"Məqsəd ikinci dövrə üçün daha güclü komanda qurmaqdır".
“İki sahil” xəbər verir ki, bu sözləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Gənc mütəxəssis təlim-məşq toplanışında daha güclü rəqiblərlə oynamaqlarının özləri üçün yaxşı fürsət olacağını bildirib: "Maksimum çalışdıq ki, yaxşı komandalarla qarşılaşaq. Rumıniya, Macarıstan komandaları və Asiya Çempionlar Liqasında mübarizə aparan Özbəkistan klubuna qarşı yoxlama görüşləri keçirəcəyik".
O, sezonun qalan hissəsinin ağır keçəcəyini də söyləyib: "Yanvarın 3-dən toplanışa başlamışıq. Legionerlər yanvarın 6-dan tam olaraq komandaya qoşulacaq. Premyer Liqanın ikinci dövrəsinə hazır olmaq istəyirik".
Transfer məsələsinə də toxunan A. Abbasov əlavə edib: "Orta xətdə boşluqlar var. Rəqabətin artması üçün bu mövqeyə futbolçu almaq istəyirik. Biz bu transferi klubun gələcək planlarına uyğun edəcəyik. Konkret olaraq hər hansı bir oyunçu ilə danışıqlar aparmırıq".
"Turan Tovuz"un Premyer Liqanın ilk dövrəsindəki çıxışına toxunan A. Abbasov evdəki son matçlarda uğurlu nəticələr əldə etdiklərini deyib: "Sevindirici hal odur ki, xalların çoxunu evdə qazanmışıq. Futbolçuların uyğunlaşma prosesi bir sıra oyunlarda meydanı qələbəsiz tərk etməyimizə səbəb oldu. Düzdür, qeyri-sabit oyun göstəririk, bununla razılaşıram. Amma inanın ki, 4-5 turda hakim səhvlərindən də xallar itirdik. Bəlkə belə olmasaydı indi yuxarı pillələrdən danışırdıq. Hədəf qışdan sonra yüksək yerlər uğrunda mübarizə aparmaqdır".
Qeyd edək ki, yanvarın 17-dək Antalyada hazırlığını davam etdirəcək Tovuz təmsilçisi ilk yoxlama oyununa 9 yanvar tarixində Rumıniya Yüksək Liqasında mübarizə aparan “Voluntari" ilə qarşı keçirəcək. "Boz qurd"ların digər görüşlərdəki rəqibləri yanvarın 15-də Macarıstan "Şiofok"u və Özbəkistan "Nasaf"ı olacaq.