03 yanvar 2024 10:17
2719

2023-cü ilin xarici siyasət uğurları 2024-cü ilə daha böyük inamla və qətiyyətlə qədəm qoymağa əsas verdi

Dünya azərbaycanlılarının həmrəyliyi günü hər bir azərbaycanlı üçün əzizdir. Bu gün xalqımız bu əlamətdar günü daha mütəşəkkil, daha təşkilatlanmış və müqəddəs amallar ətrafında birləşərək qeyd edir. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında Ulu Öndər Heydər Əliyev dünya Azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16- da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" tarixi qərarı qəbul etdi. Bu qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Beləliklə, dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlı vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu. 1992-ci ildə Azərbaycan parlamenti dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar qəbul etdi. 1993-cü ildə isə Azərbaycan Prezidentinin Fərmanı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi rəsmi bayram elan edildi.
31 dekabr Azərbaycan millətinin birlik şüarının simvoludur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsində güclü diaspor təşkilatının formalaşdırılmasına və onların Azərbaycan dövləti ətrafında daha sıx birləşməsinin vacibliyinə diqqəti cəlb edərək 2001-ci il noyabr ayının 9-10- da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" dahiyanə fikirləri hər gün daha çox önəm daşıyır. Qurultay dünya Azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Tədbirdə 36 xarici ölkədə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən artıq təşkilatın 406 nümayəndəsi və 63 qonaq iştirak edirdi.
Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra dünya azərbaycanlılarının arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində daha məqsədyönlü işlər aparılmışdır. Diasporla İş üzrə Dövlət komitəsi Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə əlaqələndirilməsində, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunmasında, bu sahədə mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Azərbaycanlıların həmrəyliyi, birliyi yönümündə həyata keçirilən bu və ya digər tədbirlər artıq öz səmərəsini verir. Belə ki, Azərbaycan diasporu beynəlxalq aləmdə milli maraqlarımızın təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında böyük təsir gücünə malik bir qüvvəyə çevrilmişdir.
Dövlət başçısı İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində ötən ilin ölkəmizin həyatında ən önəmli hadisə respublikamızın suverenliyinin bərpası olduğunu diqqətə çatdırmaqla Azərbaycan xalqının bu tarixi hadisəni heç vaxt unutmayacağını, həmin günün yaddaşımızda əbədi qalacağını vurğulayaraq milli yaddaşımıza tarixi çağırış etdi. Həqiqətən də, ötən il antiterror tədbirləri nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin beynəlxalq hüquqla tanınan ərazilərimizdən çıxarılması, separatizmə son qoyulması və düşmən ordusunun məhv edilməsi fonunda yekun qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir.

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi. Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Əməliyyat elə tərzdə aparıldı ki, mülki infrastruktura zərər dəymədi və dinc əhali arasında itkilər olmadı. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı.
Tariximizə Azərbaycanın ərazi bötüvlüyünün, suverenliyinin bərpa edildiyi, Qarabağ adlı yaramızın sağaldığı, müqəddəs torpaqlarımızda separatizmin kökünün kəsildiyi Zəfər ili kimi yazıldı. Ermənistan bəzi Qərb ölkələrinin, xüsusilə Fransasnın təlimat, təzyiq və şirnikləndirmələri ilə danışıqlar prosesini əngəlləyir, gecikdirmə taktikasına əl atır, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi şəkildə pozmaqda davam edir. Şübhəsiz, bütün bunlar təsadüfi deyil. Çünki Rusiyanı regiondan çıxarıb bu coğrafiyada möhkəmlənmək istəyən Qərb ölkələrinin əlində alətə çevrilən Ermənistan sülh danışıqları ilə bağlı müstəqil qərar verə bilmir. Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən noyabrın 16-da parlamentdəki çıxışında “Ermənistan xaricdə işlənib hazırlanmış və nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün tramplin və plasdarm deyil” fikrini səsləndirir, digər yandan isə ABŞ və bəzi Avropa İttifaqı ölkələrindən dəstək istədiklərini də söyləməkdən çəkinmir. Bütün bunlar 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanata imza atan və Cənubi Qafqazda nəqliyyat və loqistika imkanlarının özü üçün alternativ mühüm əhəmiyyət daşıdığını dərk edən və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olan Rusiyanı narahat etməyə bilməz. Xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara cəlb etmək istəklərini görürürük. Ermənistan vətəndaşlarının taleyi Qərb üçün tam önəmsizdir. Onlar ermənilərin hisslərindən, ağrılarından və əzablarından yalnız öz məqsədləri üçün istifadə edirlər.
Bütün bunlar bir daha göstərir ki, özünü sülh göyərçini kimi göstərməyə çalışan Ermənistanın siyasi rəhbərliyinin sülh prosesi ilə bağlı bəzi açıqlamaları manipulyasiyadan başqa bir şey deyil. Əslində uzun illər öz havadarlarının köməyi ilə apardığı işğalçı siyasəti ilə dalana dirənən, bütün regional layihələrdən məhrum olan Ermənistanın siyasi rəhbərliyi yaxşı anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalamasa, Türkiyə Respublikası ilə münasibətləri normallaşdırmasa bu ölkənin çətin və ağrılı günləri bitməyəcək. Onları Qərb aktorlarının köməyi ilə həll etmək mümkün olmayacaq. Rusiyadan fərqli olaraq, ABŞ və Avropa İttifaqı respublikaya və ümumilikdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmırlar. Onların məqsədi tamamilə başqadır-Moskvanı və digər regional oyunçuları sıxışdırıb çıxarmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Bu mürəkkəb şəraitdən çıxış yolu açıq-aydındır- İrəvan, Bakı və Moskvanın ən yüksək səviyyədə üçtərəfli razılaşmaları yerinə yetirilməlidir. Bütün bunların fonunda bir daha əmin olmaq istərdik ki, rəsmi İrəvan müstəqil siyasət yeridərək bəzi Qərb ölkələrinin təhriki ilə sülh prosesini sabotaj etməkdən əl çəkəcək. Azərbaycanla sülh sazişini imzalamaqla münasibətləri tənzimləyəcək, bununla da regionda davamlı sülhün, təhlükəsizliyin, əməkdaşlığın, eləcə də iqtisadi, siyasi və mədəni əlaqələrin bərqərar olunmasına töhfə verəcəkdir.
Dövlət başçısı qeyd edib ki, Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışıb müvafiq göstərişlər verib: "Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır.

Hələ Ulu Öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir".

Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir. O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik".
Təbii ki, bir ilin xarici siyasət uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Azərbaycanın müstəqil, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti hər zaman bu uğurların sıralanmasının genişliyini təmin edir. Azərbaycan ən yüksək tribunalardan beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb edir. Cari ilin mühüm çağırışlarından biri də BMT sitemində təkmilləşmənin aparılması, Təhlükəsizlik Şurasına üzv dövlətlərin sayının artırılmasıdır. Təbii ki, Azərbaycanın hər bir çağırışına beynəlxalq dəstək böyükdür.

2023-cü ilin xarici siyasət uğurları 2024-cü ilə daha böyük inamla və qətiyyətlə qədəm qoymağa əsas verir. Artıq sülh müqaviləsinin imzalanması zamanıdır.  Tarixi Zəfərimizin reallıqları ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında, mövqeyinin möhkəmləndirilməsində öz sözünü deyir.

Orxan İsmayılov
YAP Xətai rayon təşkilatının fəalı