31 dekabr 2023 00:23
411

2023-cü ildə qarşıda duran bütün vəzifələr uğurla yerinə yetirildi - ŞƏRH

2023-cü ili tariximizə uğurlarla zəngin bir il kimi yazmaqdan qürur duyuruq. Dövlət başçısı İlham Əliyevin hər Yeni ilin ilk ayında ənənə halını alan yerli televiziya kanallarına müsahibəsi həmin ildə qarşıda dayanan hədəflərin açıqlanmasında yardımçı olur. Bu baxımdan cənab İlham Əliyevin 2023-cü ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsi özündə bütün çağırışları ehtiva etmişdir. Prezident İlham Əliyev həmin müsahibəsində açıqladığı hədəflərin reallığa çevrilməsini isə dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən Beynəlxalq Forumda təsdiqlədi.

Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində “ 2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. Keçən ilin əvvəlində də mən Azərbaycan media nümayəndələri ilə görüş zamanı fikir bildirmişdim ki, ümid edirəm 2022-ci ildə qarşıda duran vəzifələr yerinə yetiriləcək və biz bütövlükdə buna nail olduq. Bu gün - 2023-cü ilin əvvəlində bu görüş zamanı da əlbəttə ki, bu məsələlər haqqında danışacağıq. Yenə də ümidliyəm və ümidimin səbəbləri var. Çünki Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlar bunu deməyə əsas verir” söyləyərək hər bir hədəfə zamanında nail olmaq üçün birgə səylərin göstərilməsinə böyük ehtiyacın olduğunu açıqladı.

İqtisadi tərəqqi prioritet oldu

Hər zaman olduğu kimi, 2023-cü ildə də iqtisadi tərəqqi prioritet oldu. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Məhz iqtisadi müstəqilliimizin təmin edilməsi fonunda ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsi mümkün olmuşdur. Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Ölkəmizin bu resurslardan səmərəli istifadəsi yeni-yeni layihələrin gündəmə gətirilməsini şərtləndirdi ki, bu da öz növbəsində dünyanın enerji xəritəsinin yenidən tərtibində öz sözünü dedi.

Bu ilin aprelində dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalandı. Bu münasibətlə keçirilən tədbirdə Bolqarıstan Prezidenti Rumen Radev bildirmişdir: “Bu uğur - Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması əhəmiyyətli dərəcədə Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqədardır.” Tədbirdə xüsusi qonaq qismində iştirak etməklə bağlı təklifini qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bolqarıstan Prezidenti ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək onu da əlavə etmişdir ki, son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir.

SOCAR-ın beynəlxalq nüfuzu artır

Cənab İlham Əliyev belə bir əminliyi diqqətə çatdırmışdır ki, Azərbaycanın qaz təchizatının coğrafiyasını ən azı 10 ölkəyə qədər genişləndirəcəyik: “Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq”. Ölkə Prezidenti onu da bildirmişdir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir. Yunanıstan ilə Bolqarıstan arasındakı interkonnektor Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir.

Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışında da iştirak etmişdilər. Bu mühüm hadisələr ölkəmizdə neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən SOCAR-ın beynəlxalq nüfuzunun artmasının göstəricisi oldu. SOCAR müxtəlif ölkələrdə gerçəkləşdirdiyi investisiya layihələri ilə nüfuzuna yeni əlavələr edir.

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. Azərbaycan Avropanın enerji təhükəsizliyi məsələsində önəmli dövlətlərdəndir. Təbii qaz böhranının yaşandığı dövrlərdə qitə dövlətləri üçün Azərbaycanın əhəmiyyəti bir daha təsdiqləndi. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycan ilə Avropa İttifaqının enerji əməkdaşlığının əhəmiyyətini qeyd edib.

“Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması çox əhəmiyyətli hadisədir

Bu ilin mühüm hadisələrindən biri kimi onu da qeyd etməliyik ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanıldı.

“Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirmişdir ki, “Abşeron” qaz yatağı ilə bağlı ümidlərimiz böyük idi: “Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. ...Bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına”.

