31 dekabr 2023 01:37
472

Yeni ilin mübarək, Şuşa!

Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır
Prezident İlham Əliyev

 

Şuşa… Qarabağın tacı. Yarandığı gündən dillər əzbəri olan bu gözəl  məkan Azərbaycana yüzlərlə söz, muğam ustadı, mədəniyyət və incəsənət xadimi  bəxş edib. Elə buna görə Şuşa "Qafqazın Konservatoriyası” adlandırılıb. Şuşa, eyni zamanda, çoxlu sayda tarixi-mədəni abidələrimizin, mədəniyyət ocaqlarımızın beşiyi kimi tanınıb. Ulu Öndər Heydər Əliyevin abidələr şəhəri adlandırdığı, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Şuşa  həm də milli qürurumuz, milli kimliyimiz kimi dəyərləndirilir.

Təəssüf ki, Şuşa 28 il erməni vandallarının tapdağı altında oldu. Onun bu durumu hər birimizin ürəyini sızlatdı. Prezident, Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də yüksək qəhrəman­lıq, peşəkarlıq nümayiş etdirərək coğrafi mövqeyinə görə alınmaz qala sayılan Şuşanı erməni vandallarından azad etdi. Prezident İlham Əliyev bu müjdəni - gözaydınlığı hamımız üçün  müqəd­dəs məkan olan Şəhidlər xiyabanından verdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrə­manlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü elan edildi. Bəli, məhz həmin gündən topun, tüfəngin səsindən rəngi ağarmış, hətta qurumaq üzrə olan başı buludlara dəyən çınarlar, palıdlar yenidən göyərməyə, dirçəlməyə başladı. Hətta yarpaqları saralan, budaqları qurumaq üzrə olan ağaclarda da həyat eşqi  göründü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil: ”Girov qalmış Xarı bülbül artıq azad­dır”. Bir sözlə, burada həyat canlandı.

Bəli, azad etdik, qayıtdıq və onu dirçəltməyə başladıq. Daha doğrusu, Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrə start verdik.  Şuşaya yenidən mədəni həyatı qaytarmağa başladıq. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüd­rətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-mu­zeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prose­si, “Xarıbülbül” festivalı və  Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsinə çevrildi. Bu il bu şəhərdə daha çox işlər görüldü. Bərpası başa çatmış Yuxarı Gövhər Ağa, Saatlı məscidləri bu ilin may ayında istifadəyə verildi. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Aşağı Gövhər Ağa, Mamayı və Çöl Qala məscidlərində bərpa işləri, o cümlədən Yeni Şuşa məscidinin tikintisi davam edir. “ASAN xidmət” mərkəzinin binasının tikintisi yekunlaşma mərhələsindədir. Uğurların mübarək, Şuşa!

2021-ci ildə “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilən Şuşa Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ildə “Şuşa İli”nin sevincini yaşadı. Şuşa 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” kimi türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi. Belə ki, Şuşada müxtəlif respublika və beynəlxalq səviyyəli tədbirlər keçirildi, mədəni irsimizin bərpası istiqamətində mühüm addımlar atıldı.   Bu, bir daha sübut etdi ki, Şuşa, Türk dünyası üçün də böyük əhəmiyyət daşıyır. Bu il mayın 12-də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023”ün rəsmi açılış mərasimində çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev bu məqama toxunaraq demişdir:  “Bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir”. 2023-cü ildə burada ilk dəfə keçirilən Şuşa Şəhəri  Günündə bir daha bu mənəviyyatın, bu qürurun şahid olduq.

Şuşa şəhəri 2024-cü ildə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) təşəbbüsü ilə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirəcək. Noyabrın 21-də dövlətimizin başçısı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam da imzalayıb. Şübhəsiz, bütün bunlar  türk, bütövlükdə müsəlman dünyasının tarixi şəhərimiz olan Şuşaya böyük marağından, həm də məhəbbətindən irəli gəlir. Bu şəhərə olan məhəbbət isə şübhəsiz, bütövlükdə Azərbaycana olan məhəbbətdir. Bütün bunlar deməyə əsas verir ki, Şuşa türk, İslam dünyasının mədəniyyət paytaxtları statusu ilə məhdudlaşmayacaq, gələcəkdə dünyanın mədəniyyət paytaxtlarından biri kimi də tanınacaq. Yeni missiyan mübarək, Şuşa!!!

Bu ilin iyul ayında Şuşa şəhəri 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun iştirakı ilə keçirilən növbəti  mötəbər beynəlxalq tədbirə - “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumuna evsahibliyi etdi. Şübhəsiz, dünya miqyasında diqqət çəkən belə bir tədbirin məhz Şuşa şəhərində keçirilməsinin özü də mühüm bir hadisədir. Belə ki, bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri  müstəqil Azərbaycanın tarixində ilk dəfə dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya topladı. Həmin tədbirdə Prezident İlham Əliyev “Növbəti 10 ildə Şuşanı necə görmək istəyirsiniz” sualına belə cavab vermişdir: “Hesab edirəm ki, 3-4 il ərzində bu şəhər təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaqdır”.

Yeri gəlmişkən bildirək ki, son üç il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər ediblər, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Bəli, bu şəhərin dirçəlişi, yenidən qurulması Prezident İlham Əliyevin ciddi nəzarətindədir.

Bu gün Şuşada yalnız qurub-yaradan insanların, bu məkanın seyrinə çıxanların səsləri eşidilir. Əgər indiyədək vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, dekabrın 27-dən etibarən   Şuşa şəhərinə fərdi minik avtomobilləri ilə də səfər etmək mümkündür. Gələn il  Şuşaya köç də başlayacaq. İlk 370 ailənin gələn ilin birinci rübünün sonunadək Şuşada məskunlaşması nəzərdə tutulur. Bununla da onlar yenidən qurulan, inkişaf edən əzəli yurd yerlərinə Böyük Qayıdışın sevincini yaşayacaqlar. Bu mənada 2024-cü ildə Şuşa daha əzəmətli, daha coşqun, daha cazibədar görünəcək. Yeni ilin mübarək, Şuşa!!! Sən həqiqətən də mübarəklərə layiqsən!

Qvami Məhəbbətoğlu, “İki sahil”