31 dekabr 2023 01:58
419

Rekord göstərici

2023-cü ildə rəsmi beynəlxalq turnirlərdə idmançılarımız 1472 medal qazanıb

“Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə ümumilikdə 64925 nəfərin iştirakı ilə 474 idman tədbiri təşkil olunub

Bu il ölkəmiz üçün digər sahələrlə yanaşı, idman sahəsində də böyük uğurlarla yadda qaldı. Belə ki, cari ildə Azərbaycan idmançıları müxtəlif  beynəlxalq yarışlarda yüksək nəticələr göstərərək çoxlu sayda medallar qazanıblar.

Dövlətimizin başçısı həmişə olduğu kimi, bu il də idmançılarımızı sevindirib. Belə ki, dekabrın 20-də Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 17 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, ölkə idmanının inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Həmçinin idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. İdman ictimaiyyətinin 29 nümayəndəsinə isə mənzil verilib.

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb. İdmançılarla ənənəvi görüşün bu il Xankəndidə keçirilməsi böyük məna daşıyır. Burada mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri idmançılara təqdim edilib.

Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib. Gənclər və idman naziri Fərid Qayıbov bu ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini bildirib. Tədbirdə müxtəlif nominasiyalar üzrə ilin qalibləri mükafatlandırılıb.

“Heydər Əliyev İli” çərçivəsində 2023-cü il ərzində ölkəmizdə ümumilikdə 64925 nəfərin iştirakı ilə 474 idman tədbiri təşkil olunub. Bu tədbirlərdən 89-u Gənclər və İdman Nazirliyi və  idman federasiyaları tərəfindən 32190 nəfərin iştirakı ilə keçirilib. Qalan 385 tədbir isə ölkəmizin müxtəlif regionlarında təşkil olunub və 32735 nəfər iştirakçını əhatə edib. Bundan başqa, respublika üzrə 13 layihə çərçivəsində 81 kütləvi idman tədbiri baş tutub və bu tədbirlərdə 36600 nəfər iştirak edib.

Ölkəmizdə təşkil olunan beynəlxalq yarış və tədbirlər

Başa çatmaqda olan ildə Azərbaycan 3 dünya çempionatına ev sahibliyi edib. Bakı şəhərində taekvondo üzrə 26-cı dünya çempionatı, atıcılıq üzrə 53-cü dünya çempionatı və hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı təşkil edilib. Həmçinin kişi və qadın idman gimnastikası üzrə dünya kuboku, bədii gimnastika üzrə dünya kuboku, “Formula-1” Azərbaycan Qran-Prisi, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, şahmat üzrə dünya kuboku, MMA üzrə “Landmark 7” beynəlxalq Rizin turniri kimi yarışlar ölkəmizdə təşkil olunub. Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı, Beynəlxalq Avtomobil Federasiyası – FIA Baş Assambleyası və Mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony), Avropa Badminton Konfederasiyasının Konqresi, Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası və digər mühüm tədbirlər də Bakıda keçirilib.

Gənclər və İdman Nazirliyinin 2023-cü il üçün təsdiq etdiyi “Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin vahid təqvim planına əsasən, il ərzində Azərbaycanda fəaliyyət göstərən federasiyalarla birlikdə 318 ölkə miqyaslı, 91 beynəlxalq miqyaslı yarış keçirilib, 630 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub. İdman növləri üzrə milli komandalar 12 gündən az olmayaraq, 399 dəfə təlim-məşq toplanışında iştirak ediblər.

Beynəlxalq uğurlar

Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1472 medal qazanıblar. Bu, Azərbaycan idman tarixində rekord göstəricidir. Bunun 799-u (214 qızıl, 208 gümüş, 377 bürünc) Olimpiya, 587-si (223 qızıl, 159 gümüş, 205 bürünc) qeyri-Olimpiya, 86-sı (27 qızıl, 31 gümüş, 28 bürünc) isə paralimpiya proqramının payına düşür.

Sərbəst güləşdə Əliabbas Rzazadə, Hacı Əliyev, qadın güləşində Mariya Stadnik, yunan-Roma güləşində Həsrət Cəfərov, Ülvü Qənizadə, bədii gimnastikada qrup hərəkətləri komandamız, cüdoda Hidayət Heydərov, Zelim Kotsoyev Avropa çempionu adını qazanıblar. Ümumilikdə isə Olimpiya idman növlərində böyüklər arasında Azərbaycan idmançıları atıcılıq, bədii gimnastika, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi və cüdo idman növlərində 8 qızıl, 7 gümüş və 5 bürünc medala sahib olublar.

Dünya çempionatında da uğurla çıxış edən Azərbaycan idmançıları Olimpiya idman növlərində 2 qızıl, 6 gümüş və 5 bürünc medal əldə ediblər. Güləşçilər Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu adını qazanıblar. Alfonso Dominges (boks), Murad Məmmədov (yunan-Roma güləşi), Həsrət Cəfərov (yunan-Roma güləşi), Sənan Süleymanov (yunan-Roma güləşi), Osman Nurməhəmmədov (sərbəst güləş), Maqomedxan Maqomedov (sərbəst güləş) gümüş medal, Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Aynur Rzayeva (boks), Məhəmməd Abdullayev (boks), Zelim Kotsoyev (cüdo) bürünc medala sahib olublar.

