31 dekabr 2023 00:12
344

Bir addım irəli, iki addım geri…

Radikal müxalifətin fəaliyyətində və düşüncəsində niyə ciddi irəliləyişlər yoxdur?

Radikal müxalifətin sosial şəbəkələrdəki  şər və böhtan kampaniyası, avantürist çıxışları səngimək bilmir. Əslində bu, onlarda bir sağalmaz xəstəliyə çevrilib. Dağıdıcılar düzə əyri, ağa qara deməsələr sanki normal insani davranış nümayiş etdirə bilmirlər. Xüsusən AXCP sədri Əli Kərimli və onun trolları hər gün Azərbaycan dövlətinin və xalqının milli mənafeyinə zidd olan açıqlamalarla sanki bir-biri ilə yalan və böhtan yarışına girişiblər.

Ötən gün AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn sosial şəbəkə statusunda hakimiyyətə yönəlik yazırb: «Yeni ilə köhnə idarəçilik, köhnə təfəkkür, köhnə arzular, köhnə bəhanələrlə giririk. Düşüncənin təqvimi dəyişmirsə, fəsillərin təqvimi təfərrüatdar.» Burda deyiblər adımı sənə qoyum, səni də yanan qoyum…

Bu fikirləri təbii ki, bütünlüklə onların özlərinə şamil etmək olar. Çünki radikal müxalifət 30 ildir ki, cəmiyyətə nə yeni fikir, nə də ki, yeni layihə təqdim edə bilmirlər.  Hətta İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizi və 2023-cü ilin sentyabrındakı bir günlük lokal antiterror tədbirlərindən sonra Xankədidəki xuntanın birdəfəlik məhv edilməsi kimi möhtəşəm uğurlarımızı qəbul etmək istəməyən radikallar hələ də hakimiyyətə və xalqımıza qarşı köhnə, çürümüş fikirlərindən əl çəkmək istəmirlər. Məhz bu bərbad düşüncələri ilə onlar nəiniki irəli gedə bilmirlər, hətta cəmiyyətin inkişafına əngəl olurlar. Necə deyərlər, bu camiədə hələ də köhnə hamam, köhnə tas davam edir, üstəlik də o hamamın suyu quruyubsa, vay onların hallarına… 

Ümumiyyətlə, hər bir cəmiyyətin zənginliyi və dəyəri onun konstruktiv  müxalifəti ilə ölçülür. Çünki konstruktiv müxalifət hakimiyyət idarəçiliyinin bir qanadıdır. Onun düz yoldan sapmasına, yanlış qərarlar verməsinə imkan vermir. Lakin ölkəmizdə fəaliyyət göstərən AXCP və Müsavat Partiyası kimi dağıdıcı və avantürist siyasi dərnəklər  isə öz şəxsi mənafeləri naminə xaricdəki anti-Azərbaycan qüvvələrdən qrantlar alaraq onların çaldığı havaya, həm də şıdırğı oynayırlar.

Acı həqiqətdir ki, hər seçkidən sonra öz qərəzli çıxışlarında həmişə yeni seçkilər tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevralın 7-də keçirilməsi nəzərdə tutulmuş prezident seçkilərinə qeyri-obyektiv yanaşmaları da tamamilə ucuz demaqogiyadan başqa bir şey deyil. Aydındır ki, siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtinanın səbəbi  cəmiyyəti qalmaqallı situasiyalara təhrik etməkdir. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan bu təxribatçılar seçkilərdə iştiradan imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə sayğı göstərmirlər. Ancaq onlar anlamalıdırlar ki, boykotun elan olunması həm də onların mənəvi-siyasi  aşınmasıdır.

Təbii ki,  növbədənkənar prezident seçkiləri İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Qətiyyətlə demək lazımdır ki, Ali Baş Komandanımız xalqımıza verdiyi vədlərə ən yüksək səviyyədə əməl etməklə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Bölgədə separatizmə son qoydu və status-kvonu dəyişdirdi, Silahlı Qüvvələrimizin hərbi uğurlarını siyasi-diplomatik müstəvidə uğurla davam etdirdi. Təbii ki, radikal müxalifətin rəhbərləri Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılan belə möhtəşəm qələbələrin müəllifinə rəqib ola bilməyəcklərini və seçkilərdə ona ağır şəkildə məğlub olacalarını hər kəsdən yaxşı bildikləri üçün əsassız iddialar və müxtəlif  bəhanələrlə seçkilərdən imtina yolunu seçdilər.

Bu gün Əli Kərimlinin rəhbəri olduğu AXCP-də dəyişməyən, yerində sayan proseslər dəyişəndən qat-qat çoxdur. Yəni, təfəkkür yoxsuluğunun nəticəsidir ki, onlar bir addım irəli atanda iki addım da geri addım atmağa məcbur olurlar. AXCP –dəki son istefalar və cəbhəçilərin bir-birlərini təhqir edən fikirləri bir daha göstərir ki, bu, partiyada sözün əsl mənasında hərki-hərkilikdir. Xüsusilə Əli Kərimlinin partiyada yaratdığı antidemokratik mühit siyasi fəaliyyəti  tamamilə iflic edib. Ona görə də partiyanı tərk edənlər etməyənləri sərt qınayır və onları Əli Kərimlinin əqidə yoldaşları deyil, qulları adlandırırlar.

Hətta  illərini bu partiyaya sərf etmiş cəbhəçilər istefa verdikdən sonra  bildirirlər ki, nə qədər ki AXCP-də Əli Kərimli diktaturası və zehniyyəti mövcuddur bu partiyadan ciddi və dəyərli bir fəaliyyət gözləməyə dəyməz. Yəni, burada yeni söz, yeni fikir, yeni dünyagörüşü hələ də sıfır səviyyəsindədir.

Elçin Zaman, «İki sahil»