31 dekabr 2023 13:05
469

Müqəddəs üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması dünya Azərbaycanlılarını qürurlandırır - Kamran Bayramov

"Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə çevrilib. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan edib. Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur."

Bu fikirləri Milli Məclisin deputatı  Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Bu gün Ulu Öndər Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq, dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

K.Bayramov xatırladıb ki, Dünya azərbaycanlılarının V qurultayı – Zəfər qurultayı Şuşada keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaydakı nitqində deyib: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta, təbiət, günəş də bizimlə həmrəydir”.
Deputat vurğulayıb ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsində Azərbaycan Ordusunun hər qələbə sevinci dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi yaratdı. İnamla deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan amalını daşıyan həmvətənlərimiz də 44 günlük müharibədə Milli Ordumuza kömək etdi, düşmənlə informasiya cəbhəsində döyüşdü. Müxtəlif ölkələrdə təşkil olunan tədbirlərdə, xarici mediadakı çıxışlarda Azərbaycan həqiqətləri, keçmiş Qarabağ münaqişəsi, Ermənistanın ballistik raket hücumları ilə dinc mülki əhaliyə qarşı terror aktları mütəmadi olaraq soydaşlarımız tərəfindən dünya ictimaiyyətinə çatdırıldı. Müharibə dövründə dünya azərbaycanlıları müstəqil dövlətimizin beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyini  və ölkəmiz haqqında həqiqətlərin xarici ölkələrdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak edirdi. Bu, əslində, böyük Heydər Əliyevin əsasını yaratdığı, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən dünya azərbaycanlıları birliyinin milli maraqlar ətrafında böyük qələbəsi idi”.  Çox qürurverici haldır ki, bu il xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü möhtəşəm nailiyyətlər fonunda qeyd edir. Ölkəmizin suverenliyinin təmin olunması, müqəddəs üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması dünya Azərbaycanlılarını qürurlandırır”.