Azərbaycanın enerji sektorunda uğurlarının təqdimatı olaraq dekabrın 10-da Serbiyanın Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimini qeyd edə bilərik. Dövlətimizin başçısı mərasimdəki çıxışında bildirmişdir ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir: “Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.”

“Yaşıl enerji”yə keçid: Bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması əsas prioritetlərdən biridir

Ölkəmizin enerji diplomatiyasının uğurları bunlarla tamamlanmır. Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə səfərləri çərçivəsində keçirdiyi görüşlərdə enerji təhlükəsizliyi əsas məsələ olaraq gündəmdə olur. İmzalanan sənədlər arasında enerji amili xüsusi rol oynayır.

 Azərbaycan bugünümüzün əsas çağırışlarını da yüksək səviyyədə cavablandırır. Bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması əsas prioritetlərdən biridir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqama xüsusi diqqət yönəldir ki, neft-qaz potensialımızın zəngin olmasına baxmayaraq gələcəyimizi təmiz “yaşıl enerji”nin istehsalında və ixracında görürük.

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında dövlət başçısı İlham Əliyev dünya ictimaiyyətinin diqqətini bu statistik rəqəmlərə yönəltmişdir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və Anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdçəsinə milyardlarla dollar vəsait daxil olub. Bu isə öz növbəsində ölkənin hərtərəfli inkişafında əsas amil olan regionların tərəqqisi istiqamətində uğurlu addımların atılmasına yönəldilir. Təkmil Dövlət proqramları icra edilir. Artıq dördüncü Regional inkişaf proqramının icrası başa çatır. Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” icra edilir.

Əhalinin sosial müdafiəsi gücləndirildi

Azərbaycan 2023-cü ildə sosial dövlət imicinə yenilərini əlavə etdi. Cari ilin ilk ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ilk addım atıldı. Yanvarın 1-dən minimum əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırıldı. Eyni zamanda müavinət və təqaüdlər də artırıldı. Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamı sayca dördüncü sosial paket idi və 1,9 milyon vətəndaşı əhatə etməklə il ərzində 750 milyon manatdan çox vəsaitin xərclənməsini nəzərdə tuturdu. Son beş ildə dördüncü sosial paketin icrası ölkə iqtisadiyyatında artımın nəticəsi və təkcə neftin deyil, dövlət büdcəsinə neftdənkənar sahələr üzrə gəlir və vəsait daxilolmaları hesabına idi. Ölkə başçısı çıxışlarında dəfələrlə qeyd edir ki, büdcəyə nəzərdə tutulandan nə qədər çox vəsait daxil olarsa bu, əhalinin sosial ehtiyacları üçün xərclənəcək.

İşğaldan azad etdiyimiz ərazilərimizdə yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar xərclənib. Ölkə başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı isə qeyd etmişdir ki, növbəti ildə Qarabağda yenidənqurma işlərinə ən az 2,4 milyard dollar vəsaitin xərclənəcəyi nəzərdə tutulur.

Dövlət başçısı İlham Əliyev bu günlərdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunu təsdiqlədi. Qanunla Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 milyard 397 milyon 645 min manat, yerli gəlirləri 775 milyon 355 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 978 milyon 197 min manat, yerli xərcləri 784 milyon 803 min manat) məbləğində təsdiq edildi. Həmçinin “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”
 Qanun təsdiqləndi. Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir. Qanun 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minir.

Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilətimizə qayıdan soydaşlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılmasını əsas məsələ kimi qarşıya qoyur. Özünüməşğulluq proqamının icrası əsas hədəf kimi qarşıya qoyulur. Bu ərazilərdə sosial xidmətin təkmilləşdirilməsi də prioritetdir. “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılmasına xüsusi diqqət göstərilir. Artıq Şuşada “ASAN xidmət” mərkəzinin tikintisi başa çatmaq üzrədir.

