısı İlham Əliyev müraciətində «Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir» söyləyərək bu müjdəni də açıqladı ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq: «Biz qurub-yaradan xalqıq. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi.»

Cari ilin əsas hədəfləri sırasında ordumuzun daha da gücləndirilməsi xüsusi yer tutur. Müstəqilliyimizin və suverenliyimizin əsas qarantı olan ordumuzun gücləndirilməsi əsas prioritetlərdəndir. Həm tarixi Zəfərimiz, həm bir günlük lokal antiterror tədbirləri ordumuzun peşəkarlığının nümayişi oldu. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması görülən tədbirlərin, atılan biri-birindən mühüm addımların nəticəsidir. «Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı» söyləyən cənab İlham Əliyev cari ilin hədəfləri sırasında onu da bildirdi ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Azərbaycan nəinki özünü əsas vasitələrlə təmin edəcək, eyni zamanda, dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonrakı dövrün hədəflərini açıqlayarkən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yanaşı, müdafiə qabiliyyətimizin gücləndirilməsini əsas məsələ kimi öndə saxlanıldığını bildirdi. Dövlət büdcəsindən ayırmalarda da bu hədəflər xüsusi olaraq önə çəkilir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, müstəqillik tarixinin ən irihəcmli büdcəsi kimi dəyərləndirilən 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılıb əlavələr ediləndə həmin əlavələr işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə və müdafiə gücümüzün artırılmasına yönəldildi.

Bu gün Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Bu uğurlarımız ölkəmizin beynəlxalq nüfuzunun artmasında da özünü nümayiş etdirir. Bu baxımdan ötən il Azərbaycanın xarici siyasət uğurları ilə də zəngindir. Ölkəmizin ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin əhatə etdiyi sahələrə və mövzulara diqqət yetirdikdə ölkəmizin hər bir istiqamətdə təcrübəsinin nümunə olduğunu görürük. Bu ilin mühüm hadisələri sırasında Azərbaycanın COP29-a ev sahibliyini qeyd edə bilərik. Cənab İlham Əliyev müraciətində diqqəti bu mötəbər beynəlxalq tədbirə də yönəltdi. Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdı. Tarixi Zəfərimizdən sonra bu məsələ daha da aktuallaşdı. Hazırda Azərbaycanın bu sahədə mövcud imkanları əməkdaşlıq əlaqələrinin genişlənməsində öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Ümumilikdə, həm cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi, həm də bu ilin dekabrında Azərbaycanın COP29-a ev sahibliyi qarşıya qoyulan hədəfə böyük töhfə olacaq. Dövlət başçısı müraciətində bildirdi ki, bu tədbirin ölkəmizdə keçirilməsi dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir: «Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır.»

2023-cü ilin uğurlarına, onların fonunda cari il üçün müəyyənləşdirilən hədəflər sabaha daha böyük inamla baxmağa əsas verir. Bu uğurlarımız harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. «Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir» bildirən Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu çağırışı edir ki, “Dəmir yumruq”, eyni zamanda, birliyimizin rəmzidir.

Bütün bu uğurlarımızın əsasında Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl dayanır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birliyi Ulu öndərin əsas çağırışlarından idi. Dövrün, zamanın tələblərinə uyğun olaraq atılan addımlar diaspor quruculuğu sahəsində də uğurlara yol açdı. Tarixi Zəfərimiz birliyimizin təqdimatında öz sözünü dedi. Sonra bu Zəfərin yaratdığı reallıqlar fonunda dünya azərbaycanlıları Şuşada bir araya gəlib Zəfər Qurultayını keçirdilər. Bu qurultay soydaşlarımızın qarşıya qoyduğu vəzifələrin müəyyənləşdirilməsində və icrasının təmin edilməsi üçun yol xəritəsinin tərtib olunmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində bu mühüm məqamı böyük qürur hissi ilə qeyd etdi: «Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.»

Yeganə Əliyeva, «İki sahil»