II MDB Oyunları çərçivəsində MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasının Minskdə keçirilən iclasında Azərbaycanın Gəncə şəhəri 2025-ci il üçün “MDB-nin İdman Paytaxtı” seçilib.

Multi-idman yarışları

Azərbaycan idmançıları il ərzində Polşada keçirilən III Avropa Oyunlarında 11 medal (3 qızıl, 2 gümüş, 6 bürünc), Sloveniyada XVII Avropa Gənclər Olimpiya Festivalında cüdoçularımız ümumilikdə 3 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. Çində Tələbələrin 31-ci Yay Universiadasında 9 medala (3 gümüş, 6 bürünc), Belarusda keçirilən II MDB Oyunlarında 62 medala (10 qızıl, 17 gümüş və 35 bürünc), Yekaterinburqda keçirilən Beynəlxalq Universitet İdman Festivalında 27 medala (3 qızıl, 8 gümüş, 16 bürünc), Qazaxıstanın Türkistan vilayətində keçirilən II Türk Dövlətləri Universiadasında isə ümumilikdə 26 medala (7 qızıl, 7 gümüş, 12 bürünc) sahib olublar.

Lisenziyalar

2024-cü ildə Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarına Azərbaycan idmançıları il ərzində 9 lisenziya qazanıblar. Güllə atıcılığında Ruslan Lunev, boksda Murad Allahverdiyev və Məhəmməd Abdullayev, atletikada Anna Skidan, bədii gimnastikada Zöhrə Ağamirova, sərbəst güləşdə Maqomedxan Maqomedov, yunan-Roma güləşində Həsrət Cəfərov və Sənan Süleymanov, taekvondoda isə Qaşım Maqomedov Paris-2024-ə lisenziyanı təmin ediblər. Paralimpiyaçılarımız isə hələlik 6 lisenziya qazanıblar.

Kütləvilik

2023-cü il ərzində Azərbaycanda bir sıra kütləvi idman tədbirləri keçirilib. Açıq suda üzmə yarışı olan “Kürü keçək!”, qapalı məkanda üzmə yarışı olan “Birlikdə üzək”, Zəfər gününə həsr olunmuş III “Qələbə qaçışı”, “Küləyə qalib gəl” şüarı ilə keçirilən “Bakı Marafonu-2023”, Avropa İttifaqı ilə birlikdə Goranboyda “Be active” yarışları, “Unutma, YAŞAT!” minifutbol turniri, Qubada “İdman Festivalı 2023”, dövlət qurumları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turniri sağlam həyat tərzinin təbliğinə, müxtəlif yaş qruplarından on minlərlə insanın idmanla məşğul olmasına şərait yaradıb. İl ərzində ölkəmizin müxtəlif rayon və şəhərlərində yerləşən Olimpiya İdman Komplekslərində məktəblilər arasında “Üzməyi öyrənirik” təlimləri keçirilib. 

Rəsmi sənədlər

İl ərzində Prezident İlham Əliyev idman sahəsinə aid 6 Fərman, 8 Sərəncam imzalayıb. İdmanın inkişafında xidmətləri olan bir çox idman mütəxəssisi dövlət mükafatları və fəxri adlara layiq görülüb.

2023-cü ilin ilkləri

Bu il qazanılan uğurlar sırasında xoş sürprizlər və ilk dəfə əldə edilən nailiyyətlər də yetərincə olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasının istifadəyə verilməsi Bakıda qış idman növlərinin inkişafı üçün mühüm hadisə oldu. Qısa müddətdə yenidən qurulan Xankəndi stadionu isə işğaldan azad edilmiş şəhərlərimizdə ilk idman qurğusu oldu. Cüdoçu Xədicə Qədəşovanın yeniyetmələr arasında dünya çempionu olması da idman tariximizə ilk hadisə olaraq yazıldı. Şahmat üzrə Azərbaycanın qadınlardan ibarət komandasının Avropa çempionatının gümüş medalını qazanması da ilin ilkləri sırasındadır. Batut gimnastikası və tamblinq üzrə keçirilən 37-ci dünya çempionatında Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədov Azərbaycan gimnastika tarixində ilk dəfə tamblinq üzrə dünya çempionatında komanda hesabında qızıl medala layiq görülüblər. Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq cütlüyümüz (Ağasif Rəhimov və Raziyə Seyidli) və kişi cütlüyümüz (Daniel Abbasov və Murad Rəfiyev) böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail olublar. Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıblar. Bu, Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşüb.

Beləliklə, bu gün fəxrlə deyə bilərik ki, yola saldığımız 2023-cü ildə Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar bir çox ölkələrə örnəkdir. İnanırıq ki, növbəti ildə idmanda aparılan yeni islahatlar nəticəsində beynəlxalq yarışlarda Azərbaycanın dövlət bayrağını qaldıran, himnini səsləndirən onlarla yeni gənc idmançı olacaq.

Cavid Əkbərov, “İki sahil”