Birlik, həmrəylik, təhlükəsizlik çağırışı

Azərbaycanın xarici siyasət uğurları da təqdir edilir. Ölkəmiz hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir, beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının möhkəmləndirilməsinə çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır. Cənab İlham Əliyev çıxışlarında daim diqqəti artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllinə yönəldir. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq. İşğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq: «Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər.»

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından üç ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan nə sənəddən irəli gələn öhdəlikləri yerinə yetirir, nə də Azərbaycan tərəfinin irəli sürdüyü sülh təklifinin reallığa çevrilməsi istiqamətində konkret addımlar atır. Hər zaman olduğu kimi, qarşı tərəf yenə də himayədarlarının təklifini gözləyir. Müxtəlif vasitələrlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğu diqqətdən kənarda qalmır. Amma bir reallığı unudur ki, Azərbaycan qalib ölkə olmaqla hazırkı dövrdə sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirir. Rəsmi Bakı daim bu bəyanatı da Ermənistanın və havadarlarının diqqətinə çatdırır ki, sülh təklifi uzun müddət masa üzərində qalmayacaq. Təbii ki, Ermənistan ona yaradılan şansdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmaq imkanı qazana bilər. Amma görünür. Ermənistan hələ havadarlarından lazım olan təklifi almayıb. İşğalçı dövlət 30 il yaşadığı asılılıq vəziyyətini bu gün də qabarıq şəkildə büruzə verir. Bütün hallarda Azərbaycan regionda dayanıqlı inkişafın və təhlükəsizliyin təmin edilməsi istiqamətində davamlı addımları ilə diqqətdədir. 

Azərbaycan yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir. Azərbaycana dost ölkələr bərpa işlərinə öz töhfələrini verməyə səy göstərirlər. Bu baxımdan işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərir və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib.

2023-cü il türk dünyasının birliyi ilə də diqqətdə oldu. Bu birlik işğaldan azad edilmiş ərazilərimizin bərpasında da özünü aydın şəkildə nümayiş etdirir.

Göründüyü kimi, Azərbaycanın xarici siyasəti açıq və çoxşaxəlidir. Bütün dövlətlərlə əlaqələrini beynəlxalq hüquq normaları əsasında qurmaqla yanaşı, hər bir məsələnin həllində də bu prinsiplərin öndə saxlanılmasına səy göstərir. Bu isə öz növbəsində Azərbaycana inamı və etimadı artırır.

Düşünülmüş və tərəqqiyə hesablanmış siyasət gələcəyə daha böyük inamla baxmağa əsas verir

Tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun artdığı diqqətdən kənarda qalmır. Regionda dayanıqlı inkişafın və təhlükəsizliyin yaradılması və Ermənistanla münasibətlərdə yeni səhifənin açılması istiqamətində Azərbaycan səylərini günbəgün artırır. Qeyd etdiyimiz kimi, Ermənistan isə prosesin uzanması üçün müxtəlif bəhanələrə əl atır. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi rəşadətli Ordumuzun bu ilin 19 sentyabr tarixində bir günlük lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Bunun nəticəsində suverenliyimiz tam təmin olundu. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı dalğalanır. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Xocavəndə, Xocalıya, Şuşaya, bunların ardınca Ağdama səfəri özündə mühüm məqamları açıqladı. Böyük Qayıdış Proqramının yaxın zamanlarda tam şəkidə başa çatacağı gün uzaqda deyil. Bir sıra mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirildi, görülən işlərlə tanışlıq oldu. Onuda qeyd edək ki, Xankəndidə Zəfər matçı keçirildi.

Uğurlarımız davamlıdır. Azərbaycanın düşünülmüş və tərəqqiyə hesablanmış siyasəti gələcəyə daha böyük inamla baxmağa əsas verir. Tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz Azərbaycan tarixinin zəfər səhifələrini zənginləşdirir. Artıq günümüzün əsas hədəfi Qərbi Azərbaycana qayıdışdır. Bu hədəfə də zamanında nail olacağımız şəksizdir. Bir sözlə, 2024-cü ildə ölkəmizi daha möhtəşəm uğurlar gözləyir.

Yeganə Əliyeva, “İki sahil”